“YARADICI ADAM GƏRƏK AC QARINA SƏNƏT YARATSIN”

 

Fəxrəddin Manafov: “İnsan rahat yaşam tərzi yaşayırsa, sənəti düşünə bilməz. Gözü tox olanda doyursan, fərqinə varmırsan

Bugünkü seriallara çəkilmək istəmərəm. Mən peşəkar sənəti izləyən biriyəm. Orda professional sənət yoxdusa, görünməyimi özümə yaraşdırmıram

Mətbuatdan hər zaman uzaq durmağa çalışan xalq artisti Fəxrəddin Manafovla çətin olsa həmsöhbət ola bildik. "Şərq”ə qısa açıqlama verən xalq artisti hal-əhvalından, sənətdən danışdı.

- Özünüzü necə hiss edirsiz?

- Qışda adətən insanın ruhu bir az tərkidünya olur. Bir az nostalji hisslər adamı bürüyür. Qışın qripi adama nəfəs vermir. Bir az qripləmişəm. Özümü əzgin hiss edirəm. Amma insanıq da. Həmişə yaxşı olmaq da mümkün deyil.

- Bu gün aktyor kimi dolanmaq çətindi. Sizcə, 50 manat qonorarla aktyordan keyfiyyət tələb etməyə dəyərmi? Misal üçün, Rasim Balayev bizə verdiyi müsahibələrindən birində "Ac qarnına şah oynamaq olmazdemişdi...

- Bu sənət tamamilə digər sahələrdən fərqlənir. Sən ya bu sənəti sevib bu sənətin acısını belə qəbul edib yaşayırsan, ya da sevgi yoxdursa, bu sahədə olmağın mümkün deyil. Bu sənət onu sevənlərin məkanıdır. Maddiyat sənin üçün sonrakı maraqdı. Mənim bu məsələdə yanaşmam bəlkə fərqlidi. İcazə verin, mən bir qədər fərqli yanaşım. Bəlkə elə yaradıcı insanın özəlliyi bundadır ki, fədakardı. Yaradıcı adam gərək ac qarnına sənət yaratsın. İnsan rahat yaşam tərzi yaşayırsa, sənəti düşünə bilməz. Gözü tox olanda doyursan, fərqinə varmırsan, bu, pisdir. Professional insan özünə hörmət etməyi bacarmalıdır. Mən özümə dəyər verməsəm, heç kim mənə hörmət etməz.

- Sizcə, teatr kino aktyoru arasında fərq varmı?

- Əsas peşəkar olmaqdı. Hansı sahədə olmasından asılı olmayaraq. Vacib olan odur ki, aktyor professional olsun. Sadəcə, məzmun eynidir, forma fərqlidir. Hər ikisi çətindi. Bəlkə etiraf etmək olar ki, teatrda əziyyət daha çoxdur. Teatr aktyoru tamaşaçı ilə canlı təmasda olur deyə bəlkə bu baxımdan özəlliyi var. Kino aktyoru bir kadrı 5 dəfəyə çəkə bilər. O qədər ki, rejissor istədiyini səndən qoparmış olsun. Teatr səhnəsi isə belə deyil. Teatrda tamaşaçı hadisələrin iştirakçısı izləyicisi olur. Bir az da səmimi desəm, bəlkə kino aktyorları bir az tənbəl olur. Kino aktyorları bir qədər xəsis olurlar. Yəni potensialını tam tükətmir. Kinoda mən hər hansı bir baxışla fikrimi bildirə bilirəm.

- İndi çəkilən yerli serialları izləyirsiz. Niyə sizi bu seriallarda görə bilmirik?

- Kino ciddi sənətdi. Film çəkmək xüsusi istedad bacarıq tələb edir. Bu gün film çəkməyi ucuzlaşdırıblar. Bu məni narahat edir. Ola bilər zamanla mövcud problemlər aradan qalxacaq. Amma bugünkü seriallara çəkilmək istəmərəm. Mən peşəkar sənəti izləyən biriyəm. Orda professional sənət yoxdusa, görünməyimi özümə yaraşdırmıram. Bayaq qeyd etdim axı, özümə hörmət edən insanam. Hörmət təkcə şəxsiyyətə olan dəyər deyil. Sənətimə hörmətim var. Mən heç kimin işini kölgələmək istəməzdim. Bəlkə zamanla seriallarımızda keyfiyyət yüksək olacaq. Amma bu gün bu barədə danışmaq tezdir.

- İnsanlar sosiallaşıb. İnternet, mobil telefon, sosial şəbəkələr. Bunlar insan münasibətlərinə təsirsiz qalmır...

- Ətrafımızda olan hər şey, telefon, maşın, internet boş şeylərdir. Bu dünya qadın kişi münasibətləri üstündə qurulub o fəlsəfəyə varanda daha dərinliyə getmək mümkündür. Həyatı qadın kişi münasibətləri idarə edir bəlkə . Bunların biri olmadan həyatın mövcudluğu mümkünsüzdü.

- Deyirsiz insan özünə insanlığa olan marağını itirməməlidir...

- İnsan elə etməlidir ki, heç vaxt ətrafında olanlar üçün maraqsız görünməsin. Sən marağını itirdinsə, sənə olan dəyər itmiş olacaq. Xüsusən mən bir kişi eqosu ilə danışmış olsam, xüsusilə qadın özünə olan marağı itirməməlidir. Həmişə sirli qalmağı bacarmalıdır. Sirli qalmaq qadının ən böyük silahıdır. Elə kişi elə etməlidir ki, həmişə qadının marağında olsun. Həyatın fəlsəfəsi bu qədər sadədir əslində.

- Çoxları üçün maraqlı olan Fəxrəddin Manafov niyə bu gün kənarda qalmağa üstünlük verir?

- Bir az həyat darıxdırıcı görünməyə başlayıb. Bilmirəm mənim üçün darıxdırıcı olub, ya zamanın tələbi belədir. İnsanların maraqları, dəyərləri dəyişib. Belə olanda kənarda qalıb müşahidə etmək, məncə, daha doğru seçimdi. Bəlkə səhv edirəm.

 

Tahirə

Şərq.- 2017.- 16 dekabr.- S.13.