Bir həqiqəti dəyişə bilmərik

 

Azərbaycan kinosu bu günə qədər bu qədər acınacaqlı dönəmini yaşamayıb. Bir çox kino xadimləri məhz belə düşünür. "Şərq”in budəfəki qonağı, ssenarist Eldəniz Quliyev bu günün kinosundan danışdı.

- Son bir neçə ildə Azərbaycan kinosunun yeni bir dönəmi başladı. Seriallar, filmlər çəkilməyə başladı. Filmlərin qala gecələrinə dəvət alırsızsmı? Ümumiyyətlə, son vaxtlar çəkilənlərə münasibətiniz yəqin ki var.

- Çəkilən filmlərin qala gecələrinə əslində çox vaxt dəvət alıram. Amma düzünü desəm, getmirəm. Çünki Azərbaycan kinosunu son vaxtlar elə vəziyyətə salıblar ki, adamın ürəyi ağrıyır. Belə qala gecələrinə getməyə xəcalət çəkirəm. Əslində bu təkcə mənim fikrim deyil, bir çox kino sahəsində olan insanlar bu gün çəkilən Azərbaycan filmləri barədə danışmağa xəcalət çəkir. O cümlədən elə seriallar da eyni acınacaqlı vəziyyətdədi.

- Seriallar barədə eyni fikirdəsiz?

- Seriallar barədə çox təəssüf ki, eyni sözləri demək olar. Çəkilən yerli serialları Azərbaycan kino bədii filmlər tarixində utandırıcı bir mərhələ hesab edirəm. Bunun bir neçə il sonra ağır nəticələrini indidən görə bilirəm deyə, narahat olmaya bilmirəm. Baxın, kino incəsənətin ən vacib sahələrindən biridir. Eyni zamanda ən gəlirli, kapitalı böyük olan qoludu. Dünya kinosu bu baxımdan böyük tamaşaçı toplaya bilir. Əgər dünya kinosu bu qədər tamaşaçı toplaya bilirsə, bununla paralel olaraq yerli filmimiz nümayiş edilirsə, bizim filmlərə baxan yoxdusa, maraq yarada bilmiriksə, bu filmləri niyə çəkirlər?

- Film sahəsində ideoloji baxış vacibdimi?

- Təbii ki, kino həm ideoloji məsələdir. Bizdə ideoloji sahə ilə məşğul olanlar, kino sahəsinə nəzarət edənlər bu günə qədər anlamadılar ki, kütlənin ardınca qaçmaq lazım deyil. Kütləni arxamızca aparmalıyıq. Bizdə ideoloji baxış qalmayıb. Tamaşaçı zövqünü incəsənət sahəsində olanlar, film çəkənlər, ədəbi mühit formalaşdırmalıdır. Bizdə əksinə, kütlə ədəbi mühitimizə , kinomuza da, musiqimizə təsir gücünə sahib ola bilib. Ona görə bu gün Azərbaycan kinosu bərbad durumdadı. Bu, faciədən xəbər verir.

- Niyə son vaxtlar filmlərin böyük hissəsi komediya janrında çəkilir? Komediya çəkmək asandı deyə, ya kütlə bu gün bunu tələb edir deyə...

- Film çəkmək hələ sənət əsəri meydana gətirmək demək deyil. Bilirsiz, bir həqiqəti dəyişə bilmərik ki, bu gün çəkilən filmlərimizə özümüzdən başqa kim baxır? Kimə nümayiş etdirə bilərik? Bizim filmlər niyə "Oskarala bilmir? Bu sualı kino çəkənlər görən özlərinə ünvanlaya bilirlər? Axı son illər bizdə film çəkilmir. Komediya əslində yetərincə ağır janr sayılır. Çarli Çaplinin filmlərini bu gün çəkə bilən rejissor varmı Azərbaycanda? Bilirsiz, kamera götürüb iki nəfəri kamera qarşısında oynatmaq hələ film çəkmək demək deyil. Komediya da düşündürməyi bacarmalıdı. Əgər yalandan gülmək üçün film çəkilirsə, bunun sonu inanın, faciəyə gətirib çıxaracaq.

- Azərbaycan kinosu doğrudanmı ən ağır dönəmini yaşayır bu gün?

- Bəli, mən bu fikirlə tam razıyam. Azərbaycan kinosu bu gün utanc dönəmini yaşayır. Əslində illər əvvəldən bunun sindromları görünürdü. Sos siqnalı verilirdi. Sadəcə buna önəm verilmədi. Kinomuzda əxlaq, mənəvi dəyərlərimiz qalmayıb. Mən bu dönəmə ad belə qoya bilmirəm.

- Bu gün film çəkənlərin isə bir bəhanəsi var, - bu günün tamaşaçısı bunu istəyir, bunu tələb edir...

- Bu fikirlə qətiyyən razılaşa bilmirəm kökündən qəbul etmirəm. Hesab edirəm ki, sənət əgər sənətdisə öndə olmalıdır. Sənət qatarın lokomotivi sayılır. Qatarı məhz bu lokomotiv idarə etməlidir, arxasınca aparmalıdır. Bizdə əksinə, biz vaqon arxasınca istiqaməti bəlli olmayan yolla gedirik. Bilirsiz, faciəmiz nədi? Əvvəllər şadlıq saraylarında operator olanlar bu gün kino çəkməyə başlayıblar. 200 bölümlü ekran əsərini restoran operatoruna həvalə etmək qədər doğrudur? Azərbaycanın ideoloji doktrinasına məsuliyyət daşıyan adamlar korluq nümayiş etdirirlər. Bizim bu qədər kor olmağımız düzgün deyil.

 

Tahirə

Şərq.- 2017.- 19 aprel.- S.13