ELMİN POPULYARLAŞDIRILMASINDA MEDİANIN ROLU ÖNƏMLİDİR...

Nizami Cəfərov: “Alim öz elmini mediada təbliğ etməlidir”

Qulu Məhərrəmli: “Elmi problemlərin mətbuatda öz əksini tapmasına ehtiyac böyükdür”

Ötən gün AMEA Geologiya və Geofizika İnstitutunda "Elmin KİV-də təbliği” mövzusuna həsr olunmuş tədbir keçirilib. Məqsəd Azərbaycan elminin və elmi biliklərin populyarlaşdırılması, kütləvi informasiya vasitələrində geniş təbliği, bu işlərin yüksək səviyyədə təşkili və s. məsələləri müzakirə etmək olub.

İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin təşkil etdiyi tədbirdə akademiya institutlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri iştirak edib. AMEA prezidenti, akademik Akif Əlizadə informasiya və elmi-texniki tərəqqi əsrində elmdə əldə olunan nailiyyətlərin, elmi biliklərin ictimaiyyətə çatdırılması, bu işlərin yüksək səviyyədə təşkilinin önəmli olduğunu vurğulayıb. Akademik elmin və elmi biliklərin populyarlaşdırılması və təbliğində KİV-in rolundan söz açıb. Jurnalistikanın vacib sahələrindən biri olan elmi jurnalistikanın inkişafının, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsinin əhəmiyyətindən danışan A.Əlizadə elmi xəbər və materialların, məqalələrin elmi-populyar dildə hazırlanmasında elmi jurnalistlərin üzərinə düşən vəzifələri xüsusilə qeyd edib.

AMEA-nın akademik-katibi Rasim Əliquliyev isə elektron informasiya agentlikləri və qəzetlər, xəbər saytları və portalları, İnternet-radio və İnternet-TV kanallarının, bir sözlə, elektron-KİV-in informasiyanın operativ ötürülməsində başlıca vasitələrdən olduğunu söyləyib. Akademik "science.gov.az” portalının 20 ildir ki, Azərbaycan elmini təbliğ etdiyini, alimlərimizin fəaliyyətinin işıqlandırılması istiqamətində mühüm işlər gördüyünü bildirib. Tədbirdə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev də çıxış edərək akademiyanın elmi müəssisə və təşkilatlarının ictimaiyyətlə əlaqələrə məsul şəxslərini elmdə əldə olunan nailiyyətləri, elmi bilikləri, həmçinin institutların fəaliyyəti barədə məlumatları daha geniş işıqlandırmağa çağırıb. Tədbirdə həmçinin, AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov "Elmin təbliği, müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış edib.

 

"Elmin KİV-də təbliği” adı ilə keçirilən konfransı alimlər yüksək qiymətləndiriblər. Onların fikrincə, bu cür tədbirlərin mütəmadi baş tutması elmlə media arasında əlaqələrin formalaşmasına yardımçı olacaq.

 

Elmin KİV-lərdə təbliği məsələsinə münasibət bildirən AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov "Şərq”ə verdiyi açıqlamada bunun konkret yollarının olduğunu deyib: "Elmi KİV-lərdə təbliğ etməyin konkret üsulları var. Onlardan birincisi Akademiyanın, eləcə də universitetlərin elmi əsərlərinin ardıcıl nəşr olunması və müxtəlif kitabxanalara göndərilməsidir. Hətta bəzən elə olur ki, akademik nəşrləri, universitetlərdə çap olunan əsərləri nəinki daxili elmi kitabxanalarda, heç kitab mağazalarında belə tapmaq mümkün olmur. Qeyd edim ki, burda elmi əsərlərdən və orada nəşr olunan elmi monoqrafiyalardan söhbət gedir. Nəzərə almaq lazımdır ki, indi camaat savadlı, biliklidir. Həm də hərənin öz ixtisası var. Bütün adamlar akademiyada, universitetlərdə çalışmırlar. Amma həmin insanlar elmi əsərlər oxumaq istəyirlər. Ancaq hazırda mövcud olan elmi əsərlərin həm tirajları çox azdır, həm də az-çox nəşr olunanlar camaata çatdırılmır. Əsas problem budur. Bizim KİV-lərdə elmin kütləviləşdirilməsi ilə məşğul olan jurnalistlər çalışmalıdır. Təəssüflər olsun ki, jurnalistlərimiz daha çox publisistikaya, bədiiliyə üstünlük verirlər. Amma mətbuatımızda elmilik kifayət qədər aşağı səviyyədədir. İctimai-siyasi prosesləri təhlil etmək, elmdə olan nailiyyətlərin təbliğatını aparmaq çox vacib amildir. Eyni zamanda təbiət elmlərini, texniki elmləri də ictimaiyyətə çatdırmaq lazımdır. Çünki xalqımız çox intellektualdır. İnsanlarımızın elmi yazılar oxumağa böyük ehtiyacı var. Sadəcə informasiya verməklə kifayətlənmək olmaz”.

