Azərbaycan tarixinin Atabəy romanı
Azərbaycanda Atabəylər dövrünə maraq həmişə mövcud olmuş, bir sıra dəyərli elmi, eləcə də bədii əsərlər yaradılmışdır
ki, onlardan ikisini - akademik Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti (1136- 1225)" monoqrafiyası
ilə xalq
şairi Nəriman Həsənzadənin "Atabəylər" mənzum dramını ayrıca qeyd etmək lazım gəlir. Və mən
heç şübhə
etmirəm ki, Yunus
Oğuzun "Atabəy
və
xaşxaşilər"
romanı da həmin
mövzuda qələmə alınmış dəyərli əsərlər sırasına daxil olacaq.
Roman Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin Dərbəndin qul bazarında satılaraq Bağdada aparılması
hadisəsilə başlayır. Və bu hadisənin təsviri dövrün siyasi- ictimai panoramı ilə yanaşı, minlərlə qıpçaq kölələrindən birinin gələcəyə yönəlik arzuları barədə də müfəssəl təsəvvür yaradır...
"O,
Uran tayfasının əsilzadələrindən idi. Elə
uşaqlıqdan hər
şeyə diqqətlə fikir verir, olanları və söylənənləri
yaddaşına həkk
etməklə o biri
yaşıdlarından fərqlənirdi. Amma atasının uduzduğu döyüşlərdən birində
qənimət kimi
bacılarını, anasını və
onu əsir
götürdülər.
Sonradan onu anasından, bacılarından
ayırıb qul kimi Dərbəndə apardılar. Tale
onun ömrünə
nə yazıb o bunu
bilmirdi. Bildiyi o idi ki, hara getməyindən asılı
olmayaraq çox çalışmalı, ağlı və zirəkliyi sayəsində özünü
göstərməlidir".
Romanın
bir ideya- estetik məziyyəti tarixi faktlara sona qədər sədaqətliliyi, mənbələrin verdiyi kifayət qədər zəngin məlumatlara əsaslanmasıdırsa, digəri həqiqətləri zədələmədən, təhrif eləmədən Atabəylər dövrü tarixinin ideya (və iddia!) münaqişələrilə dolu fəlsəfəsini ortaya çıxarmaq, həmin münaqişələrin xalqların taleyinə, eləcə də ayrı- ayrı tarixi şəxsiyyətlərin formalaşmasına necə təsir etdiyini göstərmək cəhdidir.
Bədəncə zəif, çəlimsiz, özündən asılı olmayaraq yol boyu
yuxulayıb arabadan yıxılan, hətta oyanmayıb
düşdüyü yerdə də yatan Şəmsəddin gendən, kökdən gələn mənəvi gücü, istedadı, tədbirliliyi sayəsində əvvəl sarayda böyük nüfuz
qazanır, sonra isə qüdrətli Azərbaycan Atabəylər dövlətini yaradır.
Doğrudur,
romanın baş qəhrəmanı Şəmsəddin Eldənizdir və onun həyatı, mübarizələri, siyasi uğurları əvvəldən axıra qədər maraqlı detallar, təfərrüatlarla izlənilir; bununla belə yazıçı
süjetin həm məkanını, həm də zamanını tez- tez dəyişdirməklə ümumən dövrün möhtəşəm (və mükəmməl) obrazını da
canlandırmağa nail olur. Bir tərəfdə iğtişaşlar
yaradıb öz formal hakimiyyətini bərpa etmək üçün hər cür təxribatlara getməyə hazır olan xəlifəlik, ikinci tərəfdə dünyanı islam
qanunları ilə yanaşı türk törəsilə idarə imkanları nümayiş
etdirən səlcuqlar, üçüncü tərəfdə çaşbaş
qalmış, hər cür xəyanətə əl atıb çıxış yolu axtaran xristian dövlətləri... Digər tərəfdə isə hakimləri ölümlə, qətllə qorxudub xərac alan, hər yerə sızaraq sarayları
hörümçək toru kimi əhatə edib nəzarətdə saxlayan xaşxaşilər...
"Bir qədər keçdikdən sonra qapı açıldı və Nüsrət otağa dəvət olundu. Elə qapının önündəcə otağa fikir verdi.
