Jurnalistlərin peşəkarliğı
artırılmalıdır
Dinlə,
inancla bağlı xəbər hazırlamaq ikiqat məsuliyyət
deməkdirÖtən gün Mətbuat Şurası, Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi və
Qafqaz Müsəlmanları İdarəsi tərəfindən
Qubada "Din-media münasibətləri: mövcud vəziyyət
və beynəlxalq təcrübə” mövzusunda konfrans
keçirilib. İki günlük seminara ölkəmizdə
fəaliyyət göstərən media qurumlarının əməkdaşları
və mütəxəssislər qatılıblar. Konfransda
vurğulanıb ki, milli-mənəvi və dini dəyərlərimizin
təbliğ və təşviq edilməsində, dinin
düzgün formada ictimaiyyətə
çatdırılmasında media təmsilçilərinin
üzərinə böyük vəzifə düşür.
Bu baxımdan jurnalistlər dinin düzgün təbliğində,
dini radikalizmlə mübarizədə fəal olmalı,
terrorizmə və ekstremizmə qarşı tənqidi
mövqe nümayiş etdirməlidirlər.
Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı Əflatun Amaşov bu cür tədbirlərin
keçirilməsinin əhəmiyyətini önə çəkərək
bildirib ki, Azərbaycan tolerant ölkədir və
respublikamızda mövcud olan bu mühitin təbliğində
medianın rolu böyükdür. O qeyd edib ki, xarici
qüvvələrin dindən sui-istifadə cəhdlərinin
qarşısının alınmasında media nümayəndələrimizin
fəaliyyəti önəmlidir:
"Jurnalistlər dini sahədə yazı
yazarkən ictimaiyyəti çaşdırmamalı, məlumatları
düzgün çatdırmalıdırlar. Azərbaycan mətbuatı
tarixən dini xurafata qarşı mübarizə aparıb. Dinlə
bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri
Azərbaycanda hansı dinə məxsus insanların
yaşadığını, dini istiqamətləri bilməlidirlər.
Bunları bilməsək, dinlər arasında münasibətləri
düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda
dinin coğrafiyasını və dini prosesləri dərindən
bilməliyik ki, yarana biləcək problemlərin qarşısını
alaq”.
Ə.Amaşov bildirib ki, Mətbuat
Şurası yarandığı vaxtdan Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları
İdarəsi ilə sıx əməkdaşlıq edir və
jurnalistlərin dini biliklərini artırmaq üçün
müxtəlif seminarlar və tədbirlər keçirir.
Azərbaycan müsəlman ölkələri ilə xristian
ölkələri arasında bir körpüdür. Dövlətimiz
həm Avropa ölkələrinə, həm də islam ölkələrinə
nümunə ola bilər. Ona görə də Azərbaycan mətbuatı
bütün bu məsələləri həm cəmiyyətə,
həm də dünya ictimaiyyətinə düzgün
çatdırmalıdır”. Media nümayəndələri
hesab edir ki, dini yazıların əksəriyyəti müəllifdən
daha çox ekspertlərin, ilahiyyatçıların fikirlərini
özündə ehtiva edir. Lakin istənilən halda dini məqalələrdə
təriqət və məzhəb ayrıseçkiliyi ön
plana çıxır ki, bu da dindar qruplar arasında problemlər
yaradır. Bəzi qüvvələr Azərbaycanda süni
şəkildə dini problemlərin olmasını tirajlamaq
üçün medianın gücündən istifadə edirlər.
Bir sıra mətbuat orqanları bilərəkdən və ya
bilməyərəkdən bu cür təxribatların
daşıyıcısına çevrilirlər. Nəzərə
almaq lazımdır ki, dini mövzuları lazımi şəkildə
işıqlandırmaq üçün yetəri qədər
ixtisaslaşmış jurnalistlərimiz yoxdur. Ona görə də
bəzi ekspertlər çıxış yolunu bu yöndə
ixtisaslaşmış jurnalistlərin sayının
artırılmasında görürlər. Bəs,
problemləri aradan qaldırmaq üçün nə edilməlidir,
mövzuları seçərkən nəyə diqqət
yetirilməlidir. Ümumiyyətlə, dini məqalələr
sadəcə bu sahə üzrə ixtisaslaşmış, dini
yaxşı bilən jurnalistlər tərəfindən
yazılmalıdır, yoxsa istənilən jurnalist bu məsələyə
toxuna bilər?
