İSTANBULDA KİÇİK AZƏRBAYCAN MUZEYİ VƏ YA MÜHACİRLƏR ODASI…

AKİF AŞIRLI

Bu onunla ikinci görüşüm idi. Kərim Mehmetzadə Xoyskilər nəslinin İstanbulda yaşayan çox az sayda varislərindəndir. Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xanın nəticəsidir. İlk görüşümüz Nuru Paşanın məzarüstü abidəsinin açılışında oldu. Onda vaxt darlığından qısa tanışlıqdan o tərəfə keçə bilmədik. İndi fürsət yarandı, İstanbulun tarixi daşlarda yaşayan qədim məhəllələrindən birində, babası Hacıbaba Gəncəlinin Mahmud Paşadakı mülkündə görüşdük. «Bilirsiz, indi heç Xoyskilərə qohum olmayanlar da deyir bu nəsildənəm. Yalançı xoyskilər çıxıb ortaya. Türkiyədə də, Azərbaycanda da belədir. Bu yalançı bağlılıq nəyə lazım?» Hiss olunur ki, Kərim Mehmetzadə incikdir. Heç bir dəlilə söykənməyən, araşdırılmayan nəsnələr, "faktlar" çıxır ortaya. Soy-kökünün qədimliyini, məğrurluğunu, zadəgan irsinə bağlılığını yalan üzərində qurmağa çalışanlar var.

Fətəli xan 1920-ci ildə Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib, Rüstəm xan Xoyski 28 aprel işğalından sonra həbs olunub, Sibirə sürgün edilib. Slovakiya həbs düşərgəsində olduğu da söylənilir. Həbsdən çıxdıqdan sonra Azərbaycana qayıtmayıb. K.Mehmetzadənin söylədiyinə görə, tatar xanımla ailə qurub: «Rüstəm xanın ölümündən sonra xanımı Azərbaycana gedib. Övladları da deyilənə görə var. Biz bilmirik, məlumatımız yoxdur».

«Fətəli xanın Tamara adında qızı olub. Onu bilirik. O da Sibirə sürgün olub, geri dönüb. Nə bizi aradı, nə də biz onu axtardıq. Amma Leyla adında bir qızı var».

Hüseynqulu Xoyski ömrünün sonunadək İstanbulda yaşayıb, 4 övlad böyüdüb. K.Mehmetzadə Hüseynqulu xanın qızı Sima xanımın nəvəsidir: «Babamın evi hər cümə günü azərbaycanlılarla dolub boşalırdı. 40-50 nəfər gəlib-gedirdi. Azərbaycana qayıtmağı, orada iş-güclə məşğul olacaqları həp arzuları idi».

Kərim Mehmetzadənin ata babası Hacıbaba Gəncəli 1850-ci illərdə İstanbula yerləşən ilk azərbaycanlı ailəsidir: «Xalı satışı ilə məşğul olub Hacıbaba Gəncəli. Gördüyünüz bu mülk də ondan qalmadı. Ruhuna rəhmət oxuyuruq". Tarixlərə şahidlik edən bu ev tarix yaradan şəxsiyyətlərin sığınacaq yeri, qonaq qaldıqları bir məkan olub. H.Gəncəlinin böyük malikanəsində Şirvanşahlar sarayının hücrələrinə bənzəyən kiçik bir otaq da var. İlkinliyi qorunub-saxlanılıb, əl dəyməyib. Bu otaqda milli mətbuatımızın, teatrımızın bünövrəsini yaradan mütəfəkkir Həsən bəy Zərdabi günlərlə qonaq olub. H.Zərdabi 1870-ci illərdə İstanbula gəlib «Əkinçi» qəzetinin çapı üçün hürüfat alıb. Mətbuat tarixçisi, professor Əziz Mirəhmədovun bu barədə yazdıqları Kərim bəyin yaddaşındakı xatirələrlə üst-üstə düşür. Ə.Mirəhmədov yazır ki, Həsən bəy İstanbula hürufat almaq üçün yollanıb və ona ticarətlə məşğul olan azərbaycanlılar kömək edib.

«Bu otaq əskidə necə olubsa, eləcə də qalıb. 20-25 sənə əvvəl boyasını yenilədik».

Azərbaycan tarixinin bütöv bir mərhələsini təkcə divarlarında yaşatmır bu kiçik muzey. Hacıbaba Gəncəlidən və oğlu Mehmet Əlidən qalan oturacaqlar, qaz sobası, dəmir seyf, xalı və 1940-cı illərə aid telefon necə varsa, eləcə də qalıb.

 

Bu oda həm də Əli bəy Hüseynzadənin 1901-1903-cü illərdə Osmanlı xəfiyələrindən qorunduğu yerdir: «Baxın, divarda Əli bəyin bu odada daldalandığı vaxt yağlı boya ilə çəkdiyi 4 tablo var. Bu, Topqapı Sarayıdır, bu Hacıbaba Gəncəlinin, o birisi atam Mehmet Əlinin uşaqlıq rəsmidir. Şah Abbasın rəsmi də onundur. Bax, üzərində Əli bəyin ismi, imzası var. Həpsi orijinaldır… Əli bəyin qızı Feyzavər xanım hərdənbir gəlib bu odanı ziyarət edir. Kövrəlib ağlayır».

