ÜRƏKLƏRDƏ YAŞAYAN
ŞƏXSİYYƏT:
NƏSİR
İMANQULİYEV
Azərbaycan mətbuatının
sütunlarından biri, uzun müddət "Bakı” və
rus dilində çıxan "Baku” axşam qəzetlərinin
baş redaktoru işləmiş, çoxsaylı jurnalist
kadrlarının yetişdirilməsində böyük əməyi
olmuş, dəyərli ziyalı Nəsir İmanquliyevin əziz
xatirəsi onu tanıyanların yaddaşından heç vaxt
silinmir. Ona görə də nə qədər ki,
belə insanlar hələ sağdır, bu imkandan istifadə edib, böyük şəxsiyyət,
həyat və fəaliyyəti sonrakı nəsillər üçün həmişə örnək
olan, Azərbaycan jurnalistikasının
inkişafında misilsiz xidmətlər
göstərmiş Nəsir İmanquliyev
haqqında daha çox
məlumat əldə etmək lazımdır.
Elə bu məqsədlə də 30 il "Bakı” və Baku” axşam qəzetlərində N.İmanquliyevin müavini işləmiş, 78 yaşı olmasına baxmayaraq, bu gün də qələmi əlində olan, müxtəlif qəzetlərdə, müxtəlif mövzularla çıxış edən, qocaman jurnalist, əməkdar mədəniyyət işçisi, yaxın dostum Əliabbas Əlmədətoğluna təklif etdim ki, unudulmaz müəllimi haqqında xatirələrini yazsın:- Axı 30 il birlikdə işlədiyin o böyük şəxsiyyət haqqında sən də yazmayandan sonra, bəs kim yazacaq? Təklifim çox xoşuna gəldi. Düzdür, mən özüm də o xoşbəxtlərdənəm ki, N.İmanquliyevi canlı görüb, söhbət etmişəm.
Belə ki, hələ Sovet dövründə, 1982-ci ildə, XX əsrin əvvəlində Bakıxanov (Razin) qəsəbəsindəki keçmiş 74 saylı texniki peşə məktəbinin məzunu olarkən Nəsir İmanquliyevlə keçirilən görüşdə onunla ünsiyyətdə olmuşam. Amma belə dəyərli insanla 30 il işləmək hara, bir gün görüşüb, söhbət etmək hara? Odur ki, təklifimi qəbul edib, N.İmanquliyev haqqında xatirələrini yazdığı üçün qocaman həmkarımıza dərin təşəkkürümü bildirirəm. Amma ümidvar olduğumu bildirmək istəyirəm ki, N.İmanquliyev haqqında bu yazı axırıncı yox, axarıncı olacaq. Beləliklə, mətbuatımızın tanınmış simalarından biri N.İmanquliyev haqqında Əliabbas Əlmədətoğlunun xatirələrini "Şərq”in oxucularına təqdim edirik.
Elçin Məmmədli
Ön söz
Şəxsiyyətinə və qələminə hörmət bəslədiyim həmkarım hal-əhval tutduqdan sonra birbaşa mətləbə keçdi:
- Bilirəm, ustadın bu dünyadan köçəndən sonra onu hər gün xatırlayırsan, şəxsiyyəti, redaktorluq məharəti, təşkilatçılıq və tərbiyəçilik keyfiyyətləri haqqında dəfələrlə xatirə yazmısan. Müəllimin vaxtı ilə yaşadığı binaya respublika prezidentinin sərəncamı ilə xatirə lövhəsi vurulmamışdan xeyli əvvəl, yanılmıramsa, 2004-cü ilin avqust ayında «İnsan hüquqları» qəzetində dərc edilmiş «Kişilər varmış bu dünyada» sərlövhəli məqalən oxucular tərəfindən rəğbətlə qarşılanmışdı. Sonralar da bu mövzuda bir neçə xatirəni birnəfəsə oxumuşam. Lakin mənə elə gəlir ki, bütün bunlar azdır. Əvvəla, həmin məqalələr müxtəlif vaxtlarda, ayrı-ayrı qəzetlərdə verildiyi üçün bir çox oxucuya çatmayıb. Digər tərəfdən isə görkəmli Azərbaycan jurnalisti Nəsir İmanquliyevin məktəbi elə bir çeşmədir ki, daim çağlayır və biz jurnalistlərin həmin çeşmədən yararlanmağı önəmlidir. Bu