Tanınmış rejissor Əmirhüseyn Məcidovun 80 illik yubileyi keçirildi

Tanınmış rejissor Əmirhüseyn Məcidovun 80 illik yubileyi Dövlət Film Fondunda qeyd edilib.

 

Milli.Az bildirir ki, Əmirhüseyn Ağaqulu oğlu Məcidov Azərbaycan Televiziyasının sayılıb-seçilən istedadlı rejissorlarından, özünəməxsus yaradıcılıq manerası, öz üslubu olan ustad sənətkarlarından biri idi. O, 1937-ci il noyabr ayının 30-da Xızı rayonunun Tudar kəndində dünyaya göz acıb. Ailəsi ilə Bakıya köçən Əmirhüseyn 1961-ci ildə Kitabxanaçılıq Texnikumunu, 1968-ci ildə isə Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti) musiqili teatr aktyoru fakültəsini bitirib. Xalq artisti Soltan Dadaşovun kursunda dərs alıb.

 

Tələbəlik dövründə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında (1964-1967) rejissor köməkçisi işləyib. "Zirvə", "Arşın mal alan", "Sehirli xalat" filmlərinin çəkilişində iştirak etmişdir. 1967-ci ildən ömrünü televiziyaya bağlayıb. O, "Evrika", "Sağlamlıq", "Odlar diyarı", "Şimşək", "Səadət qadınlar klubu", "Kitab köşkü" , "Yazıçılarımızın yaradıcılığından səhifələr", "Səhər görüşləri" verilişlərinin rejissoru olub. Onun hazırladığı "Klassik irsimizdən" silsilə verilişləri televiziya ekranında ədəbi kökümüzə qayıdış idi.

 

1972-ci ildə Firudin Ağayevin ssenarisi əsasında "Ekran" Yaradıcılıq Birliyində çəkilmiş "Həyat, sən kiminsən?" qısametrajlı bədii televiziya filminin quruluşçu rejissoru da Əmirhüseyn Məcidov olmuşdur. Azərbaycan Televiziyasında onlarla verilişə quruluş verən Ə.Məcidovun ən böyük uğuru 1981-ci ildə ekranlara çıxan "Ozan" folklor toplusuyla bağlıdır. 10 il tamaşaçıların ən sevimli verilişlərindən biri olan "Ozan" folklor toplusu Azərbaycan Televiziyası tarixində yeni bir səhifə açdı, təzə bədii-estetik telemühit yaratdı. Milli dəyərlərimizi, aşıq-ozan sənətimizi, adət-ənənəmizi ekranda canlandıran həmin veriliş tamaşaçılar tərəfindən çox maraqla qarşılandı. Təsadüfi deyil ki, bir qədər sonra "Ozan" Respublika Dövlət Mükafatına təqdim olundu. Bu verilişin ünvanına hər ay 7000 çox məktub gəlirdi. Bu, Milli Televiziya tariximizdə unikal bir hadisə idi. Onun daha bir uğurlu işi vətənpərvərlik ruhunda hazırlanan müəllifi rejissoru olduğu " Durna teli" verilişi idi. Əmirhüseyn Məcidov "Tikanlı məftillər", "Zümrüd quşu", "Kimin sualı var?", "Polkovnik Şaber" kimi teletamaşaların rejissoru olmuşdur.

 

5 kitab müəllifidir. Pyesləri respublikamızın müxtəlif teatrlarında tamaşaya qoyulub. "M. Müşfiq" xatirə mükafatının təsisçisidir. "Araz" ədəbi ali mükafatına layiq görülüb. 1992-ci ildə uzun sürən xəstəlikdən sonra 24 yaşlı oğlu Elşən dünyasını dəyişib. O zamandan etibarən Elşən adını özünə təxəllüs kimi götürmüşdür. Əmirhüseyn Məcidov 2006-cı il martın 25-də vəfat edib.

 

 

Şərq.- 1 dekabr,- S.13.