REPRESSİYA
İLLƏRİNİN AZƏRBAYCAN MƏTBUATI...
Tarixdə bütün ideologiyalar hansısa
zümrəyə, siyasi partiyaya məxsus olub. Özünü
dünyada "humanist” və "demokratik” hesab edən zərərli
ideologiyalardan biri də marksizimdir. Bu ideologiya Azərbaycanda 70
ildən çox təbliğ edilib. Onun təbliğində əsas
rolu təzyiqlərə məruz qalan mətbuat və ədəbiyyat
orqanları oynayıb. Ölkəmizdə 1920-ci il aprel
işğalından sonra mətbuat və ədəbiyyat bir mənalı
olaraq hakim partiyanın təbliğatçısına
çevrilib. Sovet ideologiyasını təbliğ etməyən,
ona qarşı çıxan yazarlarımız 1930-cu ildən
başlayaraq repressiyaya məruz qalıblar.
Hakim partiya öz siyasətini marksizm-leninizm
ideologiyasının təbliği adı altında zor
gücünə həyata keçirib. Bu yolla milləti
şüurlu surətdə öz adət-ənənəsindən,
dünənindən, tarixindən qoparmağa
çalışıb. 1930-40-cı illərdə isə mətbuat
və ədəbiyyat "xalq düşməni” obrazı
yaratmağa daha çox önəm verib. Bu illər ərzində
"Müttəfiq, ya düşmən”, "Bizimlə deyilsənsə,
bizə düşmənsən!” şüarları
bütün ölkədə, xüsusən də
türk-müsəlman respublikalarında əsas təhlükəyə
çevrilib. Yazıçılar, şairlər, tənqidçilər
bir-birini xüsusi amansızlıqla ifşa ediblər.
Arxiv materialları və bu
dövrlə bağlı olan tədqiqat əsərləri ilə
tanış olarkən bir daha bəlli olur ki, bu illərərzində
mətbuatımız, ədəbiyyatımız ümumən ədəbi
prosesimiz çox gərgin şəraitdə fəaliyyət
göstərib. Çünki ölkə ərazisində ədəbi
qanunlar deyil, siyasi qanunlar mətbuatı
idarə edib. 1937-ci illər mətbuatından bəhs etmək
üçün mütləq 1920-ci il aprel
işğalından 37-ci ilə qədər olan dövr ərzində
baş verən bütün siyasi-ictimai, ədəbi-mədəni
proseslərə nəzər salmaq vacibdir. 20-ci yüzilliyin əvvəllərində
Azərbaycan ədəbiyyatında, mətbuatında, ədəbi
və mədəni mühitində müxtəlif siyasi, ədəbi,
mədəni hadisələr baş verib.
Mətbuat tarixi üzrə
araşdırmaçı, "Şərq” qəzetinin baş
redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi,
1920-1990-cı illər” adlı kitabında repressiya illərində
mətbuatın fəaliyyətinə xüsusi diqqət
ayırıb. Müəllif vurğulayıb ki,
1930-cu illərin əvvəllərində Sovet
İttifaqının hər tərəfində olduğu kimi
Azərbaycanda da təşəbbüskarlığa təzyiq,
dövlət orqanları və partiya təşkilatlarında
Stalin "üslubu”nun tətbiqi ölkədə gərgin-ictimai
siyasi vəziyyət yaradıb:
"Qəbul edilən direktivlər sovetlərin
tərkibində olan respublikaların iqtisadiyyatını
planlaşdırarkən İttifaqın ehtiyac və tələbatını
nəzərdə tutmağın vacibliyini vurğulamaqla milli mənafeləri
arxa plana keçirirdi. Stalinin beşillik plana
müdaxiləsi zorakı inzibatçılığın
genişlənməsinə gətirib
çıxarırdı. Partiya bundan istifadə edərək
"inkişafa mane olan qüvvələrə” qarşı
mübarizə metodu seçir, digər tərəfdən isə
sosializm yarışını genişləndirmək
şüarını irəli sürürdü. Bu hərəkata
təkan vermək məqsədilə 1929-cu ilin yanvarında
"Pravda” qəzetində Leninin "Yarışı necə
təşkil etməli” məqaləsi çap olundu. Bu məqalə Azərbaycan mətbuatında təkcə
dərc edilmədi, mətbuatın əsas müzakirə
mövzusuna çevrildi, şərhlər, yazılar
işıq üzü gördü. "Kommunist”, "Bakinski
raboçi”, "Gənc işçi” qəzetləri,
"Komsomol”, "Maarif və mədəniyyət”
jurnalları və digər partiyalı mətbu orqanlarda mərkəzin
yeritdiyi bu siyasət təqdir edilirdi. Həmin dövrdə
çap olunan yazıların başlıqlarına baxmaq kifayətdir
ki, zamanın tələbinə uyğunlaşdırılan Azərbaycan
mətbuatının vəziyyəti aydın olsun.
