Milli dövlətçilik
düşüncəsinin işığında
Milli.Az Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, eməkdar elm xadimi İsa Həbibbəylinin yazısını təqdim edir.
(Yunus Oğuzun "Atabəy Eldəniz" romanı haqqında)
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrına yenidən qayıdış xalqın milli-mənəvi özünüdərk proseslərinin dərinləşdirilməsinə, çoxəsrlik təcrübə və ənənə əsasında müasir mərhələdə müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmətin ifadəsidir. Müxtəlif ədəbi nəsillər
bu ənənəvi janrda tarixə müasirlik
işığında yanaşmağın fərqli örnəklərini
nümayiş etdirirlər. Bu baxımdan tarixi
roman janrına ardıcıl olaraq müraciət edən Yunus
Oğuzun yaradıcılığı xüsusilə diqqəti
cəlb edir. Əvvəla, Yunus Oğuz
müstəqillik dövründə Azərbaycan ədəbiyyatının
ümumi mənzərəsində tarixi roman janrının
mövqeyinin möhkəmlənməsi sahəsində
mühüm addımlar atır. İkincisi
isə o, Azərbaycanın dövlətçilik tarixinin
böyük ədəbi salnaməsini yaradır, tarixi şəxsiyyətlərin
xidmətlərinin yaddaqalan bədii vasitələrlə xalqa
çatdırılmasına geniş meydan açır.
Son onillikdə bu janrda yazdığı əhəmiyyətli
bədii əsərlərlə Yunus Oğuz yeni dövrün
müasir tarixi romançısı kimi böyük ad
qazanmışdır. Yunus Oğuz "Nadir şah",
"Təhmasib şah", "Əmir Teymur - Zirvəyə doğru",
"Əmir Teymur - Dünyanın hakimi", "Şah
arvadı və cadugər", "Sultan Arp Aslan" və
sair romanlarında Azərbaycanın və türk
dünyası tarixinin müxtəlif dövrlərini
bütün yönləri ilə əhatəli şəkildə
təsvir etməklə müasirlərimizin milli gen
yaddaşının oyanışına və dövlətçilik
təfəkkürünün qüvvətlənməsinə
məsuliyyətlə və şərəflə xidmət
edir. Yazıçının
romanlarındakı milli dövlətçilik ideyası və
azərbaycançılıq ruhu tarixi mövzuların
müasir dövrlə, yeni tarixi epoxa ilə üzvü surətdə
əlaqələndirilməsinə geniş imkan yaradır.
Onun hər romanı ümumtürk tarixinin və
Azərbaycan gerçəkliyinin böyük bir
epoxasının mahiyyətinin açılmasına, dövlətçilik
ənənələrimizin reallıqlarının diqqət mərkəzinə
çəkilməsinə işıq salır. Yunus Oğuz Azərbaycan tarixində mühüm yer
tutmuş görkəmli dövlət xadimlərinin
romanını yaratmaqla yeni nəsillərdə köklər və
budaqlar haqqında obyektiv və dolğun təsəvvürlərin
formalaşmasına böyük töhfə verir. Beləliklə, Yunus Oğuzun tarixi romanları Azərbaycan
dövlətçilik tarixinin mənşəyi, inkişaf mərhələləri,
böyük şəxsiyyətləri və ibrət dərslərinə
həsr olunmuş bədii əsərlər silsiləsi kimi
mühüm əhəmiyyət kəsb edir. Onun tarixi romanları Azərbaycan dövlətçiliyinin
XX əsrdə meydana çıxması haqqındakı
uydurmalara tutarlı cavabın ifadəsi kimi də ciddi maraq
doğurur. Bütün bunlar müstəqillik
dövrünün oxucusunun tarixi ənənələrlə təmasda
müasir mərhələdə qarşıda duran vəzifələrin
mahiyyətini və məsuliyyətini daha aydın surətdə
dərk etməsinə şərait yaradır.
