“Heydər Əliyev  iqtisadi islahtlar

 

Müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin böyük tarixi şəxsiyyət kimi dahiliyi XX əsrin sonu və XXI əsrin əvvəllərində ölkə ictimai-siyasi həyatının bir çox sahələrində özünü göstərdi. Şübhəsiz ki, tarixin çox çətin və mürəkkəb dövründə ümummilli liderin suveren bir respublika qurması onun dövlətçilik fəaliyyətini və təcrübəsini daha qabarıq şəkildə nümayiş etdirdi. Həmişəyaşar Prezident fəaliyyəti zamanı həm də əsl iqtisadçı kimi Azərbaycan iqtisadiyyatının inkişafına dair çoxsaylı nəzərəçarpan işlər gördü.Və iqtisadi sahədə birbaşa ölkə iqtisadiyyatının tərəqqisinə xidmət göstərən müqavilələr imzaladı. Doğrudur, H.Əliyevin sovet dönəmindəki siyasi fəaliyyəti də onun adını xalqımızın tarixində əbədiləşdirməyə kifayət edərdi. Ən yaxın tarix göstərir ki, kommunist rejiminin təzyiq və amansızlıqları dövründə Azərbaycanda ürəkaçan bir mənzərədən danışmaq çox çətin idi. Ölkənin istər neft sənayesində, istər qeyri-neft sektorunda, istərsə də kənd təsərrüfatında üzücü bir mərhələ hökm sürürdü. Lakin o zaman Dövlət Təhlükəsizlik Komitəsinin 46 yaşlı generalı Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi hər şeyi kökündən dəyişdi. Ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Respublikamızda sanki möcüzə baş vermiş və bütün regionlar hərəkətə gəlmişdi. Ulu öndər ölkənin iqtisadi, sosial, mədəni və elmi simasını sürətlə dəyişməyə başlamışdı.

"Azərbaycan iqtisadi cəhətdən müstəqil olsun”

Azərbaycana rəhbərliyinin ilk onilliyində Heydər Əliyev ölkə iqtisadiyyatında sözün əsl mənasında inqilab edib. Məhz onun iradəsi sayəsində ölkəmizdə yüzlərlə yeni müəssisə tikilib. Neft-maşınqayırma sənayesinin yeni sahələri yaradılıb. Dəmiryol nəqliyyatı sektoru yenidən qurulub. Kimya, yeyinti sənayesi, kənd təsərrüfatının ayrı-ayrı sahələri sürətlə inkişaf etməyə başlayıb. Artıq 1975-ci ildə respublikada ümumi neft və qaz hasilatının həcmi 27,1 milyon tona çatıb. Bu isə o demək idi ki, Azərbaycan 1941-ci ildəki ən yüksək neft və qaz hasilatı səviyyəsini ötüb keçib. Azərbaycanın şəhər və qəsəbələrinin, kəndlərinin siması sürətlə dəyişməyə, insanların rifah halı durmadan yaxşılaşmağa başladı. Qısa bir zaman kəsiyində Azərbaycanın keçmiş sovetlər birliyində qabaqcıllar sırasına çıxması, H.Əliyevin ölkənin gələcəyinə ünvanlanan sirli strateji planlarının həyata keçirilməsinə şərait yaradırdı.

Artıq müstəqillik illərində bu dövrü xatırlayarkən ümummilli lider deyirdi: "Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun, hər şeydən əvvəl iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara demirdim nə üçün bu lazımdır... Mən istəyirdim mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin.”