Ə.Hüseynzadənin bu otaqda iki il gizlin yaşamasının səbəbini Kərim bəy «İttihadi-tərəqqi»çilərin Əbdülhəmid tərəfindən axtarılması ilə bağlayır: «Əli bəy də axtarılıb. O, «İttihadi-tərəqqi»nin liderlərindən idi. Babam onu qoruyub".

Ə.Hüseynzadənin həyatını yazanlar onun 1901-1903-cü illər fəaliyyətini «qaranlıq dövr» hesab edir. Deyilən o «qaranlıq dövr» bu odada keçib. Əli bəy heç burada iki il gizlənməsini ailəsinə də deməyib. Çünki «İttihadi-tərəqqi»çilər gizlin çalışdıqları üçün onların başını da kəssən, ailəsinə belə heç bir şey söyləməzmişlər».

K.Mehmetzadə ailə içərisində danışılan bir faktı da dilə gətirir: «Əli bəy Hüseynzadənin İstanbul əsgəriyyə-tibbə qəbul olunmasına babam yardım edib. Həsən bəy Zərdabi Əli bəy Hüseynzadədən babama məktub göndərib, xahişdə bulunub ki, ona kömək etsin».

Bu kiçik muzeyin qədim naxışlı masasının üstündə xeyli köhnə jurnallar, kitablar düzülüb. "Bu, Sabirin «Hophopnamə»sidir. İlk basqıdır. Tarixinə baxın, 1914-cü il yazılıb. Bu, «Molla Nəsrəddin» məcmuəsinin 1906-cı il ilk saylarının həpsidir. O birisi də «Molla Nəsrəddin»dir". Bu sözləri aram-aram söyləyir Kərim bəy.

Pianoya oxşayan masanın bir tərəfində köhnə qovluqlardakı qəzet kəsikləri diqqətimi çəkir. «Bunlar əski türk qəzetləridir, babam oxuyar, lazım bildiklərini kəsib götürərdi».

«Təfsiri-əfkar», «Tərcüman» və adı bəlli olmayan bu qəzet kəsiklərində II Dünya müharibəsinə aid məqalələr var: «Bilirsiz, elə ki savaş başladı, mühacirlər daha da fəallaşdılar. Hitlerin qoşunları haranı alıblarsa, onlar bunu müzakirə edirdilər. Ortaya xəritə qoyulurdu, Qafqaza nə qədər, neçə kilometr qaldığına qədər hesablayırdılar. Onlar elə düşünürdülər ki, sovetlərin sonudur. Hitler Qafqazı alandan sonra geri, torpaqlarına dönəcəklər… Bu ümidlə də dünyasını dəyişdilər».

Kərim bəy bu otağa yığışan mühacirləri yaddaşının imkan verdiyi qədər xatırlayıb, adlarını bir-bir sadalayır: «Əmircanlılar, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlı, Əhməd bəy Ağaoğlu, Əhməd Cəfəroğlu, Fətəli bəy Düdənginski, Cahangir bəy Kazımbəyli…"

 

Milli Azərbaycan ordusunun polkovniki, Gəncə üsyanının əsas təşkilatçısı Cahangir bəy Kazımbəyli bu ailənin ən yaxın qohumu kimi həftələrlə bu evdə qalıb. Cahangir bəy Hüseynqulu xan Xoyskinin qızı Valiyə xanımla ailə qurub. 1940-cı illərdə Polşa ordusunda xidmət edən Cahangir bəy Kazımbəyli Kərim bəyin dediyinə görə, zəhərlənərək öldürülüb. Sovet «KQB»-si Kazım bəyin yoldaşı Valiyə xanımı da təyyarə qəzasında öldürüb: «Bu barədə ailəmizdə də danışılırdı, qəzetlər də yazdı. Valiyə xanım bir neçə hərbçini Romadan Polşaya keçirmək istəyib. Onları təyyarə ilə apardığı zaman «KQB» bundan xəbərdar olub, uçaq qəzası yaradıb. Valiyə xanımın məzarı İstanbuldadır, elə onun məzarından bir az aralı Polşaya aparmaq istədiyi hərbçilərin qəbirləridir».

 

Azərbaycan Cümhuriyyətinin təhlükəsizlik naziri Nağı bəy Şeyxzamanlı da Mehmetzadələrin yaxın qohumlarındandır. Hər zaman bu evə gələr, indi adına kiçik muzey dediyimiz bu evin daimi sakinlərindən olardı: «Nağı bəy Şeyxzamanlı uşaqlıq yaddaşımda ən sərt kişi kimi qalıb. Heç vaxt üzü gülməzdi. Çox az danışardı. Qayğılı görünərdi. Xanımı rəhmətə gedəndən sonra ikinci dəfə Həmidə xanımla evləndi. Həmidə xanım Nağı bəy dünyasını dəyişəndən sonra Azərbaycana getdi. 1970-1975-ci illərdə Azərbaycana gedən ilk mühacirlərdəndir. Qayıdanda bizə qohum-əqrəbadan xəbərlər gətirdi».

