RƏSULZADƏ HƏM DƏ JURNALİST, BAŞ REDAKTOR OLUB
Görkəmli
dövlət xadiminin milli-demokratik mətbuatımızın
inkişafında göstərdiyi xidmətlər
çox böyükdür
Dünən Azərbaycan Xalq Cümhuriyyətinin banisi, görkəmli dövlət və ictimai xadimi, siyasətçi və publisist Məhəmməd Əmin Rəsulzadənin doğum günü idi. O, 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Din xadimi olan atası həyata açıq gözlə baxıb, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəldib. Onun oğlunu məşhur pedaqoq S.M.Qənizadənin (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman” məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynayıb. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat olub.
Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti Azərbaycan istiqlal tarixinin şanlı səhifələrində nə qədər parlaq görünürsə, bu böyük insanın milli-demokratik mətbuatımızın inkişafında göstərdiyi xidmətlər də o qədər önəmli yer tutur.
M.Ə.Rəsulzadə təkcə siyasi xadim, ölkəsinin, millətinin tərəqqi yolunu göstərən, bu yolda yorulmadan addımlayan mücahid deyildi. O həm də ictimai-siyasi məqalələri ilə Azərbaycan cəmiyyətini doğru istiqamətə yönəldən bir ziyalı, ədib, sözün ən yaxşı mənasında - jurnalist, redaktor olub.
O öz siyasi fəaliyyəti dövründə həm də söz və mətbuat azadlığı uğrunda mübarizə aparıb. Daim təqiblərə məruz qalan M.Ə.Rəsulzadə Çar Rusiyası dövründə mətbuat üzərində senzuraya qarşı da ciddi etirazını bildirib.
M.Ə.Rəsulzadə ilk məqaləsini 1903-cü ilin mayında "Şərqi-Rus” qəzetində nəşr etdirdikdən sonrakı dövrlərdə o, azad sözün, azad fikrin müdafiəçisi olaraq mücadilə aparıb.
Böyük demokratın 1905-08-ci illər arasında Bakıda çıxan qəzet və jurnallardan "Şərqi-Rus”, "Hümmət”, "Dəvəti-qoç”, "İrşad”, "Təkamül”, "Yoldaş”, "Tərəqqi”, "Füyuzat” və b. mətbuat orqanlarında mövcud rejim əleyhinə onlarla yazısı çap olunub. Müəyyən müddət o, "İrşad” qəzetinin müvəqqəti redaktoru da olub. 1908-ci il dekabrın 5-də M.Ə.Rəsulzadənin "Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyulub.
1907-1908-ci illərdə Rusiyada başlanan Stolıpin irticası Bakıya da öz təsirini göstərib və tezliklə burada inqilabi fikirli adamlara qarşı təqiblər başlayıb. Bununla əlaqədar olaraq M.Ə.Rəsulzadə İrana mühacirət etmək məcburiyyətində qalıb.
M.Ə.Rəsulzadə ilkin vaxtlar İranda "Tərəqqi” qəzetinin xüsusi müxbiri kimi fəaliyyətə başlayıb. Onun "Tərəqqi” qəzetində "İran məktubları” başlığı ilə çap edilən yazıları böyük diqqətə səbəb olub. Cəmi 43 publisistik məqalədən ibarət olan bu yazılar "İran məktubları” rubrikası ilə verilib. Bu məktublar əsrin əvvəllərindəki İran siyasi mühitini və M.Ə.Rəsulzadənin İrandakı fəaliyyətini öyrənmək üçün son dərəcə qiymətli mənbələrdir. Qeyd edək ki, 1910-cu ildən Tehranda M.Ə.Rəsulzadənin redaktorluğu ilə çıxan "İrani nov” yəni "Yeni İran” qəzeti İranda müasir Avropa üsulu ilə çap edilən ilk mətbuat orqanı olub.
O, eyni zamanda yazılarında mətbuat azadlığını yüksək dəyərləndirib, mənalı fikirlər səsləndirib. O, bu dəyərli fikirlərini hələ 1910-cu il avqustun 23-dən Tehranda nəşr etdiyi "İrani nov” qəzetindəki "Mətbuat azadlığı” məqaləsində əks etdirib. Həmin məqalədəki fikirlər mətbuat və söz azadlığının mahiyyətinin öyrənilməsi baxımından bu gün də əhəmiyyətlidir.
