MİLLİ-MƏNƏVİ
DƏYƏRLƏR VƏ MEDİA...
Kütləvi informasiya vasitələrində
gedən materiallarda xalqımızın əxlaq normaları
gözlənilməli, bayağı xarakter
daşımamalıdır
İnformasiya axını ictimai proseslərin
idarə edilməsində əhəmiyyətli
rıçaqlardan birinə çevrilib
Milli-mənəvi dəyərlərimiz
xalqımızın simasında zaman-zaman yaşayıb və
bizi başqa millətlərdən fərqləndirib. Mənəvi dəyər özünün fiziki və
mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq
üçün hər hansı sosial qrup və ya cəmiyyətin
əksər üzvlərinin doğru və lazımlı
olduğuna inanıb qəbul etdikləri ortaq
dünyagörüş, məqsəd, əxlaq normaları və
inanclardır.
Bu gün dövlətin hər
cür resurslardan səmərəli istifadə yolları ilə
formalaşdırmağa çalışdığı
başlıca dəyərlər bunlardır: ədalətli
olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi
aşılamaq, qanunlara hörmət, dinə hörmət,
eyni zamanda tolerantlıq, çalışqanlıq,
qonaqsevərlik, yardımsevərlik.
Milli dəyərlərimizin
qorunması və gələcək nəsillərə
çatdırılması bu gün daha çox aktualdır.
Çünki milli dəyərlərimizin Azərbaycan
xalqının formalaşmasına təsiri böyük
olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində
də xüsusi rolu vardır.
Milli ideologiya, milli tarix, milli dil,
dinimiz, milli mədəniyyət və incəsənət,
milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi
şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız,
fərdi yaddaşı, etnos yaddaşını, millətin,
xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi
dəyərlərimizdir. Bir sözlə, milli olan
bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər
sisteminə aiddir. Təsadüfi deyil ki,
ümummilli lider Heydər Əliyev dinimizin milli-mənəvi dəyərlərin
ən önəmli ünsürlərindən biri olduğunu
önə çəkirdi və bilirdi ki, xalqlara və qəbilələrə
ayrılmış cəmiyyət həm də milli-mənəvi
dəyərləri ilə seçilməlidir.
Əslində Azərbaycanın dünyaya
inteqrasiyası müsbət tendensiya sayılsa da,
qloballaşma dövründə dünyadan inteqrasiya etdiyimiz bəzi
mənfi dəyərlərin ola biləcəyi istisna deyil.
Etiraf etməliyik ki, Azərbaycanın ali qanunverici orqanı
müstəqillik dövründə onlarca belə təpkilərlə
qarşılaşmasına baxmayaraq, təzyiqlərə dirəniş
göstərdi. Bu gün də ölkəmizin üzvü
olduğu bəzi beynəlxalq təşkilatların tələblərinə
baxmayaraq, bir sıra qanunlar milli-mənəvi dəyərlərimizə
zidd olduğundan qəbul edilmir. Lakin bu, yeganə fakt deyil.
Onlarca dəlil göstərmək olar ki, qloballaşma
prosesinin iştirakçısı olan Azərbaycanda xalqın
milli-mənəvi dəyərlərinin qorunması
baxımından KİV-in rolu danılmazdır. Məsələn,
xarici siyasətlə bağlı Azərbaycan mediasının
göstərdiyi həmrəylik təqdirəlayiq sayıla bilər.
Xüsusilə də Qarabağ münaqişəsi
istiqamətində xarici diplomatik proseslərdə ölkənin
yerli media qurumlarının göstərdiyi təpki dövlət
qurumlarının siyasəti ilə üst-üstə
düşür və nəticə etibarilə də ölkənin
xarici siyasətində əhəmiyyətli rol oynayır.
Başlıca olaraq kütləvi informasiya vasitələrində
gedən materiallarda əxlaq normaları gözlənilməli,
bayağı xarakter daşımamalıdır.
Təbii ki, milli və bəşəri
dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı
demokratiya və aşkarlığın mühüm vasitəsi
kimi xalqımıza öz ali məqsədlərini həyata
keçirmək yolunda bələdçi olub, müstəsna
xidmətlər göstərib.
Ən əsası suverenliyimizi
daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi
etmək üçün harada yaşamasından asılı
olmayaraq hər bir azərbaycanlıdan tələb olunan bu
amalın - azərbaycançılığın təbliğində
mətbuatın üzərinə böyük məsuliyyət
düşür. Milli ideyanın formalaşması, millətin
məqsədyönlülüyünün dəstəklənməsi
iqtisadi uğurlarımızın əsasını təşkil
etməklə soydaşlarımızın birlik və həmrəyliyi
üçün də başlıca amildir.
