“MƏNİM BU GÜN DƏ MAŞINIM YOXDU, AMMA DƏYƏRLİ SƏNƏTİM VAR”

 

Firuzə İbadova: “Zəhmətimlə, əziyyətimlə zərrə-zərrə hörmət qazanaraq sənətə gəlmişəm. Kimsə mənə sponsor olmayıb, imkanlı dayım olmayıb

Hələ bilmək olmaz onlar bizim yaşımıza çatana qədər bu sənətdə sözlərini deyib səhnədə qala biləcəklər, ya yox. Bir Nisə Qasımova yetişmək üçün 100 il lazımdı

Bugünkü qonağımız ifası, xanım-xatunluğu ilə hər dövrün sevilən sənətçisi sayılıb. İfası, səsi bir tərəfə, gözəlliyindən çox danışıblar. Hətta sovet dönəmində Ərəb ölkələrindən birinə qastrol səfərində ərəb şeyxindən evlilik təklifi gəlib. Az qala əməkdar artisti o zaman qaçırırmışlar. Xalq artisti Rəşid Behbudov xanım sənətçini göz bəbəyi kimi qoruyub ki, onu qaçıra bilməsinlər. Söhbət əməkdar artist Firuzə İbadovadan gedir. "Şərq”ə maraqlı açıqlamalar verən Firuzə İbadovadan gənc nəslə ibrətamiz tövsiyələr eşidildi.

- Səhnəyə gənc nəsil, yeni səslər gəlir. Son illərin təqdim olunan musiqiləri Firuzə İbadovanı qane edirmi?

- Son illərin musiqiləri, düzünü desəm, qətiyyən məni bir sənətçi kimi qane etmir. Qane etməsi mümkün deyil. Çünki mənim eşitdiyim musiqilər tamamilə başqa olub. O musiqilər efirə buraxılmamalıdır. Məndən heç kim inciməsin. Biz əsl sənətkarlardan qidalanmışıq. Biz böyük sənətkarların əlindən su içib səhnəyə gəlmişik. İndi hamı efirə, səhnəyə çıxır. Səhnəni o qədər ucuzlaşdırıblar ki, imkan tapan əlinə mikrofon alıb özünə müğənni, hətta abırsız-abırsız sənətkar deyir.

- Ara musiqilər zövqümüzü korlayırsa, niyə efirlərdə bunların təbliği gedir?

- Mən bilmirəm kimlərin marağındadı? Belə musiqiləri təbliğ etmək olmaz. Düzdü, sovet dönəmində bəzən həvəskar bəstəkarların musiqiləri səslənib. Amma onların hər biri sənət əsəri olub. Ələkbər Tağıyev həvəskar bəstəkar idi, amma yaratdığı musiqilərin hər biri bir musiqi incisidir. Bu gün o musiqilərə maraq, tələbat var. Bu, başqa məsələdi. Bir var bayağı, keyfiyyətsiz musiqilər. Toyda, el şənliyində bəzən elə musiqiləri bizdən istəyirlər ki, mən şoka düşürəm. Elə mahnılar deyirlər ki, o mahnıların adından belə diksinirəm, mən onu necə ifa edə bilərəm? Oxumayanda da deyirlər ki, bəs toya niyə gəlmisən? Toy da bizim milli adət-ənənələrimizin bir hissəsidir. Toydu deyə gəldi oxumaq olmaz axı. O musiqini oxumaq mənim üçün ayıb olar. Bilirsiz, musiqilərimizin təbliğinə nəzarət olmalıdır. Biz mədəniyyət insanlarıyıq. Kütləni arxamızca aparmalıyıq. Kütlənin arxasınca ziyalılar da getməsə, sonumuz necə olar?

- Efirlərdə gənc sənətçilərin iddialı çıxışları sizi narahat etmir ki?

- Bilirsiz, elə bir zamana gəlib çatmışıq ki, mən bəzən çaşqın qalıram. Bizim vaxtlarda böyük-kiçik var idi. O vaxtlar böyük sənətkarlardan o qədər çəkinirdik ki, efirdə danışmağa ehtiyat edirdik ki, bizi izləyənlər olar, irad tutarlar. İndi gənclər, maşallah, çox sərbəstdilər. Düzdü, müasirliyin gözəl tərəfləri var. Amma dəyərləri itirmədən müasir ola bilmək daha doğru olar. Gənclər bizdən daha sərbəstdi. Bunu alqışlayıram. Olsunlar. Amma bəzən mənasız iddialar sənəti ucuz göstərir. Mən optimist insanam. Gəncləri sevənəm. Öz səviyyəmi qorumağa çalışıram ki, gənclərlə söz-söhbətim olmasın. Bu mənim adıma, yaşıma yaraşmaz. Demirəm hamı dikbaşdı. Gənc sənətçilər arasında da yerini bilən ifaçılar var, səsi gözəl olan müğənnilərimizi görürük. Amma səhnəyə təsadüfən gələnlər az deyil. Mənim onlara bir aqressiyam da yoxdu. Sadəcə, bəzən məclislərdə gənclərin elə ədalarını görürəm ki, söz tapmıram. Bir gəncimiz jurnalistlərin sualına cavab verib. Deyiblər ki, keçmiş müğənnilərə münasibətiniz... Bildirib ki, onların qatarı keçib. Xanım sənətçi olub bunu deyən. Bu söz mənə çox pis təsir etdi. Necə yəni qatarımız gedib? Biz qatar deyilik, əzizim, biz lokomotiv rolunu oynayırıq. Qatarın önündə biz gedirik. Siz bizim arxamızca gəlirsiz. O müğənnilər ki, bizi bəyənmirlər, onları yarı yolda qalan qatarlara bənzədirəm. Hələ bizim getdiyimiz yolu getməyə gücünüz çatar, ya yox...

