"KitabiDədə Qorqud"
abidəsi və dövlətçilik ənənələrimiz...
II yazı
Azərbaycan tarixinin mənbə və məxəzləri olan ədəbiyyat nümunələri, əsərlər, kitabələr xalqımızın həyatında, dövlətçilik tarixində mühüm rol oynayır. Biz xalqımızın tarixini, həyat tərzini o kitabələrdən, əsərlərdən öyrənirik. Tarixçilərin yazdığı bu əsərlər, kitablar gizlinləri üzə çıxarır.
"Kitabi-Dədə Qorqud" və Abbasqulu ağa Bakıxanovun "Gülüstani-irəm" əsəri Azərbaycanın dövlətçilik, mədəniyyət tarixinin bir aynasıdır.
"Kitabi-Dədə Qorqud"un Azərbaycanın dövlətçilik tarixinə verdiyi töhfələr haqqında yazan professor İntiqam Cəbrayılovun vurğuladığına görə, bu dastanı, həmçinin, onun tədqiqinə həsr olunmuş əsərləri oxuduqca, belə nəticəyə gəlmək olar ki, Oğuz elində özünə möhkəm yer tutmuş güclü ailə dəyərləri var: "Sədaqət, fədakarlıq, ailə üzvləri arasında hörmət və sevgi, mərdlik və igidlik kimi milli, həm də bəşəri məna daşıyan dəyərləri buna aid etmək olar. Dastanın məzmununun əsas cəhətlərindən biri başa düşməyəni başa salmaq, anlamayanı anlatmaq, soyuna, ailə və cəmiyyətin qanunlarına qarşı çıxanları ağır sınaqlardan keçirmək, öz soykökünə sadiq, ləyaqətli cəmiyyət üzvü kimi yetişdirməkdir...".
Professor Cəbrayılov bildirir ki, "Kitabi-Dədə Qorqud" dastanında yalnız ailə və cəmiyyətin birliyinə yardımçı olan keyfiyyətlər fədakarlıq, qəhrəmanlıq kimi dəyərləndirilir. Qəhrəmanlıq və fədakarlıq Dədə Qorqud əxlaqının özəyini təşkil edir. Alimin yazdığına görə, Dirsə xanın arvadının əri, oğlu və el-obası üçün etdiyi fədakarlıq həm də qəhrəmanlıq kimi dəyərləndirilməlidir.
Alim yazır: "Kitabi-Dədə Qorqud" xalqımızın böyük tarixini, mədəniyyətini, mənəviyyatını, psixoloji xüsusiyyətlərini ən xırda çalarlarına qədər dolğun şəkildə əks etdirən əbədi abidədir. Bütün bunları nəzərə alan, uzaqgörənliklə dərk edən ulu öndər Heydər Əliyev çıxışlarında haqlı olaraq deyirdi: "Biz öz tariximizlə, mədəniyyətimizlə, ədəbiyyatımızla fəxr edirik və fəxr etməyə haqqımız var.
Çünki "Kitabi-Dədə Qorqud" dastanı kimi böyük bir elm, mədəniyyət, ədəbiyyat abidəsi olan xalq öz tarixi ilə fəxr edə bilər. Bunlar da ölkəmizin müstəqilliyi nəticəsində mümkün olmuşdur. Biz bu müstəqillik dövründən səmərəli istifadə etməliyik". Ulu öndər bütün həyatı boyu Azərbaycan tarixi, mədəniyyəti, milli-mənəvi sərvətlərini yüksək dəyərləndirmiş, onları qorumağı, gələcək nəslə çatdırmağı vacib vəzifələrimizdən hesab etmişdir. Tarixin müxtəlif mərhələlərində çətin sınaqlara məruz qalan və bu günümüzə qədər qorunub saxlanan mədəni irsimizdən, mənəvi sərvətlərdən bəhs edərkən ulu öndər haqlı olaraq deyirdi: "Azərbaycanın böyük tarixi var. Bu tarix çox ağır mərhələlərdən keçmişdir. Lakin bunlar Azərbaycanın nə mədəniyyətini, nə də ənənələrini heç vaxt sarsıda bilməmişdir".
