“BİZ ANCAQ
AKTYORLARIN
GÜCÜNDƏN
İSTİFADƏ EDİRİK”
Nicat Kazımov: “Azərbaycanda
“Möhtəşəm yüz il” çəkmək üçün
milyardlar lazımdı”
“Yəni onun geyimləri, interyeri,
dekorları, döyüş səhnələri
üçün böyük
pullar xərclənir”
"Teatr dönəmi bitdimi”
sualı bu gün daha çox müzakirələrə
səbəb olur. Doğrudanmı internetin inkişafı, sosial
medianın varlığı mədəniyyətin əsas qolu sayılan teatr məkanını
kölgədə qoya bilib?
Suallarımızı Gənc Tamaşaçılar
Teatrının rejissoru və aktyoru, Əməkdar artist
Nicat Kazımov cavablandırdı.
"Şərq”ə maraqlı açıqlamalar verən
Əməkdar artistin teatra
münasibəti yəqin sizlər üçün
də maraqlı olar.
- Teatr
mövsümü bitib.
Yeni mövsümə nələri
planlaşdırırsınız?
- Yaydı, hələki istirahət edirik. İnşallah, planlarım var, amma imkan olsa. Açıqlama verməyəcəm, amma sponsor axtarıram. Yeni bir layihəmin ərsəyə gəlməsində mənə sponsorluq etmək istəyənlərlə görüşmək, onlarla bu barədə söhbət etmək istərdim.
- Yeniliyini
sirr kimi
saxlayırsan...
- (Gülür) Hə, bir az sirr qalsa yaxşıdı. Hələ ki heç bir açıqlama vermək istəməzdim. Sponsor tapa bilsəm, yeni bir işlə tamaşaçı qarşısına çıxmaq niyyətim var.
- Teatrın
dönəmi doğrudanmı bitmiş
sayıla bilər? Son illər internetin, sosial medianın
həyatımıza təsiri böyükdü,
bu, teatra də təsir
edə bilibmi?
- Mən bunu deməzdim. Düzdü, internet, sosial media həyatımıza az qala bir az da zəhər kimi daxil ola bilib. Amma böyük mənada teatrı bitmiş saymaq olmaz. Teatr var, fəaliyyət göstərir, işlər görülür, tamaşalar hazırlanır.
- Yəni teatra soyuq münasibəti
hiss etmirsən?
- Ən azı mən hazırladığım heç bir tamaşada tamaşaçı qıtlığı hiss etməmişəm. Necə deyə bilərəm ki, teatra soyuq münasibət yaranıb? Mən "Leyli və Məcnun” tamaşasını hazırlamışam. O tamaşada tamaşaçı qıtlığı hiss etməmişəm. Bütün tamaşalar anşlaqla keçib. Yaxşı tamaşaya maraq hər zaman var.
- Yəni keyfiyyətli
tamaşaya və aktyor
oyununa maraq var. Yetər ki, keyfiyyətli,
yaxşı tamaşa təqdim olunsun.
- Təbii ki, keyfiyyətli tamaşa, güclü aktyor oyunu varsa, tamaşaçı bu tamaşanı maraqla izləyəcək. Mənim yadıma gəlmir ki, maraqlı tamaşa səhnədə təqdim edilsin, tamaşaçı teatra gəlməsin.
- Qonorarın
azlığı, aktyorun maddi
problemlərinin varlığı onun oyununa təsir edə bilirmi?
Necə deyərlər, ac qarına səhnədə
olan aktyordan güclü "Hamlet”
gözləməyə dəyməz?
- Bəli, əslində aktyorun problemi olmamalıdır, aktyorun maddi durumu yaxşı olmalıdı. Bu ayrı məsələdi. Amma səhnəyə çıxan aktyor səhnədə problemi unutmağa məcburdu.
- Bəs bizim aktyorlar problemlərini unuda bilirmi?
- İnanın, bizdə
aktyorların çoxu
səhnədə problemlərini
unuda biliblər. Mən özüm
səhnəyə çıxanda
bütün çətinliklərimi
səhnədən kənara
qoyuram. Çünki mən səhnədə
ruhumla yaşayıb, obrazı tamaşaçıya
təqdim edirəm.