baxımdan, sənin xatirələrinə ehtiyac var. Bildiyimə görə «Bakı və «Baku» axşam qəzetləri redaksiyasında Nəsir müəllimlə birlikdə 30 il sərasər işləyən iki juranlistdən birisən və sən uzun illər redaksiyanın əsas şöbəsinə və partiya təşkilatına rəhbərlik etdiyin üçün hər gün, özü də dəfələrlə onunla ünsiyyətdə olmusan, yayda bəzi istirahət günlərini ya onun Pirşağıdakı bağında, ya da sənin Novxanıdakı bağında keçirərdiniz. Əməkdaşlığınız dostluğa çevrilib. Və mənə elə gəlir ki, Nəsir müəllimlə işləyən jurnalistlərin heç biri onu sənintək tanıya bilməz. Deməli, obyektiv xatirəni səndən gözləyə bilərik. Eşitdiyimə görə, valideynlərin başda olmaqla bir neçə yaxın qohum və dostunun, o cümlədən Nəsir müəllimin ruhuna hər səhər dua oxuyur, salavat çevirirsən. Odur ki, qeydlərini bir daha nəzərdən keçir, digər önəmli faktları da saf-çürük edib iri bir məqalə yaz. Həm rəhmətliyin ruhu pərvazlansın, həm də oxucular feyziyab olsunlar.
Ustadnamə
Əgər desəm ki, keçən əsrin ikinci yarısında yaşayıb yaratmış jurnalistlər arasında Nəsir müəllim kimi məhsuldar qəzetçi olmayıb, yəqin ki, onu tanıyanlar mənimlə razılaşarlar. Əllinci illərin axırlarından başlayaraq səksəninci illərin ortalarınadək olan müddəti, yəni «Bakı" və «Baku» axşam qəzetləri redaksiyasında Nəsir müəllim dövrünü Azərbaycan mətbuatının renessansı adlandırsam, məncə mübaliğəyə yol vermərəm. 1947-cü ildən ömrünün sonunadək universitetdə dərs deyən, müxtəlif vaxtlarda ayrı-ayrı mətbu orqanlarda, o cümlədən «Kommunist» (o vaxtın bir nömrəli qəzeti) qəzetində işləyən, ali partiya orqanlarında məsul vəzifələr tutan Nəsir İmanquliyevin apogeyə yüksəliş məqamı 1958-ci il yanvarın 10-dan başlanır, desəm, yəqin ki, onu tanıyanların əksəriyyətinin fikrini ifadə etmiş olaram. Az vaxt ərzində respublikada məşhur olan və öz redaktorunu şöhrətləndirən «Bakı» axşam qəzeti həmin gün nəşrə başlayıb və tezliklə oxucularının qəlbinə yol tapıb. Təkrar edirəm: Nəsir müəllimin təşkilatçılıq məharəti və redaktorluq bacarığı sayəsində «Bakı» (həm də 1963-cü ildən rus dilində çıxan «Baku») qəzeti saysız-hesabsız oxucularının həmdəminə çevrilmişdi. Hazırda həftədə, ayda 500-1000 nüsxə tirajla çıxan qəzetlərin çoxunu oxucular tanımır. Halbuki 60-80-ci illərdə «Bakı» axşam qəzeti hər gün 80-100 min nüsxə tirajla nəşr olunur və elə həmin gün axşam da satılırdı. Ertəsi gün köşklərdə qəzet tapmayan oxucular redaksiyaya müraciət edirdilər.
Jurnalist olmaq üçün doğulmuş Nəsir müəllim redaksiyaya istedadlı yazarlar toplaya bilmişdi. O vaxtlar universitetin jurnalistika şöbəsində (indi fakültə) dərs deyən redaktorumuz hər bir tələbəni öyrənir, özü üçün kadr seçirdi. 1960-cı ildə bizim qrupdan üç nəfəri, o cümlədən məni işə dəvət etdi. Bizdən qabaq isə Şamil Şahməmmədovu hələ 4-cü kursda oxuyarkən işə götürmüşdü. Nəsir müəllim işdən gedəndən sonra Şamil axşam qəzetlərinin redaktoru təiyn edilmişdi.
