SƏSİNİN AHƏNGİ İLƏ ÜRƏKLƏRİ “DAĞLAYAN” SƏNƏTKAR...

Rübabə Muradova, sadəcə bir ovuc Ərdəbil torpağı istədi

Canəli Əkbərov: “Altı Leylim olub, amma nə gizlədim, Rübabənin həqiqi Məcnunu olmuşam”

Heydər Baba, yolum səndən kəc oldu,

Ömrüm keçdi, gələmmədim, gec oldu,

Heç bilmədim gözəllərin necə oldu,

Bilməz idim döngələr var, dönüm var,

İtkinlik var, ayrılıq var, ölüm var...

 

Bu məşhur misraları Şəhriyar yazdı, amma ona can verən o oldu - Rübabə Muradova. Səsinin yanğısını, könlünün qubarını-həsrətini, taleyinin acısını, niskilini Şəhriyarın misralarına töküb, elə oxudu ki, naləsi ilə ürəkləri dağladı. "Öləndə bir ovuc Ərdəbil torpağını qəbrim üstə səpərsiniz” - deyən sənətkar əli çatmayan, ünü yetməyən vətən niskilini də elə özüylə məzarına daşıdı.

Payına cəmi 50 il ömür düşən Rübabə Muradovanın bizə verdiyi bəxşiş daha uzunömürlü oldu - yanıqlı səsi, avazı onu sevənlərə miras qaldı.

Sənətkarların sənəti kimi şəxsi həyatları da hər zaman böyük marağa səbəb olub. Xüsusilə də həmin sənətkar öz dövrünün əvəzolunmazlarındandırsa, deməli... Deməli, barəsində müxtəlif söz-söhbətlərin yaranması da təbiidir. Rübabə Muradova da, heç şübhəsiz ki, XX əsr Azərbaycan musiqisinin ən güclü səslərindəndir. 1933-cü ildə Ərdəbildə dünyaya göz açan bu xanım, yeniyetmə yaşlarında ailəsilə birgə Azərbaycana köçür. Bir müddət keçmiş Əli Bayramlı, indiki Şirvan rayonunda yaşayan Muradova sonradan sənəti ilə əlaqədar paytaxt Bakıya üz tutur...

Gecə yatdığı yerdə Rübabənin uzun, qara saçlarını kəsir

Bir müddət sonra Rübabə sevmədiyi bir şəxslə ailə qurmalı olur. Ailələrin razılığı, təkidi ilə Rübabə bu izdivaca "hə” demək məcburiyyətində qalır. Bu o zamanlardı ki, Rübabə artıq Bakıda təhsil alırdı və səhnəyə çıxırdı. Ancaq çox gözəl və gənc həyat yoldaşının yüzlərlə tamaşaçı qarşısında çıxış etməsi Xəlilin heç ürəyincə olmur. Rübabəni gündən-günə daha çox qısqanmağa başlayır. Bu qısqanclıq getdikcə daha da artır və ailədə yersiz söz-söhbətlər, mübahisələr yaradır. Bütün bu kobud rəftara, əsası olmayan qısqanclıq səhnələrinə dözə bilməyən və bezən Rübabə Muradova ərindən ayrılmaq qərarına gəlir. Az sonra ilk qızı Qəmər dünyaya gəlir. Onu da anası Siddiqə xanım saxlayıb böyüdür. Rübabə isə Bakıdakı həyatına, sənətinə tək-tənha davam edir.