- Sənətə bir çoxları gəlir yeri olaraq baxırlar...

- Bəli, bu günün əksər gəncləri səhnəyə gəlir yeri, biznes kimi baxırlar. Biz sənətə alver kimi baxmamışıq. Biz səhnəni biznes mərkəzi hesab etməmişik. Biz sənət öyrənməyə çalışmışıq. Mənim bu gün maşınım yoxdu. Yaşam tərzim göz önündədir. Amma bəziləri kimi bahalı evlərlə, maşınla gündəmə gələn sənətçi olmamışam. Mənim onlardan daha dəyərli sənətim var. Şükür Allaha, acından ölmürəm. Ailəmi dolandırıram. İnsanın çətin günləri olar. Mən zəhmətimlə, əziyyətimlə zərrə-zərrə hörmət qazanaraq sənətə gəlmişəm. Kimsə mənə sponsor olmayıb, imkanlı dayım olmayıb. Mən səsimin hesabına bu illər ərzində səhnədə olmuşam. O bəzi müğənnilərə məsləhətim odur ki, açıqlamalarında biz az ehtiyatlı olsunlar. Keçmiş sənətçilər deyib bizim kimi sənətkarlara hörmətsizlik etməsinlər. Hələ bilmək olmaz onlar bizim yaşımıza çatana qədər bu sənətdə sözlərini deyib səhnədə qala biləcəklər, ya yox. Bir Nisə Qasımova yetişmək üçün 100 il lazımdı. Sən dünən sənətə gələn müğənnisən, sənətkarların adı çəkiləndə "qatarları gedibsözünü deməyə haqqın var? İnanın, bu gün özlərinə populyar deyən bəzi müğənnilər sabah heç kimin yadına düşməyəcək. Mən onları Azərbaycan musiqi mədəniyyətinin salnaməsində görmürəm. Bu mənim şəxsi fikrimdi. Görəsən, Rəşid Behbudov sağ olsaydı, bu gün mənəm-mənəm deyənlər səhnədə belə iddialı danışa bilərdilər? Mən gənclərin əməyini görənəm. Misal üçün, Röyanı sevirəm. Çünki bu insan çalışır, axtarır, zəhmət çəkir. Yeniliklərlə tamaşaçı qarşısına çıxır. Mən onun istedadını, əzmini necə görməyə bilərəm? Ya Elton Hüseynəliyev... Bir çox digərlərinin adını çəkə bilərəm ki, onlar həqiqətən səhnə üçün çalışırlar. Hətta bəziləri deyir ki, Röyanı sizə bənzədirik. Siz gənc ikən belə sevilirdiz, maraqlı idiz. Bu mənə xoş təsir bağışlayır. Mən cavan olanda, demək olar, bütün bəstəkarlar mənə mahnı veriblər. Özü böyük bəstəkarlardan söhbət gedir. Hamı istəyirdi ki, Firuzə İbadovanın repertuarında onun mahnısı səslənsin. İndi məni kimsə qəbul etmirsə, bu, onların problemidi.

- Gözəlliyiniz barədə vaxtilə çox danışıblar. Deyirlər ərəb şeyxi sizinlə evlənmək istəyib.

- yalan deyim, belə bir hadisə olub. Qastrol səfərinə getmişdik. Ərəb şeyxlərindən biri məni görüb vurulmuşdu. Evlənmək istəyirdi. Gördülər ki, alınmır, hətta şeyx məni qaçırtmaq istəyirdi. Rəhmətlik Rəşid Behbudov bunu eşidəndə narahat olmuşdu. İnanın, qastroldan qayıdana qədər məni gözünün önündən kənara qoymurdu. Həyatdı da. İndi gənclər bizi bəyənmir. Amma biz vaxtında dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuşuq, böyük səhnələrdə maraqlı çıxışlar etmişik. Mən indiki gənclərimizə belə səfərlər, səhnələr arzulayıram. O zaman səhnədə olmaq daha çətin idi. İndi şükür Allaha, imkanlar genişdi, xaricə getmək, qastrolda olmaq, başqa ölkələrin səhnəsində çıxış etmək daha asandı. Bundan istifadə etsinlər. Səhnə ancaq gözəl geyimlə, gözəlliklə bitmir, sənət nümayiş etdirmək lazımdı ki, gələcəkdə səni yada salan olsun.

 

Tahirə

Bakı xəbər.- 2017.- 15 dekabr.- S.13.