Yunus Oğuzun növbəti "Atabəy Eldəniz"
romanı onun yaradıcılığında tarixi roman
janrının davamlı inkişaf proseslərində
olduğunu göstərir. Əsərdə, tarixdən
paytaxtı Naxçıvan şəhəri olmaqla
"Atabakani-Azərbaycan" adı ilə tanınan Azərbaycan
Atabəyləri dövlətinin (1136-1225) yaranması, fəaliyyəti,
bu dövlətin qurucularının hünər və qəhrəmanlığı
bütün tarixi miqyası və ictimai-siyasi qüdrəti ilə
əksini tapmışdır. Azərbaycan
anlayışının yalnız coğrafi ərazi deyil, mənəvi
vətən və torpaq, cəmiyyət və dövlət
kimi təşəkkülü, formalaşması, yüksəlməsi
roman boyu oxucunun gözü qarşısında canlı
lövhələrdə əksini tapır. Müəllif
sonda: "Eldəniz ilk Atabəy oldu ki, Azərbaycan atabəyliyini
dövlət səviyyəsinə qaldırdı və "Azərbaycan"
sözü çoğrafi məna ilə yanaşı, siyasi
mənada işlədilməyə başlandı..."
vurğulayır. Bununla da oxucunun diqqətini Azərbaycan
Səfəvilər dövlətindən daha dörd əsr əvvələ
çəkir, "Xətainin qılıncının
suvardığı" ərazilərin hələ XII əsrdə
Atabəy Eldəniz tərəfindən Azərbaycan atabəyliyində
əhatə olunduğunu bəyan edir.
Romanın əsas qəhrəmanı Azərbaycanın I
Böyük Atabəyi Şəmsəddin Eldənizdir. Tarixçilər
adətən qeyri-adi istedada malik bu tarixi şəxsiyyətin
Səlcuq sultanı Mahmudun sarayına bir qul kimi satılıb,
möhkəm iradəsi, güclü xarakteri, misilsiz
bacarığı sayəsində hökm sahibinə - Atabəyə
çevrilməsini məxsusi vurğulayırlar. Roman
qıpçaq türklərindən olan Şəmsəddin
Eldənizin həyat yolunu izləməklə, həm də belə
bir tarixi versiyanı bədii şəkildə təsdiqləyir
ki, Eldəniz əsir düşmüş hökmdar nəslindəndir
və qəhrəmanın ali dövlət
mərtəbəsinə yüksəlməsində qan
yaddaşının şəksiz rolu vardır: "O, Uran
tayfasının əsilzadələrindən idi. Elə uşaqlıqdan hər şeyə diqqətlə
fikir verir, olanları və söylənənləri
yaddaşına həkk etməklə o biri
yaşıdlarından fərqlənirdi. Amma,
atasının uduzduğu döyüşlərdən birində
qənimət kimi bacılarını, anasını və onu
əsir götürdülər. Sonradan onu
anasından, bacılarından ayırıb qul kimi Dərbəndə
apardılar. Tale onun ömrünə nə
yazıb o bunu bilmirdi. Bildiyi o idi ki, hara
getməyindən asılı olmayaraq çox çalışmalı,
ağlı və zirəkliyi sayəsində özünü
göstərməlidir".
Romandakı belə bir məqam da qiymətlidir ki, müəllif
Eldənizin Dərbənd qıpçaqlarından olduğunu
bədii şəkildə əsaslandırır. Bununla da gələcəkdə
Azərbaycanın Atabəyi olan qəhrəman bu torpağa
heç də fateh kimi qədəm qoymur, doğma Vətənə,
yurduna dönmüş olur və burda Azərbaycan türk
dövlətini təsis edir. Ümumən
yazıçının bədii təxəyyülü tarixi
həqiqətləri bədii cəhətdən daha da zənginləşdirməklə
uğur qazanır. Roman Abbasilər
dövründə Yaxın Şərqdə hakim olan Səlcuqlar
imperiyasının reallıqlarına, bu imperiyanın ərazilərində
meydana çıxan məmlük dövlətlərinin xəritəsinə
güzgü salmaqla, Səlcuq imperiyasının
gücünü və gücsüzlüyünü əyani
olaraq göstərir. Yazıçının
uğurudur ki, o əsərində Azərbaycan türk dövlətinin
meydana çıxmasını da məhz həmin tarixi
kontekstdə işıqlandırır. Tarix
kitablarından alınaraq bəlli həqiqətlərə
çevrilmiş hadisələr roman boyu həm süjetin əsasında
durmaqla, həm də xronoloji mozaika şəklində haşiyələrdə
yer almaqla oxucunun tarixi yaddaşını oyadır, tarixin xəritəsini
müasirliyin mənzərəsinə çevirir.