Azərbaycandan əsər qalmamışdı

Amma çox az bir zamandan, artıq SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini və Sov. İKP MK-nın siyasi bürosunun üzvü H.Əliyev hakimiyyətdən uzaqlaşdırılandan qısa bir müddət sonra Azərbaycanın bu cah-cəlalından əsər-əlamət belə qalmır. Digər sovet respublikalarından fərqli olaraq ölkənin müstəqilliyə keçidi müharibə, daxili hakimiyyət çəkişmələri, vətəndaş qarşıdurması ilə müşayiət olunur və hakimiyyətə qayıdışının elə ilk günündə Heydər Əliyev bu gerçəkliyi bəyanatında bütün təfərrüatı ilə xalqa bəyan edir: "İndi Azərbaycanda vəziyyət belədir: iqtisadiyyat büsbütün dağılmışdır. O ki qaldı ictimai-siyasi vəziyyətə, bundan pisini ağla gətirmək olmaz. Suveren dövlətin ərazisinin 17 faizi işğal olunmuşdur. Yarım milyondan çox qaçqın var. Sənaye və kənd təsərrüfatı istehsalı sıfır həddindədir...”

 

İqtisadi vəziyyətin həqiqətən gərgin olduğunu statistik rəqəmlər də aydın göstərirdi ki, əgər 1989-91-ci illərdə ümumi daxili məhsul istehsalı ildə orta hesabla 6,7 faiz azalmışdısa, müstəqilliyin ilk üç ili ərzində bu geriləmənin sürəti 3,8 dəfə artmışdı. 1990-cı illə müqayisədə 1993-cü ildə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı 2 dəfə azalmışdı. Ulu öndərin qoyub getdiyi çiçəklənən bir Azərbaycandan iqtisadiyyatı dağılmış, Ermənistanla Dağlıq Qarabağ savaşında məğlub duruma düşmüş, minlərlə qaçqının çöllərə səpələndiyi, anarxiya, xaos və separatizmin meydan suladığı, vətəndaş müharibəsi həddində olan viranə bir məmləkət miras qalmışdı. Bununla belə, hələ ayaq tutmamış müstəqil ölkəni bu vəziyyətdə də rahat buraxmır, dağılan SSRİ-nin xarabalıqlarında ən qiymətli parça kimi Azərbaycanı öz qabağına çəkmək istəyən nəhəng xarici ölkələr arasında gedən gizli bir diplomatiya müharibəsində respublikaya hər tərəfdən zərbələr vurulurdu.

Neft diplomatiyası dövrü başlanır

Ölkənin belə bir vəziyyətdə, bir çox dövlətlərin Dağlıq Qarabağ savaşından spekulyasiya etdiyini, Azərbaycanın isə dünyanın istər iqtisadi, siyasi, istərsə ideoloji savaşında çox zəif olduğunu, 1993-94-cü illərdə Qarabağ münaqişəsinin hərbi yolla həllinin perspektivsizliyini və onun ölkənin iqtisadi dirçəlişini əngəllədiyini nəzərə alan Heydər Əliyev ölkənin müharibədən çıxmasına və atəşkəs haqqında özünəməxsus razılaşma əldə edilməsinə nail oldu.

Belə qeyri-müəyyən vəziyyətdə Azərbaycan üçün ən qiymətlisi vaxt idi. Çünki bu amil məhz Azərbaycanın xeyrinə işləyir, onun yıxılmaqda olan dövlətçiliyini xilas etməsinə kömək edəcək, münaqişənin Bakıya münasib həllinə nail olmaq üçün qüvvələri sonrakı mərhələyə səfərbər etməyə imkan verəcəkdi. Digər tərəfdən, böyük uzaqgörənliklə neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkənin qazanacağı iqtisadi və siyasi dividendləri görən H.Əliyev çox böyük səylə özünün uzun illərə hesablanmış neft strategiyasının real hədəflərini bələdləyirdi. Siyasət strateqi onu da yaxşı bilirdi ki, ölkədəki xaos və anarxiya, ədalətsiz müharibə və qeyri-müəyyənlik, Azərbaycandakı zəngin karbohidrogen ehtiyatlarında maraqlı olan, nəhəng dövlətlərin və şirkətlərin təhlükəli region kimi ölkəmizə investisiya qoymasına imkan vermir. Hazırkı durumda isə xarici kapital olmadan Azərbaycan iqtisadiyyatını iflasdan xilas etmək və ayağa qaldırmaq qeyri-mümkün idi. Ona görə də qarşıdakı maneələri nəyin bahasına olursa olsun, tezliklə aradan qaldırmaq lazım idi.