İyirmi- iyirmi beş metr uzunluğunda olan bu otağın
yeddi pəncərəsi vardı, altı pəncərədə altı peyğəmbərin - Adəm, Nuh, İbrahim, Musa,
İsa, Məhəmmədin, yeddinci pəncərədə isə İsmayıl İbn Cəfər Sadiqin adı
yazılmışdı. Həmədan
rəisinin yadına
düşdü ki, bu yeddiləri
batinlər Nutəkəyi Səba
adlandırırlar və
bu yeddilərdən başqa batinlər heç bir
peyğəmbəri və imamı qəbul etmirlər.
Divarlar yaşıl pərdə ilə örtülmüşdü. Şamlar və qəndillər
zəif
yandırılmış, bu səbəbdən otaq alaqaranlığa
bürünmüşdü. Otaqdan ona tanış
qoxu gəlirdi. Bu xaşxaşilərin həmişə çəkdikləri
xaşxaşın qoxusu idi. Otağın o
biri başında taxtda Sahibiəzəm oturmuşdu".
Bu, o yerdir ki, burada hökmdarların, dövlətlərin taleyi həll olunur. İstər müsəlman olsun, istər xristian, kim
Ələmuta tələb edilən qədər bac- xərac vermirsə, o dövlət dağılmalı, o hökmdar aradan
götürülməlidir. Və bu yerin ən böyük rəqibi, düşməni ağıllı, öz mənliyini qoruyan, xalqının
iradəsini ifadə edən şəxsiyyətlərdir...
"Sahibiəzəm onu çox intizarda
qoymadı:
- Bizim
işimiz sultanın zövcəsi, xanımı Möminə xatunladır. Aldığım
məlumata görə o, ağıllı
və tədbirlidir. Yanında da yalnız ağıllı adamlar dolaşır.
Sultan Toğrulu öz ağıllı məsləhətləri ilə neçə dəfə
ağır vəziyyətdən çıxardıb, hakimiyyət taxtında oturdub.
Bax, o qadını aradan götürsək, sultandan xərac ala biləcəyik.
Batinlərin Həmədan rəisi indiyə qədər nə qadın öldürmüş, nə də
öldürtmüşdü. Amma Baş İmamın verdiyi əmrdən çıxa bilməzdi:
- Əmr edin, ya Sahibiəzəm!"
Mömünə xatunu ölümdən yalnız Şəmsəddin Eldənizin ağlı, tədbirli hərəkətləri xilas edir. Və
o, bu xidmətinə görə Sultan Toğrulla
Möminə xatunun
oğlu Arslanşahın Atabəyi
təyin olunur.
Görünür, ağıllı, tədbirli adamların üzünə tale də gülür. Sultan Toğrulun qəfil ölümü hadisələrə yeni miqyas verir: Möminə xatınla evlənən Atabəyin hakimiyyət illəri başlayır. Əvvəl Bərdədə, sonra isə Naxçıvanda...
Ancaq tarixin (və insanlığın) elə bir dövrüdür ki, haqq- ədalət, əmin- amanlıq uğrunda
mübarizənin hər addımında qarşıya min xəyanət, yüz ölüm təhlükəsi çıxır.
Bir də ki, Ələmut qalası...
"Dünyanın
bütün güclü padşah və sultanlarını,
ağıllı insanlarını, vəzirlərini, vəkillərini, üləmalarını qətlə yetirən, qorxudan "ölüm
çarxı"nı yaradan xaşxaşilərin banisi Həsən Sabbah, deyilənlərə görə Ömər Xəyyam və Səlcuq
sultanlığının vəziri Nizamülmülklə dost olur. Çox
yaxın olduqları üçün vəzir
onu sarayda maliyyə
məsələləri
üzrə məmur təyin edir, lakin o, sarayda
rüşvət
almaqla məşhurlaşır.
Günlərin
birində məsələ
ortalığa çıxdıqda, Həsən Sabbah canını
qurtarmaq üçün o biri dostunun, Ömər Xəyyamın
yanına xahişə
gedir. Vəzir
şairin xahişini yerə
salmır, amma deyir ki, qoy cəhənnəm olub hara istəyir getsin, təki
gözümə
görünməsin,
harada gözümə
görünsə,
mütləq cəzalandıracam.
