“MƏNİM FİKİRLƏRİMİ QƏRİBÇİLİYƏ SALMASINLAR”

 

“Necə ki, cazın mərkəzlərindən biri Bakı idi, bu gün o mühitdən heç nə qalmayıb, eləcə də estrada musiqisi elə günə salınıb ki, bir neçə ildən sonra o janrdan heç nə qalmayacaq”

Mübariz Tağıyev: “Səhərdən axşama, gecəyə qədər hara baxırsan muğam səslənir”

 

Bu gün Azərbaycan estrada səhnəsi heç də 80-90-cı illərin estrada səhnəsi ilə müqayisə oluna bilməz. Əslində musiqi aləmi nə qədər inkişaf etsə də, bu sahədə imkanlar genişlənsə də, Azərbaycan estradasında son illər durğunluq hiss olunur. Hətta buna sükut da demək olar.

 

Məsələ burasındadır ki, diqqətlə analiz olunsa, son 5 ildə Azərbaycan estradasında, xüsusilə ciddi estrada janrında nə yadda qalan musiqi, nə bir layihənin şahidi olmuşuq. Estrada musiqisi ilə yanaşı, elə caz musiqisində də demək olar ki, vəziyyət eyni dərəcədə ürəkaçan deyil.

 

Bəs buna səbəb nədir? Niyə estrada səhnəsində bu gün boşluqlar özünü göstərir? Azərbaycan estradasının bugünkü durumunu Xalq artisti Mübariz Tağıyev "Şərq”də analiz etdi:

 

"Bir az çətin sual oldu. Amma məsələ ondadır ki, bu gün Azərbaycanda bütün istiqamət muğamın inkişafına yönəlib. Bəli, muğam böyük bir dəryadır. Bu sahəyə diqqətin olması vacibdi. Muğam bizim milli musiqi xəzinəmizdi. Amma bununla yanaşı, sənətin digər sahələrinə də diqqət yeririlməli, digər sahələrdə də inkişaf olmalıdır. Nədənsə, bu gün musiqinin bir çox janrları pərdə arxasındadır. Muğama böyük maraq var. Bu yaxşı haldır. Yenə də deyirəm, axı musiqi təkcə muğam sənəti ilə də bitə bilməz. Bir vaxtlar muğam günorta saatlarında səslənirdi. İndi səhərdən gecəyə, gecədən də sabah açılana qədər muğam səsləndirilir. Muğamdan həzz almaq üçün onun xüsusi dinləyiciləri olur ki, məhz muğam saatlarını izləyirlər. Amma bugünkü gündə səhərdən axşama hara baxırsan, muğam səslənir. Bilirsiz, mənim dediklərimi birmənalı qarşılamasınlar, nə də qəribçiliyə salmasınlar.

 

Axı musiqi təkcə muğamla bitmir. Mən demirəm muğam səslənməsin, muğama diqqət yetirilməsin, ya da muğama bu qədər zaman verilməsin. Olsun. Muğam biz musiqimizin beşiyidi, laylasıdı. Amma dünya musiqilərini də diqqətdən kənarda qoymaq olmaz. Bir şeyi də yaddan çıxartmışıq ki, əslində gənclərin ən çox sevdiyi sahə estrada sahəsidir. Və estrada musiqisi ən populyar və bu qədər də ciddi xanrlarından sayılır. Bilirsiz, bizdə estrada sənəti mövsümü xarakter daşıyır. Vaxtaşırı bir dalğa kimi gəlir, gedir. 60-cı illərdə Azərbaycanda 60 növ qrup olub. 60-cı illərdən bu günə kimi bu qruplardan heç biri qalmayıb, onları davam edənlər yoxdu. Bir sonuncü "Karvan” qrupu idi, o da getdi. Digər tərəfdən də baxırsan caz musiqisi estradadan da dəhşətli duruma düşüb. Halbuki keçmiş SSRİ məkanında 16 respublikanın içində caz musiqisinin inkişafında Bakının yetirmələri üstünlük təşkil ediblər. Əksər caz musiqiçiləri məhz Azərbaycanda yetişib. Bu gün caz musiqisi varmı Azərbaycanda? Caz klubumuz da yoxdu. Bir binanın 20-ci mərtəbəsində guya caz-klub var.

 

O da belə. Yəni ən önəmli məsələdən biri də məhz caz-klubun olmamasıdır. Estradaya gəldikdə isə, yəni demək istədiyim odur ki, bu gün musiqi sahəsində boşluqlar yaranıb. Azərbaycanda yetərincə istedadı olan gənclər var ki, inanın, biz onları tanımırıq. "O Səs Azərbaycan” musiqi yarışmasında o qədər güclü səsləri tanıdım ki, mən heyrətə gəlmişdim. Amma onlar üçün normal şərait yoxdu. Biri deyir restoranda oxuyuram, biri deyir barda çalışıram. Sonra da qınayanda, problemin kökünü axtarmağa çalışanda, deyirik ki, niyə Azərbaycandan kənarda bizim müğənniləri tanıyan yoxdu? Niyə ölkədən kənara musiqilərimiz çıxmır? Necə çıxa bilər ki, bizdə özümüzün içində onlar üçün normal sistem qurulmayıb hələ də. Sərhəddən kənarda müğənnimiz yoxdu ki, onu kənarda tanısınlar. Heç olmayacaq da. Dünya səviyyəsində hansı müğənnimizi tanıyırlar? Heç kimi. Səbəb? Çox sadə. Çünki dünya səhnəsinə müğənni özü təkbaşına gedib çıxa bilməz. Heç bizimkiləri qonşu ölkələrdə belə tanıyan yoxdu.