Bu baxımdan romanın kompozisiyası maraq doğurur. Əsər
sanki xronologiya şəklində qurulmuşdur. Bədii parçalarda 1118-ci ildə Şəmsəddin
Eldənizin Dərbənddən ayrılaraq, Səlcuq
sarayına daxil olmasından 1187-ci ildə oğlu Cahan Pəhləvanın
Azərbaycan Atabəylər Dövlətini zirvəyə
çatdırdığı məqamadək tarixin rəqəmləri
vurğulanır. Amma heç də hadisələri
ardıcıllıqla təsvir etməklə yox, tariximizin bu
şərəfli dövrünə müxtəlif bucaqlardan
işıq salmaqla oxucunu özünə cəlb edir. Tarixin mənzərəsi gah irəliyə
qaçıb, gah da geriyə dönməklə (1118, 1136,
1133, 1136, 1187, 1136 və s.) artıq bəlli bir
anlayışın - Azərbaycan Atabəyinin tədricən
formalaşan obrazını müxtəlif məqamlardan
göstərməyə xidmət edir. Yunus Oğuzun bu
tip mozaik kollaj üsulunu son illər
romançılığımızda işlənən
uğurlu və orijinal bədii forma hesab etmək olar.
Bununla belə, roman heç də tarixin kölgəsində
qalmayıb, həm mövcud hadisə və şəxsiyyətlərin
fəaliyyətinə dair məlum faktların və təfərrüatların
bədiiləşdirilməsi, həm də yazıçı
fantaziyasından doğan və əsəri tamamlayıb daha da
zənginləşdirən əlavələrlə inkişaf
etdirilir. Bu baxımdan romanda təqdim olunan əsas süjet xətti
Eldəniz - Mömünə Xatun münasibətləri ailədaxili
proseslərin sədlərini aşaraq, hakimiyyət və
şəxsiyyət problemlərinin
işıqlandırılmasına səbəb olur. Romanın əsas konfliktini də Sultan Toğrulun
ölümündən sonra tale ulduzları qovuşmuş bu
iki tarixi şəxsiyyətin qüdrətli siyasi-mənəvi
birliyi ilə onlara qarşı çevrilmiş düşmən
qüvvələr arasındakı münaqişə və
mübarizə təşkil edir. Qardaşının
ölümündən sonra taxta çıxmış sultan Məsudun
Eldənizi II Toğrulun oğlu şahzadə Arslanşaha Atabəy
təyin etməsi və Arranın paytaxtı Bərdəyə
hakim göndərməsi münaqişənin
düyününü vurur. Eldəniz-Mömünə
Xatun tandeminin məqsədlərinə doğru zəfər
yürüşləri bir yandan Bağdad xəlifəsinin
hakimiyyətə can atan səlcuq şahzadələri və
onların atabəylərini daim qızışdırması,
bir-birinə qarşı qoyması şəraitində, digər
tərəfdən isə daha qorxunc qüvvə - xilafəti və
Səlcuqları gizli şəkildə təqib edən, qətllər
vasitəsilə vahimə yaradaraq saraylardan xərac toplayan,
özünü "batinilər" adlandırmış,
lakin xalq arasında daha çox "xaşxaşilər"
adı ilə tanınan dini terror təşkilatının
daimi hədə və təzyiqləri mühitində davam
edir.
