“MƏTBUATDAN BAŞQA
HEÇ BİR SAHƏDƏ ÇALIŞMAMIŞAM”
Əflatun Amaşov: “Əmək
kitabçamda sadəcə jurnalistika yazılıb”
Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı, Əməkdar jurnalist Əflatun
Amaşovun 60 yaşı tamam oldu. Əflatun Amaşov MŞ sədri
kimi 30 ildən artıq müddətdə ölkədə
ictimai fikrin və jurnalistikanın inkişafına xidmət
etməklə mənalı ömür yolu keçib. 2015-ci
ildə parlament üzvü seçilən MŞ sədri
media ilə bağlı prioritet məsələlərin
parlamentdə gündəmə gətirilməsi ilə
bağlı mühüm təşəbbüslər irəli
sürüb. Ə.Amaşov qanunverici orqanda hər
zaman aktual problemlərlə bağlı
çıxışları ilə diqqət çəkib və
mətbuat sahəsində özünəxas mövqeyi ilə
böyük hörmət qazanıb."Şərq” qəzeti
olaraq Əflatun Amaşovun keçdiyi dəyərli
ömür yolu, xüsusən media aləmindəki peşəkar
fəaliyyəti ilə ümumi tanış olmaq
üçün millət vəkili ilə qısaca söhbətləşmək
qərarına gəldik. Millət vəkili vaxtının məhdud
olmasına baxmayaraq, ad günündə bizi geri çevirmədi
və suallarımıza cavab verdi...
- Əflatun müəllim, yubileyinizlə
bağlı çoxlu təbriklər alırsız. Diqqət
mərkəzində olmaq necə bir duyğudur, ümumiyyətlə,
60 illik ömür sizin üçün nə anlama gəlir?
- Əgər ad gününmüzü heç
kim təbrik eləməsə, yada salmasa, qədim dövrdəki
kimi ömrümüzü səssiz-səmirsiz başa vurar,
qocalaraq haqq dünyasına qovuşarıq. Ancaq indiki şəraitdə
ömürlər nəinki illərlə, hətta gün, saat
və saniyələrlə ölçülür. Ona görə
də istər-istəməz tarix neçə yaşında
olduğumuzu bizə xatırladır, yaşımızı
unutmağa qoymur. Mənim üçün 60 yaşı
başa vurmaq və xoş təbriklər almaq çox qəribə
hissdir. İstər-istəməz gəldiyin yola, 60 yaşa qədər
keçdiyin həyata nəzər salmalı olursan. Bu müddət
ərzində nə etdiyini düşünürsən.
Sonrakı illəri göz önünə gətirirsən, həyatını
saf-çürük edirsən. Həmçinin, digər
insanlarla müqayisələr aparırsan ki, filankəs 60 illik
ömrünə nələri sığdırıb. Məsələn,
Cəfər Cabbarlı 50 yaşında haqq dünyasına
qovuşub. Amma o yaşa kimi artıq öz sözünü
demişdi. Düşünürəm ki, çox illər
arxada, az illər isə irəlidə qalıb. Həyata
keçməyən arzularımı qarşıdakı illərə
sığdırmaq istəyirəm. Amma bilmirəm ki, gələcəkdə
səhhətim necə olacaq, sağlamlığım xəyalları
reallaşdırmağa imkan verəcəkmi?! Yəqin,
hamıda belə hisslər olur..
- 60 illik ömrün nə qədərini mətbuata
həsr etmisiz? Ya da jurnalistikadan başqa əlavə hansı
sahə ilə məşğul olmusuz?
- Mən ümumiyyətlə, mətbuatdan
başqa heç bir sahədə
çalışmamışam. Orta məktəbi bitirdikdən
və 2 illik hərbi xidməti başa vurduqdan sonra ali məktəbə
daxil olmuşam. İlk iş yerim AzərTac olub. Orada 1985-ci ildə
müxbir kimi fəaliyyətə başlamışam. O zaman mətbu
orqanın adı "Azərinform” idi. Sonra "Yeni Nəsil”
Jurnalistlər Birliyində çalışmışam. 1998
-ci ildə yaradılan "RUH” Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsinə rəhbərlik etmişəm.
