MEDİANIN BAŞLICA VƏZİFƏSİ TƏŞVİQ ETMƏKDİR

 

Milli-mənəvi dəyərlərin qorunmasında dövlət qurumları, təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları da iştirak etməlidirlər

Azərbaycanın aparıcı KİV-ləri öz fəaliyyətlərini milli maraqlarla uzlaşdıra bilirlər. Lakin son vaxtlar ucuz sensasiya arxasınca düşən xəbər portallarımızın sayının artdığını da inkar edə bilmərik

 

Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib. Mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır.

Əslində Azərbaycanın dünyaya inteqrasiyası müsbət tendensiya sayılsa da, qloballaşma dövründə dünyadan inteqrasiya etdiyimiz bəzi mənfi dəyərlərin ola biləcəyi istisna deyil. Etiraf etməliyik ki, Azərbaycanın ali qanunverici orqanı müstəqillik dövründə onlarca belə təpkilərlə qarşılaşmasına baxmayaraq, təzyiqlərə dirəniş göstərdi. Bu gün də ölkəmizin üzvü olduğu bəzi beynəlxalq təşkilatların tələblərinə baxmayaraq, bir sıra qanunlar milli-mənəvi dəyərlərimizə zidd olduğundan qəbul edilmir. Lakin bu, yeganə fakt deyil. Onlarca dəlil göstərmək olar ki, qloballaşma prosesinin iştirakçısı olan Azərbaycanda xalqın milli-mənəvi dəyərlərinin qorunması baxımından KİV-in rolu danılmazdır. Məsələn, xarici siyasətlə bağlı Azərbaycan mediasının göstərdiyi həmrəylik təqdirəlayiq sayıla bilər. Xüsusilə də Qarabağ münaqişəsi istiqamətində xarici diplomatik proseslərdə ölkənin yerli media qurumlarının göstərdiyi təpki dövlət qurumlarının siyasəti ilə üst-üstə düşür və nəticə etibarilə də ölkənin xarici siyasətində əhəmiyyətli rol oynayır.

Başlıca olaraq kütləvi informasiya vasitələrində gedən materiallarda əxlaq normaları gözlənilməli, bayağı xarakter daşımamalıdır.

Təbii ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.

Ən əsası suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan tələb olunan bu amalın - azərbaycançılığın təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Milli ideyanın formalaşması, millətin məqsədyönlülüyünün dəstəklənməsi iqtisadi uğurlarımızın əsasını təşkil etməklə soydaşlarımızın birlik və həmrəyliyi üçün də başlıca amildir.

Bəs görəsən, media nümayəndələri milli-mənəvi dəyərlərin qorunub saxlanılması məsələsində medianın rolunu necə dəyərləndirir?

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadənin sözlərinə görə, milli-mənəvi dəyərləri qorumaq, yeniyetmə və gənclərimiz arasında vətənpərvərlik təbliğatı aparmaq, ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə vermək hər bir vətəndaşın borcudur:

 

 "Əgər biz Azərbaycanda yaşayırıqsa, bu ölkədəki sağlam ab-havanın qeydinə qalmalıyıq, amma bu, birbaşa medianın vəzifəsi deyil. Media bu prosesdə sadəcə iştirak edir”.

S.Verdizadənin sözlərinə görə, milli-mənəvi dəyərlərin qorunmasında bilavasitə dövlət qurumları, təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları iştirak etməlidirlər: "Medianın başlıca vəzifəsi bu prosesi təşviq etməkdir. Bilirsiniz, KİV bir kommersiya strukturudur. Onun öz maraqları var. Bu maraqların başında maddi-texniki bazanın gücləndirilməsi dayanır.

Bu isə ilk növbədə müraciət edilən mövzuların rəngarəngliyindən asılıdır.