Ulu öndərimizin bu fikirləri bugünkü gənclərimizi dəyərlərimizə həmişə hörmətlə, qayğı ilə yanaşmağa, onları qorumağa səsləyir. Bu da, nəticə etibarilə, xalqın, millətin varlığının, dövlətçilik ənənələrinin qorunması deməkdir. Ona görə də "Kitabi-Dədə Qorqud" hər birimiz üçün tarix, mədəniyyət, tərbiyə, əxlaq məktəbidir. Bu məktəbi daim oxumaq, öyrənmək, ondan bəhrələnmək və bu köklər üzrə şəxsiyyət kimi yetişmək gərəkdir".
Fəlsəfə elmləri doktoru, əməkdar elm xadimi, AMEA-nın "Fəlsəfə və ictimai fikir tarixi" şöbəsinin baş elmi işçisi, "Şərq fəlsəfəsi problemləri" jurnalının baş redaktoru Zümrüd Quluzadə isə qeyd edir ki, "Kitabi-Dədə Qoruqd" dastanı Azərbaycan ərazisində dövlətçilik tarixinin dəqiqləşdirilməsinin tarixi məxəzlərindən biridir.
Z.Quluzadənin yazdığına görə, məlumdur ki, A.Bakıxanovun qədim dövrlərdən XIX əsrin əvvəlinə qədər Qafqazın şərq hissəsinin tarixinə həsr edilmiş kitabı Çar Rusiyası EA akademikləri M.F.Brosse və B.Dorn tərəfindən çox yüksək qiymətləndirilib: "Akademiyanın Tarix-Filologiya Bölməsinin 16 may 1845-ci il tarixli iclasının protokolunda qeyd edildiyi kimi, "akademiklər M.F.Brosse və V.Dorn bakılı polkovnik Abbasqulu ağa Bakıxanovun yazdığı "Qafqazın Şərq hissəsinin tarixi" haqqında çox maraqlı məlumat vermişlər: "Orada (A.Bakıxanovun kitabında-Z.Q.) müxtəlif coğrafi yerlər haqqında çox mühüm məlumatlar və ən qədim dövrlərdən bizim günlərə qədər Şirvanın və Dağıstanın tarixinin elmi icmalı verilir, beləliklə, onun kitabı Qafqaz ölkələrinin tarixinə və coğrafiyasına qiymətli əlavə ola bilər, heç şübhəsiz, kitab diqqətə və bəyənilməyə layiqdir".
Azərbaycan tarixi ilə bağlı bir sıra konkret məsələlərin mübahisəli olmasını nəzərə alaraq məqalədə istifadə etdiyimiz "tarixi məxəz" anlayışı haqqında məlumat verməyi məqsədəuyğun bilirik. Belə ki, "tarixi məxəz" anlayışının, məlum olduğu kimi, müxtəlif məna parametrləri var. Ən geniş mənada "tarixi məxəz" keçmiş haqqında məlumat daşıyıcısı olan maddi və mənəvi abidələrin məcmusunu əhatə edir. Arxeologiyadan musiqişünaslığa qədər elmlərin tədqiqat obyekti olan bu abidələr vəhdət və bütövlükdə ayrı-ayrı xalqların coğrafi, siyasi, etnik, dil və mənəvi mədəniyyətinin müxtəlif sahələrini ehtiva edən mənzərəni yaradır. Tarixi məxəzlərin müəyyən qismi yazılı şəkildə mövcuddur. Yazılı irs - xüsusən qədim dövr və orta əsrlərin müxtəlif formalara malik məxəzləri məzmunlarının özünəməxsus ensiklopedizmi, rasional və irrasionalın - fantastika və mifin ehtivası və dəyər meyarlarının subyektiv və obyektivliyinin vəhdəti ilə səciyyələnərək cəmiyyət tarixinin obyektiv bərpası üçün əvəzedilməzdir.
Tarixi öyrənərkən yazılı məxəzlərə, səciyyəsindən asılı olmayaraq, istər müxtəlif rəsmi sənəd, (müqavilə, fərman, hesabat və s.), dini abidə (əvvəlcə şifahi, sonra isə yazılı şəkildə təsbit edilmiş), istərsə də coğrafi, ədəbi, tarixə dair və s. əsərlər olsun, istinadın elmi əhəmiyyəti və aktuallığı inkaredilməzdir. Tarixi coğrafiyanı, siyasi, etnik və mədəni tarixi, o cümlədən, Azərbaycanın qədim və orta əsrlər tarixini təsvir və təfsir edən Azərbaycan tarixçiləri, məlum olduğu kimi, "Gilqameş" (Bilqamıs) dastanına, Quran, Tövrat, İncil, "Odisseya", Nizaminin "Xəmsə"si, eləcə də tarixə dair yunan və digər müəlliflərin yazdıqları çoxsaylı tarixlə bu və ya digər şəkildə bağlı əsərlərə müraciət ediblər.