Şəmsəddin Eldənizin Möminə Xatuna sədaqətinin
əsası ilk dəfə hələ sultan sarayında, onu
xaşxaşi sui-qəsdindən qurtarması ilə qoyulur və
daha sonra xaşxaşilər tərəfindən hər iki qəhrəmana
qarşı dəfələrlə hazırlanmış qətllərin
qarşısı alınır. Xaşxaşilərin
başçısı Sahibi-əzəmi Nurəddin Məhəmməd
Saninin uzaqgörənliklə Şəmsəddin Eldəniz və
Mömünə Xatunu ayırmaq niyyəti ürəyində
qalır: "Bu, o deməkdir ki, iki ağıllı adam birləşib, tezliklə nəinki Arran və
Azərbaycana hakim olacaqlar, həm də o biri Atabəylərə
təsir gücünü əllərində saxlayacaqlar. Bizə də xərrac verməyəcəklər."
Beləliklə, möhtəşəm türbəsi bu gün
də qədim Azərbaycan torpağı Naxçıvanda
ucalan Mömünə Xatunla Eldənizin az qala qırx illik
birgə həyatı və ayrılmaz ittifaqı, nəticədə
Azərbaycan Atabəyləri dövlətinin qurulması tarixi
simvola çevrilir.
Şəmsəddin Eldəniz və Möminə Xatun
romanda xarakter səviyyəsində təqdim olunan surətlərdir. Yazıçı
Şəmsəddin Eldənizin sadəcə zahiri portretini
cızmaqla qalmır, obrazı bütünlüklə daim hərəkətdə,
əməli fəaliyyətdə, hadisələrin gedişi
prosesində yeni cizgilərlə zənginləşdirir və
tamamlanır. "Atabəy Eldəniz"
romanındakı aşağıdakı müəllif təqdimatı
oxucunu Atabəylər dövlətinin
başçısını yaxından tanımağa
hazırlayır: "Saray mühiti ona çox şeyləri
öyrətmiş, çox mətləblərin sirrini
açmışdı. Birincisi, qaradinməz
olmaq, heç kimə qoşulmamaq və sirr verməmək.
İkincisi isə ağana, sahibinə sədaqətlə
qulluq etmək. "Tülkü öz
yuvasına hürsə qotur olar". Belədə
həm başı salamat qalar, həm də hörmətli
olarsan. Bütün bunları o sarayda əxz
etmişdi." Bundan başqa, Yunus Oğuz
Şəmsəddin Eldənizin saray mühitində
düzlüyü və sədaqəti hər şeydən
üstün tutması ilə nüfuz
qazandığını göstərir. Onun
əvvəlcə sultan Toğrulun mətbəx
başçısı (əl xivan salar), daha sonra mühafizə
xidmətinin əmiri olması məhz həmin əxlaqi-mənəvi
keyfiyyətlərin sayəsində mümkün olmuşdur.
Sultan Məsud tərəfindən Atabəy təyin
edildikdən sonra da düzlüyünü, sədaqətini
qoruyub saxlaması Şəmsəddin Eldənizi ucaldır.
Saray intriqalarından, Atabəylər
arasındakı çəkişmələrdən
özünü kənarda saxlamağa
çalışması tarixi məqam yetişdikdə
qılıncını işə salıb qələbələr
qazanmasına şərait yaradır. Beləliklə,
müəllif dövlətçilikdə müdriklik, sədaqət
və məsuliyyəti əsas prinsiplər kimi müasir
oxucunun nəzərinə çatdırır.
