ÜRƏKLƏRDƏ YAŞAYAN ŞƏXSİYYƏT:

NƏSİR İMANQULİYEV

 

Əvvəli ötən sayımızda

 

Bir neçə gün redaktorun kabinetinə getmədim. Materialları ədəbi işçi ilə göndərirdim. Üç gündən sonra katibə gəlib məni tələsdirdi:

- Redaktor tapşırdı ki, tez qorkoma qalxasınız, büro iclasına.

Saata baxdım, 2-yə az qalmışdı. Tələsik pencəyimi geyib çıxdım, şəhər partiya komitəsi binasının ikinci mərtəbəsinə qalxdım. İclasın başlanmasına 4 dəqiqə qalmışdı. Bu zaman Nəsir müəllim göründü. O, bir neçə raykom katibi ilə görüşə-görüşə yanıma gəlib qoluma girdi, pilləkənlərə doğru apardı. Bir də nə görsəm yaxşıdır?! Tələsdiyimdən ayaqqabının bağı açıq qalmışdı. Redaktor ərkyana gülümsünərək ayaqqabını göstərdi, pencəyimin yaxalığını düzəltdi, qalstukuma əl gəzdirdi. Bu, sözün həqiqi mənasında böyüklük idi. Bərk təsirləndim və o günkü hərəkətimə görə xəcalət çəkdim. Bu insan kin-küdurətdən tamamilə uzaq idi və mənə əməlil-başlı dərs verdi.

Mətbuatımızın klassiki əliəyriləri, qanuna təpik atanları, xalqın cibinə girənləri, hər cür antipodları «şelmovat» eləyən, od püskürən tənqidi məqalələr dərc etməyin xiridarı idi. Buna görə də vaxtaşırı müzür ünsürlərin hədələrinə məruz qalırdı. Söz vaxtına çəkər, deyiblər. Axşam üstü saat 4-5 radələri olardı. Telefonun dəstəyini qaldırdım, Nəsir müəllimin təlaşlı səsini eşitdim:

- Əliabbas, tez ol bura gəl!

O vaxt bizim şöbə (və bir neçə başqa şöbə) yuxarı mərtəbədə - şəhər komsomol komitəsinin kabinetləri ilə yanaşı yerləşirdi. Sürətlə birinci mərtəbəyə endim. Redaktorun otağını səs-küy bürümüşdü. Qapını açıb gördüm ki, bir pəzəvəng Nəsir müəllimin üstünə yeriyir. Yaşlı kişi isə əsasını hərlədir. Qeyzləndim, pəzəvəngin üstünə yeriyərək çığırdım:

- Rədd ol!

O, dərhal geri çəkildi. Yaşlı kişiyə ucadan təpindim. Bir neçə dəqiqədən sonra hər şey qaydasına düşdü. Sən demə, bir gün əvvəl dərc edilmiş tənqidi məqaləyə görə redaktorum hücuma məruz qalıbmış.

Ağsaqqal pərt olmasın deyə bir qədər gözlədikdən sonra soruşdum:

- Nəsir müəllim, məni çağırıbsınız, nə tapşırığınız var?

Yenicə özünə gələn kişi gülümsündü:

- Rəhmətliyin oğlu, nə tapşırıqbazlıqdır! Gördüm iş şuluqdur, fikirləşdim ki, bu məqamda səndən önəmli müdafiəçim olmaz…

Nəsir müəllim peşəmizin sirlərini öyrətdiyi, yetişdirdiyi, qəlbən inandığı əməkdaşlara həmişə arxalanırdı, bilirdi ki, bəd ayaqda onlara bel bağlamaq olar. Növbəti məzuniyyətə çıxmışdım. «Qalaaltı» pansionatında dincəlirdim. Bir bazar günü Bakıya - bağa qayıtdım ki, ev-eşiyə baş çəkim. Evə çatan kimi Nəsir müəllimin naməsini mənə verdilər. Orada yazılmışdı: «Əliabbas, çox vacib işimiz var. Birinci gün səhər saat 9-da redaksiyada ol!»

