“Gənclərin arasında gələcəyin Leyliləri, Məcnunları var

 

Mənsum İbrahimov: “Elə iştirakçı var ki, əvvəl güclü ifaları ilə diqqət çəkirdi, sonra gücü qalmır, tez yorulur, çətinliyə gücü yetmir

Qarabağda düşmənlə üz-üzə olan torpaqlarımızda muğamın səslənməsi özü düşmənə verilən bir mesajdı

 

Beynəlxalq Muğam Müsabiqəsinə maraq danılmazdı. Müsabiqənin münsiflər heyətinin üzvlərindən olan Xalq artisti Mənsum İbrahimov "Şərq”ə müsabiqənin gedişatı barədə maraqlı açıqlamalar verdi.

 

- Müsabiqənin gedişatı necə gedir?

 

- Yaxşı. Azərbaycan muğamının təbliği istiqamətində böyük işlər aparılır. Müsabiqəni Azərbaycanın bölgələrində təşkil etmişik. Bir neçə gün öncə Füzulidən canlı yayım təqdim edildi. Sabah da Ağcabədidə canlı yayım vasitəsilə muğam müsabiqəsi təqdim olunacaq.

 

- Bölgələrdən muğam müsabiqəsini canlı yayımlamaq əslində böyük marağa səbəb olub.

 

- Bəli. Müsabiqənin artıq ənənələrindən biri odur ki, hər dəfə bir bölgədən canlı yayım vasitəsilə müsabiqə iştirakçıları çıxış edirlər. Artıq ənənəyə çevrilib ki, Qarabağın bir çox rayonlarında, Naxçıvanda digər bölgələrimizdən müsabiqə canlı yayımla təqdim edilir. Elə Bakının kəndlərində olmuşuq. İnanın insanların böyük marağının şahidi olmuşuq. Biz hətta Lələtəpədə müsabiqə

iştirakçıları ilə olduq. Demək olar ki, düşmənlə üzbəüz yerdə çəkiliş apardıq, əsgərlərlə görüş keçirdik.

 

- Qarabağ ağrılı yaramızdı. Muğamımızın bu gün məhz Qarabağdan səslənməsi yəqin ki, daha fərqli təəssürat yaradır.

 

- Təbii ki, Qarabağ muğamın beşiyi sayıldığı üçün məhz muğam müsabiqəsinin Qarabağdan səslənməsi tamamilə fərqli təəssüratdı. Doğrudan da Qarabağda muğamın səslənməsi, müsabiqənin məhz ordan canlı yayımla təqdim olunması insanlarda ruh yüksəkliyi yarada bilir. Müsabiqənin çəkilişi zamanı inanın o qədər tamaşaçı gəlir ki, təkcə zalda deyil, zaldan kənarda, çöldə insan axınının şahidi olursan. Həqiqətən bu müsabiqəyə böyük maraq, diqqət, istək var. Sağ olsun birinci vitse prezidentimiz, Heydər Əliyev Fondunun Rəhbəri Mehriban xanım Əliyeva! Məhz onun diqqət qayğısı nəticəsində Azərbaycan muğamı bu gün yüksək yerdə durur, dünyada muğam sənəti ilə maraqlananların sayı çoxalır. Bu müsabiqə onun dəstəyi nəticəsində bu gün çox möhtəşəm şəkildə təşkil olunur. Qarabağda düşmənlə üz-üzə olan torpaqlarımızda muğamın səslənməsi özü düşmənə verilən bir mesajdı. Yenə deyirəm, Qarabağda olarkən insanların müsabiqəyə qədər maraq göstərdiyinin şahidi oluruq. Bilirsiz, müsabiqənin münsiflər heyətinin hər bir üzvü tanınmış sənətkarlardı. İnsanlar bizlərlə görüşmək, ünsiyyət yaratmaq üçün can atırlar. Bu bizdə bir fəxarət hissi yaradır. O qədər isti bir qarşılanmanın şahidi oluruq ki, bu bizi yaxşı mənada təsirləndirir. Baxmayaraq ki, çətin yaşam tərzi yaşayırlar, hər saatları ölümdü, düşmənlə üz-üzə durmaq yaşamaq asan deyil. Amma buna baxmayaraq insanların ürəyi o qədər təmizdi, o qədər qonaqpərvərdilər ki, bu bizi sevindirir. Sözün əsl mənasında orda yaşayanlar qəhrəmandılar, fədakardılar. Arif Babayev, Səkinə xanım İsmayılova kimi, elə mənimlə ünsiyyət onlarda xoş ovqat yaradır. Biz bunu hər görüşümüzdə hiss edirik. Qarabağdan canlı yayımla efirə çıxmaq özü maraqlıdır, böyük məsuliyyətdir.

