YÜZLƏRLƏ QADIN İMZALARI TANINDI

 

Azərbaycanda qadın jurnalistlərinin yetişməsində “Şərq qadını” - “Azərbaycan qadını” jurnalının böyük rolu olub

Qocaman yazıçı-jurnalist, tarix elmləri doktoru, qızıl qələm mükafatçısı Sabir Gəncəli - Məmmədovun Azərbaycan mətbuatının aparıcı xanım jurnalistlərinin yaradıcılığı və azadlıq hərəkatından bəhs edən "Azərbaycan qadınlarının həyat və mübarizə salnaməsi” adlı kiçik ensiklopedik toplusu nəşr olunub. Müəllifin dediyinə görə, 1998-ci ildə "Azərbaycan qadını” jurnalının 75 illiyi münasibəti ilə hazırladığı 320 səhifəlik "Azərbaycan qadınlarının həyat və mübarizə salnaməsi” adlı kitab- albomu maddi imkanı olmadığı üçün çap edə bilməyib.Azərbaycan qadınlarının həyatını və inkişaf tarixini, milli mətbuatımızın qadın qolunu əks etdirən bu dəyərli kiçik ensiklopedik toplu yenidən işlənib, təzə əlavələr və ixtisarlar olunub. 60 ildən çox elmi-tədqiqat işi ilə məşğul olduğunu vurğulayan müəllif bu dövr ərzində Azərbaycan qadınının yüksək mənəviyyatını, müdrikliyini, qəhrəmanlığını sevə-sevə tərənnüm edib.

Kitabın ön sözündə "Azərbaycan qadını” jurnalının fəaliyyət göstərdiyi dövrdə bir çox qadağalara rast gəlməsinə rəğmən hər zaman öz sözünü deməsi, Azərbaycan qadınlığının mübarizə yollarına işıq salması öz əksini tapıb. Kitabda jurnalın keçdiyi keşməkeşli yollara nəzər salınıb: "Azərbaycan qadını” gözəl, ismətli, fədakar analarımızın keçdiyi yolun bir salnaməsidir. Onun çap olunmuş nömrələri Azərbaycan qadınının həyatını, fəaliyyətini, inkişafını göstərən bir güzgüdür”."Azərbaycan qadınlarının həyat və mübarizə salnaməsi” kitabında jurnalın çapdan çıxmış ilk nömrəsindən tutmuş bu günə qədər Azərbaycan qadınlığının keçdiyi inkişaf yolları göz önünə gətirilərək, ömürlərini başa vurmuş nəcib insanların xeyirxah işləri, fəaliyyətləri yada salınıb.Müəllif kitabda "Mətbuat aləmində qadınlarımızın ilk addımları” sərlövhəsi altında "İşıq” jurnalının da fəaliyyətinə yer ayırıb: "”İşıq”ın dünya işığına çıxması tərəqqipərvər adamları, xüsusilə qadınları çox sevindirdi. Azərbaycanın ziyalı qadınları öz təbriklərini, məqalələrini, şeirlərini bu ilk qadın jurnalına göndərdilər.O zaman mövhumatın və irticanın hökm sürdüyü bir dövrdə qadının jurnal çıxarması, məqalə yazıb qadınların hüquq və azadlığı haqqında fikir söyləməsi böyük cəsarət idi. Maarifi, mədəniyyəti yaymağı qarşısına məqsəd qoyan "İşıq” jurnalının ətrafında onlarca ziyalı qadın toplanmışdı. Gəncədən Asiya Axundzadə, Xuraman Rəhimbəyzadə, Şəkidən Maral Nəbizadə, Şamaxıdan Gövhər Şövqiyyə, Bakıdan Səidə Şeyxzadə, Nabat Zeynalova "İşıq”ın ən fəal müəllifləri idilər. "İşıq” qaranlıq mühitdə tez söndü. Cəmi iki ilə yaxın ömür sürdü, lakin onun sorağı, sədası az vaxtda bütün ölkəyə yayıldı. Jurnal öz işıqlı fikirləri ilə Azərbaycan qadınlarına maarifin, mədəniyyətin əhəmiyyətini başa saldı, onların oyanmasında, qadınlar arasında ilk müxbirlərin, yazarların çıxmasına, onların cəsarətlənib dövrü mətbuatımıza qədəm basmalarına yol açdı”."İyirminci illərin təzadları” adlı yazıda isə Azərbaycanda qadın azadlığı hərəkatının daha da güclənməsindən bəhs edilir. Belə ki, 1920-30-cu illərdə Azərbaycanda qadın azadlığı və qadın problemləri ilə məşğul olan qadın şöbələri, qadınları himayə edən komitələr fəaliyyətə başlayıb. Həmin təşkilatlar qadın klubları, kəndli qadın komaları, savad kursları təşkil edib, savadsızlığa qarşı mübarizə aparıblar. Qadın azadlığı hərəkatının nəticəsi olaraq, dövlət səviyyəsində aparılan qadın azadlığı məsələsi həm hüquqi, həm də mədəni-sosial sahədə həll edilib:Azərbaycan qadınlarının siyasi həyatında 1923-cü ildə mühüm bir hadisə oldu. Həmin il noyabr ayında Azərbaycan Qadınlar Şöbəsinin orqanı "Şərq qadını” jurnalının ilk sayı çapdan çıxıb. İlk sayından, ilk səhifəsindən qarşısına böyük və nəcib bir məqsəd qoyan "Şərq qadını” jurnalının ilk redaktoru Ayna Sultanova, ilk redaksiya heyətinin üzvləri Şəfiqə xanım Əfəndizadə, Mədinə xanım Qiyasbəyli, Mina xanım Mirzəyeva və Xanımnaz Əzizbəyova olub. Jurnal bütün Şərq qadınlarını ayağa qalxmağa, öz azadlığı, hüququ uğrunda mübarizəyə çağırırdı.