Avropa tipli qəzetçilik sistemini İran mühitinə əslində o gətirib. Eyni zamanda İran Demokrat Partiyasının yaradılmasında böyük rolu olub. Güneyi də, Quzeyi də eyni dərəcədə məhəbbətlə sevən böyük şəxsiyyətin Bakıya, Gəncəyə, Naxçıvana, digər bölgələrimizə bağlılığı necədirsə, Təbrizə, Urmiyəyə sevgisi də o cür olub. Məhz elə buna görə də hər iki, amma əslində bir və bütöv olan Vətənin - güneyli, quzeyli Azərbaycanın tarixini, mədəniyyətini yaxşı bilib və təbliğ edib.
1912-ci ildə onun İstanbulda "Səbilür Rəşad” məcmuəsində "İran türkləri” əsəri nəşr edilib. Bu, çox ciddi bir hadisə idi. Bu ərazilərdə yaşayan böyük bir toplumun türk qövmünə mənsub olduğunu o, ilk dəfə olaraq elmi və tarixi əsaslarla sübut edirdi.
M.Ə.Rəsulzadə Tehranda İran məşrutə hərəkatı xadimləri ilə görüşüb, Səttarxan və Bağırxanla təmasda olub, İranda ilk demokratik islahatların təbliğatçısı kimi fəaliyyət göstərib. Bundan qorxuya düşən çar Rusiyasının şahlıq üsul-idarəsindən tələbi nəticəsində İstanbula mühacirət edib.
1911-ci ilin yayında İstanbula gələn M.Ə.Rəsulzadə "Gənc türklər” təşkilatına rəğbət bəsləyən "Türk ocağı” cəmiyyətində fəaliyyət göstərib, cəmiyyətin "Türk yurdu” jurnalının aparıcı yazarlarından biri olub.
Türkçülüyün tarixi, elmi-nəzəri əsaslarını daha dərindən mənimsəyib, Türkiyə mühiti onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən əfvi-ümumidən (ümumi bağışlamadan) sonra M.Ə.Rəsulzadə Bakıya qayıdıb.Bu dövrdə artıq Bakıda Müsavat Partiyası qurulmuşdu (1911-ci ilin oktyabrında) və çar hökuməti əleyhinə ciddi mübarizə aparılırdı. M.Ə.Rəsulzadə Bakıya qayıtdıqdan sonra partiyanın rəhbərliyinə keçərək, onun proqramını yeni siyasi şəraitə uyğun şəkildə işləyib hazırlayıb, partiyanı türk-islam sintezini əsas tutan türkçü bir quruluş halına gətirib.Bu illərdə M.Ə.Rəsulzadənin "Dirilik” jurnalında çap edilmiş məqalələri də ictimai əhəmiyyəti baxımından diqqəti daha çox cəlb edirdi. Məqalələrdə milli dirçəlişin yolları ətraflı şəkildə araşdırılıb, mövcud siyasi quruluşun imkanları çərçivəsində izah edilib. "Dirilik nədir?” adlı baş məqalədə o vaxtlar "müsəlman türkü” və ya "tatar” kimi müxtəlif ifadələr altında tanınan xalqımızı "Azərbaycan türkü” kimi qeyd edib. M.Ə.Rəsulzadənin sonrakı ictimai-siyasi, publisistik fəaliyyətində "Açıq söz” qəzetinin böyük əhəmiyyəti olub. "Açıq söz” qəzeti 1915-ci ilin oktyabr ayının 2-də Bakıda nəşrə başlayıb. Bu qəzet yalnız mətbuat tariximizdə deyil, eyni zamanda xalqımızın azadlıq mübarizəsi tarixində əhəmiyyətli rol oynayıb. M.Ə.Rəsulzadə bir lider olaraq xalqın düşdüyü ağır vəziyyətdən çıxmaq bacarığını məhz bu qəzetdə nəşr olunan yazılarında ortaya qoyub.
Qəzetin adının altında yazılıb: "Siyasi-ictimai və ədəbi Türk qəzetəsi”.
Qəzetin ilk sayının baş məqaləsi "Tutacağımız yol” adlanırdı. Müəllifi M.Ə.Rəsulzadə olan bu yazıda mühüm bir problem açıqlanırdı: "Dəhşətlərinə şahid olduğumuz bu yol bir həqiqəti-əsrimizin milliyyət əsri olduğunu isbat etdi. "Dünyanın xəritəsi hərbdə dəyişəcək” - deyə heyrətlə qarışıq bir cümlə indi bir çox ağızlardan eşidilməkdədir”.