Həsən Ömərdən bu sözləri eşitdikdə deyir: "Ömər, mən gedirəm. Elə bir yerə gedirəm ki, çoxları
mənim əmrimlə qətlə
yetiriləcəklər, hətta
baş vəzir də, ancaq siz məni bir daha görməyəcəksiniz".
Aradan bir qədər keçdikdən sonra Həsən Sabbah hiylə ilə Əlamut qalasını ələ keçirir, İsmaililər adı altında,
xaşxaşilər kimi məşhurlaşır "ölüm çarxı"nın əsasını qoyur. Çox keçmir ki,
xaşxaşilər
səlcuqların
sultanı Alp Arslanı, onun oğlu Məlikşahı,
hər ikisinin
vaxtında vəzir
işləmiş
Nizamülmülkü qətlə yetirirlər".
Roman müəllifi bu şeytan məsləkinin qarşısına Gəncədə Baş Dədənin müqəddəs missiyasını
çıxarır. Hər ikisinin elmi "batini"dir... Lakin birincisi şərə, ikincisi isə xeyrə xidmət etməyilə bir- birinin ziddinədir...
Və Atabəylə Möminə xatun Baş Dədənin görüşünə gəlirlər... Bu
görüş nə
qədər mistikdirsə, romanın ruhu
baxımından o qədər də real; nə qədər
realdırsa, o qədər də mistikdir.
Mənə elə gəlir ki, xüsusilə həmin epizodda Yunus Oğuza "məhşər" müəllifinin müsbət mənada əhəmiyyətli təsirini hiss etməmək mümkün deyil. ancaq o da
aydın görünür ki, İsa Hüseynov (Muğanna) fəlsəfəyə, "Atabəy və xaşxaşilər" müəllifi isə siyasətə, diplomatiyaya çəkir...
"Dədə göründü. Özü onlara yaxınlaşdı.
Birinci şahzadəyə salam verdi:
- İraq sultanlığının sultanı Gəncəyə xoş gəlib. Bu sultan həzrətlərinin
Gəncəyə birinci və
axırıncı dəfə gəlişidir.
Eldəniz etiraz edib, düzəliş vermək istədi:
- Baş Dədə üzr istəyirəm. İraq sultanlığının sultanı Məsuddur. Bu isə
şahzadə
Arslanşahdır.
Baş Dədə gülümsündü:
- Bilirəm, ey Arranın, Azərbaycanın Atabəyi. İyirmi beş
il keçməyəcək ki, atabəyliyini etdiyin bu oğlan, - baş barmağı ilə Arslanşahı göstərdi, - İraq
sultanlığının sultanı olacaq. Siz isə, heç on il
keçməyəcək ki, Sultan Məsud Azərbaycanı da sizin idarə etmənizə verəcək. - Sonra xanıma tərəf döndü. - Siz də xoş gəlmisiniz, ey qadınların ən ağıllısı
Möminə xatun. Təəssüf
ki, qadınsınız, yoxsa dünya ayaqlarınız
altında olar, ağlınızla, qılıncınızla
bütün dünyanı tutardınız. Amma təəssüf
etməyə dəyməz.
Sizin üçünüz bir yerdə olanda
hökmünüz Hind okeanından Bizans torpaqlarına qədər çatacaq. Bütün
rəqibləriniz
ayaqlarınız altında olacaq, birindən
savayı".
Baş Dədə Atabəyə və onun ailəsinə ən qəddar düşmənlərini də tanıtmaqla onları xəbərdar edir. Və bu, sadəcə xəbərdarlıq
deyil, həm də əcdad ruhunun himayəsinə
təminatdır.
Yəni dədə- babaların Oğuz xandan gələn törəsinə riayət edəcəksənsə, heç bir maneə sənin qarşında dayana bilməz, aşıb keçəcəksən...
"Atabəy bayaqdan beynində ilişib qalan sualı, nəhayət ki, verdi:
- Dədə, bayaq, həyətdə dedin ki, bütün
düşmənlərimi yenəcəm, təkcə birindən savayı. Bilmək istəyirəm ki, o kimdir, - açıq düşməndi, ya gizlin?..
