Mətbuatın
tarixini yazan Fərhad
Ağazadə…
Bu mətbuat fədaisinin irsi tədqiqatdan
kənarda qalıb
Azərbaycanın ədəbi-mədəni, mətbu, ictimai-siyasi həyatında parlaq iz qoyan Azərbaycan mətbuat tarixinin
formalaşmasında mühüm rol oynayan yaradıcı
ziyalılarımızdan biri də ömrünün sonuna qədər Azərbaycanın
azadlığı uğrunda mübarizə aparan Vətən fədailərindən olan tanınmış
pedaqoq, dilçi, jurnalist, yazıçı-publisist,
nüfuzlu ictimai xadim, Fərhad Ağazadə olub.
Azərbaycan mədəniyyət, ədəbiyyat, xüsusilə də dilçilik tarixinin görkəmli nümayəndəsi F.Ağazadə XIX əsrin sonu XX əsrin əvvəllərində
yaşayıb-yaratmış maarif xadimi, pedaqoq və jurnalist olub. O, ərəb, fars,
fransız dillərinə bələd olub, rus və türk dillərini mükəmməl bilib. Bu səbəbdən də
dünya elmi-pedaqoji fikrini əks
etdirən müxtəlif ədəbiyyatdan lazımınca faydalanaraq
bir sıra dərs vəsaitlərinin
yazılmasında, hazırlanmasında yaxından iştirak
edib. Onun fəaliyyətini şərh edən tədqiqatçılar
F.Ağazadəni
Mirzə Fətəli Axundzadədən sonra dilimizin
saflığı və
əlifbamızın
islahı uğrunda mübarizə
aparan ikinci böyük şəxsiyyət kimi səciyyələndirib.
Fərhad Məşədi Rəhim oğlu Ağazadə 1895-ci ildə Şuşa
şəhərində baqqal ailəsində anadan olub. Qori Müəllimlər Seminariyasında təhsil aldığı illərdə Fərhad Ağazadə dərslərinə münasibətinə, nümunəvi tərbiyəsinə görə fərqlənib və təsadüfi deyil ki, onun şəxsi işinə tikilmiş anketində ünvanına bu sözlər yazılıb: "ciddi, səyli, bacarıqlı, nəzakətli”. Sonrakı illərdə çoxşaxəli, zəngin, faydalı və fədakar fəaliyyəti onun adını XIX əsrin sonu, XX əsrin əvvəllərində xalqımızın tarixində və taleyində misilsiz xidmətlər göstərmiş xadimlərlə bir cərgədə əbədi olaraq Azərbaycan tarixinə həkk etdirib...
F.Ağazadənin həyatı, pedaqoji fəaliyyəti və görüşləri, latın əlifbası uğrunda
mübarizəsi, dərs vəsaitləri, proqramları, mətbuat tarixi ilə bağlı araşdırmaları, dilimizin
saflığı sahəsində coşqun fəaliyyəti, bir sıra görkəmli xadimlərin, xüsusilə Firudin bəy Köçərli, Həsən bəy Zərdabinin ömür yolu,
yaradıcılığı haqqında qələmə aldıqları tanınmış
tədqiqatçılar,
publisistlər tərəfindən kifayət qədər öyrənilib və yüksək dəyərləndirilib. Müasir
araşdırmaçılar isə
bütünlüklə
F.Ağazadənin bu
və ya digər sahədəki fəaliyyətini ayrıca
mövzu kimi işləmiş,
ya da hansısa bir problemin öyrənilməsi prosesində onun irsindən müvafiq
materialı tədqiqata
cəlb ediblər. Lakin
gənc yaşlarından məktəb, maarif fədaisi kimi qələmə sarılan və dövrünün mütərəqqi mətbu orqanları ilə sıx əlaqə saxlayan, əməkdaşlıq edən F.Ağazadənin məhsuldar, zəngin, eyni zamanda