Elmi ədəbiyyatda tarixi məxəzlər arasında tarixi informasiya daşıyıcıları kimi xarakterizə olunan, mühüm milli-tarixi hadisələrdən bəhs edən geniş mənzum və ya mənsur rəvayətlər, təhkiyələr və ümummilli tarixi əhəmiyyətə malik hadisələri təsvir edən dastanlar xüsusi yer tutur".
Z.Quluzadə yazır ki, türk xalqlarının mühüm milli-tarixi hadisələrindən bəhs edən, oğuz-türk dilində Azərbaycanda yaradılmış "Kitabi Dədə Qorqud" (bundan sonra KDQ) dastanı da artıq uzun əsrlərdən bəri yazılı irsə daxil olmuş bu dastanlar sırasına daxildir.
Alimin yazdığına görə, əvvəlcə folklor əsəri kimi meydana çıxmış KDQ dastanı məzmun, forma və mədəniyyət tarixlərindəki əhəmiyyətinə görə sonradan qələmə alınan Şərq və Qərb mənəvi mədəniyyət tarixinin analoji dastanları kimi, yazıda təkamül nəticəsində müəyyən forma və məzmun sabitliyi qazanaraq, o da digər yazılı məxəzlər kimi, maddi və mənəvi tarix haqqında özünəməxsus tarixi informasiya daşıyıcısına çevrlib: "Lakin fikrimizcə, Azərbaycan tarixşünaslığında tarixi məxəz kimi KDQ dastanının potensial imkanlarından hələ də lazımınca istifadə olunmayıb. Məlumdur ki, KDQ dastanının müəyyən dərəcə salnamə üslubunda Şimali Azərbaycan (Qafqaz Albaniyası) ərazisində ictimai toplum şəklində yaşayan oğuz türklərinin dili, mentalitetlərini formalaşdırmış dinləri, etik təsəvvürləri, digər qonşu etnos və din nümayəndələri ilə qarşılıqlı münasibətləri, siyasi strukturu, sosial-iqtisadi münasibətləri və nəhayət, bu toplumun sərhədləri, sərhədlərin mühafizəsi, vassalları və s. haqqında məlumat verir.
Qeyd etməliyik ki, Azərbaycan ərazisində dövlətçilik tarixinin dəqiqləşdirilməsinin tarixi məxəzlərindən biri kimi KDQ dastanının yerinin elmi müzakirələri zamanı Azərbaycanın bəzi peşəkar tədqiqatçıları, o cümlədən, tarixçiləri tərəfindən KDQ dastanı tarixi məxəz kimi qəbul edilmirdi. Tarixi məxəz kimi KDQ dastanına inamsızlığın səbəbi dastanın bədii əsər - dastan statusu və fantastika və mistika elementlərini ehtiva etməsi göstərilirdi.
... Azərbaycanda dövlətçilik tarixinin tədqiqində tədqiqatçıların tarixi məxəz kimi KDQ dastanına qarşı iddialarının elmi cəhətdən qeyri-obyektivliyini sübut etməyə çalışacağıq.
Müasir Azərbaycan Respublikası ərazisində vaxtilə xanlıq formasında Oğuz-Türk dövlətçiliyi olduğunun etirafı və ya təkzibinin Azərbaycan-Alban dövlətçiliyi ilə yanaşı, Oğuz-Türk dövlətçiliyinin tanınmasının Azərbaycan tarixi və Azərbaycan mədəniyyət tarixinin təfsirinə ciddi dəyişikliklər edə biləcəyini və bu sahədə çoxsaylı saxtalaşdırmaların üzə çıxarılmasında əhəmiyyətli ola biləcəyini nəzərə alaraq, biz yenə də artıq neçənci dəfədir ki, tədqiqatçıları KDQ dastanının məlumatlarını ciddi elmi müzakirə etməyə çağırırıq.