Bu barədə "Şərq”ə
danışan "Ölkə.az” saytının baş
redaktoru Məmməd Gülməmmədov isə deyib ki,
jurnalist dini məqamlara, dini hadisələrə ehtiyatla
yanaşmalıdır. Çünki inanc çox həssas məqamdır:
"Cəmiyyətimiz tolerant cəmiyyətdir.
Ölkə Prezidenti və Azərbaycana səfər edən
xarici qonaqlar dəfələrlə cəmiyyətimizin tolerant
olduğunu qeyd ediblər. Azərbaycanın coğrafi
mövqeyi də elədir ki, burada müxtəli dinlər və
dini təriqətlərin olması mümkündür. Amma
sevindirici haldır ki, ölkəmizdə xurafat dərinliyi, məzhəb
çatışması yoxdur. Zatən bu məzhəb
çatışmasını da bir çox hallarda xarici kəşfiyyat
orqanları yaradır. Jurnalistin vəzifəsi isə dinlə
bağlı məqalə, xəbər hazırlayanda bu həssas
məqamları nəzərə almaqdır. Unutmaq lazım
deyil ki, ölkə əhalisinin böyük əksəriyyəti
islam dininə inanır. Bu səbəbdən dinlə, inancla
bağlı xəbər hazırlamaq ikiqat məsuliyyət deməkdir.
Əgər bir jurnalistin din bilgisi yoxdursa, yaxşısı
budur ki, peşəkarlara, mütəxəssislərə
müraciət etsin, fikir öyrənsin. Onsuz da jurnalistin əsas
vəzifəsi xəbər hazırlamaqdır, mövqe ortaya
qoymaq deyil. Mövqeni ortaya əsasən ekspertlər, alimlər
qoya bilər. Xüsusən də din kimi həssas məsələdə,
cəmiyyətin inancına yönəlik mənfi xəbər
hazırlanmasının əleyhinəyəm”.
Lakin baş redaktorun sözlərinə görə,
xurafat mütləq tənqid olunmalıdır: "Amma
bu tənqid də, yumşaq dillə olmalı və məlumatverici,
öyrədici, çəkindirici olmalıdır. Əgər
jurnalist qarşılaşdığı xurafatı sərt
dillə tənqid edib yazı hazırlayırsa, bu,
düzgün deyil. Əksinə, xurafat barədə xəbəri
hazırlayıb, bunun xurafat olduğunu təsdiqləyən
faktları, mütəxəssis və alim rəyini
mütləq əlavə etməlidir ki, oxucuda tənqid olunan
məsələnin əsas mahiyyəti barədə fikir
formalaşsın. Təbii ki, din anlayışı olmayan
jurnalistin yazdığı məqalə müəyyən
dindar kəsimin etirazına səbəb olar. Bu səbəbdən
inanc məsələsi ilə bağlı ehtiyatlı olmaq
lazımdır”.
