“GÖYƏRÇİN”İN YERİNƏ “QARANQUŞ” GƏLDİ

 

Yeni nəşr balacaların başını mobil telefonlardan, planşetlərdən qaldıracaqmı?

Qəşəm Nəcəfzadə deyir ki, nə qədər uşaq jurnalları çap olunsun, əgər onlar öz ünvanına çatmırsa, xeyri olmayacaq

 

 

Uşaq mətbuatı sırasına biri də əlavə olundu; "Qaranquş” jurnalı. TEAS PRESS Nəşriyyat evinə məxsus "Qaranquş” jurnalının bu günlərdə təqdimatı keçirilib. Balacaların qarşısına çıxan "Qaranquşu tanıtmaqdan əvvəl keçmişə qısa bir səyahət etmək istədik. O dövrlərə ki, "Göyərçin” jurnalı, "Pioner” qəzeti balacaların, məktəblilərin sevə-sevə oxuduqları nəşrlər idi.

 

O vaxtlar bu jurnal və qəzetləri demək olar, məcburən məktəblərə paylayırdılar. Kiçik və məktəbyaşlı övladı olan hər ailədə bu jurnal və qəzetə rast gəlinirdi. Çox da maraqlı idilər. "Göyərçin” jurnalı balacaların əlindən düşmürdü. Uşaq mətbuatı ümumilikdə mətbuatımızın bir qolu olmaqla hər zaman önəmini qoruyub saxlayıb. Uşaq nəşrlərinin naşirləri bunun çox lazımlı, zəruri olduğunu bilib, çətinliklərə rəğmən peşələrini davam etdiriblər. Sovet illərində jurnal oxumaq da, qəzetə abunə yazılmaq da demək olar zəruri xarakter almışdı. Məktəblilər mütləq "Göyərçin”, "Pioner” oxumalıydı, hələ üstəlik rus dilində nəşr olunan jurnalları da - məsələn, "Murzilka”nı Azərbaycan məktəblilərinə aldırırdılar. Amma bir həqiqət var ki, bu nəşrlərdən balacalar çox biliklər əldə edir, məlumatlanırdılar, dünya görüşləri inkişaf edir, bilik dairələri genişlənirdi.

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə bütün sahələrdə özünü təsdiqləməyə başlayan demokratik dəyərlər və plüralizm təbii ki, mətbuat sahəsindən də yan keçmədi. Gözlənildiyi kimi, demokratiya, plüralizm dəyərlərini özündə daşıyan qəzet və jurnallar varlığını qoruyub saxlaya bildi.

 

Bu gün uşaq nəşrlərinin mətbuatın ümumi inkişafı fonunda geri qalmasından danışırıq. Amma bu suala cavab verən tapılmır ki, axı niyə uşaq nəşrlərinə maraq azalıb, uşaqlar daha "uşaq jurnalı” oxumur.

 

Mütəxəssislər bunun bir səbəbini uşaq nəşrlərinin bağça və orta məktəblərə gedib çatmamasında görür. Uşaq bağçaları, təlim-tərbiyəəssisələri, orta məktəblərin qapıları uşaq nəşrlərinin üzünə bağlanıb, abunə yazılan yoxdur, deyirlər.

 

Bəs bu uşaq jurnalları uşaqların tələbatını ödəyirmi? Kompüterlər də yerini artıq mobil telefonlara, planşetlərə, sosial şəbəkələrə uduzub. Əlindəki mobil telefondan, planşetdən bir an belə ayrılmayan balaca başını qaldırıb "günəş”ə, "göyərçin”ə baxarmı? Belə olduğu halda "Qaranquş” bəs nə edəcək? Uşaqların diqqətini cəlb edə biləcəkmi?

 

Bahar müjdəçisi "Qaranquş

 

Qeyd edək ki, jurnalın təqdimat mərasimində nəşr haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 44 səhifəlik jurnalda balaca oxucular üçün əyləncəli və maraqlı rubrikalar var. Ad seçimi də təsadüfi deyil. Məlumdur ki, qaranquş çalışqandır. Məhz qaranquşun jurnalın maskotu seçilməsi bu mənada təqdirəlayiqdir. Çalışqan "Qaranquş” hər ay yeni informasiyalar toplayaraq balaca oxucularının görüşünə gələcək. Yəni, aylıq jurnaldır.

