Şairin
yaradıcılığı ədəbi tənqiddə
Tanınmış şair,
yazıçı, publisist Şahməmməd XX əsrin 70-ci
illərindən ədəbi-bədii
yaradıcılığa başlamış,
yaşının 70-ni tamamlamış bu istedadlı ədib
50 ildən artıq bir yaradıcılıq yolu
keçmişdir. Şirvan-Şamaxı ədəbi mühitinin
yetirməsidir. Şahməmməd Şahməmmədov 6
avqust 1947-ci ildə Azərbaycan Respublikası, Ağsu rayonu, Ləngəbiz
kəndində anadan olmuşdur. Mətbuatda «Çiçəklər»
adlı ilk şeiri 1966-cı ildə, hələ tələbə
ikən rayon qəzetində çap edilmişdir. Mərkəzi
mətbuatda ilk şeiri "Azərbaycan gəncləri" qəzetində
işıq üzü görübdür. Sonralar
şeirləri "Bakı", "Sovet kəndi",
"Ədəbiyyat və incəsənət", "Azərbaycan
pioneri" qəzetlərində, "Təşviqatçı",
"Ulduz", "Azərbaycan təbiəti",
"Göyərçin" jurnallarında, Mockvada təhsil
alarkən "Literaturnaya qazeta", "Sovetskaya milisiya"
kimi mətbu orqanlarda moskvalı şairlərdən İrina
Yefimova və Viktor Zabelişinskinin tərcümələrində
və onların təqdimatında nəşr edilmişdir.
Şahməmməd tanınmış şairlərimizdən
İsgəndər Etibar, Tahir Taisoğlu ilə bir dövrdə
faliyyətə başlamışdır. Gənc Şahməmmədin
yaradıcılığı haqqında ilk uğurlu
sözü də onlar söyləmişlər.
Şahməmmədin maraqlı bir
yaradıcılıq yolu vardır. Şahməmməd 30-dan
çox şeir və nəsr kitabının, 5 cildlik
"Seçilmiş əsərlər"in müəllifidir.
Onun "Dağlar, səndə nəyim qaldı?", "Nastalo vremya", "Sevməsəydim,
yaşamazdım", "Xatirələr ocağının
işığında", "Çaylar geri
dönmür", "Həyəcan dolu beş il",
"Yerlə Göy arasında", "Ləngəbiz",
"Bakı polisi: qısa tarixi və müasir dövrü
1840-2005", "İldırımlar qanadında",
"Yollar", "Bu gün açılacaq yaylım atəşi",
"O sevgini unutmaq olmur", "Azərbaycan, bir də Heydər",
"Nəğmələr dünyası",
"+994552010290" kimi kitabları işıq üzü
görmüş, müxtəlif almanaxlarda əsərləri
dərc olunmuşdur. Müstəqillik illərində qələmə
aldığı Heydər Əliyevə həsr olunmuş əsərlər
toplusundan ibarət "Azərbaycan oxusun" adlı kitabda
Ulu Öndərə həsr etdiyi "Karvan" poeması,
"Azərbaycan, bir də Heydər" şeiri ilə
oxucuların görüşünə gəlmişdir. Bir
sıra kitablara redaktorluq etmiş, bir sıra kitablarda müxtəlif
səpgili yazılarla çıxış etmişdir.
Müğənnilərimiz –
M.Bağırzadənin, F.Kərimovanın, Z.Məmmədovanın,
F.İbadovanın, C.Məmmədovun, T.Vəlizadənin,
Y.Mustafayevin, B.Əşrəfovun, Y.Babayevanın,
B.Mehdiqızının və s. ifa etdiyi 30-à yaxın
mahnının sözlərini yazmışdır. Azərbaycan
yazıçılar və jurnalistlər birliyinin
üzvüdür. "Qızıl qələm",
"Araz" Ali-Ədəbi, "Zərdabi"
mükafatlarının diplomuna layiq
görülmüşdür. Cəmiyyətimizdə ictimai
qaydaların qorunmasında bir polis zabiti kimi yaxından
iştirak etmiş, polis polkovniki rütbəsinə yüksəlmiş,
Qarabağ döyüşlərinin iştirakçısı
olmuşdur...