- Türk aktyorları ilə bizim aktyorlar tez-tez müqayisə edilir. Onların daha böyük qonorar aldıqları, elə bu səbəbdən
türk seriallarında
güclü aktyor oyununu gördüklərini
deyirlər.
- Söhbət qonorardan getmir axı. Türk aktyorlarının çəkildiyi
ekran əsərləri
təkcə onlar böyük qonorar alırlar deyə maraqlıdır deyə bilmərik. Yəni serialın maraqlı
olması təkcə
aktyor oyunundan asılı deyil. Söhbət
qonorardan yox, seriala çəkilən böyük vəsaitdən
gedir. Türk seriallarına çəkilən
bütün xərclər
təkcə aktyorların
qonorarına xərclənmir.
Onların seriallarında
dekor işindən tutmuş digər texniki imkanlara qədər keyfiyyətin üstündə qurulub. Misal üçün, Azərbaycanda "Möhtəşəm
yüz il”
çəkmək üçün
milyardlar lazımdı.
Yəni onun geyimləri, interyeri, dekorları, döyüş səhnələri
üçün böyük
pullar xərclənir.
Ona görə də keyfiyyətli iş meydana gəlir. Biz isə
yalnız aktyordan istifadə edirik. Başqa əlavə effektlərə
önəm verməyən
maraqlı görüntü
gözləyirik. Axı aktyor
oyunu ilə yanaşı, vizual görünüş, interyer
də önəmlidir.
Bəli, aydın məsələdir ki, xaricdə istedadı az olan aktyordan az istifadə
olunur. Yaxşı aktyora daha çox önəm verilir.
- Yəni filmlərə
daha çox bahalı aktyorları dəvət edirlər.
- Bahalı yox, yaxşı aktyorları dəvət edirlər. Bahalı aktyor həmişə yaxşı aktyor anlamını daşımır
ki. Düzdü,
bahalı ola
bilər, amma istedadlı deyil. Bizdə Azərbaycanda elə istedadlı aktyorlar var ki, tanınmır,
yəni bahalı deyillər, amma güclü aktyor potensialına malikdir.
Onun qonorarı təbii ki, tanınmışdan daha az olacaq.
Bunu görürük axı.
Qonorar sırf tanınmaqla bağlı bir məsələdir. İstedadın qonorarın az-çox olmasına aidiyyəti yoxdu. Sən tanınmış ola bilərsən, amma istedadın yoxdu.
- Bizdə elələri
varmı?
- Məni xataya salmayın, ad çəkməyəcəm,
amma bizdə də elələri var. Tanınır, qonorarları
böyük olur, amma istedad yoxdu.
- Doğrudanmı
aktyorun daim rol alması rejissorla münasibətindən
asılıdır?
- Bir rejissor kimi
mənim üçün
aktyorla münasibət
çox önəmlidir.
Əgər aktyorla münasibətim
pisdirsə, aramızda
intriqa varsa, yola getmirəmsə, onunla işləyə bilmərəm. Çünki tamaşanın məşq
prosesi bir sevgidir. Əgər arada sevgi olmasa, onda bu
olar zorakılıq.
Zorakılıqla yaxşı nəticə
əldə etmək mümkün deyil. Mütləq
sevgi, qarşılıqlı
anlaşma olmalıdır.
Bəxtim onda gətirib
ki, mənimlə işləyən aktyorlarla
çox yaxşı münasibətim var. Azərbaycan
teatr sənətində
yaxşı münasibətim
olmayan bir-iki aktyor var ki,
onlarla da heç vaxt işləmərəm.
- Bəs serial təklifinə niyə müsbət yanaşmırsız?
- Ona görə ki, çox pul istəyirəm. Onlar sitqom janrında çəkirlər. Buna görə
dedim ki, sizin çəkdiklərinizlə
mən bir aya ev
ala biləcəmsə, hansı
rola istəsəniz çəkilərəm. Bu gün
əksər aktyorların
ev problemi
var. Bu gün maaşla
ev problemini həll etmək mümkün deyil. Mən heç bir serial dəvətini qəbul etmirəm.
- Səbəb?
- Çünki iki
seçim arasında olanda birini seçirsən.