Əsrlərlə hüquqsuz yaşamış qadınlar öz ürək sözlərini, arzularını "Şərq qadını” jurnalının səhifələrində görürdülər. Qadınlar onun saylarını səbirsizliklə gözləyirdilər. Jurnalda dərc olunan hər bir yazı könüllərə yol açır, zəkaları nurlandırırdı. Jurnal köhnə dünyanın tör-töküntülərini, cəhalətpərəst adamları tənqid edir, Azərbaycanda həyata keçirilən böyük mədəni inqilabı tənqid edir, qadınların ictimai həyata qoşulmasına çalışırdı. "Şərq qadını” Azərbaycanda qadın azadlığı hərəkatına istiqamət verən, yol göstərən bir mayak kimi işıq saçırdı, Azərbaycanın ən ucqar yerlərində belə jurnalın nüsxələri əldən-ələ gəzirdi. Uzun müddət jurnalın redaksiyasında işləmiş Lətifə Biryukova qeyd edirdi ki, "Şərq qadını”ndan mövhumatpərəst kişilər qorxurdular. Onlar çalışırdılar ki, jurnal qadınların, qızların əlinə keçməsin. Azərbaycanın ilk ictimaiyyətçi qadınlarından Fatma Hacıyeva da müsahibəsində deyib ki, "Şərq qadını” jurnalı qadın azadlığı və təhsili uğrunda mübarizə aparan gənclərin köməyinə gəlib. Jurnalın səhifələrindən ucalan azadlıq səsi Türkiyənin, İranın, Əfqanıstanın qadınlarını da hərəkətə gətirib. Redaksiyanın ünvanına İstanbuldan, Qəzvindən, Tehrandan, Təbrizdən məktublar gəlib. " Şərq qadını”nın bir tarixi rolu da odur ki, bu azad nəfəsli, xoş məramlı mətbuat orqanının ətrafında Azərbaycanın bütün savadlı, oxumuş, mübariz qadınları toplaşıb. Jurnal qadın publisistlərinin, şair və yazıçıların yetişməsi üçün bir məktəb rolunu oynayıb. Elmə, mədəniyyətə, incəsənətə, təbabətə, marağı olan qadınların ilk məqalələri bu jurnalın səhifələrində dərc edilib. "Şərq qadını” jurnalının ilk sayında "Məqsədimiz” sərlövhəli baş məqalədə əsrlər boyu əsarətdə yaşayan qadınların azadlıq hərəkatına qoşulmalarından, qadınların öz hüquqları uğrunda mübarizəsindən bəhs olunur. İlk sayda eyni zamanda cəhalətin, mövhumatın Azərbaycan qadınının həyatına gətirdiyi faciələrdən bəhs edən oçerklər, bədii və sənədli hekayələrdə Azərbaycan qadınının keçmiş ağır, acı həyatının mənzərəsi təsvir edilib. Azərbaycanın ilk qadın yazıçısı, publisisti Şəfiqə xanım Əfəndizadənin "Qız ilə anası arasında mübahisə”, "Bəhriyyədən Minirəyə” adlı hekayələrində Azərbaycan qadınının həyatı, taleyi öz əksini tapıb. Beləcə jurnalın ilk sayından başlayaraq Azərbaycan, eləcə də bütün müsəlman qadınlarını cəhalət, nadanlıq girdabından qurtarmağa, onları maarif və mədəniyyətə, öz azadlığı və hüquqları uğrunda mübarizəyə səsləyib."Şərq qadını” jurnalı müəllimlərin və ictimai xadimlərin qüvvəsinə arxalanaraq qadın təhsilinin, məktəbə qədər tərbiyyənin mühüm problemlərinin həllində əhəmiyyətli rol oynayıb. Azərbaycanın maarifpərvər və ictimaiyyətçi qadınlarından Ayna Sultanova, Şəfiqə Əfəndizadə, Məryəm Bayraməlibəyova, Cəmilə Sulyanova, Minaxanım Mirzəyeva, Cəmilə Nuşirəvanova, Xanımana Müftizadı, Gülarə Köylü qızı və başqaları jurnalda qadın təhsili, tərbiyə məsələləri mövzusunda tez-tez məqalələr dərc etdiriblər. Azərbaycan mətbuatı içərisində ilk dəfə yeni əlifbaya keçən "Şərq qadını” jurnalı savad kurslarına cəlb edilmiş qadınlara kömək məqsədi ilə 1929-cu il 4-cü nömrəsindən başlayaraq "Azsavadlılar üçün” xüsusi səhifə açıb. Klara Setkin və Həmidə xanım Cavanşir jurnalın nəşri münasibətilə öz ürək sözlərini ünvanlayıb, təbrik məktubu yazıblar. Həmin məktublar jurnalın 10-cu nömrəsində çap olunub.S.Gəncəlinin qeydinə görə, jurnal 1938-ci il fevral sayından başlayaraq "Azərbaycan qadını” adı ilə nəşr olunmağa başlayıb. 1941-45-ci illərin ağır müharibəsi jurnalın fəaliyyətinə də zərbə vurub. Həmin qanlı-qadalı illərdə onun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bir növ Azərbaycan qadınlarının həyatının aynası rolunu oynayan "Azərbaycan qadını” 1951-ci ilin mart ayından nəşrə başlayıb. Özü də yeni keyfiyyətdə. Onun məzmunu da, poliqrafiya cəhətdən keyfiyyəti də xeyli yaxşılaşıb. Artıq jurnal qadınların elm, mədəniyyət, təsərrüfat, ictimai- sosial sahələrdə qazandığı uğurlardan yazır, qadınların məişət və həyat şəraitinin yaxşılaşdırılması məsələlərini işıqlandırıb.Əsrin əvvəllərindən incəsənətə, teatra böyük maraq göstərən, bu yolda maneələri cəsarətlə dəf edən Azərbaycan qadınları 70-80-ci illərdə inkişafın ən yüksək mərhələsinə qalxıblar. Bunları görmək üçün "Azərbaycan qadını” jurnalının səhifələrini nəzərdən keçirmək kifayətdir.