"Qadınları da yarışa cəlb etməli”,
"Yeni həyata doğru” kimi sərlövhələr 1930-cu
il jurnalistlərinin ən çox istifadə etdikləri məqalə
başlıqları idi.
Jurnalistlər tək təbliğat mahiyyətli
yazılar yazmır, kollektivləşmənin əleyhinə
olan insanları nəinki tənqid, təhqir edir, hətta
bolşevik quruluşunun düşməni elan edirdilər. Azərbaycan
jurnalistlərinin zorən inzibati tədbirlərə cəlb
olunması müsbət nəticə vermirdi. Moskvadan
ötürülən tapşırıqlar əks-effekt
doğururdu. 1930-cu illərdən başlayaraq Azərbaycan mətbuatı
insanların cəzalandırma, repressiya olunması alətinə
çevrildi. Öz şəxsi əmlakını kolxoza verməyənlər,
kollektivləşməyə etinasız yanaşanlar mətbuat
səhifələrində xalq düşməni elan edilirdilər.
Jurnalistlər bu tip insanların aşkarlanıb cəzalandırılmasında
partiya-sovet orqanlarının köməkçisi
funksiyalarını daşıyırdılar. Aparılan
tədbirlərin nəticəsində fəhlə və kəndlilərin
oxuyub-yazmağa marağı getdikcə artırdı. Azərbaycan
mətbuatı bu işin həyata keçirilməsində
böyük fədakarlıqlar göstərir, qəzetlər əlifbanı
öyrənənlər üçün xüsusi səhifələr
ayırır, metodiki məqalələr çap edirdi.
"Kommunist”, "Kəndli qəzeti”, "Komsomol”
jurnalının bütöv səhifələri "Savad
kursları”na həsr olunurdu. "Bakinski raboçi” qəzeti
22 iyul 1928-ci il tarixli sayında əlifba islahatı ilə
bağlı yazırdı: "Azərbaycanın əldə
edəcəyi ümumi savadlılıq yalnız yeni əlifba
sayəsində mümkündür”. "Yeni yol” qəzeti də
bu barədə yazırdı: "Yeni əlifbanın
tətbiqi savadsızlığın ləğv edilməsi
işini xeyli asanlaşdıracaq, kütlələrin maariflənməsi
yüksəlişinə böyük maraq yaradacaq”. 1939-cu ilin
iyulunda latın əlifbasının kirillə əvəz
edilməsi haqqında qanun qəbul edildi. Qısa
zaman kəsiyində Azərbaycanda iki dəfə əlifba dəyişildi
və çoxcəhətli, rus şovinizmindən doğulan
milli mədəniyyətlərin sıradan
çıxarılmasına yönələn bu tədbir Azərbaycan
mətbuatının jurnalistikasının
inkişafının qarşısını aldı.
Savadsızlığın ləğvi ilə oxucu
auditoriyası qazanan qəzetlər öz oxucularının bir
qismini itirdi. Bu dövrdə qəzetlər rəsmi dövlət
siyasətinin "marksist-leninçi” ideyalarının təbliği,
sosialist qurucuları olan yeni insanların formalaşması
üçün güclü partiya silahı idi. Qəzetlərin
keyfiyyətli çapı üçün mətbəələrin
yaradılması prosesinə diqqət yönəldilirdi”.