Bir neçə il sonra Tələt özü ticarətçi ilə ikinci dəfə ailə qurur. Bu izdivacdan da müğənninin bir Şahnaz adlı qızı dünyaya gəlir. Ancaq zaman getdikcə bu ailədə də problemlər yaranmağa başlayır. Rübabənin məşhurluğu, pərəstişkarlarının sayı artdıqca, Tələtin də qısqanclıq hissləri böyüməyə başlayır. Yerli-yersiz, olar-olmaz hər şeyə yoldaşını qısqanır. Hətta qısqanclıq gözünü o dərəcədə kor edir ki, gecə yatdığı yerdə Rübabənin uzun, qara saçlarını kəsir. Tələtin bu ağlasığmaz hərəkəti Rübabənin səbr kasasını dolduran son damla olur. Bundan sonra müğənni ikinci həyat yoldaşından da boşanır. Ər sarıdan bəxti heç gətirməyən, ilk məhəbbəti uğursuzluğa düçar olan Rübabə Muradova yaşadığı sıxıntıların, problemlərin təkrarlanmasından ehtiyat edərək üçüncü dəfə heç kimə rəsmən ərə getmir. Yalnızca öz həyatını yaşayır. Heç kimdən asılı olmadan. Ürəyi istədiyi kimi geyinir, gəzir, ürəyi istəyəni edir.

Amma bunların heç biri onun qəlbində gəzdirdiyi dərd yükünü azalda bilmir. Bir tərəfdən sevgidə bəxtinin gətirməməyinə, digər tərəfdən də vətən həsrətilə hər gün için-için ağlayır. Gah ilk məhəbbətini, uğursuz ailə həyatını, gah da illərdir unuda bilmədiyi, arzusunda olduğu Ərdəbili üçün göz yaşı axıdır. Dərdlərini azaltmaq, qəlbini ovundurmaq, vətən yanğısını soyutmaq üçün çıxış yolunu siqaretdə axtarmağa başlayır. Siqaretin tüstüsünü içinə çəkməklə içindəki vətən, sevgi həsrətinin səngiyəcəyinə ümid edir. Bəzən hətta spirtli içki də içir. İçir ki, sərxoş olub bütün qəm-kədərini unutsun. Amma unutmur, unuda bilmir. Nə siqaret, nə də içki onun yaralarına məlhəm olur. Əvəzində sağlamlığını, canını əlindən alır. Dərdini isə zərrə qədər də azaltmır. Həyatının son anına qədər vətən niskili Rübabənin ürəyindən getmir. 13 yaşında ayrıldığı torpağına bircə dəfə ayaq basmaq arzusu ürəyində qalır. Doğulub-böyüdüyü Ərdəbili, evini yenidən görmək xoşbəxtliyi ona nəsib olmur.

Sevdiyi kişiylə keçən son 15 il

O ki qaldı Rübabə Muradovanın qadın xoşbəxtliyinə, bəlkə də 50 illik ömrü boyunca yaşadığı bir neçə xoş dönəm vardısa, o da sevdiyi şəxslə birgə yaşadığı illəriydi. Yəqin Tanrının Rübabəyə yazığı gəlmişdi. Onu illər sonra yenidən sevdiyi şəxslə qarşılaşdırmışdı. Onun ilk məhəbbəti. Müğənni olduğuna görə ailəsi Rübabəni ona almamışdı. O da ailəsindən başqa cür acıq çıxmışdı - heç kimlə evlənməmişdi. Və illər sonra onlar yenə birlikdəydilər. Rübabə Muradova həyatının son 15 ilini bu kişiylə qeyri-rəsmi nikahda yaşayır. Rübabənin həqiqətən sevdiyi ilk və tək kişi xəstə olduğu zamanlarda da, ömrünün son anında da onun yanında olur...

