“BİR QƏDƏR SƏHLƏNKARLIQ ETDİM”

 

Əjdər Həmidov: “Dərmanları atdım, onlardan istifadə etmədim. Təzyiq dərmanları da elədir ki, gərək ömrünün sonunadək istifadə edəsən”

“Xəstəxanadan çıxandan teatrda 6 tamaşa oynamışam. Qaldı aktyorun dolanışığına, teatrda olan hər kəs kimi, şükür biz də dolanırıq”

 

Əslində mənə tapşırmışdılar ki, "Oynama, səhnədə vəziyyətin ağırlaşa bilər”. Amma biz səhnəsiz qala bilmirik

 

Bir müddət əvvəl Əməkdar artist Əjdər Həmidovun səhhətində ciddi problem yarandığından sənətçi xəstəxanaya yerləşdirilmişdi. Xəstəxanadan evə buraxılan sənətçi bir müddət ev şəraitində də müalicəsini davam etdirməli olub. Əməkdar artistlə əlaqə yaradıb səhhəti ilə maraqlandıq. "Şərq”ə danışan sənətçi hazırda özünü yaxşı hiss etdiyini söylədi.

 

- İndi özünüzü necə hiss edirsiz, Əjdər müəllim?

 

- Şükür, yaxşıyam. Bir qədər təzyiqlə, havaların dəyişkən keçməsi ilə əlaqədar yüksək təzyiqlə xəstəxanaya getmişdim. Təsəvvür edin ki, təzyiq 260 idi. İndi özümü daha yaxşı hiss edirəm.

 

- Səhhətinizdə yaranan problemin bugünkü həyatın çətinliyi ilə bağlılığı varmı? Axı aktyor üçün bu gün dolanmaq daha çətin olub.

 

- Konkret nəyəsə əsəbiləşməmişəm. Mən 10 il bundan əvvəl insult keçirmişəm. 10 il idi ki, sakitlik idi, hər şey normal idi. Amma sözün düzü, bir qədər səhlənkarlıq etdim, dərmanları atdım, onlardan istifadə etmədim. Təzyiq dərmanları da elədir ki, gərək onları ömrünün sonunadək istifadə edəsən. Mən də buna əməl etmədim, o da öz təsirini göstərdi. Həm də dediyim kimi, istilər düşəndə qan, sinir xəstələri üçün bu təhlükəlidir. Hava dəyişkən keçir, heç nə olmadan əhvalım dəyişir. Amma bildiyiniz kimi, bir filmim var, "Hər şey yaxşılığa doğru”, məndə də hər şey yaxşılığa doğru gedir. Həkimlərdən çox razıyam, onlar əllərindən gələni etdilər ki, tez bir zamanda ayağa qalxım. Xəstəxanadan çıxandan teatrda 6 tamaşa oynamışam. Sonuncu oynadığım tamaşa "Nazirin xanımı”dı. Qaldı aktyorun dolanışığına, teatrda olan hər kəs kimi, şükür biz də dolanırıq. Mən iddialı, təmtəraqlı həyatın marağında olan insan olmamışam. Mənim üçün həyatın marağı və dəyəri var-dövlətdə deyil. Bu gün aktyor üçün dolanmaq nə qədər çətin olsa da, mən səhnədə özümü daha rahat və lazımlı hesab edirəm.

 

- Amma həkimlər sizə bir müddət, səhnəyə çıxmağa qadağa qoymuşdu.

 

- Əslində hə, mənə tapşırmışdılar ki, "Oynama, səhnədə vəziyyətin ağırlaşa bilər”. Mənə də həyəcan, gərginlik, olmaz. Amma bilirsiz ki, biz səhnəsiz qala bilmirik. Allaha dua edib səhnəyə çıxdım, şükür ki, heç bir tamaşada heç bir hadisə baş vermədi. Əksinə, səhnə hardasa ağrı-acıları insana unutdurur. Yəni mən səhnəyə çıxanda hiss etmədim ki, xəstəyəm. Normal, əvvəl tamaşaları necə oynayırdımsa, indi də o cür başa vurdum. İnşallah, mövsümü "Qarabağnamə” tamaşası ilə bağlayırıq. Tamaşanı izləmək istəyənləri teatrımıza dəvət edirəm. Həqiqətən maraqlı tamaşadı. Məsləhət görərdim ki, gəlib izləyin.