A.Aşırlı kitabında qeyd edib ki, 1933-1934-cü illərdə
Bakıda böyük texniki imkanlara sahib "Mətbuat
sarayı” adlı mətbəə fəaliyyətə
başlayıb: "Azərbaycanda rayon qəzetlərinin
geniş şəbəkəsinin yaradılmasına
başlanıldı. Yeni rayon qəzetləri işıq
üzü gördü. 1932-ci ilin axırlarında
respublikamızın 32 rayonunda mətbəə təşkil
edildi. Aparılan statistik göstəricilərə görə,
1939-cu ildə Azərbaycan dilində 80-dən artıq qəzet
nəşr olunurdu. Bir çox müəssisələrin,
sovxoz və kolxozların da öz qəzetləri vardı.
1937-ci ildə 834 min nüsxə
tirajla 45 jurnal çıxırdı. Fəhlə-kəndli
müxbirləri hərəkatı 1934-cü ildə 18 min nəfəri
əhatə edirdi. 1934-cü ilin sentyabr ayının 2-də
"Kommunist maarifi” qəzeti işıq üzü
gördü. Qəzetin əsas ideya istiqaməti, fəaliyyət
dairəsi "mədəni inqilab”la məhdudlaşmır.
Xalq maarifinin, yeni sovet düşüncəli
pedaqoji kadrların hazırlanması işinə kömək
məqsədi daşıyırdı. "Kommunist maarif”i Azərbaycan
sovet təhsilinin, maarifinin təbliğat ruporu kimi nəzərdə
tutulsa da, müəyyənləşmiş çərçivələrdə
cəmiyyətin problemlərinə də toxunur, bədii ədəbiyyata
yer verir, klassiklərimizin yaradıcılığı, şəxsiyyəti
barəsində yazılar çap edirdi. Qəzet dövrün
ziyalı auditoriyasını formalaşdırmağa
çalışırdı. 1938-ci ildə "Kommunist
maarifi”nin adı dəyişdirildi, "Müəllim qəzeti”
adı ilə nəşrini davam etdirdi. Qəzet
1941-ci ilin iyununadək bu adla işıq üzü
gördü. Böyük Vətən müharibəsinin
başlanması və qəzet əməkdaşlarının
böyük bir qisminin cəbhəyə yollanması
"Müəllim qəzeti”nin fəaliyyətinə müvəqqəti
son qoydu”. Araşdırmaçı bildirib ki, 1932-ci ildə
ilk dəfə rus və Azərbaycan dilində "Azərbaycan
bədən tərbiyəçisi” adlı
ixtisaslaşmış idman qəzeti nəşrə
başlayıb: "Azərbaycanda idman mətbuatı tarixinin
başlanğıcının əsası qoyuldu və bu sahədə
ixtisaslaşan jurnalist kadrları yetişdi. Fəaliyyətinin
ilk illərində 4 səhifə həcmində nəşr
olunan qəzet təkcə respublikamızda deyil,
keçmiş SSRİ məkanında özünə xeyli
sayda oxucu toplamağa müvəffəq oldu. Qəzetin ilk
baş redaktoru tanınmış yazıçı Aleksandr
Kikiadze idi. Böyük Vətən müharibəsinin
başlanması ilə "Azərbaycan bədən tərbiyəçisi”
fəaliyyətini dayandırdı, qəzetin texniki və
yaradıcı heyətinin əksəriyyəti cəbhəyə
yollandı. Müharibənin sona çatması ilə bu mətbu
orqan öz fəaliyyətini 1950-ci ildə bərpa etdi. 1968-ci
ilə qədər "Azərbaycan bədən
tərbiyəçisi” adı ilə nəşr olunan qəzet
"İdman” adı ilə qəzet köşklərində
göründü. Peşəkar idman jurnalistləri ilə
yanaşı, bu qəzetdə dünya şöhrətli
İnna Rıskal, Vera Lantaratova, Anatoli Banişevski, Tofiq Bəhramov,
Ələkbər Məmmədov,
İbrahimpaşa Dadaşov kimi idmançılar da əməkdaşlıq