-
Düşməniniz gizlidir, onlar sizi qarabaqara izləyir, hətta bir dəfə sən və Möminə xatun onların qəsdinə tuş gəlmisiniz. Ağlınız
və tədbirləriniz sayəsində bu qəsddən qurtulmusunuz. Onlar özlərini
"batinlər"
adlandırırlar. Xalq arasında isə onlara
xaşxaşilər
deyirlər.
Eldəniz ona daha bir sual
ünvanladı:
- Dədə, səhv etmirəmsə, sizə də "batinlər" deyirlər. Ortada
"iki batin" olur. Sizin batinlə onların "batin"i
arasındakı fərq nədir?
Baş Dədə onun sözlərinə düzəliş etdi:
- Biz
"batinlər" deyilik. Biz batin elmi ilə mşğul olan
insanlarıq. Xaşxaşilər ona görə özlərini "batin"
adlandırırlar ki, guya xəlvəti iş görürlər, xəlvəti qərar verirlər, xəlvəti xərac istəyirlər, alınmayanda xəlvəti qətlə yetirirlər"...
Çox keçmir ki, Atabəyin hakimiyyətinin Naxçıvan
dövrü başlayır. Xaşxaşilərin bütün cəhdlərinə baxmayaraq onların xəyanətlərinin üstü
açılır... Naxçıvan Azərbaycan dövlətinə xəyanət
edənlərin
qarşısında alınmaz qalaya çevrilir.
Və romanın dramatik əsasını təşkil edən Atabəy - xaşxaşilər qarşıdurması
başlayır...
"Sahibiəzəm əvvəl istədi desin ki, get, amma yadına
verəcəyi o biri tapşırıqlar
düşdü. "necə
olub ki, əsas tapşırığı yadımdan
çıxarmışam". Bu sualı özü-
özünə verdi:
- Hə, əsas məsələ, Arranda, Azərbaycanda, əsas da Naxçıvanda şəhid olan fədailərimizin yerlərini doldurmaq lazımdır. Bu boşluğu uzun müddət
saxlamaq olmaz. Bizim zəif olmağımızı heç kim
görməməli, heç kim hiss etməməlidir. Bu, bizim hakimiyyətimizin rəhnidir, - dedi, sonra da əlavə etdi: - O, kölənin və ləçərin qətlindən hələ vaz keçməmişəm".
Yazıçının
sənətkarlığıdır ki,
romanda əsas konflikti daim nəzərdə saxlamaqla yanaşı, dövrün müxtəlif xarakterli, xüsusilə etnik ziddiyyətlərini də nəinki unutmur, əksinə, onlara elə bir miqyas verir ki, bu, əsərin əsas konflikdinin ideya- estetik
interpretasiyası üçün strateji kontekstə, bütövlükdə isə, müəllif məramını anlamaq
baxımından metadoloji prinsipə çevrilir...
"Xəlifə vəzirinə baxdı. Bu ona maraqlı gəldi.
indiyə
qədər türkman məhəlləsindən şikayət olmamışdı. Türkmanlar həmişə sözünə sadiq, ədalətli idilər, heç kimi incitməzdilər. Hətta ərəblər
sözün bütövlüyünü onlardan öyrənirdilər. Buna görə də soruşdu:
- Neyləyib sənə türkmanlar?
- Mənə heç nə, ya əmirəlmömin, amma onlar müsəlman qaydalarını pozurlar,
bu da islam hümmətinə pis təsir edir.
Dinin
qoruyucusuna bu sözləri deməkmi olardı?
- Ay
kişi, muss- muss deyincə, bir dəfəlik Mustafa de, ağzındakı loxmanı
çıxart, bir ağıllı- başlı de görək, müsəlman qaydalarını neyləyib pozurlar: namaz
qılmırlar, şəraba qurşanıblar? - Bu dəfə Xəlifə Qadirin üstünə çımxırdı.
Qadir ibn Kərim özünü itirmədi, dərhal xəlifəyə cavab verdi:
-Yox, ya əmirəlmömin! Siz
sadaladığınız şeylərin
hamısına əməl edirlər, şərab da içmirlər, amma bu türkman məhəlləsinin
əhalisi öz
törələri, öz qayda-
qanunları ilə
yaşayırlar.
- Yəni sünnəni pozurlar? - Bu dəfə vəzir ibn Xubayr sual verdi.