 

- Budəfəki müsabiqədə sanki daha çox güclü səslər var.

 

- Həqiqətən bu dəfə yaxşı, güclü səslər çoxdu. Azərbaycanın hər bölgəsindən müsabiqəyə qatılıblar. Lənkərandan, Naxçıvandan, Qarabağdan, Bakıdan s. bölgələrdən gələnlər var. Çox maraqlı səslər var, inanın.

 

- Münsiflər iştiakçılara necə dəstək göstərə bilirlər?

 

- Münsif kimi təbii ki, biz onlara qayğı , diqqət göstəririk. İstər mahnı seçimlərində, repertuarda, mahnının ifası baxımdan onlara yol göstəririk. Digər tərəfdən, onlar bizim balalarımız sayılır. Mənəvi baxımdan da qayğımızı əsirgəmirik. Çalışırıq ki, xəstələnməsinlər, onlara yardım edirik. Mən şəxsən özüm çalışıram ki, canlı yayımdan əvvəl onlarla məşq edim, tövsiyələrimi verim ki, çətinlik çəkməsinlər. Bilirsiz, biz bundan zövq almalıyıq. Onlar bizim gələcəyimizdi. Müsabiqə uşaqlarını görmək, bizimlə görüşmək üçün inanın böyük axın var.

 

- İştirakçılarda necə, məsuliyyət hissi qədər özünü göstərir?

 

- Təbii ki, məsuliyyət olmasa, qalib olmaq mümkün deyil. Hər həftə rəqabət bir az da güclənir. Çünki hər dəfə daha böyük həcmdə qəzəl öyrənməli olurlar, ifalarının vaxtı çoxalır. Hər dəfə say azaldıqca rəqabət çətinləşir. Eləsi var ki, bu rəqabətə tab gətirə bilir, eləsi var ki, tez yorulur. Misal üçün elə iştirakçı var ki, əvvəl güclü ifaları ilə diqqət çəkirdi, sonra gücü qalmır, tez yorulur, çətinliyə gücü yetmir. Elə iştirakçı da var ki, onda iddia da böyükdü, məsuliyyət hissi iradə çoxdu. Bax onlar sona qədər gedə bilərlər. Mən uşaqlarla da söhbətlər aparanda çatdırmağa çalışıram ki, əsas güclü, maraqlı ifa təqdim etməkdi. Müsabiqənin 1 qalibi olur, əsas odur ki, tamaşaçı sənin ifana maraq göstərsin. Yeri gəlmişkən, getdiyimiz hər bölgədən rayon rəhbərliyi istər biz münsiflərə, istər müsabiqədə iştirak edən uşaqlara böyük diqqət qayğı göstərirlər. Hər bir imkan yaradılır ki, müsabiqə boyu iştirakçılar rahat olsunlar. Rayon rəhbərlikləri sanki müsabiqə üçün səfərbər olublar. Həqiqətən Muğam müsabiqəsinə böyük bir dəstək hiss olunur.

 

- Özünüzün öndə gördüyünüz iştirakçılar varmı?

 

- Təbii ki, bir pedaqoq kimi , bir münsif kimi mənim diqqətimi ifası ilə çəkən iştirakçılar var. Onlardan daha maraqlı ifalar gözləyirəm. Bir müsabiqəni Opera Balet Teatrının rəhbərliyi izləyir. Biz hər muğam müsabiqəsindən sonra iştirakçılardan 2-3 nəfəri teatra dəvət edirik, Onlar arasından ən yaxşıları ilə əməkdaşlıq etməyə çalışırıq. Çünki bu gənclər arasında gələcəyin Leyliləri, Məcnunları var. Onlara bu gün dəstək verib teatra gətirmək lazımdı. Mən özüm son illər ildə iki dəfə Məcnun kimi səhnəyə çıxıram, çalışıram ki, gənclərə imkan şərait yaradaq. Onları səhnə üçün hazırlayırıq ki, Azərbaycan Operasında istedadlı, maraqlı səslərin sayı çox olsun. Budəfəki iştirakçılar arasında da elələri var ki, onları Məcnun, Leyli kimi görə bilirəm.

 

Tahirə Məmmədqızı

Şərq.- 2017.- 26 aprel.- S.13