“ Atamla bağlı arxivim var”

“Cavid əfəndi, Əhməd Cavad, Cəfər Cabbarı tez-tez evimizə gələrmiş”

 

"Şərq”in qapısını bu dəfə görkəmli jurnalist, publisist, Azərbaycan istiqlalının yorulmaz mücahidi Xəlil İbrahimin qızı Güllər xanım açdı (İrəlidə Xəlil İbrahimin qızının adını niyə iki "l” hərfi ilə yazmağımızın səbəbini biləcəksiniz red.). Güllər xanım məlumat alıb ki, "Şərq”in redaksiyasında milli mətbuat tarixi qalereyası yaradılıb. Milli mətbuat tariximizin beşiyi başında duranlar və onların davamçılarının həyat və fəaliyyətlərinə dair eksponatlar sərgilənir, ürəyi dayanmayıb, ahıl yaşına və hətta isti havaya məhəl qoymayıb redaksiyaya gəlmək qərarı alıb.

 

Təbii ki, "Şərq” kollektivi üçün Güllər xanımın redaksiyaya gəlişi böyük ehtiram nümunəsi oldu. Yeri gəlmişkən, cümhuriyyət dönəmi nəslinin davamçılarını zatən həmişə belə gördük; tarixi keçmişə qürur hissi ilə yanaşan, milli tariximiz və milli mücadiləyə sədaqətli, ata-babalarının müqəddəs işini davam etdirən, istiqlal davasına sonadək sahib çıxan.

 

Güllər xanım da istisna deyil. Atası - görkəmli publisist, Ceyhun bəy, Üzeyir bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəyli ilə yanaşı qısa müddətdə 1919-cu ildə "Azərbaycan” qəzetinin redaktoru olan ziyalı Xəlil İbrahim "xalq düşməni” elan edilib güllələndikdə cəmi 3 yaşı varmış; "mən xatırlaya bilmirəm. Kiçik yaşda olmuşam. Atamı da dumanlı xatırlayıram. Solmaz xanım (bacısını nəzərdə tutur - red.) atam haqqında çox şey bilir, hər şey yadındadır. O, yaşca böyük olub axı...” deyir. Bununla belə atası haqqında danışarkən fəxarət hissi keçirdiyi gözlərinin işığından bilinir...

 

Şuşalı mücahid

 

Öncə Xəlil İbrahim haqqında qısa məlumat verək. Xəlil İbrahim əslən Şuşadandı. 1892-ci ildə anadan olub. Şuşada ibtidai təhsil alıb. Sonra ailə Bakıya köçüb. Xəlil də təhsilini Bakı realnı məktəbində davam etdirib. Əmircanda müəllim işləyib. Məqalələrlə çıxış etməyə başlayıb. "Səda”, "Açıq söz”, "İqbal”, "Bəsirət” qəzetlərinə məqalələr yazıb. Dövrünün görkəmli ziyalıları kimi o da Azərbaycanın istiqlal davasına qoşulub, Müsavat Partiyasının üzvü, partiyanın Şuşa şəhər özəyinin katibi olub. 1919-cu il 4 iyul tarixindən "Azərbaycan” qəzetinin rus dilli nəşrinin 216-cı sayından 265-ci sayınadək redaktoru vəzifəsində çalışıb. Bu vəzifəni də ona Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə etibar edib. 1920-ci il işğalı bir çox ziyalılarımızın həyatını da işğal etdiyi kimi, Xəlil İbrahimin də taleyini qaraldıb. "Sovet hökumətinə qarşı gizli fəaliyyət göstərir” bəhanəsiylə repressiyaya uğrayıb və "xalq düşməni” damğası vurularaq 1938-ci ildə güllələnib.

 

Repressiya qurbanları ailələrinin yaşadıqları zülm-zillətləri Xəlil İbrahimin ailəsi də çəkib. Güllər xanım bu barədə danışacaq.

 

Hələliksə, Xəlil İbrahim yadigarının "Şərq” redaksiyasında gördükləri barədə təəssüratlarını bölüşək.

"Şərq” qəzetinin baş redaktoru, milli mətbuat tarixinin tədqiqatçısı Akif Aşırlı təklif etdi:

- Güllər xanım, bəlkə öncə eksponatlarla tanış olasınız, baxın nələr yaratmışıq burda, nələr çatışmır.

Güllər xanım məmnuniyyətlə razı oldu.

 

Akif Aşırlı Güllər xanımı redaksiyada təşkil edilmiş mətbuat tarixi qalereyası ilə tanış etdi. Eksponatlara baxdılar.