Nə gizlədim, bu çağırış heç ürəyimcə olmadı. Hətta deyindim də: «Bu kişi, deyəsən, gələcəyi də görür. Bu gün bağa gedəcəyimi heç özüm də bilmirdim. Kişi məzuniyyət vaxtı da məndən əl çəkmir». Əvvəlcə redaksiyaya getmək istəmirdim. Axı, sanatoriyada müalicə alırdım. Birinci gün səhər prosedurada olmalıydam. Lakin kişinin xahişini yerə salmağı özümə sığışdırmadım: «Bəlkə elə işdir ki, mənsiz aşırmaq olmaz, lənət şeytana, kişi ilə duz-çörək kəsmişik, müalicə bir gün gözləyər». Axşam bağda qaldım. Səhər saat 9-da «Azərbaycan» nəşriyyatının 7-ci mərtəbəsində - «Bakı» və «Baku» qəzetlərinin redaksiyasında idim. Bir qədər sonra Nəsir müəllim də gəldi. Hal-əhvaldan sonra söyləndi:

- Bu nadürüst yenə də işi korlayıb, Allanın konsertinə kollektiv üçün aldığı biletləri bir neçə qat bahasına satıb kənar adamlara…

Redakor ad çəkməsə də, dərhal onu anladım. Bədnam şöbə müdiri bu dəfə yaman ilişmişdi. O vaxtlar möhtəkirlik üstündə adamın atasını yandırırdılar. Onun bəd əməlləri haqqında söz-söhbətlər gedib şəhər partiya komitəsinə də çatmışdı. Bir neçə ay öncə ona axırıncı xəbərdarlıqla şiddətli töhmət verilmişdi. Hətta kiçik xətaya görə Sov. İKP sıralarından xaric edilməliydi. Bu, balığı sudan çıxarmağa bərabərdi.

Nəsir müəllim sözünə davam etdi:

- Neçə gündür ki, partiya bürosu üzvlərindən Əmirova və Mosesova iki ayağını bir başmağa dirəyib tələb edirlər ki, onu partiya sıralarından çıxaraq. Büronun səndən başqa 4 üzvü var, ikisinin fikri bəllidir. Yəqin ki, üçüncüsü də onun əleyhinədir. Bilirəm ki, sənin də ondan zəhlən gedir. Lap boğaza yığılmışam. Deyərdim ki, qoy cəhənnəm olsun. Amma idarəmiz yüksək məclislərdə hallandırılacaq, biabır olacağıq…

Məsələ aydın idi, cəfakeş redaktorumu incidə bilməzdim. Otağıma gəlib Mosesova ilə Əmirovanı yanıma dəvət etdim. Məni görəndə çox sevindilər. Yəqin fikirəlşirdilər ki, daha Nəsir müəllimin əlacı yoxdur.

Mətləbi uzatmadım. Həmin şəxsdən xoşum gəlmədiyini həmkarlarıma söylədim. Sonra onlara anlatdım ki, kollektivin mənafeyi mənim üçün daha yüksəkdir. Möhtəkirdən hayıf çıxmağı da özümə sığışdırmıram. Gəlin təklif edək ki, öz xahişi ilə işdən getsin.

O vaxtlar işdən çıxarmaq o qədər də böyük cəza sayılmırdı. İndiki kimi iş tapmaq çətin deyildi. Üstəgəl, bacarıqlı jurnalist qəzetlərdən qazandığı qonorarla maaş alanlardan pis dolanmırdı.

Büro üzvləri mənim xətrimi çox istədikləri üçün yerbəyerdən dilləndilər:

- Aliabbas, vam vidneye!

Beləliklə də, Nəsir müəllimin humanizmi və müdrikliyi, kollektivin şərəfini qorumaq istəyi redaksiyanı rüsvayçılıqdan, nəfsinin əsiri olan işçini isə partiya sıralarından qovulmaqdan xilas etdi.