Sözsüz ki, hansısa KİV bütün fəaliyyətini milli-mənəvi dəyərlərin qorunmasına yönəldə bilməz. Bu, onun yaradıcılıq konsepsiyasına zidd olardı. Amma KİV öz xəbər siyasəti ilə ölkədəki sağlam-ab havanı korlaya da bilər. Hələlik onu deyə bilərik ki, Azərbaycanın aparıcı KİV-ləri öz fəaliyyətlərini milli maraqlarla uzlaşdıra bilirlər. Lakin son vaxtlar ucuz sensasiya arxasınca düşən xəbər portallarımızın sayının artdığını da inkar edə bilmərik. Oxucu "ov”una çıxan bu cür saytların öz xəbər siyasətlərində milli-mənəvi dəyərləri arxa plana keçirməsi təəssüf hissi doğurur. Zorlama ilə bağlı xəbərlər, başqasının şəxsi həyatına müdaxilə, intim dünyaya işıq tutmaq cəhdi açıq-aşkar narahatlıq doğurur. Mətbuat kütlənin onu öz arxasınca sürüməsinə imkan verməməlidir”.

Sosioloq-jurnalist Lalə Mehralı isə hesab edir ki, milli-mənəvi dəyərlər və azərbaycançılıq bizim hər birimiz üçün qiymətli və müqəddəs amillərdir. Bu amillər milli ruhun, milli şüurun simvolu olaraq tanınır:

"Xalqımız əsrlər boyu qoruduğu, bəzən əlindən alınmağa çalışılan adətləri bugünədək gətirib çıxara bilib, bu milli özünüdərkin formalaşmasına böyük kömək edib. Düzdür, tarix boyu bu sərvətimizə göz dikən yadellilər olub, amma bir millətin dəyəri onun qanında, genetikasındadır, o səbəbdən də milli-mənəvi dəyərlərimizi bizdən almaq cəhdləri həmişə boşa çıxıb. Azərbaycan elə bir ölkədir ki, milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Dövlət idarəsi, cəmiyyətin təşəkkülü də bu fondadır. Mətbuat da bu vəhdəti yaradan əsas amillərdəndir. Mətbuat həmişə cəmiyyətin vuran qolu, görən gözü, qılıncı, qalxanı olub. Demək istədiklərimizi deyib, görmək istədiklərimizi göstərib. Siz də, biz də dəfələrlə şahidi olmuşuq, milli dəyərlərə qarşı hər hansı bir hörmətsizlik olduğu anda mətbuat kampaniyaya başlayıb, o yanlışı düzəldənədək də əlindən gələni edib. Milli dəyərlərə bəzən köhnəlmiş fikir, bəzən geridəqalmışlıq, bəzən də gərəksiz adət kimi baxanlar üçün media güzgü olub. Görmək istəmədiklərini göstərib, eşitmək istəmədiklərini eşitdirib.

Amma etiraf edək ki, bəzən elə media da milli-mənəvi dəyərlərə qarşı biganəlik nümayiş etdirir. Bayrağımızın tərs formada tutularaq çəkilmiş şəkillər, kadrlar yayımlanmasından tutmuş kök salmış milli adətlərin təhqir edilməsinədək bir çox məqamda buna şahid olmuşuq. Milli dəyərlərin qorunmasında sosial şəbəkələr də böyük rol oynayır. Hətta bəzən medianın edə bilmədiyini sosial şəbəkə istifadəçiləri edir. Dəqiq kim olduğunu xatırlamıram, amma bir neçə il əvvəl siyasətçilərdən biri bayraqla şəkil çəkdirmişdi, masanın üstündəki bayraq tərs qoyulmuşdu. Şəbəkə istifadəçiləri şəkli tərs çevirərək yayımlamışdılar, "əsas bayraq düz dayansın” kimi də bir mesaj yazmışdılar. Yəni demək istəyirəm ki, əslində insanlarımız mediadan daha çox həssaslıq göstərir belə məsələlərdə. Media orqanları, mətbuat həqiqi televiziyaçıların, qəzetçilərin əlində olduğu müddətcə milli adət-ənənələr nə təhqir edilər, nə də unudular. Əksinə, işini bilən peşəkarlar sayəsində bu dəyərlərimiz qorunur, milli adət-ənənələr, mənəvi dəyərlər qorunduğu müddətcə dövlətçilik və dövlət də qorunur. Axı bir dövləti var edən, kök salmasına, möhkəm olmasına onun milli-mənəvi dəyərləri xidmət edir”.