 

Əvvəla, hər ölkənin öz problemi, öz sənət qanunları var. Sənət aləmində boşluqlar var, onları doldurmağa çalışırlar. Başqa ölkələrin musiqi yarışlarına qatılanlar var. Görün onların hansını tanıyıblar, tam qəbul edib öz səhnələrində ulduz kimi təqdim ediblər, heç kimi. Bir Elnur Türkiyədə qalib oldu. İndi hardadı? Onu Tarkan kimi qəbul etdilər ki? Yox. Qəbul edən də deyillər. Tarkan məgər o qədər güclü səs diapazonuna malikdi? Xeyr. Amma dünya starları sırasında adı çəkilir. Çünki onun Tarkan olaraq tanınması üçün böyük işlər gördü. Mən Türkiyə qonşu dövlət olduğu üçün onlardan misal çəkdim. Ümumiyyətlə, heç bir dünya ulduzu təkbaşına gəlib star olmayıb. Onlar üçün xüsusi proqram hazırlanır, vəsait qoyulur, piarı təşkil edilir, işlər görülür. Biz bu gün estrada sahəsində olan boşluqları ya hələ görmürük, ya da görmək istəmirik. Ən acınacaqlısı isə odur ki, görəndə də gec olacaq. Bir az da real danışmaq gərəkirsə, əslində artıq gecdi. Azərbaycan estradası toy bazarında itib-batır, bu mənzərəni hamı görür, heç kim danışmır.

 

Bu gün artıq Azərbaycanda heç olmasa 3-4 estrada qrupu yaranmalıydı, amma bir dənə qrup yoxdu. Bu bilirsiz nə deməkdi? Bu faciədi. Azərbaycanda bu gün musiqiçi problemi var. Bunu niyə görmək istəmirlər. Azərbaycanda bu gün elektrogitara musiqiçisini tapmaq o qədər çətin bir işə çevrilib ki, lazım olanda kimsə tapa bilməzsiz. Nəfəsli alətlər itib gedir. Belə bir fikir yaranıb ki, sanki caz musiqisi, estrada, pop-filan bunlar bizə yad musiqilərdi, Azərbaycan tamaşaçısına bu musiqi lazım deyil. Hansı musiqi bizə lazımdı, onu belə bilmirik. Mən yenə deyirəm ki, muğam sənətini bu gün inkişaf etdirirlər. Bunun alqışlamaq lazımdı. Amma başqa janrları da unutmaq, onlara bu qədər laqeyd yanaşmaq da düzgün deyil. Bəli, muğamı tanıtmaq, təbliğ etmək lazımdı, vacibdi. Amma bütün istiqaməti də bu sahəyə yönəltmək olmaz axı. Dünyaya çıxmaq, dünya səhnəsində tanınmaq üçün estrada janrını da inkişaf etdirmək lazımdı. Estrada janrında nə mahnı yazan var, nə oxuyan, nə professional şəkildə səhnəyə çıxan. Bunun üçün ciddi işlər görülməlidir. Keçirilən musiqi yarışlarında yetərincə istedadlı gənclərimiz var, onların arasından bir-iki nəfər ən güclüləri seçib onların dünya səhnəsinə çıxışını təmin etmək lazımdı. İndi sual verirəm, məgər klassik musiqi aləmində vəziyyət acınacaqlı deyil ki? Arada bir-iki vokalist var, onlar da ortalıqda qalıblar, bəziləri də itib-batıb. Bir bir tikə çörək üçün Moskvaya "Bolşoy Teatr”a gedir, biri başqa yerə. Burda olanlar da gözləyir ki, nə vaxt bir qastrol səfəri olar, ifasını təqdim edər. Yəni istedadı olanlar da bu ölkədən gedir. Qəribədi ki, laqeyd də yanaşırlar ki, gedir getsin də. Axı belə deyil. Hamı gedir, kim qalacaq bəs? Yerlərini dolduran yoxdu. İstedadlılar var, amma arxalarında duran yoxdu. Bilmirəm nə deyim e? Televiziyalarda da eyni müğənnilər o kanaldan bu kanala qaçır. İndi estrada oxuyan da qalmayıb. Toy üçün efirə çıxırlar. Ulduzu yaratmaq üçün iki-üç il ona böyük dəstək olmalıdır. İngilisə adi estrada musiqisini çatdırmaq olmaz axı. Sən elə bir ifa, elə bir musiqi yaratmalısan ki, səni qəbul etsinlər. Bunun üçün isə imkan yaradılmalıdır. Bir sözlə, bir neçə ildən sonra Azərbaycan estradası deyilən bir mühit qalmayacaq Azərbaycanda. Necə ki, cazın mərkəzlərindən biri Bakı idi, bu gün o mühitdən heç nə qalmayıb, eləcə də estrada musiqisi elə günə salınıb ki, bir neçə ildən sonra o janrdan heç nə qalmayacaq. O qədər böyük boşluq var ki, bu sahədə, onu yenidən doldurmaq üçün illər lazımdı”.

 

Tahirə

Şərq.- 2017.- 15 aprel.- S.13