ediblər. 1941-ci ilin sonlarınadək qəzetin rus
variantını nəşrə hazırlayan Aleksandr Kikiadze
sonralar Moskvada nəşr edilən populyar idman qəzeti
"Sovetski sport”un futbol şöbəsinə rəhbərlik
etdi. Sonralar "İdman”ın müxbiri
olmuş Yuli Segeneviç də həmin vəzifəni
daşıyıb. "İdman” təkcə
ixtisaslaşmış jurnalist kadrlarının hazırlanmasında
rol oynamayıb, digər mətbu orqanların, o cümlədən
"Kommunist”, "Azərbaycan gəncləri” qəzetlərinin
əməkdaşları ilk qələm təcrübələrini
bu qəzetdə dərc etdirib, peşəkar jurnalist kimi
yetişiblər. "Dəbistan”, "Məktəb”
kimi uşaq mətbuatının varisi olan "Azərbaycan
pioneri” qəzeti 1938-ci ilin avqust ayının 1-də
işıq üzü gördü. Böyük Vətən
müharibəsi ərəfəsində yaranan texniki və
yaradıcılıq problemləri qəzetin nəşrində
problemlər yaratdı. "Azərbaycan pioneri”
özünün inkişaf mərhələsini,
yaradıcılıqdakı uğurlarını 1946-cı ilin
mayından sonra yaşadı, dövriliyini bərpa etdi. Həmin
vaxt qəzetə uşaq yazıçısı Eynulla
Ağayev rəhbərlik edirdi. O, bu vəzifəni 20 ilə
yaxın bir müddətdə həyata keçirdi. "Azərbaycan
pioneri”ndə tanınmış şairlər Hikmət Ziya,
Tofiq Mütəllibov, Vaqif Nəsib, fantast-yazıçı
Emin Mahmudov, yazıçı-publisistlər Əli Səmədov
və Əmir Mustafayev kimi ədiblər
çalışıblar. Qəzet fəaliyyət göstərdiyi
illər ərzində uşaqların hərbi-vətənpərvərlik
tərbiyəsi ilə bağlı yazılarla müntəzəm
çıxış edib. Qəzet fəaliyyət
göstərdiyi illər ərzində uşaqların hərbi-vətənpərvərlik
tərbiyəsi ilə bağlı yazılarla müntəzəm
çıxış etdi, idman və vətənpərvərlik
mövzularında ölkə miqyaslı tədbirlərin təşkilində
fəallıq göstərdi. 1990-cı ildən sonra qəzetin
fəaliyyətində geriləmələr tədricən
aradan qaldırıldı. "Azərbaycan pioneri” adı
"Savalan”la əvəzləndi. Uşaqların bu sevimli qəzeti
1998-ci ildən başlayaraq dövlət tərəfindən
maliyyələşdirilən mətbu orqanlardan biridir.
Sovet ideoloji sisteminin düşmən
elan etdiyi qüvvələrə qarşı ədəbi
mübarizəni gücləndirmək məqsədi ilə
yaradılan "Allahsız”, "Mədəni hücum”,
"Kommunist maarifi” kimi nəşrlərin fəaliyyəti
1933-cü ildə qərarı ilə dayandırıldı.
Bu dövrdə "İnqilab və mədəniyyət”, "Firqə işçisi” və "Müəllimə
kömək” jurnallarının il ərzində yalnız
iki-üç nömrəsinin çapı ədəbi
qüvvələrin öz yaradıcılığını
oxuculara çatdırmağında ciddi problemlər
yaradırdı. Müntəzəm nəşr olunan,
dövriliyini qoruyub saxlaya biləcək yeni ədəbi orqana
ciddi ehtiyac hiss olunduğundan
yazıçılarla birgə müzakirə nəticəsində
"Ədəbiyyat” qəzetinin yaradılması qərara
alındı. Azərbaycan Sovet Yazıçıları
İttifaqının idarə heyətində uzun keçən
müzakirələrdən sonra yaradılacaq yeni ədəbi
qəzetə Hacıbaba Nəzərlinin redaktor, Əvəz
Sadığın isə məsul katibliyi təsdiqləndi.