 

5 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan jurnala oxucular məktublar yaza və öz istəklərini göndərə bilərlər. Bunun üçün info@qaranqush.az email ünvanına məktub yazmaq və ya www.qaranqush.az saytına daxil olmaqla "Qonaq kitabı” bölməsində istək və arzularını qeyd edə bilərlər. Uşaqlar həmçinin çəkdikləri maraqlı rəsmləri də jurnalla paylaşa bilər.

 

Təqdimat mərasimində jurnalın baş redaktoru Aysel Zahidqızı məlumat verərək bildirib ki, jurnalın hazırlanmasında Azərbaycanın tanınmış uşaq yazarları və illüstratorları iştirak edib: "Jurnalın əsas maskotu fərqli dizayn edilmiş qaranquşdur və oxucular üçün müxtəlif məlumatlar onun dilindən təqdim olunur. Məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulan jurnalda maraqlı hekayələr, məqalələr, oyunlarla yanaşı, ingilis dilində mövzulara da yer verilir. Jurnal hazırlanarkən ibtidai siniflər üçün tədris planında yer alan mövzulara uyğun hekayə və məqalələr yazılıb. Məhz bu xüsusiyyətinə görə jurnal həm müəllimlər, həm də şagirdlər üçün xüsusilə faydalıdır. "Qaranquş” jurnalında 5-10 yaş arası bütün uşaqları maraqlandıran mövzulara aid rubrikalar var”.

 

Baş redaktor onu da qeyd edib ki, jurnalın elektron variantı da fəaliyyətə başlayıb: "Jurnala abunə olmaq istəyənlər qaranqush.az saytına da müraciət edə bilər. İnanırıq ki, bu jurnal uşaqların maariflənməsində, inkişafında müsbət rol oynayacaq”.

 

Təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı bölümünün rəhbəri, şair Qəşəm Nəcəfzadə, pedaqoq Reyhan Yusifqızı, şair və pedaqoq Zahid Xəlil, uşaq şeirləri ilə tanınan şair Ələmdar Quluzadə iştirak ediblər.

 

"Hər yeni nəşr bir hadisədir

 

Uşaq nəşrləri ilə bağlı Azərbaycan Yazıçılar Birliyi Uşaq ədəbiyyatı bölümünün rəhbəri, şair Qəşəm Nəcəfzadənin fikirlərini öyrəndik.

 

Q.Nəcəfzadə hər bir yeni nəşrin, o cümlədən uşaq nəşrlərinin yaranmasını mətbuatımız üçün hadisə adlandırdı:

 

- İstənilən yeni qəzet, jurnal mətbuatımız üçün bir yenilik, müsbət bir hadisədir. Yeni nəşrin uğurlu, ya uğursuz olacağını bəri başdan söyləmək çətindir. Hər bir yeni nəşr ilk vaxtlarda çətinliklərlə qarşılaşa bilər. Problemlər ortaya çıxa bilər və s. Əsas odur ki, naşirlər də, baş redaktorlar da çətinliyə sinə gərsinlər, problemlərdən usanıb işdən əl çəkməsinlər. Çünki yeni mətbuat orqanının işıq üzü görməsi, oxucuların təqdimatına verilməsi ümumilikdə mətbuatımız üçün də, ictimaiyyət üçün də faydalıdır. Bunlar hamısı söz və mətbuat azadlığının daha da möhkəmlənməsinə, fikir müxtəlifliyinin varlığına xidmət edir ki, bunlar da hamısı demokratik dövlətin göstəriciləridir.