Romandan görünür ki, Şəmsəddin Eldənizin
Möminə Xatuna sevgisi və sədaqəti intəhasızdır. Müəllifin
təqdimatından aydın olur ki, Şəmsəddin Eldəniz
hər zaman xatununu qorumaqla, xəyanətdən tam uzaq olmaqla
yanaşı, bütün dövlət tədbirlərində
də onunla məsləhətləşir, onsuz addım
atmır. Bu sevginin gücü o qədərdir
ki, Şəmsəddin Eldəniz Möminə Xatunun vəfatından
sonra allahından onları ayırmamağı istəyir və
duası müstəcəb olur. Şəmsəddin
Eldəniz bir Atabəy kimi himayəsində olan oğulluğu
şahzadə Arslanşaha da sədaqətlidir. Buna görə də o, Arslanşahı həm
qoruyur, həm də gələcək taxt-tacın sahibi kimi hərtərəfli
yetişdirməyə çalışır. Bir ata kimi
istər Arslanşaha, istərsə də oğulları Cahan
Pəhləvan və Qızıl Arslana münasibətində
Atabəy Eldəniz əsl türk xarakteri nümayiş
etdirir: səhvlərinə həssasdır, arxalarında durur,
onlara döyüş təlimləri verir, ova aparır,
hünərlərindən böyük qürur duyur. Sultan
taxtına oturduğu zaman Arslanşah bədxahların təhriki
ilə, ölkəni idarə edən Atabəyindən
şübhələndiyi zaman Mömünə Xatun onu bu
yanlışdan daşındırır: "Bunların
heç birinə fikir vermə, oğlum! Atabəy
həyatını neçə dəfə təhlükəyə
atıb, neçə dəfə sənin həyatın
uğrunda mübarizə aparıb. Sən
sultan olmaq üçün o yaxın ətrafını və
qulamlarını ölümə göndərib. Səndən yaşça böyük şahzadələr
onun sayəsində kənarda qaldı. Sultan
taxtına o səni çatdırdı. İndi
həm o, həm də oğlanları sənin xidmətindədir.
O sənin düşmənlərinlə
döyüşür, mübarizə aparır, onlara
sarsıdıcı zərbələr vurur. Sənə
imkan verir ki, belə şeylərə fikir verməyəsən.
Sənin qəlbinsə belə şeylərdən
azaddır. Atabəy kiməsə bəxşiş verir,
yaxud nəyisə geri alırsa, bu yalnız sənin hakimiyyətinin
möhkəmləndirilməsi üçündür..."
Ağıllı, siyasətcil və qurucu bir hökmdar
kimi Şəmsəddin Eldənizin xarakteri ölkəyə
hakim olduğu illərdə qabarıq şəkildə üzə
çıxır. Sultandan əvvəlcədən dikbaş əmirləri
yerinə oturtmaq iznini almış Eldəniz ona biət etməmiş
Beyləqan əmirinə divan tutmaqla tezliklə ölkədə
qayda-qanun yaratmağa nail olur. Hakimiyyətdə
o ədalətli olduğu qədər də qətiyyətlidir.
Düşməni duyuq salmadan qabaqlayıcı tədbirlər
görür. Böyük uzaqgörənliklə
bütöv Azərbaycanın sabahına baxaraq, ölkənin
paytaxtını Bərdədən əvvəlcə Gəncəyə,
daha sonra Naxçıvana köçürür və bununla
Azərbaycanı alınmaz qalaya çevirir. Şəmsəddin
Eldəniz bu addımları atarkən baş məsləhətçisi
Mömünə Xatunun fikirlərinə yüksək ehtiramla
yanaşır:"- Belə düşünürəm ki, bir
necə ildən sonra Gəncəni özünə paytaxt
seçəcəksən. Əgər belə edəcəksənsə,
o zaman Naxçıvan da paytaxt olsun. ...Atabəy təəccüblə
soruşdu:
- Gəncəni
başa düşdüm, amma niyə məhz Naxçıvan?
Möminə
Xatun, elə bil ondan bu sualı gözləyirdi.
- Ona
görə ki, Naxçıvan qalası dörd tərəfdən
- Əlincə, Sürməri, Dağmar və Fağnan kimi
güclü qalalarla əhatə olunub. Gəncə
qalasını almaq asandır, çünki düzənlikdə,
yol üstündədir. Naxçıvan
qalasını isə almaq çox çətindir, ona görə
ki, Naxçıvanı almamışdan öncə, gərək
sıldırımlarda yerləşən bu qalaları
keçəcən. Bir də gələcək
xəzinənə yaxın olasan, yəni Əlincə
qalasını deyirəm. Onu heç almaq
mümkün deyil. Yuxarıdan bir daş
buraxsan, bir qoşun qırılar.