Daha sonra isə Mətbuat Şurasına sədr
seçilmişəm. Həmin dövrdən bugünə kimi
jurnalistika sahəsində çalışıram. Əmək
kitabçamda sadəcə jurnalistika yazılıb.
- Mətbuat Şurasına sədrlik etməklə
yanaşı, həm də Milli Məclisin üzvüsüz.
Hər iki sahədə işləriniz kifayət qədər
çoxdur. İki ağır missiyanı paralel daşımaq
sizi yormur ki?
- İlk növbədə hər iki sahə mənim
üçün çox maraqlıdır. Əsas odur ki, insan
işini düzgün qursun, planlaşdırmanı doğru
aparsın. Bir də hər bir peşəyə məsuliyyətlə
yanaşmaq lazımdır. Əgər maraq, planlaşdırma
və məsuliyyət varsa, hesab edirəm ki, insan hər
cür ağır işin öhdəsindən gələ bilər.
Məsələn, uzun illərdir jurnalistikanın içindəyəm
və bu sahədə xeyli problemlərlə üzləşmişəm.
Amma bütün problemlərin öhdəsindən gəlməyə
çalışmışıq. Son 10-15 ildə
ölkə mediasında müsbət nələr baş veribsə,
orada mütləq Mətbuat Şurasının adı olub.
İstər qanunvericilik sahəsində, istər mətbuatla
bağlı həyata keçirilən məsələlərdə
qırmızı xəttimiz seçilib. Deputat
seçilməkdə məqsədim ondan ibarət olub ki, mətbuatla
bağlı məsələləri məhz parlament müstəvisində
gündəmə gətirmək şansı əldə edim.
Əgər fikir versəniz, görərsiniz ki,
çıxışlarımın əksəriyyəti
sırf media ilə bağlıdır.
Çalışmışam ki, jurnalistika ilə bağlı
qəbul edilən qanunlarda, dəyişikliklərdə öz
fikrimi ortaya qoyum, təklifimi verim. Həmçinin, Saatlı
sevdiyim rayondur. Oranın sakinlərinə böyük sevgim,
hörmətim var. İnsanlarla görüşüb,
onların problemlərini dinləyirəm və parlamentdə məsələ
qaldırıram. Problemlər şəxsidirsə, məsələyə
fərdi yanaşıram. Əgər işıq, su, yol və
s. məsələlərlə bağlı ümumi problemlərdirsə,
o zaman müvafiq dövlət qurumları ilə müzakirələr
aparıram. Təbii ki, insanlara yardım etdiyim zaman özümü
xoşbəxt hiss edirəm. Regionlarda çox
ciddi islahatlar gedir. Ölkənin təxminən 80 faizi
qazlaşdırılıb, yolların çəkilişi
sürətlə davam etdirilir. İnsanların sosial həyatının
yaxşılaşması, məktəblərin, xəstəxanaların
tikilməsi istiqamətində işlər onsuz da
aparılır. Mənə elə gəlir ki, deputat
görülən işləri bir qədər sürətləndirə,
unudulan problemləri yenidən gündəmə gətirə
bilər. Millət vəkili çalışmalıdır ki,
ölkənin müxtəlif bölgələrində
görülən abadlıq işləri onun üçün
doğma olan rayonda da həyata keçirilsin. Fikrimcə,
deputatlar nə qədər aktiv olsalar, təmsil etdikləri
rayonlarda görülən işlərə də o qədər
təkan verə bilərlər. Şübhəsiz ki, deputat
kimi yerlərdə olan digər problemlərə də
münasibət bildirirəm. Təmsil etdiyim rayon kənd təsərrüfatı
rayonudur. Orada pambıqçılıq əsas
sahələrdəndir. Ərazilərin vaxtında əkilməsi,
toxum və gübrənin zamanında təmin edilməsi,
suvarma işlərinin yubadılmaması üçün əlimdən
gələni edirəm. İnsanların şəxsi problemləri
ilə maraqlanıram, xəstə şəxslərin
müayinəsi və müalicəsi üçün
müvafiq qurumlarla əlaqə yaradıram. Adamları
dinləmək, qayğılarına qalmaq, dərdlərinə
şərik olmaq lazımdır. Əgər insanda bunları
etmək həvəsi varsa, gördüyü işi ürəkdən
görürsə, o zaman bütün işlər
asanlaşır, vəzifə sənə yük kimi gəlmir.