"Yeni Çağ” Media Qrupunun rəhbəri
Aqil Ələsgərin sözlərinə görə, Mətbuat
Şurasının sədri Əflatun Amaşov çox
düzgün qeyd edib. Baş redaktorun sözlərinə
görə, jurnalistlər dini məsələdə
xüsusilə həssas olmalıdırlar:
"Bəlkə digər məsələlərdə
normal məsuliyyət tələb olunursa, dini və milli məqamlarda
ultra həssaslıq tələb edilir. Bu baxımdan dini
mövzular üzərində işləyən jurnalistlərin
maarifləndirilməsinə, dinlə bağlı müəyyən
bilgi əldə etməsinə böyük ehtiyac var. Bu iş
daha çox bizim QHT-lərin üzərinə düşən
bir missiyadır. Təəssüf ki, bir çox hallarda dini
maarifləndirmə ilə bağlı proyektlər simvolik və
gözə kül üfürmək mahiyyəti
daşıyır. Çox vaxt dinlə bağlı
danışan ekspertlərin əksəriyyətinin ümumiyyətlə
dindən xəbərləri olmur. Yaxud da dini birtərəfli
qaydada bilirlər və məsələlərə məzhəb
qarışdırırlar. Daha gözəl olardı ki,
mediamız bütün dinləri və məzhəbləri
yaxşı bilən ekspertlərdən faydalasınlar”.
A.Ələsgərin fikrincə, dini
anlayışları zəif olan, konkret hansısa məzhəb
adından çıxış edən şəxslər Azərbaycanın
ənənəvi dini mühiti ilə bağlı ciddi problem
yarada bilərlər. Bunun isə çox ciddi fəsadları
olar: "Elə dəyərlər var ki, onlar islam dininin
görüşləri ilə birbaşa uyğun gəlməz,
ziddiyyət təşkil edə bilər. Ona görə də
belə məqamlar mütləq mənada peşəkar
yanaşma tələb edir”.
"Avropa.info” saytının baş redaktoru
Ruslan Bəşirli isə bildirib ki, ümumiyyətlə din
spesifik sahədir: "Məncə, bu sahəni az-çox bilən
jurnalistlər bu sahədən yazsalar yaxşı olar. Təəssüf
ki, bizdə jurnalistlər hələ ixtisaslaşmayıb.
Xüsusilə də internet media ortaya çıxandan sonra, bu
problem özünü qabarıq göstərir. Saytların
çoxlu jurnalist işə götürmək və
onların sahələr üzrə ixtisaslaşmasına
kömək etmə imkanları sıfırın
altındadır. Bu səbəbdən də təkcə dini
mövzular deyil, digər mövzularda da mediamızda olan
problemlər davam edəcək. Bunu müəyyən qədər
həll etmək üçün treninqlər keçirilməlidir.
Fikrimcə, bununla heç olmasa, az da olsa problemi belə həll
etmək mümkündür”.
"Xalq qəzeti”nin əməkdaşı,
araşdırmaçı-jurnalist Anar Turan deyib ki, din sahəsini
bilən jurnalistlərimiz azdır. Dini mövzulara səthi
bildikləri halda baş vuran jurnalistlərimiz isə həddindən
artıq çoxdur.
O bildirib ki, bəzi jurnalistlərimiz mövzu
qıtlığından əziyyət çəkirlər.
Amma özlərinə əziyyət verib araşdırma
aparmaq, sanballı məqalə, təhlil materialı,
köşə yazmaq istəmirlər. Bunun əvəzinə
özlərini din sahəsinə müdaxilə edəcək,
insanlara ağıl öyrədəcək qədər peşəkar
sayırlar: "Profil olaraq dini mövzulardan mütəmadi
yazı yazmayan, ümumiyyətlə, bu sahəni bilməyən
qələm nümayəndələrinin belə həssas sahədən
yazmalarını doğru hesab etmirəm. Çünki hər
bir sahənin öz ağırlığı var. Xüsusilə
din mövzusu öz ağırlığı və tələbləri
ilə seçilir. Məsələn, bir jurnalist hüquq,
iqtisadiyyat, ədəbiyyat, sosioloji mövzularda yazı yazsa,
araşdırma aparıb yanlışlığa yol versə,
bunu düzəltmək, tez aradan qaldırmaq
mümkündür. Lakin dini mövzularda bu səhvləri
düzəltmək çətindir. Çünki milyonlarla
insanın inancı haqqında, dəyər bildiyi şəxsiyyətləri,
ibadət qaydaları, mərasimləri haqqında yazanda
mütləq dəqiq, qərəzsiz və ədalətli
olmaq lazımdır. Çünki kiçik bir səhvlə
jurnalistin imici korlana bilər və hətta özü
üçün də təhlükəyə çevrilər.