günümüzlə səsləşən, aktuallığını və əhəmiyyətini zərrə qədər itirməyən irsi, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin canlı salnaməsi olan "Azərbaycan” qəzetindəki fəal və fədakar fəaliyyəti, publisistikası, demək olar ki, diqqətdən kənar qalıb. Mili
mətbuatımızın,
publisistikamızın inkişafında kifayət qədər xidmətləri olmasına rəğmən
adı nadir hallarda xatırlanır. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən böyük nəşrləri "Açıq söz”,
"Azərbaycan” qəzetlərində milli problemləri qələmə alan bu böyük mətbuat fədaisi eyni istəklə Azərbaycanın sovetləşməsi dönəmində də çalışıb,
yaradıcılıq enerjisini əlifba islahatının
aparılmasına sərf edib. "Kommunist”, "Yeni yol” qəzetlərində, "Maarif işçisi”,
"Yeni məktəb” jurnallarında əzmlə çalışıb. Amma onun nə əsərlərinin biblioqrafik
göstəricisi tərtib edilib, nə də toxunduğu problemlər mövzu, dil,
üslub, sənətkarlıq məsələləri kontekstindən təhlil olunub elmi-nəzəri baxımdan dəyərləndirilib. Əksər tədqiqatçılar onun "Azərbaycan” qəzetindəki rolunu, məhsuldar fəaliyyət göstərdiyini vurğulamış,
bir-iki məqaləsinin adını çəkməklə kifayətləniblər. Halbuki F.Ağazadənin "Azərbaycan” qəzetindəki
yaradıcılığı sistemli, ardıcıl və dərindən öyrənilməyə, hətta dissertasiya mövzusu kimi
ayrıca işlənməyə layiqdir. Publisistin "Azərbaycan” qəzetində dərc olunan məqalələri "Fərhad Ağazadə”, "F.Ağazadə”, "Şərqli” imzaları ilə yazılıb.
Qeyd edək ki, Fərhad Ağazadənin "Azərbaycan” qəzetində dərc olunmuş yazılarının mövzusu maraqlı,
çoxşaxəli, zəngin və rəngarəngdir. Eyni zamanda, həmin
nümunələr dil, üslub, sənətkarlıq nöqteyi-nəzərindən
də diqqətçəkəndir, təqdirəlayiqdir. Məsələnin bu prizmadan
araşdırılması həm də ona görə cəlbedicidir ki, məhz F.Ağazadə dilimizin saflığı və əlifba islahatı sahəsindəki xidmətləri ilə çağdaş mədəniyyətimizin patriarxı Mirzə Fətəli Axundzadə ideyalarını yaşadan,
onların həyata keçirilməsi üçün qətiyyətlə mübarizə aparan qələm əhlindən biri, bəlkə də birincisidir.
Görkəmli publisistin "Azərbaycan” qəzetindəki yazıları, demək olar ki, cəmiyyət həyatının bütün
sahələrini əhatə edir.
Mətbuat tarixi, mətbuatın cəmiyyət həyatında yeri, rolu, vəzifələri də onun qələmindən kənarda qalmayıb. O, Qafqaz müsəlman müəllimlərinin Bakıda keçirilən birinci (1906), ikinci (1907)
qurultaylarının təşkilatçılarından və fəal iştirakçılarından
olmuş, qurultayın idarə heyətinin tapşırığı ilə beş nəfər müəllimlə birlikdə "İkinci il” dərsliyini tərtib və nəşr etdirib (1908). Məktəblər üçün "Ədəbiyyat məcmuəsi” (1914) dərsliyinin müəllifidir. Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə
Xalq Maarifi Nazirliyi nəzdindəki Əlifba
komissiyasının işində
yaxından iştirak etmiş, dövri mətbuatda mühüm ictimai-siyasi məsələləri çox sərrast şəkildə, vətəndaş mövqeyindən
işıqlandıran yazıları çap olunub.