M.Ə.Rəsulzadənin baş redaktor olduğu qəzetin ətrafına milli ruhlu ziyalı və gənclər toplaşıb. Mirzə Bala Məmmədzadə, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı kimi ziyalılar bu qəzetin fəal əməkdaşları idi. Qəzet 1918-ci ilədək nəşr olundu. 1917-ci il Rusiyadakı fevral Burjua inqilabının baş verməsi ilə Azərbaycanda da milli dirçəliş hərəkatının yeni dalğası başlayıb. 1917-ci il aprelin 15-dən 20-dək Bakıda keçirilən Qafqaz Müsəlmanlarının QurultayındaM.Ə.Rəsulzadə tərəfindən irəli sürülən ərazi muxtariyyəti və millətlərin istiqlalı ideyasının məntiqi sonluğu 1918-ci ilin mayın 27-də isə Azərbaycan Milli Şurasının yaradılması, mayın 28-də isə Azərbaycan istiqlalının bütün dünyaya elan edilməsi olub. M.Ə.Rəsulzadə 28 may istiqlalını mühüm hadisə adlandıraraq yazıb: "O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən milli olaraq dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılıb”.1920-ci ildə milli hökumət süqutundan sonra M.Ə.Rəsulzadə yaxın əqidə dostları ilə gizli fəaliyyətə başlayıb.1920-ci il avqustun 17-də onu Lahıc yaxınlığındakı Qaraməryəmdə həbs edib Bakıya gətiriblər. M.Ə.Rəsulzadə həbsxanada olarkən keçmiş mübarizə dostu Stalin Bakıda onunla görüşüb və həbsxanadan azad etdirib, özü ilə birgə Moskvaya aparıb. Moskvada o, bir müddət RSFSR Millətlər Komissarlığında çalışdı, sonra oradan Sankt-Peterburqa, Sankt-Peterburqdan Finlandiyaya, Finlandiyadan Türkiyəyə gedib. 1922-ci ildə İstanbulda Milli Mərkəz təşkil edib, bütün siyasətçiləri bir təşkilat halında birləşdirdi. Tezliklə bütün Sovetlər Birliyini həyəcana gətirən "Yeni Qafqaziya” jurnalını (1923-cü ildə) İstanbulda nəşr edib. 1928-ci ildə onun "Azərbaycan Cümhuriyyəti, keyfiyyət - təşəkkülü, şimdiki vəziyyəti”, "Əsrimizin Səyavuşu”, "İstiqlal məfkurəsi və gənclik”, "İnqilabçı sosializmin iflası və demokratiyanın gələcəyi” və başqa əsərləri çap olunub. Onun redaktorluğu ilə "Azəri türk” (1928-1931), "Odlu yurd” (1929-1930) jurnalı və həftəlik "Bildiriş” (1929-1931) qəzeti də nəşr edilib.
1931-ci ildən Rəsulzadənin Avropa mühacir dövrü fəaliyyəti başlayır. 1930-cu ildə Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyət”, rus dilində isə "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” kitabları çap olunub. Redaktorluğu ilə Berlində alman dilində "Azərbaycan problemi”, 1933-cü ildə Varşavada polyak dilində "Azərbaycanda milli hərəkat” və 1938-ci ildə "Azərbaycanın hürriyyət savaşı” adlı kitabları işıq üzü görüb. 1938-ci ildə Polşa hökumətində məsləhətçi işləyib, 1940-cı ildən Rumıniyada yaşayıb. 1947-ci ildən Ankaraya köçüb.
İkinci Dünya müharibəsinin sonlarına yaxın M.Ə.Rəsulzadənin başçılığı altında Münhendə "Azərbaycan Birliyi” adlı cəmiyyət qurulub. Cəmiyyət azərbaycanlı əsirlərin xilasında böyük rol oynayıb. 1949-cu ildə Məhəmməd Əmin Rəsulzadənin Ankarada 1950-ci ildə "Çağdaş Azərbaycan ədəbiyyatı”, 1951-ci ildə "Çağdaş Azərbaycan tarixi” kitabları işıq üzü görüb. 1951-ci ildə "Azərbaycan şairi Nizami” adlı monoqrafiyası çap olunub. Tarixi faktlar həqiqətən də, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan mətbuatının formalaşmasında əvəzsiz xidmətləri olduğunu sübut edir.
Şəymən
Şərq.- 2017.- 1 fevral.- S.6