- Prezident İlham Əliyevin Sərəncamı
ilə "Şöhrət” ordeni ilə təltif edildiz. Ad
gününüzdə dövlət başçısı tərəfindən
ən böyük mükafatı almaq sizə necə təsir
bağışladı?
- Cənab Prezidentə öz təşəkkürümü
bildirirəm. Mən bu mükafatı sadəcə
özümə yox, ümumilikdə Azərbaycan mediasına
verilən yüksək dəyər kimi qiymətləndirirəm.
Əslində, "Şöhrət” ordeni mənim
üçüncü böyük mükafatımdır.
2010-cu ildə mən Əməkdar jurnalist adına layiq
görülmüşəm. 2015-ci ildə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli
"Vətənə xidmətə görə” medalı ilə
təltif edilmişəm. Şübhəsiz, insan dövlət
rəhbəri tərəfindən bu cür dəyərli
mükafatlar alanda bir daha əmin olur ki, əgər bu ölkədə
kim sevib-seçdiyi sahəsinə, peşəsinə
xidmət edirsə, inkişafına çalışırsa,
onun zəhməti qətiyyən hədər getmir, əvəzsiz
qalmır. Eyni zamanda bu təltif insanda yeni məsuliyyət,
cavabdehlik hissi yaradır. Görüləsi işlər
çoxdur. Ölkə mediasına rəhbərlik edən bir
qurumun sədri olmaq məni heç də yeni təşəbbüslərdən
kənar qoymur, arxayınlaşdırmır. Gündəlik
yaşam tərzimdə üzərimə düşən
missiyanı yerinə yetirməyə çalışıram,
öhdəliyimin fərqinə varıram. Azərbaycan mətbuatı
hər zaman öz dövlətinin qayğısını hiss
edib. Ölkə başçısı mətbuatın
inkişafına öz töhfəsini verib və bundan sonra da
verəcək. Bütün bunlar məndə böyük ruh
yüksəkliyi yaradır.
- Media nümayəndələrinin MŞ sədri
kimi sizdən gözləntiləri çoxdur. Ancaq
görünən odur ki, mətbuat aləmində bütün
həmkarları razı salmaq mümkün deyil. "Reket
jurnalistika”ya qarşı mübarizə ilə bağlı təklifinizin
birmənalı qarşılanmamasına münasibətiniz necədir?
- Təbii qarşılayıram, fikirlərimə
birmənalı olmayan fikirlər səsləndirilə bilər.