«Əhməd Cəfəroğlunu da babam böyütdü. İstanbul universitetində oxumağına çalışdı. Cəfəroğlunun qardaşı uşaqları Kamal və Saleh Gəncə ilə çox yaxşı əlaqəm, dostluğun olub. Azərbaycana ilk dəfə gedənlərdən biri də Saleh Gəncə idi. Dəqiq yadımda deyil, 1960-cı illər idi deyəsən. Saleh istəyib Gəncəyə getsin. Əvvəl izn verməyiblər. Danışırdı ki, çox çətinliklə gedib. Ata-baba mülkümüzdən, qohum-əqrəbadan danışdı».

 

Bu kiçik muzeyin sol divarında çərçivəsi qədər özü də əski olan şəkildən iki parlaq sima boylanır: "Sağ tərəfdəki atam Mehmet Əli bəydir, o birisi əmim Salehdir. Atam Mehmet Əli bəy Gəncəli Amerikada ali təhsil alan ilk azərbaycanlıdır. Əmim Süleyman 1913-cü ildən Amerikaya köçüb. Ticarətlə məşğul olub. İlk dəfə Amerikada Azərbaycan xalçalarının satışı, sərgilərdə nümayişi ilə məşğul olub. Çox bilgili idi, çox. 1968-ci ildə Nyu-Yorkda dünyasını dəyişdi, elə orda da dəfn olundu. Övladı yoxdur. Əmim ölənə qədər Azərbaycanla nəfəs aldı».

 

Mehmet Əli bəy isə Milli Azadlıq savaşında Mustafa Kamal Atatürkün ən yaxın silahdaşlarından biri, tərcümanı olub. Atatürkün xarici ölkələrdən gələn qonaqlarına türkcədən ingiliscəyə tərcümə edib. Hətta bu barədə Klarence K.Stret «Bilinməyən türklər: Mustafa Kamal Paşa, milliyyətçi Ankara və Anadoluda gündəlik həyat» kitabında geniş, ətraflı məlumatlar verilir. M.Ə.Gəncəlinin Atatürkün tərcüməçisi kimi iştirakını ətraflı təsvir edən əcnəbi müəllif yazır: «Mehmet Əli qədim xalı satıcısıydı. Daha öncə heç tərcümanlıq etməmişdi. Anadolunu ziyarət etmək istəyəndə mənimlə getmək istəyirdi. Anadoludakı durumu, gerçəyi öyrənmək amacım vardı. Bu işdə məncə Mehmet Əlidən daha yaxşısı ola bilməzdi».

 

Kərim bəy atasının Mustafa Kamal Paşanın ən yaxın dostlarından, güvənilir biri olduğunu həvəslə danışır, sübut üçün bir neçə sənəd göstərir. Bu sənədlərdən biri 1923-cü ildə Anadoluda yunanların türklərə qarşı qırğın siyasətindən bəhs edən «İkinci siyah» kitabını ingiliscəyə mükəmməl tərcümə edən Mehmet Əlinin Atatürk tərəfindən mükafatlandırılması barədə qərardı.

 

«Atam azərbaycanlı mühacirlərə həmişə diqqət göstərər, qayğılarına qalardı. II Dünya savaşından sonra sovetlərə qarşı Hitler ordusunda döyüşən, geri dönəndə hansı əzablarla üzləşəcəyini düşünüb Vətənə qayıtmaq istəməyən azərbaycanlıların bir neçəsinin Amerikaya keçməsinə yardım etdi… Bu işdə Fətəli xan Xoyskinin qardaşı Zahid xan Xoyski də dəstək göstərdi. 30-40 azərbaycanlını Amerikada yerləşdirdi».

 

Bu arada Kərim bəy Azərbaycan istiqlalının ilk şəhidi Cavad xanın divardan asılan şəklini göstərir: «Bu rəsm xalı üzərindən götürülüb. Azərbaycandan da aradılar məni, o xalı hardadır deyə. Cavad xanın rəsmi olmayıb, xalı üzərindən götürülüb. Araşdırdım, o xalının harda olduğu hələ bilinmir».

 

İnsanı ovsunlayıb, aurasında saxlayan bu kiçik muzeyin hücrəsində Cavad xan qəsrinin qapısına bənzər taxta qapını açıb havaya çıxıram. Yağış yağır. Yüz il əvvəl də olub bu yağış, indi də İstanbulun küçələrinə yağır. Əlli il, yüz il sonra da yağacaq. Amma narın damcılar sanki istiqlal, azadlıq, Vətən deyə pıçıldayır. Bəlkə də bu yağış tarixi yaddaşına çəkən bu kiçik muzeydə vaxtilə bir araya gəlib Azərbaycanın istiqlalının bərpasını həsrətlə gözləyən mühacirlərin göz yaşları idi. Nə bilmək olar, bu da bir tarix və taledir.

Şərq.- 2017.- 7 dekabr.- S.6.