- Hə, belə bir şeydir. Məsələ bundadır ki... - Qadir
bilmirdi hardan başlasın, bir qədər sonra özündə cəsarət tapıb dilləndi, - bu türkman məhəlləsinin qız- gəlini küçəyə- bacaya çıxanda həmişə üzləri açıq olur,
çarşab geyinmirlər, pərəncə örtmürlər. Bu da bizim qız- gəlinlərə pis təsir edir. Hərdən evdə qızlarım məndən soruşurlar ki, validim,
türkmanlar niyə
belə geyinirlər?
Xəlifə bu sözlərdən sonra gülməyə başladı".
Bu cür
zərif (və təsirli) eyhamlar, türklərin islama sədaqətini, bununla belə heç bir əxlaq qaydalarına zidd olmayan
adi həyat- məişət tərzlərini (milli özünəməxsusluqlarını) qoruyub
saxlamaları barədəki təfərrüatlar, elə bilirəm ki, romanın ideya- estetik enerjisini təbii bir şəkildə göcləndirir. Və əsas da odur ki, bu təbii enerji yazıçının
buna qədərki
yaradıcılığında - poeziyasında, nəsrində, dramaturgiyasında,
elmində,
publisistikasında da təzahür
edən
Yaradıcı Təbiətindən irəli gəlir.
...Xalqı Atabəy hakimiyyətindən narazı salmaq üçün hər cür nalayiq hərəkətlər edən Gəncə hakiminin cəzalandırılması barədəki epizodlar, elə bilirəm ki, romanın ən maraqlı, ən təsirli səhifələrini təşkil edir. Və bu səhifələrdə gənc Cahan Pəhlivanın xarakteri də açılır...
"Silahlıları görüb özünü itirmədi, heç cariyəni də qucağından
düşürmədi. Bu insanlar onun əsgərlərinə
oxşamırdı. Düşündü
ki, bu yüzdə
yüz basqındır. Bununla belə həyasızlığından, təkəbbüründən qalmadı,
qışqırdı:
- Nə cəsarətlə mənim sarayıma, müqəddəs olan yatağa soxulmusunuz,
basqın etmisiniz. Bilmirsiniz bunun bədəli ağır olacaq?
Atabəyin iyirmi yaşlı oğlu onun təhdidedici sözlərindən zərrə qədər də olsa səksənmədi, çaşmadı. Əlində qılınc düz gəlib yarıçılpaq Gəncə hakiminin və onun qucağında
oturmuş cariyənin qarşısında dayandı, hirslə dedi:
- Yataq
otağını müqəddəs hesab edən adamın şərəfi də, qüruru da, ləyaqəti də müqəddəs olmalıdır. Səndə isə bunların heç biri yoxdur, şərəfsiz! Əgər bunlardan biri səndə olsaydı, qudurğanlıq
edib, Gəncə camaatını bu qədər incitməz, ləkələməz, alçaltmazdın. İnsanlara
şər atıb tutdurmazdın,
əmlaklarını
əllərindən almazdın. Az qalıb ki, sayəndə bütün Gəncə yaltağa, satqına
çevrilsin. Atabəy
Eldənizin təbəəsini beləmi
qoruyursan? Onun ən
önəm verdiyi Gəncəni beləmi
idarə edirsən? Qorxmursanmı yerin yiyəsi
bir gün gəlib səndən haqq- hesab soruşacaq, şərəfsiz?"
...Arslanşahın
varis kimi Həmədanda sultan taxtına oturması ilə Atabəyin hakimiyyət hüdudları daha da
genişlənir. Və o, bu səlahiyyətdən istifadə edib öz dövlətçilik arzularını daha inamla həyata keçirməyə başlayır... Roman belə
bir əbədi ideyanı növbəti dəfə təsdiq
edir ki, əsilzadə təsadüfən
köləyə çevrilsə də ömrü boyu belə qala bilməz. Damarlarında qaynayan ehtiraslı qan onu əvvəl- axır hakimiyyətə,
layiq olduğu məqama
gətirib
çıxaracaqdır. Hakimiyyəti şərəfsizliklə əldə edənlər isə onu həmin şərəfsizliklə də itirəcəklər...
Nə xəlifə, nə də onun təhriki ilə Atabəyə qarşı
çıxanlar heç nəyə nail ola bilmirlər...