Eldəniz
yenə təəccüblə soruşdu:
- Sən
bunları nə zaman öyrəndin, Xatunum! Dediklərini
heç mən də bilmirdim.
- Bəs,
mən kimin Xatunuyam... Atabəyin. Bizim qəlbimiz
təkcə bir yerdə döyünməli deyil, həm də
ağıllarımız bir yerdə işləməlidir..."
Yazıçı göstərir ki, dövlət xadimi və
sərkərdə kimi Şəmsəddin Atabəy Eldənizin
hünəri taxt-tacın varisi Arslanşah sultan taxtına
çıxandan sonra parlayır. İlk Böyük Atabəy titulunu alan Eldəniz qanuni Sultan hakimiyyətini
ayrı-ayrı separatçı sultanlıqlara parçalanmış
dağınıqlıqdan xilas etmək üçün
ağıllı siyasətlə qılıncının kəsərini
birləşdirir. Xəlifənin onun əleyhinə olan
qüvvələri birləşdirməsinə imkan vermədən
əleyhdarlarını bir-bir məğlub edir; kimisi ilə
qohumluq, kimisi ilə dostluq münasibətləri qurur, xəyanətkarlara
qarşı isə amansız olur: "Beləliklə,
Böyük Atabəy çox qısa müddətdə
geniş bir ərazini - Qafqaz dağlarından tutmuş, ta Kəngər
(Fars) körfəzinə qədər yerləri öz hakimiyyəti
altında birləşdirdi. O, Azərbaycanı, Arranı,
Şirvanı, Tiflis qapılarına qədər əraziləri,
Həmədanı, Gilanı, Mazandaranı, İsfahanı,
Reyi həm idarə edir, həm də o hakimləri, atabəyləri
təyin edirdi. Xəzinə xərclərinə
o nəzqrət edir, orduya çağırış da
yalnız onun icazəsi ilə həyata keçirilirdi.
Sultan və xəlifədən sonra sultanatlıqda onun adına xütbə oxunurdu. Mosul,
Kerman, Xuzistan, Xilat, Arzan ər-Rum, Marağa atabəyləri və
Şirvan hakimi onun vassalı sayılırdı. Belə
şəraitdə, yəni hakimiyyətin bir əldən idarə
olunması, çox tez bir zamanda sultanatlıqda daxili hərc-mərcliyi,
qarşıdurmaları, müharibələri aradan
qaldırdı və bu ərazilərin iqtisadi inkişafı
sürətlə artmağa başladı... Yerin əsl sahibi
Böyük Atabəy idi"
Romançı bununla sanki tarixlə yanaşı,
müasir dünyanın geopolitik mənzərəsinə də
nəzər salır, böyük türk birliyinə önəm
verməklə, həm də hər cür
separatçılığa qarşı dövlətin
güclü və möhkəm olması ideyasını təcəssüm
etdirir.
"Atabəy Eldəniz" romanında Möminə
Xatun obrazı möhtəşəm Azərbaycan
qadınlığının simvolu kimi verilmişdir. O, ağıl və tədbiri
ilə Atabəy Eldənizdən şəxsiyyətin
bütövlüyünə və hakimiyyətinin qüdrətinə
böyük dayaq olan Möminə Xatunu aradan götürmək
üçün müxtəlif tədbirlərə əl
atılır. Əks tərəfin məkrli
siyasətinin və hiyləgər simasının fonunda
Möminə Xatun müdrikliyi və ayıqlığı ilə
daha əzəmətli görünür. Yunus
Oğuzun təqdimatında Mömünə Xatun geniş
dövlətçilik təfəkkürünə malik olan sədaqətli
Azərbaycan qadınlarının ümumiləşmiş
obrazı kimi canlandırılmışdır.