1922-ci ildə təşkil olunmuş "Yeni türk əlifbası komitəsi”nə üzv seçilən F.Ağazadə S.Axundzadə, M.Məmmədzadə ilə birlikdə "Yeni türk əlifbası” dərsliyini yazmış (1922),
"Kommunist” və "Yeni yol” qəzetlərində, "Maarif işçisi”, "Yeni məktəb” jurnallarında məqalələr dərc etdirərək latın qrafikasının
təbliği
və tədrisi işində böyük xidmət göstərib. "Nə üçün ərəb hürufatı türk dilinə yaramır?” (1922) əsəri əlifbanı dəyişmək uğrunda gedən mübarizənin tarixi haqqında
zəngin məlumat verən dəyərli tədqiqatdır.
Onun "Ərəb əlifbası türk dilinə niyə yaramır?”, "Yeni türk əlifbalarının
unifikasiyası üzrə materiallar”, "Azərbaycanda yeni türk əlifbasının inkişafı və həyata keçirilməsi tarixi”, "Yeni türk əlifbasının tarixi” kimi əsərləri xüsusi əhəmiyyətə malikdir. Bunlardan başqa,
F.Ağazadənin dilçiliyə aid "Türk-tatar dillərində səslərin nisbi münasibətini bilmək bizə nədən ötrü
lazımdır?”, "Yazı qaydalarında mümkün
ixtisarlar məsələsinə dair” və s. məqalələri var.
F.Ağazadə məktəb, maarif, təhsil, əlifba islahatı problemləri ilə bağlı "Azərbaycan” qəzetində də mütəmadi çıxış etmiş,
dövrün ən aktual problemi ilə bağlı sanballı məqalələr qələmə alıb. Onun "Azərbaycan” qəzetində silsilə məqalələr şəklində dərc etdirdiyi "Əlifba tarixində türklərin vəziyyəti” və "Dilimizin türkləşməyinə çarələr”, eləcə də "Bakıda xalq məktəbi müdirlərinin
yığıncağı”, "Maarif müfəttişlərinin
yığıncağına dair” kimi məqalələri bu qəbildəndir. "Vətənin gələcəyi müəllimdən, məktəbdən
asılıdır” yazan Fərhad
Ağazadə təəssüflə bildirib ki, "məktəbimizin halı çox pərişan olduğu
üçün də
müalicəyə möhtac bir çox
dərdləri var”. Maarif
fədaisi məktəbin, təhsilin problemlərini göstərməklə kifayətlənmir, onların həlli yolları haqqında təklif, tövsiyələrini də irəli sürürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xaricə ali təhsil almaq üçün tələbə göndərmək təşəbbüsünü
alqışlayan Fərhad Ağazadə "Azərbaycan” qəzetinin 1919-cu il tarixli 351-ci nömrəsində dərc olunmuş "Avropaya gedən tələbələrin Azərbaycana töhfələri” adlı məqaləsində gənclərə müraciətlə yazıb: "Qardaşlar! Bu zikr edilmiş əsərlərdən
bizə bir sovqat gətiriniz, qarınca
kibi hər yerdən vətənimizə
bir şey toplayınız. Bu şeyləri cəmləyib sonra mükəmməl
tariximizi, ahəngli
qəvaidəmizi, dəbdəbəli
ədəbiyyatımızı
yapaq, daha doğrusu, yenidən
icad edək. İcad edib də
mədəniyyətə doğru həvəsli bir millət olduğumuzu
Avropaya sübut edək!”
Fərhad Ağazadə milli istiqlala qovuşan Azərbaycanın dövlət quruculuğunun möhkəmləndirilməsinə, islahatların həyata keçirilməsinə, məmurların və millət vəkillərinin öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinə qələmi ilə yardım edirdi. Publisistin
"Azərbaycan” qəzetinin 2 aprel 1918-ci
il tarixli 58-ci nömrəsində dərc olunmuş "Parlamandan nə tələb
olunur” adlı yazısı bu baxımdan diqqət çəkir.