Bəs, görəsən media nümayəndələri
milli-mənəvi dəyərlərin qorunub saxlanılması
məsələsində medianın rolunu necə dəyərləndirir?
Bakı Dövlət Universitetinin Jurnalistika
fakültəsinin Beynəlxalq Jurnalistika kafedrasının
dosenti, filologiya elmləri namizədi Vüqar Zifəroğlu
milli-mənəvi dəyərlər və media məsələsi
ilə bağlı "Şərq”ə
açıqlamasında belə deyib:
"Yaşadığımız XXI əsr kəskin
ziddiyyətləri ilə zəngin olan qarışıq,
"mədəni dünya”nı özündə təcəssüm
etdirməkdədir. Zahirən bəzəkli görünən
bu dünya, öz acımasız qanunları ilə maraqlar və
iddialar üzərində qurulmaqla yanaşı, mənəvi
dəyərlərin deqradasiyasına da səhnə
olmaqdadır. Mənəvi-mədəni irsə etinasız
münasibət təəssüf doğuracaq haldır və
bu etinasızlıq xalqı öz tarixi yaddaşını
itirməyə sürükləyə bilər.
Nə yazıq ki, bu
deqradasiyasının katalizatoru gündəlik həyatımızı
bir anlıq olsun belə onsuz təsəvvür etmədiyimiz
media - mətbuat, televiziya, radio və internetdir. İnsanın
öz dəyərlərini itirərək, gözünü
maddiyyata və ambisiyalarına çevirməsində, onun
öz daxili aləmini çirkləndirməsində
medianın rolu böyükdür.
Kütləvi informasiya vasitələrinin
necə böyük bir gücə malik olması barədə
söhbət açmaq yersiz olardı. KİV bu gün
bütünlüklə ayrı bir dünyadır və bu
dünya öz sosial-psixoloji təsiri mahiyyəti ilə əvəzedilməz
və müqayisəyəgəlməz dərəcədə
böyük təsir gücünə malikdir. Bu gün
kütləvi informasiya vasitələri bizim gündəlik həyatımızın
tərkib hissəsinə çevrilib. Çünki onsuz həyatımızın
hansı istiqamətdə axın edəcəyini
düşünmək qeyri-mümkündür. Bu,
günümüzün reallığıdır. Lakin gəlin bir anlıq təsəvvür edək:
nəinki gündəlik iş rejimimizə, hətta
şüurlarımıza və bilavasitə şəxsiyyət
kimi inkişafımıza birbaşa təsir etmək
gücünə malik KİV düzgünlük, vətənpərvərlik,
demokratiya və insan hüquqlarına hörmət etmək
əvəzinə, zorakılığı, milli
diskriminasiyanı, cəmiyyətin bir çox eybəcərliklərini
qabardır və bir növ bu eybəcərliklərin təbliğatçısına
çevrilir. O zaman istər cəmiyyətin, istərsə də
ayrı-ayrı fərdlərin müsbət yöndə
inkişafından danışmağa dəyərmi? "
Müasir jurnalistkanın dinamik
inkişafı və informasiya məkanının qloballaşması
dünyanın istənilən nöqtəsinə öz təsirini
göstərdiyini vurğulayan Vüqar müəllimin sözlərinə
görə, mətbuat, televiziya və radio, multimedia və
internet şəbəkələri milyonlarla insanın evinə
girməkdədir:
"İnformasiya axını ictimai proseslərin
idarə edilməsində əhəmiyyətli
rıçaqlardan birinə çevrilib. Və bütün
bunlarla yanaşı qeyd edilməlidir ki, güclülər
informasiyanın toplanması, saxlanması, işlənməsi,
yayılması və istehsalı proseslərində də
öz qayda və qanunlarını diktə edirlər. Lord
Biverbrukun bir zamanlar dediyi kimi, "Mən qəzeti təbliğat
aparmaq üçün nəşr edirəm, başqa məqsədlər
üçün yox”. Dünya informasiya bazarında cəmi 9
şirkətin söz sahibi olmasının özü bunu əyani
olaraq sübut etməkdədir. Birbaşa diktə
və senzura müasir dünyamızda tarixdə qalmış
bir nəsnədir, lakin indi iqtisadi gücə malik korporasiyalar
(və şübhəsiz ki, onların arxasında duran
güclər) beynəlxalq rəyi nəzarətdə saxlamaq məqsədi
ilə ustalıqla media gücündən istifadə edirlər.