Dini mövzularda qərəzli yazan hansısa media nümayəndəsi
ilk öncə düşünməlidir ki, bu, elementar peşə
etikasına ziddir. Üstəlik, xalqın, toplumun dəyərlərinə
hörmətsizlikdir. Bu halda o, haqlı olaraq kütləvi tənqid
oluna bilər, hətta ona hansısa fanatiklər hücum da edə
bilərlər. Bu baxımdan jurnalist həssas mövzularda
ehtiyatla davranmalıdır. Məqsədi maarifləndirməkdirsə,
bir neçə ilahiyyatçıdan müsahibə almalı,
heç olmasa, elementar dini biliklərə sahib olmalı və
müqayisələr verməlidir”. A.Turanın sözlərinə
görə, ən vacib məqam odur ki, müxbir islam yox,
ayrı din mənsubu olsa, yaxud dinsiz, ateist olsa belə peşə
etikasını pozmamalı və mənəvi dəyərlərə
hücum xarakterli niyyətdən uzaq olmalıdır:
"Hazırda jurnalistlərimizin içində təəssüf
ki, bu cür insanlar az da olsa var. Baxırsan ki, neçə
ilin media nümayəndəsidir, hətta baş redaktordur, amma
yazılarında, sosial şəbəkələrdə dini dəyərləri
təhqir edir və ya öz aləmində guya təftiş
edir. Nəticədə cəmiyyət tərəfindən
ikrahla qarşılanır və öncə peşə
etikasını pozur. Belə jurnalist növbəti dəfə
hətta keyfiyyətli "məhsul” da ortaya qoymağa
çalışsa, ona inanmayacaqlar, etibar etməyəcəklər”.
Ekspertə görə, məsələni tənzimləmək
üçün nəinki dindən yazan, hətta bu sahədən
yazmayan jurnalistlərimizin elementar dini biliklərə yiyələnmələri
üçün kurslar təşkil edilməlidir: "Bu
kurslar xüsusilə mədəniyyət, sosial, siyasət sahəsindən
yazan jurnalistlərimiz üçün aktual olmalıdır.
Bu işdə jurnalistika, media sahəsində
ixtisaslaşmış QHT-lər, Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları
İdarəsi layihələr irəli sürə bilərlər
və ya toplantılar, təlimlər təşkil edə bilərlər”.
Tanınmış
araşdırmaçı-jurnalist Rəsul Mirhəşimli də
"Şərq”ə söyləyib ki, dini mövzular məsələsi
hər zaman mətbuatda aktual olaraq qalmaqdadır:
"Din həddindən artıq həssas və
dərin biliklər tələb edən mövzu olduğundan
bu mövzuda yazan jurnalistlər geniş məlumatı olan
media nümayəndələri olmalıdır. Mətbuat
Şurasının sədri Əflatun Amaşovun
çıxışındakı fikirlər diqqətçəkən
fikirlərdir. Qeyd etmək istərdim ki, bu sahədəki həssaslığı
nəzərə alıb, Mətbuat Şurası jurnalistlərlə
mütəmadi treninqlər təşkil etməlidir. Bu treninqlər
din sahəsində tanınmış mütəxəssislərin
bilgi verməsi ilə tənzimlənə bilər. Azərbaycan
tarixən dini konfensiyaların birgə yaşadığı
tolerant cəmiyyət kimi tanınıb. Əminliklə qeyd
etmək mümkündür ki, tarixən Azərbaycan dini
baxımdan qarşıdurmaların olmadığı ölkə
adını qazanıb. Jurnalistika sahəsində
çalışanlar da bu sahəyə həssas
yanaşmalı, problemlərin yaranmasına yol
açmamalıdılar”.
İsmayıl
Şərq.-
2017.- 2 dekabr.- S.11.