Şahməmməd müəllimin
yaradıcılığı müntəzəm bir şəkildə
ədəbi tənqidin və ədəbi mühitin diqət mərkəzində
olmuşdur. Onun haqqında ədəbiyyatımızda
özünəməxsus yeri olan şair İlyas Tapdıq,
şair-publisist Əli Rza Xələfli, İsgəndər
Etibar, Zülfüqar Şahsevənli, filologiya elmləri
doktoru, ədəbiyyatşünas-tənqidçi Vaqif Yusifli,
Dövlət mükafatı laureatı, tanınmış
şair Məstan Günər, politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru, şair-publisist
Tahir Taisoğlu, filologiya elmləri doktoru Seyfəddin Rzasoy,
nizamişünas, yazıçı-dramaturq Ramiz Əkbər,
filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Xəyal,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru Şahrza
Ağayev, Əməkdar mədəniyyət işçisi,
publisist Zeynal Babayev, jurnalist Emin Axund,
yazıçı-jurnalist Emil Tahiroğlu və s. mətbuat səhifələrində
öz fikirlərini söyləmiş, Şahməmmədə
bir şair-publisist kimi müxtəlif prizmalardan öz dəyərli
qiymətlərini vermişlər. Tanınmış ədəbiyyatşünas-tənqidçi,
vurğunşünas alim Qurban Bayramov isə Şahməmmədin
yaradıcılığı haqqında olduqca dəyərli
monoqrafiya yazmışdır.
Qurban Bayramov "Poeziyanın sirri : çaylar geriyə axmır, dənizə
can atır və yaxud, qəlbini nar təkin kağıza
sıxan şair Şahməmmədin poeportreti: mini-modern monoqrafiya"
( red. prof. N. Şəmsizadə ; rəy.
prof, R. N. Əliyev. - Bakı : MBM, 2009. - 104 s.) adlandırdığı bu yeni
kitabında müasir Azərbaycan poeziyasının bir
çox problemlərini şair, yazıçı-publisist,
jurnalist Şahməmmədin yaradıcılığı əsasında
işləmiş, maraqlı müşahidələr əldə
etmişdir. Xüsusən, müasir
poeziyamızın bir şəxsin fərdi
yaradıcılığı əsasında təkamülü
və inkişaf meylləri, struktur xüsusiyyətləri,
kompozisiyası, mövzu, məzmun və obrazlar sisteminin mahiyyəti,
yaradıcılıqda əldə olunan yeni ədəbi-estetik
dəyərlər filoloji fikir işığında şərh
edilir, tanınmış şair,
yazıçı-publisist Şahməmmədin poeportreti
canlandırılır. Bu onun haqqında ilk monoqrafik əsərdir.
Müəllif-tədqiqatçının bir az pafoslu olsa da bu
fikri lə biz də razıyıq ki, "Şahməmməd
qəlbən, ruhən şairdir. ...Onun estetik kredosunda estetik dəyər
səviyyəsində belə bir məqam var: "Oxunmayan
şeir ölüm kimi bir şeydir." Və Şahməmməd
həmişə ürəyinin, ruhunun gerçəklikdən
oxuduğu, qəlbinin gözü ilə gördüyü,
duyduğu, yaşadığı, yanıb-qovrulduğu hissi
şeirinə gətirdiyindən onun şeirləri
oxunaqlıdır, duyumludur. Deməli ölüm, durğunluq, ətalət
onun yaradıcılığından uzaqdır. O,
öz şair ömrünü şeirə köçürməyi
bacardığından yaradıcılığında
özünəməxsus öz yaşantısı, duyğusu,
öz ağrısı olan bir şair ömrü şeirləşib,
başqa sözlə desək, şair ömrü şeirdə,
şeir ömrü şairdə reallaşa bilib." (Bax:
Qurban Bayramov "Poeziyanın sirri :
çaylar geriyə axmır, dənizə can atır və
yaxud, qəlbini nar təkin kağıza sıxan şair
Şahməmmədin poeportreti: mini-modern monoqrafiya" /red.
prof. N. Şəmsizadə ; rəy. prof, R.