"Əsrin müqaviləsi” imzalandı

Heydər Əliyevin az bir müddətdə bu istiqamətdə atılmış düşünülmüş və hədəfə ünvanlanmış addımları öz bəhrəsini verdi. 1994-cü il sentyabrın 20-də təzyiq və hədələrə baxmayaraq, "Əsrin müqaviləsi” imzalandı. Şübhəsiz, bu müqavilənin çox böyük iqtisadi dəyəri ilə yanaşı, ölçüyə gəlməyən siyasi əhəmiyyəti də var idi. Yaxın vaxtlara qədər dünyanın tanımadığı, iflas və məhv olmaq təhlükəsi qarşısında olan gənc, müstəqil Azərbaycan beynəlxalq iqtisadi-siyasətin maraq mərkəzlərindən birinə, bu siyasəti müəyyənləşdirən qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına çevrilirdi.

Ümumi daxili məhsul istehsalı artdı

"Əsrin müqaviləsi” imzalanandan sonra əlverişli və etibarlı investisiya mühitinin formalaşdırılması üçün güclü qanunvericilik bazası yaradılmağa başlandı. Ölkə iqtisadiyyatında aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sisteminin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, yeni iqtisadi münasibətlərə cavab verməsi 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Bunun başlıca amili isə ölkəyə xarici investisiya axınının başlanması idi. Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici kapital yönəldilməmişdisə, artıq 1994-2000-ci illərdə ölkəyə 5,5 milyard birbaşa xarici investisiya daxil olmuşdu ki, bunun da 3,3 milyard dolları neft sektoruna, 2,2 milyard dolları isə sənayenin digər sahələrindəki infrastrukturun inkişafına yönəldilmişdi. Bu investisiya axını artdıqca, Azərbaycan sənayesi, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə, 1997-ci ildən isə ümumi daxili məhsul istehsalı sürətlə artmağa başladı.

Xarici investisiyaların həcmi çoxaldı

1995-2000-ci illərdə xarici investisiyalarla paralel olaraq yerli mənbələr hesabına kapital qoyuluşunun həcmi də sabit olaraq qalxmağa başladı. H.Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan sonra əldə olunan gəlirlər dövlət büdcəsindən, yerli şirkətlərdən və fərdi şəxslərdən, bu dövrdə sənayenin bir çox sahələrinə - yaşayış evlərinin və kommunal xidmət müəssisələrinin tikintisinə, nəqliyyat və kommunikasiyaya, ticarət və xidmət obyektlərinin, mədəni müəssisələrin, hotellərin tikintisinə 9,7 trilyon manat (2,3 milyard dollar) vəsait yönəltməyə imkan verdi.

"Açıq qapılar” siyasəti elan edildi

Xarici ticarətin liberallaşdırılması və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi Azərbaycanın xarici ticarət əlaqələrinin inkişafının sürətləndirilməsinə geniş imkanlar açdı. "Heç bir ölkə, hətta ən böyük bir ölkə belə, yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz”, deyən və ölkədə xarici biznes adamları üçün "açıq qapılar” siyasəti elan edən Prezident Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı bu ölkələrin iş adamları, şirkət rəhbərləri ilə görüşür, gənc müstəqil dövlətin iqtisadi potensialı haqqında ətraflı danışır, onları Azərbaycana dəvət edir və yüksək biznes mühitinə təminat verirdi. Bunun nəticəsi özünü çox gözlətmədi. Artıq 1994-cü ildəki 57 ölkədən fərqli olaraq, 2000-ci ildə respublika 123 ölkə ilə ticarət əlaqəsi qurmuş, xarici ticarət dövriyyəsinin həcmi 3,9 milyard manata çatmışdı ki, bu da 1994-cü ildə olduğundan 2,5 dəfə çox idi.