Məşhur Rusiya jurnalist-nəzəriyyəçisi
S.Mixaylovun da yazdığı kimi, həmin korporasiyalarla əlbir
şəkildə "dövlət orqanları da aktiv olaraq xəbərlərin
manipulyasiyası prosesində iştirak edirlər, məsələn,
bunu biz, Amerika Birləşmiş Ştatlarının
timsalında görə bilərik”. Bu zaman isə
artıq kütləvi informasiya vasitələri ilə yad mədəniyyətlərin
ekspansiyası prosesi ilə qarşı-qarşıya gəlmək
təhlükəsi ilə üz-üzə qalırıq”.
Filologiya elmləri namizədinin qənaətincə,
bu gün ölkə mediasındakı vəziyyəti nəzərdən
keçirərkən heç də ürəkaçan mənzərə
ilə qarşılaşmırıq. Onun sözlərinə
görə, kütləvi informasiya vasitələrində gedən
materiallarda xalqımızın əxlaq normaları gözlənilməli,
bayağı xarakter daşımamalıdır:
"Biz elə bir zamanda yaşayırıq ki,
gənclərimizin mənəvi-əxlaqi zəmində
yazılmış məqalələrə böyük
ehtiyacı var. Bu gün kütləvi informasiya vasitələri
gənclərimizin milli dəyərlər zəminində tərbiyə
olunmasında güclü vasitədir. Xüsusilə, gənc,
yeniyetmə qızlarımızın ağır, mürəkkəb
zaman kəsiyində düzgün tərbiyə olunmasında
KİV böyük qüvvəyə malikdir. Lakin təəssüf
ki, elə mətbuat nümunələri var ki, ucuz sensasiya
xatirinə, çox vaxt isə milli mentalitetimizə uyğun
olmayan yazılarla çıxış edir, gəncliyin mənəviyyatına
açıq-aşkar böyük zərbələr vurur.
Bazar iqtisadiyyatı dövründə əvəzsiz məfkurə
sahəsi olan medianın başlıca məqsədi gəncliyin
mənəvi yetkinliyi uğrunda xidmət göstərmək
olmalıdır. Təsirli, cəlbedici, məntiqi,
reallığa söykənən ibrətli yazılarla mətbuat
bu günün problemlərindən söz açmalı, cəmiyyəti
maraqlandıran hadisələr barədə tərəfsiz, dəqiq
və qərəzsiz informasiya ötürücüsünə
çevrilməlidir. Çünki yaradıcılıq
üçün ən zəngin mənbə həyatdır,
yaşayıb-yaradan insanların fəaliyyətidir. Bu gün igid oğullarını itirmiş
anaların, tənha qocaların, həyat yoldaşları
qürbətə qazanc dalınca getmiş cavan gəlinlərin,
qaçqın şəhərciklərində əlləri
qoynunda qalmış qadınların dərd-sərindən
yazmaq, işıqlandırmaq bir nömrəli məqsəd
olmalıdır. Bu gün inkişaf edən Azərbaycanda
avropalaşmanın üstünlükləri olsa da, bunun mənfi
tərəfləri də var. TV-də efirə gedən xarici
kinofilmlərin, musiqinin təsiri altında formalaşan gənc
nəsil ənənəvi mədəni-mənəvi və bədii
oriyentirlərdə surətlə uzaqlaşır. Milli
şüura və mentalitetə yad olan və ekrandan təbliğ
edilən bu amillər gənc nəsil arasında önəmli
yer tutmağa başlayır. Bütün bunlar isə öz
növbəsində gənc və daha yaşlı nəsil
arasında hətta bəzən keçirməsi mümkün
olmayan böyük sədd yaradır, onların biri-birini
anlamasını çətinləşdirir.
Söhbətlərində,
geyim-keçimlərində, xalqının milli-mənəvi
dəyərlərinə, tarixinə, adət-ənənələrinə
laqeyd qalan gənclərin taleyi, cəmiyyətdə
"avropalaşmaq” adı ilə özünə yer
tapmağa başlayan mənəvi deqradasiya mediada həyəcan
təbili çala bilmir. Əvəzində isə, sensasiya
doğuran, qeybət xarakterli bəsit xəbərlər,
milli psixologiyamıza qətiyyən uyuşmayan, yüz ildə
bir dəfə təsadüfən baş vermiş
bayağı nəsnələr, incəsənət
ulduzlarının şəxsi həyatında baş vermiş
mənasız, cəmiyyət üçün heç bir əhəmiyyəti
olmayan hadisələr, abırsız şəkillər,
kollajlar mediada istənilən qədərdir. Bəzi mətbuat
orqanları tarixi ənənələrimizdən uzaq
düşür, öz kökümüzə balta vurur, satira əvəzinə
söyüş, tənqid əvəzinə təhqir
yazırlar”.
Şəymən
Şərq.-
2017.- 19 aprel.-S.11