Axırdan-axıra xəstəlik Rübabəyə güc gəlir. Son bir ildə isə xəstəliyi yaman ağırlaşır. Arıqlamağa başlayır. Solğunlaşır. Yataq xəstəsinə çevrilir. Rübaba Muradovanın bacısı Tahirə xanım "Şərq”in müxbiri ilə söhbətində bacısı ilə bağlı yadına düşənləri danışdı: "Ölümünün yaxınlaşdığı Rübabənin ürəyinə dammışdı. Özü bunu bilirdi artıq. Qızı Şahnazla qalırdı. Şahnaz övladlıq borcunu layiqincə yerinə yetirib, onun qulluğunda durdu. Deyirdi, "məni təmtəraqla basdırmayın. Fəxri Xiyabanda basdırmasalar, eybi yoxdu. Əsas odur ki, məni xalqım sevəcək”. Xəstə yatağında da, ölüm ayağında da Ərdəbili unutmadı, yada saldı. Kaş bircə dəfə gedib Ərdəbili görəydim. Sürünə-sürünə də olsa gedib, oranı görüb, sonra öləydim”. Ancaq bu arzuyla yaşayırdı, ancaq bu idi onun dərdi. Onun bircə dərdi vardı - vətən. Rübabə yalnız vətən həsrətilə öldü, sevgi dərdilə yox. Çünki sevdiyi şəxs onun yanında olub”.

 

Rübabə Muradova 1983-cü il, avqustun 28-də 50 yaşında qaraciyər serrozundan vəfat edib.

Tamamilə fərqli və güclü səsə sahib olan bu xanımın istedadı ona Dövlət Opera və Balet Teatrının solisti olduğu illərdə müxtəlif rollar oynamağa imkan verir. "Leyli və Məcnun”da Leyli, "Əsli və Kərəm”də Əsli, "Şah İsmayıl”da Ərəbzəngi, "Aşıq Qərib”də Şahsənəm, "Koroğlu”da Xanəndə qız, "Gəlin qayası”nda Sənəm kimi rollar oynayan Rübabə Muradova xalqın sevgisini qazanır.

Bacısı Tahirə xanım Rübabə Muradovadan danışanda qəhərini boğa bilmədi: "Rübabə həqiqətən sənətinə bağlı olub. Həyatı o qədər asan keçməyib. Onu qısqananlar çox idi.

 

Sevənlər də. Gözəl qadın idi deyə istəyənləri də çox olub. Sadəcə taleyi gətirmədi. Elə ona görə də həyatı param-parça oldu. Sevgi xəstəsi idi. Yəni könlünü bir insana vermişdi deyə bəlkə də ömrü boyu tək onu sevdi. Ərdəbildə sevdiyi oğlanla tale onları yenidən qarşılaşdırıb. Ömrünün son 15 ilini Rübabə xanım o kişi ilə birgə yaşayıb. Rübabəni bir çox həmkarları çox qısqanırdılar. Hətta böyük mənada ona paxıllıq edənlər var idi. Çünki onların heç biri Rübabə qədər sevilməyib. Onun evini içki yıxdı”.

 

Maraqlandıq ki, Rübabə Muradovanın şəxsi, özəl əşyaları qalıbmı? Ailə Xalq artistinin bu özəl əşyalarını muzeyə təqdim etməyi düşünürmü? Axı belə karifeylər əslində təkcə doğmalarına aid deyil. Onlar xalqa məxsus olur. Elə bu səbəbdən bizlər üçün maraqlıdır ki, evində ona aid bir guşə varmı ki, Rübabəni xatırlatsın? Tahirə xanım bildirdi ki, "Rübabə rəhmətə gedəndən sonra ona aid əşyaların bir çoxu qızında idi. Amma müsəlman adətinə görə rəhmətə gedənin paltarları, əşyaları evdən çıxarılır. O zaman durum da belə deyildi deyə o qədər çox şəxsi əşyası qalmayıb. Ancaq o zamanlar çəkilən fotoları qalır. Bəzi bər-bəzək əşyaları qalırdı. İndi düzünü desəm, bilmirəm onlar qalır, ya yox. Amma mənim də evimdə, qızının da evində fotoları, Opera və Balet Teatrının səhnəsində olan bəzi tamaşalardan şəkillər var. O vaxtlar şəkil çəkdirmək də belə rahat deyildi. Qaldı muzey məsələsinə, düzünü desək, heç vaxt hər hansı muzeydən Rübabə Muradovanın ailəsinə müraciət edib ona aid əşyaların muzeyə təqdim olunmasını istəyən də olmayıb. Bəlkə vaxtında istəsəydilər, çox əşya vermək olardı. Onun qoyub getdiyi ancaq ifaları, lent yazılarıdı. Onun vəfatı bəzi həmkarları üçün, az qala, toy-bayram idi. Bəziləri isə, ümumiyyətlə, onun yas mərasiminə gəlməmişdilər”.