 

N.Cəfərov hesab edir ki, müxtəlif sahə üzrə alimlərimiz ictimaiyyətlə mütəmadi görüşlər keçirməlidir: "Vaxtı ilə Bilik Fondu fəaliyyət göstərirdi. İndi də buna oxşar qurumlar var. Ancaq görülən işlər əvvəlki səviyyədə deyil. Ona görə də hesab edirəm ki, görüşlər, publik mühazirələr yenidən keçirilməlidir. O vaxt belə mühazirələr ölkənin fərqli rayonlarında keçirilirdi. Bölgə insanları həmin mühazirələrdə iştirak edirdilər. Amma indi bunları görmürük. Alimlərlə cəmiyyətin əlaqəsi çox zəifdir. Halbuki Nobel mükafatı almış bir şəxs, hansısa alim, yazıçı, siyasətçi, ənənəyə uyğun olaraq bir ay müddətində kütləvi mühazirələr oxumalıdır. Özü də bunu ümumi Nobel nitqindən əlavə etməlidir. Vaxtı ilə bu təcrübə var idi. Məşhur alim Albert Eynşteyn belə mühazirələri çox oxuyub. Hətta bir dəfə Eynşteyn evdar qadınları bir yerə yığaraq, istilik nəzəriyyəsindən yaxşı bir mühazirə deyib. Bax, bu cür görüşlərin təşkil olunması çox vacibdir. Çox yaxşı olar ki, bizim elmlər doktoru, müdafiə etmiş alimlərimiz özlərinə aid sahələr üzrə bir ay müddətində auditoriyada mühazirələr oxusunlar. Özü də alimlər ictimaiyyətə mühazirə oxuyanda bunu elmi terminlərlə yox, sadə, kütləvi dildə desinlər. Cəmiyyət olaraq buna çox ehtiyacımız var. Sadaladığım bu üç məsələni asanlıqla həyata keçirmək mümkündür”.

 

AMEA-nın müxbir üzvü deyib ki, elmi müzakirələrin demək olar ki, hamısında elmi jurnalistika məsələsi gündəmə gəlir: "Adətən jurnalistin bir ixtisası olur. Bu da təbiidir. Fikir versək, görərik ki, jurnalistika fakültəsini yox, qeyri ixtisası, məsələn, təbiət və ya texniki elmləri, ictimai-humanitar elmləri bitirənlərin jurnalist kimi fəaliyyəti daha effektli olur. Çünki onlar konkret sahəni digərlərindən daha yaxşı bilirlər. Ancaq ümumi jurnalist məsələlərə çox üzdən yanaşır. Çünki o yazı müllifi bir çox sahələr üzrə mütəxəssis deyil. Sadəcə yazmaq və danışmaq, bir də müəyyən qədər dünyagörüşü, jurnalistlər bununla kifayətlənirlər. Amma jurnalistika fakültəsində təhsil alanlar müəyyən elmi sahələr üzrə ixtisaslaşmalıdır. Eyni zamanda müxtəlif elmi sahələrdə peşəkarlaşmış insanlar paralel olaraq jurnalistika ilə məşğul olmalıdır. Alim öz elmini mediada təbliğ etməlidir. Onlar elmlərini dar çərçivədə, müəyyən auditoriya üçün nəzərdə tutmamalıdır. Belə alimlərə əməlsiz alim deyirlər. Praktikadan kənarda olan bilinməyən elmə ehtiyac yoxdur”.