Sahibkarlığın əsası qoyuldu, qanunvericilik bazası yaradıldı

Ümummilli liderin müstəsna xidmətlərindən biri də Azərbaycanda yaxın illər ərzində sosial-iqtisadi tərəqqini təmin edəcək sahibkarlıq mexanizminin əsasını qoyması, onu bütün ölkə boyu işlək mexanizmə çevirmək üçün qanunvericilik bazasını yaratması və ölkədə yeni yaranmağa başlayan sahibkarlar sinfinin formalaşmasında şəxsən iştirak etməsi olub. Bu işdə dövlət başçısının qətiyyəti sayəsində ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Dövlət Proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verməsi xüsusilə mühüm rol oynayıb.

Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci il iyulun 30-da "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı”nın təsdiq olunması üçün Milli Məclisə ünvanladığı müraciət məktubunda çox böyük uzaqgörənliklə bu tədbirin mühüm əhəmiyyətini göstərərək yazırdı: "İqtisadi böhrandan əsas çıxış yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindədir, ona görə ki, dövlətin iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatın aparılması mümkün deyildir”.

Aqrar islahatlara start verdi

Bununla paralel olaraq Prezident Heydər Əliyev vaxt itirmədən, məsuliyyəti üzərinə götürərək, böyük cəsarətlə, ancaq çox dəqiqliklə işlənmiş aqrar islahatlara start verdi. Qısa vaxtda "Aqrar islahatın əsasları haqqında”, "Sovxoz və kolxozların islahatı haqqında” və "Torpaq islahatı haqqında” qanunlar işlənib hazırlandı və qəbul olundu. Bu artıq fərdi təsərrüfatların, yəni şəxsi mülkiyyətə söykənən sahibkarlığın əsasını qoymağa geniş imkan açırdı.

 

Ulu öndərin cəsarətlə bu islahatlara getməyinin bir səbəbi də onda idi ki, o, torpaq islahatını Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Culfa rayonunun Şurut və Gal kəndində sınaqdan keçirmişdi. Böyük dövlət xadiminin bu sahədə müstəsna xidmətlərinin real nəticəsidir ki, indi hər il kənd təsərrüfatı məhsulları istehsalının artan dinamikası müşahidə edilir və bu da ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verir. Məsələn, 2006-cı ildə respublikanın kənd təsərrüfatında indiki qiymətlərlə 2,1 milyard dollarlıq məcmu məhsul istehsal edilmişdi.

Azərbaycan tranzit ölkəsinə çevrildi

Bu dahi liderin misilsiz töhfələrdən biri də, irəli sürdüyü layihələrlə Azərbaycanı tranzit ölkəsinə çevirməsidir. bp şirkətinin prezidenti Con Braunun haqlı olaraq "dünyanın enerji xəritəsini dəyişən” layihə kimi qiymətləndirdiyi Bakı-Tbilisi-Ceyhan neft kəməri ulu öndərin neft strategiyasında yeni bir mərhələ oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları, hətta reallaşacağına şübhə etdikləri Bakı-Tbilisi-Ceyhan neft kəməri, əslində, böyük öndərin neft strategiyasının məntiqi davamı idi. Nahaq deyildi ki, hələ böyük neft müqaviləsi imzalananda tanınmış rus siyasətçilərindən biri yazırdı: "Vaxtilə "Neft Daşları”nın kəşfi Azərbaycanı Xəzərin hökmdarı etmişdisə, Heydər Əliyevin ağıllı kombinasiyalarının, dərin zəkasının və qətiyyətinin təntənəsi olan "Əsrin müqaviləsi” gənc müstəqil Azərbaycanı dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi”.

 

Ayyət Əhməd

Şərq.- 2017.-19 aprel.- S.12