 

Böyük sənətkarımızı Xalq artisti Canəli Əkbərov isə belə xatırlayır.

 

- Canəli müəllim, səhnədəki ilk Leylinizdən danışacağıq, xatırlayırsınız?

 

- Rübabəni heç yaddan çıxarmaq olar? Rübabəni həm ilk Leylim olduğu, həm də gözəl sənətkar olduğu üçün çox sevmişəm. Bəzən rəhmətə gedən elə sənətçilər barədə soruşurlar ki, deməyə söz tapmırsan. Amma elə sənətkarlar da var ki, heç düşünmürsən, söz özü gəlir. Rübabə elə sənətkarlardandır. Altı Leylim olub, amma nə gizlədim, Rübabənin həqiqi Məcnunu olmuşam.

 

- Bəlkə o günlərə qayıdaq, xatirələrinizi ipə-sapa düzəsiniz...

 

- 1975-ci ilin sonunda rejissor Mehdi Məmmədov "Leyli və Məcnun” tamaşasını hazırlayanda və mənə deyəndə ki, Leylin Rübabə Muradova olacaq, əlim-ayağım həyəcandan əsdi. Çünki o vaxtlar Rübabə yanğılı səsi ilə çox sevilirdi və insanlar onun avazından ötrü ölürdülər. Nə başınızı ağrıdım, biz səhnəyə çıxanda, zal dağılırdı alqış sədalarından. Tamaşada "Şam” səhnəsi var, orda Rübabə necə nalə çəkirdisə, tamaşaçılar ağlaşırdı. Rübabə özü də ağlayırdı. Bəzən səhnədə göz yaşı tökmək üçün müəyyən vasitələrdən istifadə olunur, amma Rübabə o qədər təbii oynayırdı ki... Hətta deyərdim ki, səhnədə olduğunu, rol oynadığını unudurdu. Qismət elə gətirdi ki, mən rayonlara qastrola da ilk dəfə Rübabə xanımla çıxdım. Rayon camaatı onu o qədər sevirdi ki, görəndə duz kimi yalayırdı.

 

- Rübabə xanımı o biri Leylilərdən fərqləndirən nə idi?

 

- Qəddi-qaməti vardı, qaşı-gözü gözəl idi, buna söz yox. Amma Rübabənin səsi adamı öldürüb-dirildirdi. Ərdəbildən gəlmişdi, vətən həsrətini çəkən qadın idi. Vətəndən söz düşəndə gözünün yaşını leysan kimi tökürdü.

 

- Necə insan kimi xatirinizdə qalıb?

 

- Gözəl. Zarafatcıl, yumoru sevən, səmimi, həm də xanım-xatın bir qadın idi. Bir xatirə yadıma düşdü. "Leyli və Məcnun”da ilk dəfə Məcnun olmağımın şərəfinə evimdə qonaqlıq təşkil etdim və bütün yaradıcı heyəti qonaq çağırdım. Amma Rübabənin dalınca özüm getdim, yolüstü tarzən Bəhram Mansurovu da götürdüm. Rübabə onda Voladarski adına Tikiş Fabrikinin yanında qalırdı. Qalxdım yuxarı, gördüm oturub güzgünün qarşısında özünə bəzək vurur. Biz ona "Rubuş” deyə müraciət edərdik. Dedim ki, bəs, Rubuş, səni evdə gözləyirlər, gəlmişəm səni aparım. Gördüm getmək istəmir, qayıtdı ki, yenə toy olsaydı, gələrdim. Mən də ona zarafatla dedim ki, ay Rubuş, bu yazıq Leyli heç Məcnundan yarımadı, onun çörəyini yemədi, heç olmasa, gəl, evimdə bir tikə çörək kəs. Zarafat qanan adam idi, bu sözlərimdən sonra bizə gəldi. Evdə də bir gecə qonaq saxladıq. Çünki arvad-uşaq onu çox istəyirdi.