"Azərbaycan qadını” gənc nəslin bədii- estetik və mənəvi tərbiyəsi məsələlərinə həmişə böyük fikir verib. "Gözəllik aləmində”, "Mədəniyyət tariximizdən”, "Teatr”, "İncəsənət”, Mənəvi tərbiyə” və s. Daimi rubrikalar altında jurnalda respublikamızın tanınmış incəsənət xadimləri, filosofları, yazıçıları tez-tez çıxış edib.Jurnalı vərəqlədikcə onun solub-saralmış səhifələrində Mirzə Cəlilin, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin, Seyid Hüseynin, Yusif Vəzir Çəmənzəminlinin, Süleyman Sani Axundovun, Qafur Əfəndi Qantımirin, Məmmədsadıq Axundovun, Tağı Şahbazinin, Abdulla Şaiqin, Xəlil Rza Ulutürkün ürək döyüntülərinin, əsarət, cəhalət, buxovlarında inləyən Şərq qadınlarını işıqlı sabaha, azadlığa səsləyən alovlu çağırışlarının izlərini görürük.Azərbaycanda qadın jurnalistlərinin və yazıçılarının yetişməsində "Şərq qadını” - "Azərbaycan qadını” jurnalının böyük rolu olub. Onun səhifələrini çevirdikcə orada yüzlərlə qadın imzasına rast gəlmək olar.

Qeyd edək ki, kitabın müəllifi Sabir Gəncəli mətbuatda çalışdığı 45 il ərzində həcmindən, janrından asılı olmayaraq hər bir əsərində onun əsas mövzusu qadınlarımız olub. Demək olar ki, o bütün yaradıcılığını qadınlara həsr edib. 1975-ci ildən "Azərbaycan qadını” jurnalında məsul katib işləyən S.Gəncəlinin qəhrəmanları Azərbaycanın maarif və mədəniyyətinin tərəqqisinə çalışan, qadın azadlığı uğrunda mübarizə aparan, yeni həyat quran, ailə, övlad qayğısı çəkən, həyatımıza dayaq olan qadınlardır. Sabir müəllim Azərbaycanda qadın təhsilinin tarixini tədqiq edən ilk elmlər doktorudur. Sabir Gəncəlinin qələminin məhsulu olan "Azərbaycan maarifpərvər qadınları”, "Azadlıq yollarında”, " Azərbaycan şanlı qızları”, "Nurlu ömürlərinin dastanı”, İşıqlı ömürlər, kövrək talelər” və b. kitabları yurdumuzun mərd, azadlıqsevər qadınlarının nəcib xidmətlərindən bəhs edir. Onun "Hər sətirdə bir tarix...” ensiklopedik toplusunu Azərbaycan qadınlarının həyat salnaməsi adlandırmaq olar.

 

Şəymən

Şərq.- 2017.-9 avqust.- S.7.