N. Əliyev./ - Bakı : MBM,
2009.s.15-16. - 104 s.) Qurban Bayramov Şahməmmədin
yaradıcılığına "Qəlbini nar kimi
kağıza sıxan şair..", "Tək səbir"
qəz., 1998, 15,16,17,18,19 saylarında; "Açıq məktub-Şahməmməd",
"Aktual" qəz., 05.02.2015, say 02 (192) və s. məqalələr
də həsr etmişdir.
Şahməmmədin poeziyada ilk
addımları barəsində indi tanınmış
şair-publisist, siyasi elmlər namizədi, politoloq, Əməkdar
jurnalist Tahir Taisoğlu qələmə aldığı
"Uğurlu yolda" (1967, "Birlik" qəz., Ağsu) məqaləsində
gənc şairin ümidverici istedadından, ilk qələm təcrübələrinin
məziyyətlərindən söhbət
açmış, bir qələm dostu kimi ondan maraqlı
tövsiyələrini də əsirgəməmişdir. Tahir
müəllim bu məqaləsində Şahmməmmədin
yaradıcılığının ilk dövrü haqqında
yazırdı: "Gənc Sabirçilər” məclisinin
toplantılarında həmişə hərəkətləri
ilə narahatlığını büruzə verən, orta
boylu bir gənc iştirak edirdi. O, oxunan şeirlər
haqqında fikir deməyə utanır, şeirlərini oxuyarkən
daxili iztirablar keçirirdi. “Görəsən, şeirlərimi
bəyənəcəklərmi?” Həmin gənc sizin həmyerliniz,
M.Ə. Sabir adına Şamaxı Pedaqoji Texnikumunun məzunu
(indi isə Ağsu rayonunun Cəfərli kəndində müəllimdir)
Şahməmməd Şahməmmədov idi. Artıq onun məclisə
gəldiyi vaxtdan xeyli müddət keçirdi. Get-gedə həyatı
dərindən duyan, şeirləri ilə həyata
bağlanan, şeirini bütün məsuliyyətilə dərk
edən Şahməmməd “Gənc Sabirçilər” məclisinin
fəal üzvlərindən olaraq qalır... Mən
onun şeirlərini dinləyərkən yeni fikir
üçün çırpınan bir qəlbin
döyüntülərini eşidir, məna və təşbehlərin
təravətini duyuram. “Çiçək”, “Nəğmələr”,
“Pıçıltılar”, “İstəyirəm”, “Gəlin”
onun məhz belə şeirlərindəndir. ... Şirvan
torpağının gözəllyini sadə bir dillə
nəzmə çəkən, öz fikirlərini oxuculara
çatdırmağı bacaran Şahməmməd primitiv
şeirlərdən, quru fəlsəfəçilikdən
qaçır. Sevindirici cəhət burasıdır ki,
Şahməmməd sabit qalmır. Qələmi
ilə dostluğa inadla can atır. Şah-məmməd
yaxşı bilir ki, ən böyük ad şair, ən
çətin yol şeir yoludur. Ürəklərə yol
tapmaq üçün yuxusuz gecələr keçirməli,
düşünməli, düşündürməlidir."
Tahir müəllim fikrində yanılmamışdı.
Şahməmmədin yaradıcılığının
sonrakı məhsuldar illəri bunun parlaq sübutudur...