Yunus Oğuz Möminə Xatunun mənşəyinin qədim
türk qövmü ilə bağlı olduğunu oxucuya təqdim
edir. Müəllif
romanda bunu Baş Dədənin diliylə Oğuz xaqan
haqqındakı miflə bağlayır: "Oğuz
Xaqanın kökü Nuh əleyissalamın oğlu Yafəs
xanın oğlu Olcay xandan gəlir və deyilənə
görə taciklərin Əfrasiyab, bizim də Alpər Tonqa
adlandırdığımız xaqanın vaxtında olub. Deyilənə görə, türkman dilinin ən
gözəl və düzgün ləhcəsi Xaqaniyyə ləhcəsi
olub. Xaqandan doğulan bütün qız
uşaqlarına Xatun deyərdilər.
Nəticə
dərhal sual verdi:
Deməli, baba, Möminə Xatun Alp Ər Tonqa nəslindəndir?
Baş Dədə
gülümsündü:
- Belə çıxır..."
Mömünə Xatunun mənşəyi və şəcərəsi
haqqındakı fikirlər nəticə etibarilə Azərbaycan
dövlətçiliyinin tarixi köklərinə və milli
ictimai-siyasi təməllərinə aid ümumiləşmiş
qənaətlər kimi mühüm əhəmiyyətə
malikdir.
Ümumən romanda qədim türk əfsanələri
bədii qaynaqlarla tarixi hadisələrə uğurla sintez
olunmuşdur.
Batini və batil elmlərdən söhbət gedərkən
Xızır peyğəmbər və İbrahim peyğəmbər
haqqında rəvayət, Hun hökmdarı Mətə - Mete
barəsində Dədənin söylədikləri cərəyan
edən hadisələrin ruhuna tam uyğun gəlir. Eyni
zamanda, Mete xanın dilindən səslənən torpaq həqiqəti
haqqındakı qənaətlər bu günün aktual
idealını ifadə edir, oxucuda dərin vətənpərvərlik
hissləri oyadır: "Mətə xan hay vurur, obanın,
elin igidlərinə xəbər yollayıb onları
toplayır. Deyirlər xeyirdirmi? Deyir bəs, yarağa sarılmalıyıq. Bizim eldən torpaq istəyirlər. Deyirlər
Xaqan, atın getdi dinmədin, yəhərin getdi dinmədin,
yüyənin getdi dinmədin, ay sağ olmuş, indi deyirsən
bir qarış torpaqdan ötrü dava eyləyək? Vəzir-vəkil, igidlər bunu deyəndə, Mətə
xan qayıdır ki, at da, yəhər də, yüyən də
özümünküydü. Bunlar
yalnız mənə aiddir. Torpaq
elin-obanındı. Hünərim nədir,
ondan kiməsə bir qarış verim. Bunun
qarşısında söz var? Haydı atlanın davaya!.."
"Atabəy Eldəniz" tarixi romanındakı
Baş Dədə obrazı bədii təxəyyülün məhsuludur,
sanki özündə Dədə Qorqud obrazını rəmzləşdirir. Tarixdən
ismaililər kimi məlum olan, özlərinə gizli elmlərin
sahibi - batinilər deyən təriqətin üzvləri
romanda şər qüvvələri təmsil etdiyindən
Baş Dədə əsl batin elminin bilicisi kimi buna
qarşı qoyulmuşdur. "Biz
"batinlər"deyilik. Biz batin elmi ilə
məşqul olan insanlarıq. Xaşxaşilər ona
görə özlərini "batin" adlandırırlar ki,
guya xəlvəti iş görürlər, xəlvəti qərar
verirlər, xəlvəti xərac istəyirlər,
alınmayanda xəlvəti qətlə yetirirlər. Bax, o "batin" deyilən xaşxaşilərin fəaliyyətinin
məğzi, mahiyyəti bundan ibarətdir. Biz isə, yəni batin elmi ilə məşğul
olanlar xəlvəti qərar çıxarmır, nəinki xəlvəti
xərac almırıq, ümumiyyətlə heç kimdən
xərac istəmirik. Bizim elmimizdə qətl
deyilən anlayış yoxdur, Allah-Təalanın verdiyi cana qətllə
qıymaq küfrdür və bu, bizə yaddır". Zaman və müdriklik kimi şərəfli bir
missiyanı uğurla daşıyan Baş Dədə türklərin,
ulu əcdadlarımızın qədim zamanlardan müasir
dövrümüzə qədərki şanlı tarixini
oxucuya çatdırır. Səlcuqların
ictimai-siyasi mövqeyini və aqibətini Baş Dədə
obyektiv şəkildə dəyərləndirir.