 

N.Cəfərov hesab edir ki, hər iki tərəf biri-biri ilə əlaqəni sıxlaşdırmalıdır: "Həm jurnalistlər elmə yaxınlaşmalı, həm də elm jurnalistikaya üz tutmalıdır. Elm təbliğ olunmalıdır və bunu etməyin ən yaxşı yolu mediadır. Nəticə etibarı ilə söhbət insanın intellektini inkişaf etdirməkdən gedir. Medianın KİV-də təbliği deyəndə, təkcə yazılı və elektron media orqanları deyil, eyni zamanda televiziya və radio da nəzərdə tutulur. Əgər medianın hansı sahəsi daha effektlidirsə, funksionaldırsa, yəni kütlə ilə kontaktı daha yaxşıdırsa, elmi təbliğ o istiqamətə daha çox yönəlməlidir. Məsələn, deyək ki, elektron vasitələr bu gün daha fəaldır. Ona görə də alimlər bu vasitədən daha çox yararlanmalıdır. Televiziya ilə işləmək lazımdır. Doğrudur, indi bizdə maarifçilik verilişlərindən tutmuş həkim məsləhətlərinə qədər efirlərdə proqramlar olur. Bunlar da elmin təbliğidir. Amma bunun miqyasını genişləndirmək lazımdır. Medianı ilk növbədə reklam maraqlandırır. Lakin maarifçilik və elmi verilişlərin, məqalələrin təbliği mediaya reklam gətirmir. Ona görə də əksər KİV elmi təbliğdən imtina edir. Ancaq yenə deyirəm, buna böyük ehtiyacımız var. Müxtəlif formada yollar tapılmalıdır. Bəlkə akademiyamız və ya universitetlərimiz bunun üçün maddi vəsait ayırmalı, televiziyalarla müəyyən müqavilələr bağlamalıdır. Yəni düşünəndə çox yollar tapmaq olur. Təbii ki, burda söhbət elmin ümumiyyətlə mediada təbliğ olunmamasından getmir. Söhbət ondan gedir ki, lazımi səviyyədə bu işi görə bilmirik”.

 

Professor, teletənqidçi Qulu Məhərrəmli də bildirib ki, hansı ölkədə ki elm dirçəlir, orda elmi nailiyyətlər diqqəti cəlb edir və həmin ölkədə mətbuat elmi problemlərə xüsusi diqqət yetirir: "Şübhəsiz ki, mətbuatın əsas işlərindən biri elmi nailiyyətlər barədə ictimaiyyətə məlumat vermək və bir də elmi bilikləri kütləviləşdirməkdir. Azərbaycan mediasında bu təcrübə var idi. Vaxtı ilə ölkədə elmi-kütləvi jurnallar nəşr olunurdu. Ayrıca "Elm və Həyat” jurnalı çıxırdı. Başqa kütləvi nəşrlər vardı. Yəni elm kifayət qədər populyar idi. Amma son illər elmə qarşı diqqətsizlik yaranıb. Ona görə də elmi problemlərin mətbuatda öz əksini tapmasına ehtiyac böyükdür. O baxımdan mən belə konfransları çox vacib hesab edirəm. Yəni bu, jurnalistlər üçün bir yoldur, təklifdir. Mətbuatda o qədər mənasız, əhəmiyyətsiz xəbərlər yayılır ki. Amma alimlərin elmi nailiyyətlərini mediada işıqlandırmaq, bunları auditoriyaya çatdırmaq istəmirik. Hesab edirəm ki, AMEA rəhbərliyi mühüm addım atıb. İndi söz mətbuatındır. Media bu təklifdən bəhrələnməlidir. Təbii ki, elmi institutların hamısında media ilə əlaqə quran mətbuat katibləri var. Onların gücündən də istifadə etmək lazımdır”. Professorun sözlərinə görə, elmi jurnalistika artıq ixtisaslaşmış sahədir: "Elmin populyarlaşması, nailiyyətlərin təbliği vacibdir. Elmdən yazan jurnalistlər isə azdır. Vaxtı ilə Azərbaycan radiosunda Əkbər Xaspoladov var idi. Onun çox gözəl elmi məqalələri nəşr olunurdu. Sonra Şakir Yaqubov var idi. Bu cür adamlar elmi populyar edirdilər. Mətbuat elmi sevdirməlidir. İndi çox az adam bilir ki, bizim xaricdə çox nüfuzlu alimlərimiz var. Onlar tədqiqatlar aparırlar, dünya elminə çıxırlar. Dünya elmi onlardan bəhrələnir, amma bu barədə mətbuatımız xəbər tutmur. Az qala alimi, onun elmi nailiyyətlərini sensasiya kimi təqdim edirik. Niyə biz onları vaxtında cəmiyyətə tanıtmayaq? Fikrimcə, televiziyanın imkanları daha çoxdur. Efir həftəlik kütləvi elmi verilişləri daha geniş auditoriyaya təqdim edə bilər. Amma qəzetlər də rubrika vasitəsi ilə bu barədə davamlı yaza bilərlər”.

 

İsmayıl

Şərq.- 2016.- 23 yanvar.- S.3