Tahir Taisoğlu Şahməmmədin
yaradıcılığını müntəzəm izləyən
qələm və ürək dostudur. O, müxtəlif
vaxtlarda yazdığı "Sevməsə yaşaya bilməyən
şair haqqında düşüncələr"
("Aktual" qəz., 1997); "Tarixin Ləngəbiz səhifəsi"
("Azərbaycan uğrunda" qəz., 12. 04. 2007. say.01(31);
"Poetik ucalıq sorağında" ("Serial" qəz.,
03.04.2004. say:219 ) məqalələrində
və redaktoru olduğu Şahməmmədin "Sözün
də çəkisi var" poema-kitabına (2017)
yazdığı "Son söz əvəzi"ndə
Şahməmmədin yaradıcılığının
müxtəlif cəhətlərini, aspektlərini nəzərdən
keçirir.
Tahir müəllimin diqqətimi cəlb
edən cəhətlərdən biri onun tənqidçi və
şair münasibətlərinin doğmalar qədər
yaxınlığına sevinməsi və bunun ictimai, sosial və
estetik mənasını, mahiyyətini təqdirlə
açıqlamasıdır. Tahir Taisoğlu adın
çəkdiyimiz kitabda "Son söz əvəzi" məqaləsində
yazır: "Maraqlı və gözəl olan budur ki, Şahməmməd
bu ahıl və müdrik yaşında da eyni gənclik
ehtirası ilə yazıb-yaradır. Onun tanınmış tənqidçi-ədəbiyyatşünas,
qələm dostumuz Qurban Bayramova həsr etdiyi “Sözün də
çəkisi var” lirik poema-monoloqu da müdrikliklə
yoğurulmuş şair qələminin coşqun ehtirasla,
ilhamla ifadəsidir.
Mən, Qurban Bayramovu da, sözünün kəsərini
də, yazıçılara yanaşma tərzinə də,
seçimini də, mənəvi dünyasını da,
sürprizlər bəxş edən qələminin
gücünü də yaxşı tanıyıram. Onun
Şahmməmməd haqqında yazdığı “Poeziyanın
sirri: Çaylar geri axmır, dənizə can atır və yaxud
qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin
poeportreti” monoqrafiyasını oxumuşam. Doktorluq işinə
bərabər tutduğum bu əsər barədə öz
fikirlərimi geniş şəkildə vaxtilə oxuculara
çatdırmışam. ...
İndi isə başqa bir sürprizlə
qarşılaşıram. İstedadı ilə ədəbi
mühitimizdə özünü çoxdan təsdiq
etmiş, 30-dan çox şeir, nəsr kitabının, 5
cildlik “Seçilmiş əsərlər” müəllifi olan
Şahməmmədin - şairin tənqidçiyə həsr
etdiyi poema qarşımdadır. Bu da əlahiddə,
görünməmiş bir işdir. Ədəbiyyat tariximizdə,
bəlkə də ilk faktdır – şair tənqidçiyə
poema həsr edir. Amma ibrətamiz faktdır. Biz adət
etmişik ki, elə tənqidçilər bizim
haqqımızda nəsə yazsınlar... Şahməmməd
sübut etdi ki, diqqət, hörmət
qarşılıqlı, qədirşünas
olmalıdır..." (Bax: "Şahməmməd (Şahməmmədov
Şahməmməd Gülməmməd oğlu)
"Sözün də çəkisi var", poema,
"Ecoprint" nəşriyyatı, Bakı, 2017, s.140-141. -
144 səh.)
Xronologiyanı nəzərə
alsaq Şahməmməd haqqında ikinci məqaləni
tanınmış şair, publisist İsgəndər Etibar qələmə
almışdır. İsgəndər Etibar Şahməmmədin
şeirə, sənətə, ədəbiyyata sonsuz məhəbbətini
və bağlılığını, istedadını ilk
vaxtdan duyub qiymətləndirmiş, gənc şairin «Nəğmələr»,
«Anamın yun palazı» şeirlərini əsgər şəkli
ilə birlikdə, “Əsgər-şair” uğurlu sözü
ilə «Yeni Şirvan» qəzetində çap etdirmişdir. Bu
fakt uzaq Tayqada, yad ölkədə əsgərlik edən bir
şair gəncin duyğularında dərin izlər
buraxır... O, özü də, tanınmış şair,
son onilliklərdə “Tək səbir” satirik qəzetinin
baş redaktoru İsgəndər Etibarın onun həyatındakı
mühüm rolunu“Yollar” xatirə-romanında belə qiymətləndirir:
“...Ona borcluyam, ona görə ki, həyatda
çox şeylərin ilk sirlərini o, mənə öyrədib."