Görüşünə gəlmiş Mömünə Xatun
və Atabəy Eldənizin gələcək taleyini də,
Arslanşahın 25 il sonra taxt-taca yiyələnəcəyini
də əvvəlcədən bildirib onları uğurlayan da
Baş Dədədir. Əsərdə Baş Dədənin
görüşünə gəlmiş dahi Nizami Gəncəvinin
obrazı Atabəylər dövlətinin ədəbiyyat və
mədəniyyətin inkişafındakı böyük rolunu
diqqət mərkəzinə çəkir. Eyni zamanda romanın finalında Əcəmi
obrazının meydana çıxması Azərbaycan tarixinin
Atabəylər dövrünün əzəmətini əks
etdirməyə zəmin yaradır. Müəllifin
çox yığcam şəkildə memar Əcəmi
haqqında təqdim etdiyi bədii material bu böyük
dühanın yüksək mənəvi dəyərlərini
və qeyri-adi sənət qavrayışını oxuculara
çatdıra bilir. Doğrudur, romanda
Nizami və Əcəmi obrazları geniş yer tutmur. Bununla belə, görünür ki,
yazıçı XII əsr Azərbaycanından söz
açarkən mövcud reallıqları əsas götürərək
Nizami Gəncəvi və Əcəmi Naxçıvani
faktorundan yan keçmək istəməmişdir. Bu mənada Nizami və Əcəmi obrazları
romanda Atabəylər epoxasının bütöv mənzərəsini
canlandırmağa xidmət edən mühüm bədii vasitədir.
"Atabəy Eldəniz" tarixi romanının
"Baş Dədə indi zaman və məkandan kənardadır,
axtarmağa dəyməz!" sözləri ilə bitməsi
Azərbaycan dövlətçiliyini əbədi
olacağından xəbər verən ədəbi bəyanatdır. Əslində
romanın təhkiyəsi Baş Dədənin əbədiyyətə
qovuşduğu nöqtədən - 1187-ci ildən
qurulmuşdur. Keçmiş əhvalatları
da, gələcək tarixi hadisələri də Nəticəyə
danışan əfsanəvi Baş Dədə obrazı Azərbaycanın
milli dövlətçiliyinin rəmzidir. Bununla
yazıçı romana simvolik məna vermişdir. Baş Dədənin tarixi həqiqətləri Nəticəyə
ötürməsi ciddi ictimai mahiyyət daşıyır.
Nəticə - yeni nəsillərin ümumiləşdirilmiş
obrazıdır. Fikrimizcə, Nəticə adı da təsadüfi
seçilməyib, həm konkret olaraq "Atabəy Eldəniz"
tarixi romanının məntiqi yekununu, həm də
yazıçının Azərbaycan dövlətçiliyinin
nəsillərdən-nəsillərə keçəcək gələcəyi
ilə bağlı idealını ifadə edir.
"Atabəy Eldəniz" - Azərbaycan
dövlətçiliyinin qədim tarixə və böyük
ənənələrə malik olduğunu bədii həqiqətlər
vasitəsilə təsdiq edən roman kimi mühüm əhəmiyyət
daşıyır. Milli dövlətçilik
düşüncəsi ruhunda yaranmış bu əsər
müstəqil dövlətimizin müasir inkişaf yoluna da
gur işıq salır.
Şərq.-
2017.- 27 aprel.- S.12