 

Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalistlərlə çəkilmiş fotolarından ibarət stendi maraqla izlədi. Mərhum Heydər Əliyevin jurnalistlərin əhatəsindəki fotosunu görəndə; Heydər Əliyev güclü şəxsiyyət idi. Heç vaxt gözlənilməz sualdan çəkinməzdi. O gün Putinin mətbuat konfransına baxıram, Sibirdən bir qadın sual verdi, belə görünür ki, o sual nəzərdə tutulmayıbmış, Putin hirsləndi ki, bu sual hardan ortaya çıxdı...

 

Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımla çəkilmiş fotoya baxanda isə "Solmaz xanım da (bacısı - red) 90-nı haqlayıb. Yaş öz sözünü deyir. Ona görə mən onu "tərpətmirəm”. İndi də onu bağda qoyub gəlmişəm...” dedi.

 

Redaksiyada yaradılmış milli mətbuat tarixi qalereyası ilə tanış olarkən Güllər xanımın təsirləndiyi sezilirdi. Atasının böyük portretini görəndə isə kövrəldi...

 

- Yaxşıdır... Amma məndə başqa, daha qəşəng portreti var. Onu sizə hədiyyə edəcəm... Sağ olun ki, tarixə hörmət edirsiniz, belə böyük iş görürsünüz.

 

Akif Aşırlı:

 

- Məqsəd odur ki, mətbuat tariximiz unudulmasın, milli mətbuatımızı yaradan kişilər yaddan çıxmasın, ənənələr yaşasın, gənc nəsil də bu xalqın ziyalılarını tanısın. Onların bizim üçün necə əhəmiyyətli bir miras qoyduğunun fərqinə varsınlar. Bu fikirdəyik ki, 1875-ci ildən müasir dövrümüzədək mətbuat tariximizi redaksiyadakı 6 otağa "sığışdıraq”. Bacardığımız qədər, imkanımız çatan qədər bu işi görəcəyik.

 

Güllər xanım:

 

- Həqiqətən, böyük iş görürsünüz. Məndə də xeyli materiallar, sənədlər var. Çalışacam, yaxın zamanda onlara yenidən nəzər salım, bəzilərini redaksiyaya bağışlayım. Tarixdir, itməsin, qorunsun. Bacım Solmaz xanım məndən də məlumatlıdır, amma yaşlanıb, hərəkət etmək, bir yerə getmək ona çətindir deyə, evdən çıxmağa qoymuram.

 

A.Aşırlı:

 

- Eybi yoxdur, biz onu ziyarət edərik... Elmi iş üzərində işləyəndə, Xəlil İbrahimin yaradıcılığı ilə tanış olmuşam. Məqalələrini oxumuşam. "Açıq söz” qəzetində onun 300-ə yaxın məqaləsi dərc olunub. Şuşadakı vəziyyət haqqında məqalələri çox əhəmiyyətlidir. Şuşadakı aclıqdan, xəstəlik yayılmasından yazır. 5 məqalə yazıb Şuşadakı vəziyyətə dair. Elə dəqiq təsvir edir ki, oradakı mənzərəni. Soyqırım barədə elə yazır, sanki faciənin yaxınlaşdığını hiss edir. O zaman Məhəmməd Əmin Rəsulzadə Xəlil İbrahimi "Açıq söz” qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri təyin edib. "Açıq söz”ün nəşrə başlaması barədə elanda X.İbrahimlə yanaşı Şəfiqə xanım Əfəndizadənin, Hüseyn Cavidin, Ömər Faiqin adları var. Şəfiqə xanım həm də Azərbaycanın ilk qadın jurnalistidir.

 

Güllər xanım:

 

- Mən də atamın məqalələrini toplamışam, kitab halında çap etdirmişəm. Arxiv idarəsinə müraciət etmişdim. Sağ olsunlar, mənə böyük kömək göstərdilər. Çox minnətdaram. Amma bircə səhvim oldu ki, kitabda mənə kömək edənlərin adlarını göstərmədim. Sonra buna görə məndən incidilər, haqlı idilər də. Amma dedilər ki, sizi məhkəməyə verəcəyik. Dedim, nə olar, atam da repressiya olunub, qoy mən də məhkəməyə verilim...

 

Güllər xanım atası "xalq düşməni” elan edildikdən sonra ailəsinin çəkdiyi əziyyətlərdən danışdı:

 

- Ailəmizə çox təzyiqlər oldu. Mən Moskvada təhsil almışam. Bacım Solmaz da, qardaşım Elxan da Moskvada təhsil alıb...

 

- Qəribədir ki, ziyalılarımız Moskvanın əmri ilə güllələnirdi, amma siz ali təhsilinizi Moskvada almısınız. Burada imkan yox idi?