İsgəndər Etibar isə həmin yazısında gənc
qələm dostu haqqında yazmışdı: “Bir il bundan
qabaq eşitdiyim bir kiçik şeirin xəyalımda
yaratdığı lövhə hələ də silinməmişdir.
Bu misralar hələ də, dodaqlarımın
pıçıltısıdır. Bu, əlınə
təzə qələm alan Şahməmməd Şahməmmədovun
gələcəkdə yaxşı şair olacağından xəbər
verirdi. Əlbəttə, uğurlu addımın sonrakı
davamı zəhmətə, yuxusuz gecələrə, narahat
günlərə bağlıdır. Ürəyində
şeirə məhəbbət olan, narahat gecələri
və gündüzləri özünün
rahatlığı kimi qəbul edən hər bir vətəndaş
şairdir. Əks halda,zədəli sim kimi mahnının
şirin yerində qırılmalıdır. ...Bu günlər
“Yeni Şirvan qəzeti” redaksiyasında mənə onun hərbi
xidmət yerindən göndərdiyi bir neçə
şeirini verdilər. Həmin şeirlərdə də, yerində
deyilmiş ifadə və təşbihlər var. Lakin Şahməmməd
hələ çox oxumalı, cox axtarmalıdır. Bu şərəfli
və məsuliyyətli yolda sənə uğurlar olsun,
Şahməmməd.”İsgəndər Etibar Şahməmmədin
şeirə, sənətə, ədəbiyyata sonsuz məhəbbətini
və bağlılığını, istedadını o
vaxtdan duyub qiymətləndirmişdir.
Şahməmmədin yaxın dostu və demək
olar ki, onun bütün kitablarının redaktoru şair
Zülfüqar Şahsevənli də, qələm dostunun
uğurlarını həmişə dəstəkləmişdir.
Zülfüqar Şahsevənli «bu vəfasız dünyada
qazandığı barmaq sayı qədər dostları
arasında öz saflığını, müqəddəsliyini,
səmimiyyətini qoruyub-saxlayan» şair dostu haqqında
"Yer şarı mənzilim, üfüq pəncərəm...”("Nəsimi"
qəz., 1997) məqaləsində yazır: «Kitabina
yazdığım ön sözdə ("Sevməsəydim,
yaşamazdım” /1995/ kitabına yazdığı "Xatirələr
ocağının işığında" məqaləsini
nəzərdə tutur və mən bura “Ləngəbiz”
/2003/,“Yollar” /2007/ kitablarına yazdığı ön
sözləri də, "Həyəcan dolu beş il"in
doğurduğu həyəcan"("Polis" qəz.,
1999) məqaləsini də əlavə edirəm) ata yurdundan,
uşaqlıq illərindən necə də sevgi ilə
danışırsan. Bütün bunlar illərin o tayında
qalıb. Kəndlər, dağlar, dərələr yerlərində
qalsalar da, o kişilər yoxdur bu dağlarda... Amma bir şeyə
sevinirəm ki, bu dağlar da, o köhnə kişilər də,
sənin səsində, nəfəsində, şeirlərində
yaşayir. ...Tanıdığım gündən səni mərd,
səmimi, canıyanan və alicənab gördüm. Gözəl
ata, baba, dost, şair, vətəndaş... Bunların
hamısı sənə yaraşır.»