"Beləliklə, Böyük Atabəy çox qısa müddətdə geniş bir ərazini - Qafqaz
dağlarından tutmuş ta Kəngər (Fars) körfəzinə qədər yerləri öz hakimiyyəti altında birləşdirdi. O, Azərbaycanı, Arranı,
Şirvanı, Tiflis qapılarına qədər əraziləri, Cibalı, Həmədanı, Gilanı,
Mazandaranı, İsfahanı, Reyi həm idarə edir, həm də o hakimləri, atabəyləri təyin edirdi. Xəzinə xərclərinə o, nəzarət edir, orduya
çağırış da yalnız onun icazəsi ilə həyata keçirilirdi.
Sultan və xəlifədən sonra sultanlıqda onun adına xütbə oxunurdu. Mosul, Kerman, Xuzistan,
Xilat, Arzan ər- Rum, Marağa atabəyləri və Şirvan hakimi onun vassalı sayılırdı".
Lakin Atabəyin heç zaman sonacan qalib gələ bilməyəcəyi, Baş Dədə demişkən, bir düşməni qalırdı...
"Baş
imam:
- Yəni o qədər bərbaddır? - deyə, onun sözlərinə tam aydınlıq gətirmək üçün
soruşdu.
Əlamut xəlifəsi cavab verdi:
- Bəli, həzrət, bərbaddan bərbaddır. Belə ki, özünə Böyük Atabəy adı verdikdən sonra nəinki bütün atabəyləri ovcunun içinə yığa bilib, hətta Şirvanşahı da əlinin altında saxlayır. Odur ki, Eldəniz hökmü keçən bütün atabəylərə, hakimlərə, şirvanşah Axıstana da əmr verib ki, heç kim Əlamuta xərac göndərməsin. İndi bizə Şərqdən heç nə gəlmir, gəlməsi də gözlənilmir.
Təmimi indi başa düşdü ki, ustadı onun və zövcəsinin qətl edilməsini həmişə niyə vurğulayırdı, niyə onu tələsdirirdi. İndi isə yüyəni əldən verib. İt izi at izinə çevrilib. Gərək vaxtında bütün gücümüzü qoyub ya Atabəyi, ya da onun zövcəsini aradan götürəydik. Hələ gec deyil, tədbir görmək lazımdır. Belə getsə, bir azdan görəcəyik ki, Eldəniz Əlamut qalasının ətəyindədir".
Lakin Əlamutun Atabəyə qarşı təxribatları heç bir nəticə vermir. Mayası doğruluqdan yoğrulmuş bir hakimiyyəti özünün şərəfsiz iddialarına, məqsədlərinə tabe etməyə heç bir qüvvənin gücü çatmır... Əgər çatsaydı bu dünyaya gəlməyin (və bu dünyada yaşamağın!) bir mənası olardımı?..
1175- ci ildə əvvəl Möminə Xatun, onun qırxı çıxmamış Atabəy Şəmsəddin Eldəniz haq dünyasına qovuşdular... "Cahan Pəhləvan 1187- ci ildə, Qızıl Arslan isə 1191- ci ildə xaşxaşilər tərəfindən qətlə yetirildi. Atabəylər sülaləsi 1226- cı ilə qədər Azərbaycan və İraq Sultanlığını idarə etdi...
Yalnız 1258- ci ildə Hülaki xan hiylə ilə Əlamut qalasını ələ keçirib, xaşxaşilərin fəaliyyətinə son qoydu. Hülaki xan Əlamut qalasında iyirmi il həbsxana həyatı yaşamış Nəsrəddin Tusini azad edib, özünə vəzir təyin etdi. Elə o vaxtdan da Bağdad xəlifəliyi ləğv olundu"...
Yunus Oğuzun yeni romanı ilk növbədə Atabəyin romanıdır... Ancaq burada Bərdə də var, Gəncə də, Naxçıvan da... Nizami Gəncəvi də var, Əcəmi Naxçıvani də... Keçmişimiz də var, gələcəyimiz də... Bu, bizim tariximizin (və taleyimizin!) romanıdır... Xeyiri ilə, Şəri ilə!..
Nizami Cəfərov
Şərq.-
2017.- 6 aprel.- S.12