Şərq.- 2017.- 22 aprel.- S.11

 

Milli.az informasiya portalının baş redaktoru Anar İmanov da milli-mənəvi dəyərlərin qorunmasında medianın rolunun böyük olduğunu deyib.

 

 Onlayn medianın oxucuya daha yaxın olduğunu vurğulayan baş redaktorun sözlərinə görə, sosial şəbəkələr inkişaf etdikcə, onlayn media aparıcı rolu oynamağa başlayır: "Milli-mənəvi dəyərlərin qorunması istiqamətində medianın rolu, əsas funksiyası maarifləndirmədən ibarət olmalıdır. Reytinq naminə, oxucuların saytda cəlb edilməsi üçün bu faktor unudulmamalıdır, əxlaq normaları gözlənilməlidir, bayağı xəbərlər verilməməlidir. Düşünürəm ki, bugünkü Azərbaycan mediası bu işin öhdəsindən yaxşı gəlmir, çatışmazlıqlar var və bununla mübarizə aparılmalıdır. Çatışmazlıqlar əsasən ondan ibarətdir ki, tanımadığın birisi, əsasən gənc yaşında olanlar, mətbuata aidiyyəti olmayanlar sayt açır və istədiyi kimi onu idarə edir. Saytlarına daxil olub milli-mənəvi dəyərlərdən uzaq olan mövzular, xəbərlər, başlıqlar, şəkillər və s. görmək mümkündür. Təzə "xəstəlik” isə ondan ibarətdir ki, çox köhnə xəbərlər, məsələn, 5 il bundan öncə yayımlananlar bu gün sayta yerləşdirilir. Niyə? Çünki başlıq "cəlbedicidir”. Hesab edirəm ki, bu məsələdə ciddi nəzarət olmalıdır və belə neqativlərə mediada son qoyulmalıdır”.

 

Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədovun sözlərinə görə, günümüzdə informasiya ictimai proseslərin formalaşmasında, eyni zamanda onun idarə edilməsində əhəmiyyətli rola malikdir:

 

"Belə ki, yenilənmək, inkişaf etmək, sivil, müasir dünyanın bir parçası olmaq vacibdir və bununla paralel cəmiyyətimizin malik olduğu mənəvi dəyərlərdən uzaq düşmək də olmaz. İnternet media resurslarının sayı artdıqca, xüsusilə də sosial şəbəkələrin fəaliyyətinin genişləndiyi bir vaxtda formalaşmaqda olan gənc, yeni nəslin bu dalğanın mənfi təsirlərindən kənarda saxlanılmasına mütləq şəkildə diqqət yetirilməlidir. Hesab edirəm ki, bu məsələ Azərbaycan cəmiyyəti üçün çox mühüm məsələlər sırasındadır. Milli-mənəvi dəyərlərimizə, sadiq nəslin formalaşdırılması üçün öz növbəsində medianın üzərinə ciddi məsuliyyət düşür.

 

Bu gün mediamızda milli-mənəvi dəyərlərin təbliği, ictimai əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi, vətənpərvərlik, uşaqların və yeniyetmələrin intellektual inkişafı və digər sahələr üzrə keyfiyyətli maarifləndirmə ilə bağlı məqalələr dərc etmək lazımdır. "Mətbuatımız maraqlı, keyfiyyətli, peşəkar səviyyədə məqalələr hazırlamaq potensialına malikdirlərmi” sualına cavab vermək çətin olsa da, bunun öhdəsindən gələn nümunələr də var”.

 

Şəymən

Şərq.- 2017.- 22 aprel.- S.11