 

Sizə deyim ki, "Qaranquşjurnalının naşiri olan TEAS PRESS Nəşriyyat Evinin "3 alma” nəşriyyatı da var. Və "3 alma” da balacalar üçün çalışır. Xarici ölkə ədiblərinin, əsasən uşaq yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etdirib nəşr edir. Yaxın zamanda "3 alma”nın Bakıda satış kitabxanası da açılacaq. Xarici ölkə yazıçılarının əsərlərindən ibarət kitablar satışa çıxarılacaq. Əlbəttə, bu, uşaq ədəbiyyatı üçün, uşaqlarımızın maariflənməsi, dünya görüşlərinin artması üçün çox müsbət bir addımdır. "Qaranquşjurnalına gəlincə, bəli, təqdimat mərasimində mən də iştirak edirdim, çıxış da etdim. "Qaranquş”a uğurlar dilədim. Jurnalın adı çox gözəl seçilib. Qaranquş baharın elçisidir. Xoş günlərin müjdəçisidir. Uşaqlar da bizim baharımızdır. Arzu edək ki, "Qaranquşuşaqlarımıza daim xoş xəbərlər çatdırsın.

 

Jurnalda uşaqlar üçün gözəl şeirlər var. Jurnal gözəl şairimiz Ələmdar Quluzadənin şeirləri ilə açılır. Mən jurnalın ilk sayı ilə ətraflı tanış olmuşam. Fikrim müsbətdir. Vərəqlədikcə gördüm ki, jurnalda çox böyük nəfəslik var. Psixoloji gərginliyi aradan qaldırır, insanı rahatladır, sakitləşdirir. Məsələn, "əl işləribölümü var, uşaqlara müxtəlif işləri yerinə yetirməyin yolları öyrədilir. Oyunlar, tapmacalar verilib. Bunlar uşaqların zehni inkişafını sürətləndirmək üçün çox vacibdir.

 

Gözəl, maraqlı nəşrlərimiz var, faydalıdır, lazımlıdır. Ancaq əsas məsələ başqadır. İstənilən qədər uşaq nəşrləri çap olunsun, əgər onlar öz ünvanına çatmırsa, xeyri olmayacaq. Nə qədər ki, uşaq nəşrlərinin məktəblərə, uşaq bağçalarına yolu bağlıdır, bu nəşrlər rəflərdə qalacaq. Bəzi valideynlər maraqlanıb alacaq, amma ümumilikdə balalarımız onlardan faydalana bilməyəcək.

 

"Hazırkı nəşrlər əvvəlkilərə hələ də uduzur

 

Q.Nəcəfzadə hazırkı uşaq nəşrlərinin əvvəlkilərə hələ də uduzduğunu dedi:

 

- Vaxtilə "Göyərçinjurnalı vardı. Çox böyük auditoriyaya malik idi. Nəinki uşaqlar, böyüklər də onu alıb maraqla oxuyurdular. Onu deyə bilərəm ki, hazırkı nəşrlər əvvəlkilərə hələ də uduzur. Baxmayaraq ki, poliqrafiya imkanları genişlənib, məlumat qıtlığı da yoxdur, sərbəstlik var. Bununla belə uşaqların diqqətini cəlb etmək, onlarda maraq yaratmaq çətindir. Uşaq jurnalı, uşaqlar üçün qəzet nəşr etmək asan deyil. Auditoriya dardırsa da, uşaqların təfəkkürü düşündüyümüzdən də genişdir. Onların marağını cəlb etmək üçün daim uşaqlarla işləmək, onların əhatəsində olmaq lazımdır.

 

Qeyd edək ki, jurnalda "Tariximizi unutmayaq”, "Şəhid nəvəsikimi rubrikalar ölkəmizin şanlı tarixi, Qarabağ həqiqətləri, Vətənin fədakar övladları barədə balacaların məlumat alması üçün nəzərdə tutulub. "Mən böyüyəndə...” rubrikasından isə balacalar müxtəlif peşələrin sirlərini öyrənəcəklər. Viktorina və tapmacalar isə bütün istənilən yaşda olan uşaqlar həmişə üçün maraqlıdır. Xüsusən də hədiyyəli olduqda. Jurnalın tərtibatı, yazarların məlumatları uşaqların təfəkkürünü, biliyini genişləndirmək məqsədi daşıyır.

 

(Davamı olacaq)

 

Məlahət Rzayeva

Şərq.- 2017.- 9 fevral.- S.6