Təkrar edirik ki, KDQ dastanında Şimali Azərbaycan ərazisində yığcam (kompakt) şəkildə yaşamış oğuz-türklərin etnik mənsubiyyəti, sosial və siyasi ierarxiyası, mentaliteti, dini-dünyagörüşü təsəvvürləri barədə dəqiq məlumatlarla yanaşı, oğuzların dövləti və bu dövlətin mövcudluğunun sübutu olan Oğuz Xanlığının sərhədləri də göstərilib. Sərhədlərdən biri, dastana görə, oğuzlara hər il bac-xərac verən Gürcüstan dövləti ilə olan sərhəddir. KDQ dastanına görə, bu sərhəd xəttində Gəncə və Bərdə şəhərləri yerləşirdi ki, dastanda göstərildiyi kimi, burada Oğuz Xanlığının sərhədlərini qorumaq üçün oğuz bahadırı Bəkil öz adamları ilə birlikdə qərarlaşdı (Bax: KDQ dastanının İmranın oğlu Bəkil haqqında fəsli; "Kitabi Dədə Qorqud" Ensiklopediyası, C.1, s.138). İkinci sərhəd, yenə də eposa görə, Dəmir Qapı Dərbənddən keçirdi.
Tədqiqatçılar qarşısında həmin dövlətin nə zaman mövcud olduğunu müəyyənləşdirmək vəzifəsi durur".
Z.Quluzadə yazır ki, Azərbaycan tarixinə dair əsərlərdə göstərildiyinə görə, VI-VII əsrlərdə Alban katolikosu iqamətgahı (551-ci il) və Alban çarlığı paytaxtı (630-cu ildən) Bərdədə yerləşirdi. Tədqiqatçının yazdığına görə, deməli, belə olduqda bu dövrdə Bərdə oğuzlara məxsus ola bilməzdi və Bəkil Bərdədə Oğuz Xanlığının sərhədini qoruya bilməzdi. Alim bildirir ki, məntiqə əsasən, Qafqaz ərazisində Oğuz-Türk Xanlığı VI-VII əsrlərdən ya əvvəl, ya da sonra mövcud olub: "Fəqət, bu xanlığın həmin dövrdən sonra mövcudluğunu Azərbaycanın orta əsrlər tarixi haqqında nisbətən ətraflı məlumatlar vermiş istər ərəb, istərsə də digər tarixçilərin qeydlərinin olmaması istisna edir.
Dastanın islamaqədərki dövr ərzində yarandığını isə onda oğuz-türklərin sosiomədəni həyatı haqqında verilmiş hərtərəfli məlumatlar sübut edir. Onun yaranma dövrünün qədimliyini dastanda təsvir olunmuş cəmiyyətin səciyyəsi ilə bərabər, onun Qərbin "Nibelunqlar haqqında nəğmə", "Roland haqqında nəğmə" və s. bu kimi məşhur orta əsr dastanları ilə müqayisədə dini ideologiyanın təsirinə daha az dərəcədə məruz qalması da təsdiq edir. Şərqi Qafqaz ərazisində alban dövlətçiliyinə qədər Oğuz Xanlığının olub və ya olmaması və bu xanlığın zamanı və digər parametrləri haqqında suallara Azərbaycan arxeoloqları və dil tarixçilərinin tədqiqatlarının nəticələrinin dastanda əks olunmuş mədəniyyətlə, xüsusən onun şamanlıq və totemizm ilə bağlı layları ilə müqayisəsi nisbətən qəti cavab verə bilər. Xatırladaq ki, dastanda oğuzların cəmiyyət və dövlətinə Qam oğlu Qam (Şaman oğlu Şaman) Bayandur xan başçılıq edirdi.
Cənubi Qafqaz tarixinin bir çox problemlərinin mübahisəli olduğuna rəğmən, təəssüf ki, tarixi məxəz olan KDQ dastanının Şimali Azərbaycan ərazisində xanlıq formasında qədim Oğuz-Türk dövlətinin mövcudluğu haqqında verdiyi məlumatlar bölgənin həm siyasi, həm də mədəni tarixinin təfsirini müəyyən dərəcədə dəyişdirə biləcək ciddi elmi araşdırmaların bu günədək obyekti olmayıb".
Tədqiqatçı yazır ki, bunu və KDQ dastanının mötəbər tarixi məxəz olmasına inamsızlığı nəzərə alaraq, zənnimizcə, Azərbaycan tarixçilərinin KDQ dastanında Oğuz Xanlığının mövcud olması barədə məlumatların düzgünlüyünə olan şübhələrinə bir daha qayıtmaq məqsədəuyğundur.
Tədqiqatçının yazdığı, irəli sürdüyü fikirlər, ortaya qoyduğu tədqiqat tariximizin gizlin qatlarına ayna tutur...
İradə SARIYeVA
Şərq.-
2017.- 31 yanvar.- S.15