Qəzetin ilk sayı 1933-cü il dekabr
ayının 5-də nəzərdə tutulsa da, texniki problem səbəbindən
bu, mümkün olmadı. Təxminən bir aydan sonra, yəni
1934-cü ilin yanvar ayının 1-də "Ədəbiyyat”
qəzetinin ilk sayı işıq üzü gördü. Yeni
tipli sovet ədəbiyyatının yaradılması,
proletar beynəlmiləlçiliyin tərənnümü,
kütlələrin ədəbi maarifçiliyi işi
"Ədəbiyyat” qəzetinin əsas istiqamətini əhatə
edirdi. Qəzetin redaksiya heyətinə dövrün görkəmli
şair və yazıçılarından Mehdi Hüseyn,
M.Cuvarlı, Hacıbaba Nəzərli, M.S.Ordubadi, Seyid
Hüseyn, M.Hüseynov və A.Popov daxil edildilər.
Qəzet yarandığı tarixdən
bugünədək bir neçə dəfə müxtəlif
adlar çap edilib. 1934-1953-cü illərdə "Ədəbiyyat
qəzeti”, 1953-cü ilin aprelindən "Ədəbiyyat və
incəsənət”, 1990-cı ilin əvvəllərindən isə
ilkin adı ilə nəşr olunub. 1953-cü ildə qəzet
Azərbaycan Sovet Yazıçıları İttifaqının,
Azərbaycan SSRİ Kinematoqrafiya Nazirliyinin və Azərbaycan
SSR Nazirlər Soveti yanında incəsənət işləri
İdarəsinin orqanı kimi fəaliyyət göstərib. Kollektiv təsisçiliyi dövründə qəzetdə
təkcə ədəbi nümunələr deyil, mədəniyyətin
müxtəlif sahələri, kino sənəti, memarlıqla
bağlı yazıların da dərcinə
üstünlük verib. 1934-cü ildə "Ədəbiyyat
qəzeti”nin cəmi 19 nömrəsi çap olunub ki, onun da 11 sayı Hacıbaba Nəzərlinin
redaktorluğu ilə işıq üzü görüb.
1935-ci ildə qəzetin 29, 1936-cı ildə isə 35 sayı
çap olunub. İlk vaxtlar qəzet on gündən bir
işıq üzü görürdüsə, 1935-ci ildən
etibarən nəşr həftəliyə çevrildi.
1934-1966-cı illərdə qəzet
dörd səhifə olduğu halda, 1967-cı il yanvarın 7-dən
1976-cı ilin yanvarın 24-dək 16 səhifədə
kiçik formatda nəşr olunub. 1976-ci ilin yanvarın 31-dən
qəzet 8 səhifə həcmində böyük formatda
oxuculara çatdırılıb.
"Ədəbiyyat qəzeti”nə müxtəlif
illərdə Azərbaycan ədəbiyyatının görkəmli
ədəbiyyat adamları rəhbərlik etmişlər. M.S.Ordubadi, Süleyman Rüstəm, Yusif Əzimzadə,
Qasım Qasımzadə, Hüseyn Abbaszadə, Osman Sarıvəlli,
Əhməd Cəmil, Nəriman Həsənzadə kimi ədiblərin
qəzetə rəhbərlik etməsi ədəbiyyatın
inkişafına, ədəbi dilin saflığına, yeni
yaradıcı gənclərin ədəbiyyata gəlməsinə
möhkəm zəmin yaradıb. S.Vurğun, Ü.Hacıbəyov,
C.Cabbarlı, M.S.Ordubadi, M.Müşfiq, M.İbrahimov, M.Dilbazi,
S.Hüseyn, Y.V.Çəmənzəminli, İ.Əfəndiyev
kimi görkəmli şair və yazıçılar qəzetin
ən fəal müəllifləri idilər.
(davamı var)
İsmayıl
Şərq.-
2017.- 15 aprel.- S.11