Daim qəlbimizdə yaşayacaqsınız, Nəsir müəllim!

Xatirələrimi ruhunuza müraciətlə yekunlaşdırmaq istəyirəm, Nəsir müəllim! Haqqınızda nə qədər yazsam da, böyüklüyünüzü nə qədər vəsf etsəm də çətin ki, sizə olan məhəbəbtimi bütünlüklə ifadə edə bilim. Mən həyatda, jurnalistika sahəsində az-çox nəyə nail olmuşamsa, bu sizin səmərəli zəhmətinizlə, yüksək təşkilatçılıq və tərbiyəçilik metodunuzla bağlıdır! Alicənablığınızı hələ yarım əsr öncə dərk etmişəm. Əgər o anı unutsam, nankor sayaram özümü. Xatırlayırsınızmı, o vaxtlar qəzetin hər bir tənqidi çıxışına yuxarı təşkilatlar dərhal reaksiya verirdilər. Ona görə də heç kəs istəmirdi ki, yaxın adamının bəd əməlləri qəzedə hallansın. Yaxşı yadımdadır, «Xalq nəzarəti» səhifəsində bir satıcının alıcıları çəkidə aldatmasından söhbət gedirdi. «Kommunist» qəzetinin bir əməkdaşı mənə zəng vurub narahatlıqla dedi: «Həmin şəxs müharibədə həlak olan atamı əvəz edib, xahiş edirəm yazını verməyəsən».

Çapa gedən yazını o vaxtlar səhifədən çıxarmaq müşkül məsələ idi. Onun əvəzinə başqa yazı yazılmalı idi. Deməli, qəzetin çapı gecikəcək, yuxarı təşkilatın danlağına tuş gələcəyik. Üstəgəl, məqaləni siz imzalayıb katibliyə vermişdiniz. Özünüz isə soyuqladığınız üçün evdə yatırdınız. Sizi narahat etməyə üzüm gəlmədi. Bu tərəfdən də xahiş edən həmkarımın sözləri qulaqlarımda cingildəyirdi. Mənim atam da ötən müharibədə itkin düşdüyü üçün bərk kövrəlmişdim. Mənə olan etibarınıza güvənərək yazını səhifədən çıxardım. İki gündən sonra məni yanınıza çağırıb məzəmmət etdiniz: «Düzgün hərəkət etməyibsən! Yazını yalnız redaktor səhifədən çıxara bilər. Lakin kişilik eləmisən, bilirəm ki, təmənnasız eləmisən». Ruhunuz şad olsun, ey böyük insan. Mən ağır cəzaya layiq idim. Lakin sizin etibarınız daha yüksək oldu, məzəmmətlə kifayətləndiniz. Bu da mənə dərs oldu. O əhvalatı hər dəfə yada salanda özümü məzəmmətləyir, sizin nəcibliyinizi isə minnətdarlıqla hallandırıram.

Tələb edirdiniz ki, rus dilindəki mətnlər şöbələrdə tərcümə edildikdən sonra makinaya verilsin. Göstəriş düzgün olsa da ağzını əjdaha kimi açan gündəlik qəzet üçün material çatdırmağı çətinləşdirirdi. Odur ki, tərcümə etməyi bacaran şöbə müdirləri bəzən yazıları birbaşa makinaçıya diqtə edirdilər. Bir gün şəhər partiya komitəsindən qanıqara qayıtmışdınız. Səsimi eşidib makina otağının qapısını açdınız, diqtə etdiyimi görüb dərhal iradınızı bildirdiniz: «Əşi, sən Abbas Gülməmmədovsan, Süleyman Məlikovsan (o vaxtın məşhur tərcüməçiləri), neçə dəfə demişəm ki, bunları şöbədə tərcümə edin! Yaxşı, dur gəl, sən qorkoma qalxmalısan!». Pərt olsam da incimədim, əziz redaktorum! Siz demişkən, axı, böyüyün sözünün boynuna ip salmaq qəbahətdir. Bir müddət keçdi, günlərin birində səhər saat 9-da bir səhifəlik yazını mənə uzadıb söylədiniz:

- Plenum materialıdır, dünən evə aparmışdım ki, tərcümə edim. Axşam qonağım gəldi, cəmi bir qranka tərcümə eləmişəm. Bu gün getməlidir, tez makinaya diqtə elə.