Əgər bütün cəmiyyət bir fikir üzərində
cəmləşsəydi, əksinə, o zaman
düşünmək lazım gələrdi. Söhbət
ondan gedir ki, "reket jurnalistika”ya qarşı mübarizə
komissiyasının tərkibiniin genişlənməsi vacib
idi. Çünki məqsədimiz bu komissiyanın daha şəffaf
fəaliyyət göstərməsidir. Əvvəllər
komissiya üzvləri sadəcə MŞ-nin üzvləri vəayrı-ayrı
KİV-lərdə çalışan jurnalistlərdən
ibarət idi. İndi həm orada təmsil olunan baş
redaktorların sayını çoxaldırıq, həm də
üstəlik, komissiyaya hüquq-mühafizə
orqanlarının nümayəndələrini dəvət
edirik. Bəzi insanlar bu məsələdə haqlı, ya
haqsız olaraq bizi tənqid edirlər. Daha doğrusu, bu dəyişikliyi
medianın fəaliyyətinə məhdudiyyət kimi dəyərləndirməyə
çalışırlar. Əslində, burada narahat olmağa
heç bir əsas yoxdur. Mən Mətbuat Şurasının
sədri kimi bunu deyirəm. Çox təəssüf ki, cəmiyyətdə
aktiv olan bir sıra insanlar başqa yerlərdə
uğursuzluğa düçar olduqları üçün
media sahəsində öz fəaliyyətlərini qurmağa
çalışırlar. Ancaq onların məqsədi ölkəni
informasiya ilə təmin etmək deyil, şəxsi mənafelərini
güdməkdir. Özlərinə qrup yaradıb rəqib
qüvvələrə qarşı mübarizə aparmaq niyyəti
daşıyırlar. Biz onları "reket jurnalistika”
adlandırırıq. Məsələnin iki tərəfi var,
biri reket jurnalistlərdirsə, digər tərəfi qanunsuz
işlərlə məşğul olan rüşvətxor məmurlar
və başqa şəxslərdir. Düşünürük
ki, komissiyaya dəvət olunan dövlət orqanlarının
nümayəndələrinin fikirləri müzakirələrdə
böyük əhəmiyyət kəsb edəcək. Əlbəttə,
bu metod kimlərəsə sərf etməyəcək.
Gördüyünüz kimi, sərf etməyən qüvvələr
açıqlamaları ilə özlərini büruzə
verirlər.
- Jurnalistikanın içində olan şəxs
kimi medianın problemlərinə daha yaxşı bələdsiz.
Parlamentdə gələcəkdə qaldıracağınız
məsələlər hansılar olacaq, bu istiqamətdə fəaliyyət
planınız varmı?
- Təəssüflər olsun ki, hələ də
Azərbaycan mediası iqtisadi baxımdan problemlərini həll
edə bilməyib. Söhbət media orqanlarının maddi
baza cəhətdən təkmilləşməsindən gedir.
Bu sahədə ciddi problemlər mövcuddur. Reklam bazarı ilə
bağlı vəziyyət də arzuolunan səviyyədə
deyil. Heç bir baş redaktor istəməz ki, onun
redaksiyasında peşəkar insanlar deyil, qeyri-obyektiv şəxslər
çalışsın, cəmiyyətə yanlış
informasiya versinlər. Bu cür problemlərin başında
iqtisadi məsələlər durur. Daha sonra onlayn jurnalistika ilə
bağlı məsələlər gündəmə gətirilməlidir.
Artıq
internet media resursları cəmiyyətin ictimai fikrinin
formalaşmasında əsaslı rola malikdir. Bu sahə ilə
bağlı Milli Məclisdə ayrı-ayrı qanunlara düzəlişlər
olub. Amma onları daha da təkmilləşdirmək
lazımdır. Eyni zamanda informasiya təhlükəsizliyi
məsələsini gündəmə gətirməyi
düşünürük. Azərbaycan
müharibə şəraitində olan ölkədir. Artıq savaşlar yalnız top-tüfənglə
deyil, həmçinin, informasiya üsulları ilə
aparılır. İnformasiya sahəsində
kifayət qədər çevik olmalıyıq, kiber
hücumların qarşısını almalıyıq. Eyni zamanda hesab edirəm ki, qanunvericilikdə unudulan
diffamasiya məsələsini də gündəmə
daşımalıyıq. Bunlar şəxsən
mənim parlamentdə qaldırmaq istədiyim problemlərdir.
Sonda "Şərq” qəzetinə ad
günümlə bağlı göstərilən xüsusi
diqqət və qayğıya görə öz minnətdarlığımı
bildirirəm. "Şərq” hər zaman
özünəməxsus yazıları ilə öndə
dayanıb.
İsmayıl
Şərq.-
2017.- 27 aprel.- S.5