Zəngin təcrübəyə, adamlarla işləmək bacarığına malik olan redaktorumuz kimin hansı şöbədə daha çox fayda verəcəyini bilir və kadrları bu baxımdan yerləşdirirdi. Bir neçə ildən sonra redaksiyanın partiya-siyasi iş şöbəsi Əliabbas Əliyevə, məktublar şöbəsi Şaban Şabanova, ədəbiyyat və incəsənət şöbəsi ədəbiyyatşünas Şamil Qurbanova (1960-cı il buraxılışının məzunları) tapşırılmışdı. İstedadlı əməkdaşlarımızdan Yusif Kərimov şəhər xəbərləri şöbəsinin müdiri, İsmayıl Kərimov və Sərhəd Məmmədli məsul katib (müxtəlif illərdə) vəzifələrinə irəli çəkilmişdi. Bu siyahını davam etdirmək də olar.
İşə can yandıran, səs salan məqalələr yazan, tapşırıqları vicdanla yerinə yetirən əməkdaşlara redaktorumuz, necə deyərlər, gözünün yağını yedirtməyə hazır idi. Belələrini öz övladı, nəvələri qədər sevir, onları həm maddi, həm də mənəvi cəhətdən ruhlandırırdı. Ötən əsrin 60-80-ci illərində axşam qəzetlərinin bütün əməkdaşları dövlət hesabına mənzillə təmin olunmuşdular. İstəyənlərin hamısı redaktorun təqdimatı ilə şəxsi minik avtomobili, xaricdən gətirilən mebel almışdı. Ağsaqqal əməkdaşların xeyrində də,şərində də iştirak edirdi. Neçə işçimizin elçiliyinə gedib.
O, əvəzolunmaz tərbiyəçi idi
Müdriklərin belə bir kəlamı var: «Uşağı döyməklə yox, şəxsi nümunə ilə tərbiyə edərlər». Nəsir müəllim uzun illər ərzində öz fəaliyyətində bu kəlama önəm verərək universitet skamiyaları arxasından gələn, hələ həyatın isti-soyuğunu başa düşməyən cavan əməkdaşları təmkinlə tərbiyə edir, hər xırda şeydən ötrü onları məhşər ayağına çəkmir, lakin məzəmmət edir, səhvlərini düzəltməyə kömək göstərirdi. Bununla mən heç də demək istəmirəm ki, Nəsir müəllim mülayim adam idi. Yox, o, çox tələbkar, yaramaz hərəkətlərə dözməyən, tənbəllərə, yalançılara, öz işinə məsuliyyətsiz yanaşanlara qarşı sərt idi. Xatirə müəlliflərinin bəziləri yazırlar ki, onun üzündə həmişə təbəssüm olub. Xeyir, bu belə deyil, təbəssüm yox, nur vardı. Müxtəlif xarakterli insanlardan ibarət olan beynəlmiləl kollektivə rəhbərlik edən, hər gün palaz boyda iki qəzet (hələ ayda bir dəfə buraxılan əlavələri demirəm) çıxaran, dərc etdiyi felyetonlara görə təzyiqlərə, təhqirlərə məruz qalan, tez-tez şəhər partiya komitəsinin məsul işçilərinin iradlarını eşidən bir şəxsiyyətin üzündə «həmişə təbəssüm olması» mülahizəsi həqiqətə nə qədər uyğundur?! Bu, başqa məsələdir ki, işdən sonra, asudə vaxtlarda o, əməkdaşlarla bağda, şənlik məclislərində olur, maraqlı, məzəli söhbətləri ilə bu tədbirlərə rövnəq verirdi.