 

- Mütəmadi tamaşalarda olsanız da, son filmlərdə sizi görə bilmirik. Halbuki, son vaxtlarda çoxlu sayda komediya filmləri çəkildi...

 

- Əvvəla, filmə çəkilmək aktyorun özündən asılı bir məsələ deyil. Gərək rejissor dəvət etsin. Həm də mən son olaraq "Kişi sözü” serialında iştirak etdim. Serial çox qısa zamanda başa çatdı. İndi də başqa bir seriala dəvət almışam. Yəni işləməyi sevən adamam, heç zaman işdən qaçmamışam. Hara dəvət ediblər, istər kino, istərsə də veriliş olsun, getmişəm, fasiləsiz işləmişəm. Teatrda da tamaşalarım çoxdur. Mən öz işimi çox sevirəm. İş, yaradıcılıq mənim üçün hər şey deməkdir.

 

- Deyilənə görə, "Yoxlama” filminin çəkilişlərində qorxu yaşamısız. Elə səhhətinizdəki ciddi problemlər də ordan başlayıb...

 

- Sözün düzü, orda bəzi həyəcanlı kadrlar olub. Bir az o məqamlarda qorxu keçirə bilərdim. Bəlkə də keçirmişəm, həmin an hiss etməmişəm. Xəstə vəziyyətində filmə sonuna qədər çəkildim. Filmin sonları idi. Lakin film bitdikdən sonra dözə bilmədim, iki il Bakını tərk etdim. Hətta elə anlar oldu ki, iki dəfə intihar etmək istədim (qəhərlənir). Yəni o dərəcədə mən xəstələnmişdim.

 

- Bu cür halları bir çox məşhur aktyorların həyatında da görürük, rast gəlirik. Bu sənət aktyorların ömrünü qısaldır, sağlamlığını, hətta həyatını əlindən alır. Yəni peşmansız bu sənətə gəldiyinizə?

 

- Yox, peşman deyiləm. Ona görə ki, baxıb görürəm ki, mənim əməyim heç də puça getməyib. Mən iş görmüşəm, elə-belə xəstələnməmişəm ki. O qədər olub ki, filmlərdə aktyorlar xəsarət alır, sağlamlıqlarını itirir, hətta dünyasını dəyişənlər olur. Məndə də belə bir şey baş verdi. Doğrudan da mən iki il əzab çəkdim. Amma məni həyata qaytara bildilər. Sonra isə 10 il normal həyat yaşadım. Amma gördüyünüz kimi, o gərginliklərin təsirləri qaldığından mən yenə də xəstəxanaya düşdüm. Xəstəxanada mən 10 gün yatdım.

 

- Səhhətinizdəki problemlərə baxmayaraq yenə də səhnəyə qayıtdız?

 

- Mən səhnəsiz özümü təsəvvür edə bilmirəm. Xəstə-xəstə gəlmişəm teatra, gündə iki tamaşa oynamışam.

 

- Bəs ailəniz buna görə narazılıq etmir?

 

- Yox. Çünki narahatçılığa bir əsas yoxdur. Bu mənim işimdir. Əgər bilməsəydim, "arxı tullanmazdım”... Həmin filmdə elə səhnələr var idi ki, məni maşına sarıyırdılar, maşın da məni sürətlə sürüyürdü. Sonra məni qayadan aşağı atıblar, quyulara düşmüşəm, turbalardan keçmişəm və sairə. Yəni, filmdə ağır səhnələrdə olmuşam, çox xəsarətlər almışam. Demək olar ki, çəkilişlər zamanı mənim bədənimdə sağ-salamat yer olmayıb. Bütün qollarım, ayaqlarım zədələnmişdi, bədənim yaralı idi. Hətta filmdə bir yer var idi, gəminin lükundan çıxıb qaçmalı idim. Sən demə, lükun ətrafında kəsilmiş dəmir parçası qalıbmış. Qaçanda həmin dəmir mənim ayağımı kəsib parçaladı. Məni təcili xəstəxanaya gətirib, ayağımı tikdilər. Əlbəttə ki, bu çəkilişdir, işdir, sənətdir, bütün kinolarda baş verir, aktyorların başına gəlir. Amma düşünürəm ki, mən həyatımı, günlərimi boşa verməmişəm, nəsə etmişəm, pərvanə kimi özümü oda vurmuşam.