…Bəlkə də xatırlayırsınız. Ustad! Məni gülmək tutdu:

- Nəsir müəllim, mən Abbas Gülməmmədovam, Süleyman Məlikovam ki, birbaşa diqtə edim?!

Siz necə ürəkdən şaqqanaq çəkdiniz. Yəqin ki, yetirmənizin söz altında qalmadığı sizi ehtizaza gətirmişdi, ey çəkdiyi zəhmətin bəhrəsini görəndə qəlbən fərəhlənən Vətən oğlu!

Bir məqamı da qeyd etməyə bilmərəm. Əsas vəzifənizdən gedəndən sonra da xeyirxahlığınızdan qalmamış, həmişə nəzərləriniz yetirmələrinizin üstündə olub. Respublika Veteranlar Şurası məni «Hikmət» qəzetinin baş redaktoru təsdiq etmək istəyirdi. Hesabat-seçki konfransında bu məsələ müzakirə olunarkən bir nəfər mənə qərəzli sual verdi. Bu, sizi təbdən çıxardı. Yadınızdadırmı, orta sırada əyləşmişdiniz. Dərhal ayağa qalxıb gür səslə zaldakılara müraciət etdiniz: «Sizin minnətiniz olsun ki, Əliabbas «Hikmət»in redaktoru olmağa razılıq verir. O, «Pravda» qəzetinin (o vaxt SSRİ-nin bir nömrəli qəzeti) baş redaktoru olmağa layiqdir». Bununla da müzakirə bitdi və yüzlərlə veteran mandatını yuxarı qaldıraraq baş redaktor olmağıma səs verdi. Bax, belə dağ idiniz, Nəsir müəllim! Alovlu çıxışınız və qırmızı mandatların bərq vurması məni apogeyə qaldırdı. Həmin anı tez-tez, özü də sizə dərin minnətdarlıq hissilə xatırlayıram. Obyektivliyinizi, yüksək təşkilatçılıq qabiliyyətinizi vəzifə tutan məmurlar ustadımın keyfiyyətlərindən yararlansalar, yaşayışımız indikindən xeyli yaxşı olar) dananlara, unudanlara ar olsun!

Bü gün yeriniz necə də görünür! Zəhmətə, istedada, mətbuatda uzun illər səmərəli fəaliyyətə verdiyiniz qiymət sayəsində aldığım mükafatlara görə mənə də Prezidentin fərdi təqaüdü düşür. Lakin son illər müxtəlif qurumlara müraciət etsəm də nəticəsi olmayıb. Sizintək canıyanan, haqqa tapınan insan gərəkdir ki, bu sahədə ədaləti bərpa etdirə bilsin, təəssübkeş qardaşım! Təsadüfi deyil ki, adınız «Qurani-Kərim»in 110-cu surəsi ilə həmahəng səslənir, ustad!

Bəli, unudulmaz həmkarım, xeyirxahım, qədirbilənim, yeriniz hər gün, hər yerdə görünür. Amma yazıya pozu yoxdur. Odur ki, əbədiyyət dünyasında rahat uyuyun. Və bilin ki, qədirbilən yetirmələriniz, ürək dostlarınız, «bağdan ərik qurtarsa da, salaməleyki qurtarmayın» qardaşlarınız sizi həmişə məhəbbətlə xatırlayacaqlar.

 

Əliabbas Əlimədətoğlu,

Azərbaycan Respublikasının

Əməkdar mədəniyyət işçisi.

 

Şərq.- 2017.- 16 avqust.- S.6.