O, parlamenti nəzərdə tutaraq yazır:
"Bu, müqəddəs bir yerdir ki, orada millətin dərdi, vətənin haləti müzakirə olunub çarələri üçün də tədbirlər ittixaz (qəbul edilmə - T.A.) olunacaq. Məbuslar arasında bəliğ və uzun-uzadı nitq söyləyənlər də az deyil,
lakin onlardan millət naminə rica olunur ki, fəsahət və bəlağət qabiliyyətlərini və natiqlik məharətlərini sair "əsari-nəfisə” məclislərinə buraxıb parlamanımızda ancaq dərdlərimizdən danışsınlar, onlara
əlaclar
tapsınlar. Bunların hamısından məclis xitaməirdikdə millətimiz məbuslarımızdan nə iş gördüklərini tələb edəcək. Bu, gərək hər
bir qədəmdə, hər
bir hərəkətdə
məbusların
yadından çıxmasın. Məbusların görəcəkləri iş hədsiz və hesabsızdır”. Yaxud, "Türk şüərası
və istiqlal”
adlı yazısında F.Ağazadə
istiqlalın minlərcə şəhidin qanı
bahasına başa gəldiyini,
hürriyyətin
alındığını, millətin
azad nəfəs almağa
başladığını yazır və
istiqlal sevdasının daim çoxalmasını arzulayıb.
Erməni vəhşiliyinin ifşası, xüsusilə ermənilərin 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində xalqımıza qarşı
törətdiyi zorakılıqlar "Azərbaycan” qəzetinin, o cümlədən Fərhad Ağazadənin müraciət etdiyi mövzulardandır. "Ermənilər”, "Andronik nə istəyirmiş” və bu qəbildən olan digər yazılarında
F.Ağazadə azərbaycanlıların qanına susamış erməni quldurlarının
Qarabağda, Zəngəzurda, Azərbaycanın digər bölgələrində törətdikləri vəhşiliklərdən, talanlardan, eyni zamanda xalqımızın igid, vətənpərvər övladlarının da
onlara layiqli cavab verdiyindən, Bakının daşnak-bolşevik quldurlarından azad
edilməsindən geniş bəhs edir.
Tədqiqatçı-publisist Fərhad Ağazadənin
yaradıcılığında mətbuatla bağlı
araşdırmaları, o cümlədən bu mövzuda "Azərbaycan” qəzetində silsilə halında dərc etdirdiyi məqalələri mühüm yer tutur. Onun "Mətbuatın tarixi”
adlı məqaləsi "Azərbaycan”ın 1920-ci
tarixli 65, 72, 78, 80, 81-ci il nömrələrində dərc olunub. Qədim dövrdən başlayaraq yüz il öncəyədək dünyanın müxtəlif ölkələrinin mətbuat tarixinə nəzər salan müəllif günümüz
üçün də maraq doğuran məlumatlardan, mənbələrdən yararlanaraq bitkin bir əsər ortaya qoyub. Müəllif mətbuatın milli inkişafda
oynadığı mühüm roldan, mətbuatın inkişaf mərhələlərindən söhbət açır,
İsveçrə, İngiltərə, Fransa, İtaliya, Rusiya, Türkiyənin, eləcə də erməni və gürcülərin mətbuat tarixinə nəzər salır... Qeyd
edək ki, "Mətbuatın tarixi”
silsilə məqalələrini jurnalistika tarixinin
araşdırıcısı Akif Aşırlı
transleterasiya edərək "Şərq” qəzetində dərc edib.
Qeyd edək ki, F.Ağazadə 1931-ci il
yanvar ayının 4-də "qida borusunun daralması” xəstəliyindən dünyasını dəyişib.
Şəymən
Şərq.-
2017.- 25 fevral.- S.11