 

- Barəsində çox danışırlar. Ustad xanəndə Qulu Əsgərovla sevgili olduqları barədə deyilənlər doğrudurmu?

 

- Bu barədə də heç nə deyə bilmərəm. Olubsa da, öz aralarında olub.

 

- Sevənləri çox olardı yəqin?

 

- Sevənləri deyəndə ki, sənətinə pərəstiş edənlər çox idi.

 

- O dövrün xanım sənətkarları ilə münasibəti necə idi, heç küsülü olduğu müğənni vardı?

 

- Ovaxtkı xanımlarla indiki müğənni xanımlar arasında yerlə-göy qədər fərq var. Onlar hətta kiminləsə düşmən olsalar belə, bunu üzə vurmazdılar. Üz-üzə gəldikləri məclisdə biri-birlərinə salam verərdilər ki, kənardan baxanlar münasibətlərinin pis olduğunu anlamasınlar.

 

- Deyilənə görə, xanım sənətkarlar arasında onun paxıllığını çəkənlər çox olub və hətta ondan anonim məktublar da yazıblar?

 

- Əlbəttə, o cür səsin sahibini qısqananlar, paxıllığını çəkənlər vardı. Rübabəylə də oturub çörək kəsən adamlar gizlindən işlərini görürdü. Təbii ki, bu mənada istəməyənləri vardı, yuxarılara gizlin şikayətlər də olurdu. Amma imanımı yandıra bilmərəm, onları kimlərin yazdırdığından xəbərsizəm.

 

- Heç olmasa, anonim məktub yazdıranların "zəhməti” öz bəhrəsini verirdimi?

 

- Əziyyətləri elə özlərinə qalırdı. Rübabə, əksinə, daha çox sevilirdi. Müəyyən dairələrdə İrandan gəldiyi üçün sıxışdırılsa da, çox böyük hörmətə sahib idi. Bilirsiniz ki, Rübabə 13 yaşında ikən müəyyən səbəblər üzündən atası ilə Azərbaycana gəlmişdi. Bu səbəbdən ona xaricə getməyə qadağalar da qoymuşdular. O vaxtlar bir çox sənətkarlar İrana konsert verməyə gedirdi, amma Rübabəni qoymurdular. Ona görə gələndən-gedəndən Ərdəbili, ordakı evlərini soruşurdu. Bağında həyətini Ərdəbildəki evlərinin həyətinə bənzətmişdi, ordakı ağaclardan əkmişdi. Bir dəfə Astaraya qastrola getmişdik, sərhəddin kənarından dayanıb İrana baxdı. Qəfildən bir nalə çəkdi, elə ağladı ki, elə bildik yer titrədi. Onu uzun müddət özünə gətirə bilmədik.

 

- Toylara gedirdi?

 

- O dövrün bütün məmurları onu həvəslə toylarına aparırdılar.

 

- Hər bir sənətkarın kaprizi olur, Rübabə xanımın kaprizləri vardımı?

 

- Mən görmədim. Onu da deyim ki, Rübabəni toya aparan adamlar onun səsinin dəyərini yaxşı qiymətləndirirdi. Çox sadə həyat tərzi vardı. Varı-dövləti səsi idi. Heyif ki, çox az yaşadı, 50 il. Qaraciyər serrozundan dünyasını dəyişdi. Ölümündən qabaq görüşmüşdük. İlk Leylimi xatırlamaq mənə də çox xoş oldu.

 

Tahirə Məmmədqızı

Şərq.- 2017.- 1 iyul.- S.13.