 

- Bilirsiz, bu barədə danışmaq mənim üçün çətindi. Qardaşım Elxan uşaqların böyüyü idi. Atam tutulandan sonra orta məktəbi bitirdi, universitetin filologiya fakültəsinə daxil oldu. Professor Şirəliyev varmış, deyirmiş ki, auditoriyada mühazirə oxuya bilmir, çünki auditoriyada "xalq düşməni”nin oğlu əyləşib... Buna görə anam Gülüstan xanım Mirzə İbrahimovun yanına xahişə gedir, Mirzə müəllim atamın xətrini çox istəyirmiş. Mirzə İbrahimov Elxanla Solmazı Moskvaya yola salır. Beləcə onlar orada ali təhsil alırlar. Mən də orta məktəbi bitirəndə bacım dedi ki, sənin üçün nə fərqi var, Bakıda təhsil alasan, yoxsa Moskvada, onsuz da bütün fənləri əla bilirsən. Xüsusilə də riyaziyyatı. Mən Moskvada riyaziyyatdan imtahan verəndə, ordakıların hamısı heyrət ediblər ki, bu qız kimdir?! Beləcə, mən Moskva İnşaat Mühəndisləri İnstitutuna daxil oldum, özü də ən çətin ixtisas üzrə - mühəndis-hidrotexnik. Su təsərrüfatı mühəndisliyi üzrə təhsil aldım, elmi iş müdafiə etdim. Həyat yoldaşım Maqbet Məmmədov da su təsərrüfatı üzrə akademikdir. Bu günlərdə yubileyi keçiriləcək. Taleyimiz belə gətirdi ki, biz 3 övlad Moskvada təhsil alası olduq. Sizə deyim ki, ali təhsilimi Moskvada almışdım, amma Bakıda elmi iş üzərində işləyirdim, yenə də məndən "əl çəkmirdilər”. Kimlərsə yazmışdı ki, guya mən bu sahədə təsadüfi adamam. Namizədlik işimin müdafiəsinə əngəl olmağa çalışırdılar. Sağ olsun, Memarlıq İnstitutunun su təsərrüfatı tikintisi fakültəsinin (hazırda hidromeliorasiya fakültəsi) dekanı Abbas Mustafayev mənə kömək etdi, dayaq oldu.

 

A.Aşırlı:

 

- Ananız xasiyyətcə necə idi?

 

Güllər xanım:

 

- Çox mülayim, sakit... Atamla ailə quranda 14 yaşı varmış. Atamsa o vaxt 24 yaşında olub.

 

- Güllər xanım, bacınızın, qardaşınızın adı Cəfər Cabbarlı qəhrəmanlarının adlarından götürülüb, eləmi?

 

- Atam Cəfərlə dost idi. Çox istəyirdi Cəfəri. Övladları olduqca da Cəfər Cabbarlının pyeslərinin qəhrəmanlarının adlarını qoyub. Belə bir məsəl də ailəmizdə məşhur idi: "Elxanın Gülləri Gülüstanda Solmaz”... Mənim adım Gülər deyil, Güllərdir. Düzdür, çox adam Gülər deyir. Amma elə deyil. Atamla bağlı arxivim var. Onun haqqında yazılmış məqalələri də toplayıb saxlamışam. Bizim evimiz İçərişəhərdə idi. Keçmiş "Zevin” küçəsindən pilləkənlə yuxarı qalxanda. Bacım danışardı ki, Cavid əfəndi, Əhməd Cavad, Cəfər Cabbarlı evimizə tez-tez gəlirmişlər. Nəzif Qəhrəmanov atamla bağlı yaxşı bir məqalə yazdı: "İçərişəhərdə bir ev vardı”. O məqaləni də saxlayıram...

 

A.Aşırlı:

 

- Mən də belə qərara gəlmişəm ki, Xəlil İbrahim haqqında ayrıca bir kitab nəşr etdirim. Materiallar var, onlardan istifadə etməklə, məxsusi Xəlil İbrahimlə bağlı, inşallah, bir kitab ərsəyə gətirməyi düşünürəm.

 

Güllər xanım redaksiya ilə sağollaşıb gedəndə mətbuat tarixi qalereyasına edəcəyi hədiyyələri unutmadığını bir daha xatırlatdı:

 

- Söz vermişəm. Atamın sənədlərindən, qəzet məqalələrindən redaksiyaya bağışlayacam. Qoy itməsin, qorunsun...

 

 Məlahət Rzayeva

Şərq.- 2017.- 4 iyul.- S.5.