Yaxşı işçiləri layiqincə qiymətlənidirməklə bərabər, heç kəsin cızığınıdan çıxmasına, ərköyünləşməsinə imkan verməz, həddi aşanlara dərhal öz yerini göstərərdi. Hətta həmişə nümunə göstərən, təriflərə, mükafalara layiq görülən əməkdaşlar da istisna deyildi. Məsələn, Şamil Şahməmmədov məsul katib olanda, mən isə sənaye şöbəsində əbədi işçi vəzifəsində çalışanda redaktorun sərt tənbehinə tuş gəlmişik. Həmkarımı deyə bilmərəm, mən Nəsir müəllimin həmin sözlərindən inciməmişəm.
Mənimlə bağlı əhvalat belə olub: Son vaxtlar şəxsi işi ilə bağlı dəfələrlə icazə alıb işə gəlməyən və səhlənkarlığa yol verən şöbə müdirimi Nəsir müəllimin bir dəfə bərk danladığının şahidi olmuşam: «Sən burada olmayanda işimiz çox yaxşı gedir!». Deməli, redaktor işimdən razıdır. Axı, müdir olmayanda şöbəni mən idarə edirdim. Şöbə müdirinin xasiyyəti çox tünd idi. Bir dəfə lap həddi aşdı, artıq-əskik danışdı. Əlimdən xata çıxa bilərdi. Odur ki, redaktorun yanına gedib, dedim:
- Nəsir müəllim, şöbədə ya o qalsın, ya mən!
Müdrik şəxsiyyət dərhal dilləndi:
- O, qalacaq, sən getmək istəyirsənsə, yaz ərizəni!
Doğrusu, heç yuxuma da gəlməzdi ki, müəllim belə deyəcək. Amma daha demişdi. Qəbul otağında ərizəni yazdım, kabinetə keçib onu redaktorun stolu üstünə qoydum. Qapıdan çıxmaq istəyirdim ki, ağsaqqalın amiranə səsini eşitdim:
- Qapını içəridən bağla, gəl otur!
Deyilənə əməl etdim. O, böyük qardaş nəvazişi ilə gülümsünərək ərizəni cırdı (o vaxt Şamilin ərizəsini mən cırmışdım, partkom olduğuma görə) və dedi:
- Cavan oğlan, səni Aidadan (sonralar məşhur şərqşünas alim olan qızını nəzərdə turudu) az istəyirəm?! Adam dəmdəməki olmaz. Bilirəm, şöbə müdirinin xasiyyəti ağırdır. Xasiyyətdir də. Bəs mən necə dözürəm ona! Sənin barəndə isə mən başqa fikirdəyəm. İstəyirəm partiya şöbəsini tapşırım sənə.
Həmin əhvalatdan yarım əsr keçsə də, onu bu gün də xatırlayır, əvəzsiz tərbiyəçi, müdrik kollektiv rəhbəri Nəsir müəllimə dönə-dönə rəhmət diləyirəm.
Rus şöbəsində işləyən əməkdaşlardan birini partiya sıralarına qəbul etmək istəyirdik. O, raykoma gedib anketi dolduranda sənədi korlamışdı. İkinci anketin verilməsi isə o vaxt çətin məsələ idi. Onu redaksiyaya göndərib tapşırmışdılar ki, qoy partkom raykoma zəng vursun. Lakin o, mənim yanıma gəlmək əvəzinə girmişdi redaktorun kabinetinə.
Bərk məşğul idim. Telefon aparatı səsləndi. Dəstəyi qaldırdım, Nəsir müəllim idi:
- Ay Əliabbas, bu partiya işi ilə də mən məşğul olmalıyam?!
Qanım bərk qara idi. Anası sancılanıb xəstəxanaya aparıldığından azyaşlı oğlumu ilk dəfə özümlə işə gətirmişdim. Bu tərəfdən də nömrəyə təcili yazı hazırlayırdım. Odur ki, redaktora sərt cavab verdim:
- Diletantın biri anketi korlayıb, gəlib girib yanınıza. Nə üçün qəbul eləyibsiniz, mənim yanıma göndərməyibsiniz?! Nə qədər ki, partkomam, o yaramaz partiya üzü görməyəcək!..
Davamı gələn
sayımızda
Əliabbas Əlimədətoğlu,
Azərbaycan Respublikasının
Əməkdar mədəniyyət işçisi.
Şərq.- 2017.- 15 avqust.- S.7.