 

- Tamaşaçı diqqətindən şikayətiniz olmayıb?

 

- Çox razıyam. Tamaşaçılar məni çox istəyir, sevirlər. Mən bu sevgini küçəyə çıxanda görürəm. Bu dəfə xəstəxanaya düşəndə mənə çox zənglər edilirdi, tanımadığım insanlar mənimlə əlaqə saxlayıb, hal-əhval tuturdular.

 

- Bu gün bir aktyorun məvacibi aktyoru dolandırmağa yetirmi?

 

- Mən həmişə dolanışığımdan razı olmuşam. İşləmişəm, iş zamanı da bilirsiz ki, pul da olur. Evdə tənbəl otursan, kim sənə pul verər? Filmlərdən pul qazanmışam, teatrdan maaş almışam, Prezident mükafatına layiq görülmüşəm. Həmişə geyimim, şəraitim, maşınım, evim olub. Tanrımdan çox razıyam, mənə çox şey verib. Sənətim, işim, balalarım, nəvələrim var, el şənliklərində oluram. Daha nədən narazı qalım? Bircə narazı qaldığım xəstəliyim olub, onu da qeyd etdiyim kimi, bu da işimlə bağlıdır.

 

- Bir qədər öncə el şənliklərindən danışdız. Siz də toylarda iştirak edirsiz?

 

- Toyda elə aktyor olar da. Söz sənəti aktyorun işidir. Sözü aktyor deyir, məclisi idarə edir. Əgər toy sahibi etibar edib deyirsə ki, gəl mənim məclisimi idarə et, bunun özü şərəfdir, aktyor üçün böyük hörmətdir. Burda qəbahətli bir iş yoxdur. Türkiyə, Rusiya və digər bütün ölkələrdə də belədir, məşhur aktyorlar, müğənnilər toylarda iştirak edirlər. Digər tərəfdən də toy istər müğənni, istərsə də aktyor üçün biznesdir. Əgər orda pul varsa, mən niyə getməyim? Mən universiteti bitirəndən bu günə qədər, 30 ildir toylarda iştirak edirəm. Bu mənim nəyimi əlimdən aldı? Yəni mənim sənətimə mane olmayıb. Sənətimdən kənar ayrıca biznesimdir. Əslinə qalsa, elə mən toylarla dolanmışam. Toylarda iştirak edə-edə filmlərə çəkilmişəm, teatrlarda tamaşalarımı oynamışam.

 

- Teatra maraq azalıb deyirlər. Bu fikirlə razılaşırsız?

 

- Qətiyyən. Teatr elə bir məkandı ki, dövründən, zamanından asılı olmayaraq teatra maraq həmişə var. Akademik Milli Dram Teatrında olan tamaşaları gəlib izləyin, görün nə qədər tamaşaçı marağı var. Biz tamaşaçı marağını hiss etməsək, səhnədə oynaya bilmərik. Tamaşaçı bizi ruhlandıran əsas səbəbdir. Bir də nə qədər həyatımız bu gün sosiallaşsa belə, teatra, kitaba maraq azala bilməz. Digər mədəniyyət sahələrindən fərqli olaraq teatr aktyoru tamaşaçı ilə canlı ünsiyyətdə olur. Səhnədə olan aktyorun zəif obraz yaratmağa ixtiyarı yoxdu.

 

- Yəni teatr aktyorundan daha böyük məsuliyyət tələb olunur?