Şairin tədqiqatçısı Qurban Bayramov
yazır: "Şahməmməd klassik ədəbiyyatı
sevir, duyur, ruhunda, damarında genoloji kod kimi gəzdirir və
onun yaradıcılığında intellektual səviyyə
açıq-aşkardır, görümlüdür..." Tanınmış lirik şairimiz, Dövlət
Mükafatı laureatı, mərhum Məstan Günər bu cəhəti
Şahməmmədin “Çaylar geri dönmür” şeirlər
kitabı barəsində yazdığı “Şah pərdələr
üstündə”məqaləsində dürüst müəyyənləşdirmişdi:
"Şeirlərindən və qeydlərindən
görünür ki, Şahməmməd yüksək intellektə
malikdir. Dünyanın, insanın problemlərini bilir, nəhəng
söz ustalarına bələddir, bir sıra ölkələrdə
olmuş, bu məmləkətlərin tipik cəhətlərini
mənimsəmişdir.”
Doğrudan da, müşahidələr
göstərir ki,dünyamızın nəhəng klassiklərindən
Əfzələddin Xəqani, Nizami Gəncəvi, İmadəddin
Nəsimi, Şah Sabir, Səməd Vurğun, Rəsul Rza,
Şəhriyar,Səhənd, Nazim Hikmət və dünya ədəbiyyatının
bu siyahıya sığmayan digər dahilərinin
kitabları,əsərləri, külliyatları Şahməmədin
fikir dünyasının ədəbi və əbədi sakinləri
olmuşlar.
Müəllif, könül
açıqlığı ilə Şahməmmədin
şeirlərinin mövzusundan, sənətkarlığından,
bədii-estetik xüsusiyyətlərindən, müasirliyindən
söz açır: "Onun poetik idealı heç də
hamı üçün görünməyən kamil bir
proqramdır. Hər şey yüksək sənət
tələbləri üzrə inkişaf edir. Şahməmmədin
süjetli əsərləri də, xatirələr
poeziyası da, məhəbbət lirikası da, poemaları da
dəyərli sözə layiqdir." (Bax: Məstan Günər. "Şah pərdələr
üstündə", "Azərbaycan" jur., say: 09,2000,
s.183-186.)
Uzun illər “Gənclik” nəşriyyatında
Baş redaktor işləyən, nəşriyyata gələn
bədii yazıları obyektiv mizan-tərəzidən
keçirən, mərhum şairimiz İlyas Tapdığin
da, Şahməmmədin lirikasını, xüsusən də
onun“Karvan”poemasını yüksək qiymətləndirməsi
təsadüfi deyildir. O, "Şahməmmədin
şeirləri və "Karvan" poeması haqqında
düşüncələr” məqaləsində yazır:“Mən
Şahməmmədin şeirlərində bir şeyin
şahidi olmuşam, o nədən yazır yazsın, heç
vaxt öz təmkinini itirmir. Çalışır ki, az
sözlə böyük lövhələr yaratsın. ...
"Karvan” poeması şair Şahməmmədin ən
uğurlu əsəridir. Poemanın Azərbaycan Respublikası
Jurnalist Həmkarlar İttifaqının “Araz” Ali-Ədəbi
mükafatına layiq ğörülməsi də buna
canlı sübutdur. "Karvan” poemasında şair bu qənaətə
gəlir ki, müdrik dövlət başçısı
xalqı öz ardınca aparmağa qadir olmalıdır.
Əks halda, o, istəyinə çata bilməz. Poemada tarixi
faktlar, tarixi şəxsiyyətlər ön plana çəkilir.
...Mən onun diqqəti cəlb edən
yaradıcılığına bir şair kimi həmişə
inanmışam və düşünürəm ki, bu fikrimdə
yanılmıram. Bir daha, inanıram ki, səmimilik,
sadəlik, təbiilik, sözü yerli-yerində işlətmək
onun yaradıcılığından uzaq olmayacaq.”(Bax: İlyas
Tapdıq. "Şahməmmədin şeirləri və
"Karvan" poeması haqqında düşüncələr",
"Nəsimi" qəz, 1997 (xüsusi buraxılış).