Ya yüksək sənət,
ya böyük qonorar. Aya 50 min versələr, seriala çəkilərəm.
Amma ucuz qonorara seriala
çəkilməyi sənətimə
yaraşdırmıram. Teatr səhnəsi daha yüksəkdə durur.
- Bəs ora-bura niyə qaçırsız?
- Ora-bura qaçmaqda məqsədim ailəmi dolandırmaqdır. Artıq uşaqlar
da böyüyür.
Çalışıb onlar üçün
nəsə eləmək
lazımdır. Mən verilişə
də məhz ailəni maddi cəhətdən təmin
etmək üçün
çəkilirəm.
- Sizcə, teatrda aktyor kimi oynamaq, yoxsa
kinoda çəkilmək
asandır?
- 1991-ci ildən televiziyada, həm də teatrda fəaliyyətə
başlamışam. Onun
üçün mən
eyni vaxtda kameranı yaxşı
hiss edə bilirəm.
Teatr bir balaca böyük
oyun tələb edir. Məndə teatr və kinoda oynamaq paralel getdiyi üçün filmlərdə
çətinlik çəkmirəm.
Teatrda olmaq daha çətin
və məsuliyyətlidir.
Filmdə bir kadrı
10 dubla da çəkə bilərsən.
Çək, stop, alınmadı, bir də çəkirsən.
Teatrda isə aktyorun ikinci dəfə eyni sözü təkrarlamaq imkanı yoxdur. Sən səhv edə bilməzsən, sən zəif olanda onu həmin an
yenidən bərpa edə bilməzsən. Bu baxımdan teatr
aktyorunun işi daha çətindi. Sən il
yarım bir rol üzərində məşq edirsən, sonra onu tamaşaçıya
təqdim edə bilirsən.
- Ürəyinizcə
olmayan rolu oynamaq məcburiyyətində
qalmısız?
- Əvvəllər elə
tamaşalar olub ki, onları məcburiyyət qarşısında
oynamışam. Bu, təbii
ki, gənclik illərimə təsadüf
edir. O vaxt, ürəyimcə olmayan bir neçə tamaşada məcburiyyət
qarşısında oynadım.
Buna görə, səhnəyə çıxanda
sadəcə utanırdım.
Bu, aktyor taleyidir.
Amma indi rejissor kimi
də fəaliyyət
göstərdiyimdən seçmək
imkanım var.
- Hansısa tamaşada uğursuzluğa
düçar olmamısız
ki?
- Aktyor kimi adlarını çəkməyəcəyim tamaşalar olub ki, uğursuzluğa düçar olmuşam. Ancaq rejissor kimi belə bir uğursuzluğum olmayıb, inşallah da olmaz.
- Quruluş
verdiyiniz hər hansı tamaşada
əsas üstünlüyü nəyə
verirsiz?
- Quruluş baxımdan ilk növbədə hərəkətə üstünlük verirəm. Mixail Çexov demişkən, teatrda hərəkət əsas olmalıdır. Çünki hərəkətin milli mənsubiyyəti yoxdur. Hərəkətlə hazırlanan tamaşalar dünyanın hər yerində başa düşülür. Sözün ikinci plana atılmasının tərəfdarı deyiləm. Amma sözlə bərabər edilən hərəkətə də diqqət yetirmək lazımdır. Mən bir rejissor kimi çalışıram ki, sözün hərəkətini çıxarım. Bugünkü teatr ümumiyyətlə hərəkət teatrıdır. İstəyiriksə dünyaya çıxaq, istəyiriksə hər yerdə bizi başa düşsünlər, üstünlüyü hərəkətə verməliyik. Amma hərəkət teatrı deyib danışığı ikinci plana keçirmək olmaz.
- Hansı mövzulara quruluş vermək,
tamaşaya qoymaq ruhunuza yaxındır?
- Daha çox mistikanı sevirəm. Emosional əsərləri tamaşaçılarla bölüşmək istəyirəm. Özüm də həddən artıq emosionalam. Buna görə də daha çox mistik əsərlərdə özümü göstərə bilirəm.
Tahirə
Şərq.- 2017.- 17 avqust.- S.6.