 

- Teatr aktyoru olmaq həqiqətən fədakarlıq tələb edir, böyük zəhmət istəyir aktyordan. Aktyorun səhnədə tamaşaçı ilə ünsiyyətini başqa heç bir hisslə müqayisə etmək də mümkün deyil. Mən kinoda da çəkilmişəm, səhnədə də obraz oynamışam. Kino sahəsinin də öz çətinliyi, özəlliyi var. Sadəcə bir incə, əslində eyni zamanda vacib məqam var. Kinoya çəkilən aktyor hansısa kadrı zəif oynadısa, ya da orda bir az fərqli aktyor oyunu tələb olunursa, bunu yenidən, ikinci, üçüncü dubldan sonra əldə etmək mümkündü. Rejissor obrazda görmək istədiyini əldə edənə qədər aktyordan eyni səhnəni dəfələrlə oynamağı tələb edə bilər. Amma teatrda sənin məşq prosesində rolu nə qədər mənimsəmək imkanın olur. Sən səhnədə artıq bir səhnəni ikinci dəfə tamaşaçıya təqdim edə bilməzsən. Bu baxımdan teatr aktyoru olmaq daha çətin və məsuliyyətlidi.

 

- Türk aktyorları ilə yerli sənətçilərimizin işi son vaxtlar tez-tez müqayisə olunur. Həqiqətənmi türk aktyorları daha güclü oyun təqdim edirlər. Bizim aktyorlar niyə bu baxımdan qınanır son illər?

 

- Mən qətiyyən bu fikirlə razılaşa bilmərəm ki, bizim aktyorlar zəifdi. Azərbaycanda elə güclü aktyorlar var ki, Türkiyədə elə aktyorlar bəlkə bir, ya iki ola bilər. Bilirsiz, nə qədər biz sovet rejimini bəyənməsək də, amma o dönəmin də üstünlükləri, müsbətləri çox olub. Rus teatr məktəbi dünyanın ən güclülərindən sayılır. Stanislavski məktəbini ucuz görməsinlər. Türklərin o məktəbi öyrənməsi üçün bəlkə illər lazım gələ bilər. Biz rus teatr məktəbinin yetirmələri sayılırıq. Həqiqətən çox güclü teatr məktəbi olub, bu gün də o məktəbin bəhrəsini görə bilirik. Sadəcə, bu gün zaman və şərait dəyişib. Türkiyənin aktyorları üçün yaradılan şərait bizim sənətçilər üçün yaransa, inanın, daha güclü tamaşalar da, filmlər də təqdim etməyə qadirdilər. Mən özüm aktyoram deyə bunu söyləmirəm. Bu həqiqətdi. Türkiyənin seriallarında bir aktyorun bir bölümdən aldığı qonorarı Azərbaycan aktyoru bütün serialdan ala bilmir. Onların seriallarına milyonlarla vəsait xərclənir. Bizim aktyorlar isə çətin şəraitdə belə çalışmaqdan yorulmurlar. Türk aktyorunu gətirin bizim çalışdığımız şərtlər altında çalışsınlar, görün nə qədər güclü obraz ortaya qoya bilərlər? Biz sadəcə özümüzə dəyər verməyi bacarmırıq.

 

- Siz özünüz türk seriallarını izləyirsiz?

 

- Düzünü desəm, elə çox izləmirəm. Amma ailəcə izlənən bəzi serialları hərdən izləməli oluram. "Möhtəşəm yüz il” serialını izləmişəm. O qədər maraqla danışılırdı ki, mən də izlədim ki, nəyə görə bu qədər marağın olduğunu müşahidə edə bilim. Güclü aktyor ifaları var idi, razıyam, amma serialın ssenarisi də güclü yazılıb, orada olan kostyumlar, məkan seçimləri, texniki imkanları nəzərə alanda belə bir maraqlı işin meydana gəlməsi normaldı. Türkiyədə 20 il əvvəl kinonun səviyyəsi Azərbaycan kinosu ilə müqayisədə çox zəif idi. Bu gün isə onlar inkişaf ediblər. Təbii ki, inkişafın əsas səbəblərindən biri də maddiyyatla bağlıdır.

 

Tahirə

Şərq.- 2017.- 4 iyul.- S.5.