Tanınmış tənqçi, filologiya elmlər
doktoru, Əməkdar mədəniyyət işçisi Vaqif
Yusifli Şahməmmədin yaradıcılığını
və şair şəxsiyyətini yüksək dərəcədə
qiymətləndirərək yazır: "Mən Şahməmmədin
"Sevməsəydim yaşamazdım" şeirlər
kitabını son səhifəsinə qədər oxudum. Bir tənqidçi
kimi açığını deyim ki, onun şair
obrazını gözlərim qarşısında canlandıra
bildim. Bu şair obrazında çağdaş poeziyamızın
şeirlə bağlı fədaisini gördüm. Fədai
sözü ola bilsin artıq səslənir, bəlkə
işçil, bütün günü əlləşib-vuruşan,
güldən-çiçəkdən şirə toplayan
arı desəm, daha yaxşıdır. Və bu
şeirləri oxuyub başa çatdırandan sonra mənim
üçün Şahməmmədin şair səviyyəsi
də aydınlaşdı. O, iddiasız, təkəbbürsüz
şairdir, şitil kimi poeziya ləklərinə süni olaraq
sancılmayıb, ədəbiyyata kiminsə yedəyində gəlməyib."
(Bax: Vaqif Yusifli. "Yollar heç zaman
qurtarmır", "Xəzərin keşiyində" qəz.,
18.11.1995; say. 46(142)).
Yeri gəlmişkən qeyd edək ki, Şahməmmədin
"yollar..." tematikası həmişə tənqidimizin
diqqətində olub. Məsələn,
"Yollar..." sənədli-sübutlu xatirə-romanı
barəsində yazıçı-jurnalist Emil Tahiroğlu
“Yolların sonu görünmür" məqaləsində bu
əsər barəsində qənaətini belə bildirir:
“Şahməmməd müəllimin "Yollar"
kitabını oxuyarkən bir insan ömrünə
güzgü tutursan. Onun uşaqlıqdan bu günə
kimi bütün yaşantıları, sevincli, kədərli
anları ilə tanış olursan. Ağsu
rayonunun Ləngəbiz kəndindən bir körpə
uşağın başladığı və
böyüyüb ataya, babaya çevrildiyi, müəllim,
müstəntiq, nəhayət tanınmış şair olanadək
keçdiyi ömür yolunun hər qarışından xəbər
tutursan. Bu yollarda sevinc də var, kədər də,
xoş duyğular da, ağrilar da, çatdığı və
çatmadığı arzular da. ..."Yollar"
kitabını oxuduqca müəllifin uğurlarına,
qazandıqlarına nə qədər sevinirsənsə,
itirdiklərinə kədərlənir, qəmlənirsən.”(Bax:
Emil Tahiroğlu "Yolların sonu görünmür"
"Serial" qəz., 26.05.2007, say. 182 ;
"Əsil sevgi unudulmur", "Serial"qəz., 12.07.2008,
say.118 (530).
Şahməmməd müəllimin
yaradıcılığı barəsində yazılan məqalələr
sırasında folklorşünas Seyfəddin Rzasoyun,
nizamişünas-tədqiqatçı Ramiz Əkbərin birgə
qələmə aldıqları "Şahməmməd
poeziyası kosmoqonik söz invariantının , əbədi
variantlaşma çevrəsində" ("Mütərcim"
jur., say. 7, 2003.) məqaləsi də xüsusi əhəmiyyətə
malikdir. Mövzusundan göründüyü kimi
bu məqalə ədəbiyyatşünaslığın
ciddi bir probleminə həsr edilmiş və ən ümdəsi
də, Şahməmmədin poeziyasının bu ciddi problemin
şərhinə poetik mətn kimi imkan yaratmasıdır.
"Şahməmmməd bir şair kimi öz içində
olanın ritminə düşməyə, onun kosmik ahənginə
köklənməyə məcbur olur. Bu, poeziya məqamıdır.
Sözün doğuluş məqamıdır və söz,
sözün hərfi anlamında doğulmaqla insanı heyrət
faktoru ilə üzbəüz qoyur. Dünyanın ən ali həqiqətinin
simvolik olduğunun ilahi tablosunu yaradır. Və
insan invariantının sözü kökləmək qabiliyyəti
verilmişlər cərgəsində Şahməmməd
bütün varlığı ilə, yəni Özü və
Sözü ilə ancaq kosmik daşıyıcı ola bilir.
İlahidən gələn sözün
daşıyıcısı. Bu, onun taleyidir, bu taledən o,
qaça bilməz. Bütün ağrısı və
acısını, əzabları çəkməli və əzabın
sevgisinə köklənməlidir. Çünki Tanrı ona Şair Taleyi verib. " (Bax:
Yenə orada, s.52.)
Bu
sıradan yenə də, Seyfəddin Rzasoyun "Müdriklik
manifesti" ("Oxu məni" qəz.. 19.05.1916, say 16,
(2777); Zeynal Babayevin (Əməkdar mədəniyyət
işçisi, publisist), " Sovetskaya milisiya"
jurnalının səhifələrində" ("Azərbaycan
gəncləri" qəz., 27.09.1984, say.181.); Emil
Tahiroğlunun (yazıçı-jurnalist) "Yolların sonu
görünmür" ("Serial" qəz., 26.05.2007, say.
182) ; "Əsil sevgi unudulmur" ("Serial"qəz.,
12.07.2008, say.118 (530); Natiq Qocamanlının (jurnalist)
"Sanıram ki, dünəndir bu" ("Serial" qəz.,
10.07.2012.); çox dəyərli tədqiqatlar silsiləsinin
müəllifi, ədəbiyyatşünas Sona Xəyalın
"Bir görüşün əks-sədası",
"Oxu məni" qəz., 18.12.2009, say.98 92219); Alim Nəbioğlunun
(jurnalist) "Bir gecənin söz
yağışı","Qəzet.Az.", 21.11. 2009,
say.60 (86) məqalələri də Şahməmmədin
yaradıcılığı haqqında maraqlı fikirlər,
münasibətlər silsilsiləsinə daxildir...
Ümumiyyətlə, tənqid dürüst müəyyənləşdiribdir
ki, Şahməmmədin epik-lırik
yaradıcılığında poetik ehtiras və tarixi-milli
enerji, emosiya və müasir fakt, realizmə qovuşmuş
romantika, həyat həqiqəti və bədii təxəyyül,
ani, ipultiv olanın əbədiyyət qazanması prosesi vəhdətdədir. Ölüm və
həyat, mübarizə və ölməzlik, məhəbbət
və əbədiyyət haqqında şair ən adi, lakin
poetik enerji ilə yüklənmiş ifadələrlə
danışa bilir. Heç bir əlavə,
artıq sözə, süni pafosa, yalançı ritorikaya,
zahiri bəzəyə yol vermədən toxunduğu mövzuların
fəlsəfi-estetik yozumunu tapa bilir. Onun
poemalarında ədəbi dil, ibarə və iafadə sistemi də,
epitetlər, ekspressiv rənglər də özünəməxsusdur,
qeyri-standartdır, ülgülərdən üzaqdır.
Bunlar da, müəllifin poetik duyumunu, qavrayış və
düşüncə tərzini maraqlı edir, ona məxsus
olan poetik ehtiras və bədii təfəkkürünü
dürüst bir şəkildə biçimləyir... Həmçinin,
xalq dilindən və şeirindən, müasir ədəbi
prosesin özündən əxz olunan vəzn, ahəng, bəhr,
ritm sərbəstliyi ona poetik yekrənglikdən, ifadə və
üslub monotonluğundan uzaqlaşmağa kömək göstərir,
Şahməmmədin poetik potensialının yeni
imkanlarını üzə çıxarır...
Jalə
Qurbanqızı (Rzayeva),
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun
elmi işcisi.
Iki sahil.- 27 iyul.- S.7