MEDİA
MİLLİ GÜCÜ FORMALAŞDIRIR
Dağlıq Qarabağ
münaqişəsi Azərbaycan mətbuatı
üçün həmişə prioritet mövzulardan olub
(əvvəli ötən sayımızda)
Ermənistanın Azərbaycana qarşı təcavüzü
və işğalçılıq müharibəsinin tarixi
kökləri dərindir və bu təcavüzkarlıq siyasəti
erməni tarixinin mahiyyətindən qaynaqlanır, bu, millətə
məxsus xüsusiyyətləri əks etdirir. Bunun nəticəsidir
ki, beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi
şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini
reallaşdırmaq üçün bütün vasitələrdən
istifadə ediblər. Bu gün də bunu davam etdirirlər.
Qlobal dünyada, informasiya müharibəsi şəraitində
erməni təcavüzünün və Azərbaycan
reallıqlarının dünyaya çatdırılması
vacib amillərdən sayılır. Bu proses çərçivəsində
Azərbaycan mediasının üzərinə böyük vəzifə
düşür.
Sovet dönəmində Azərbaycanda
müstəqil informasiya resurslarının mövcud
olmaması 20 Yanvar faciəsinin və sonrakı dövrdə
xalqımıza qarşı törədilən digər
ağır cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmasını xeyli çətinləşdirirdi.
Azərbaycanın informasiya blokadasına alınması
Dağlıq Qarabağ münaqişəsinin ilk illərində
ermənilərin törətdikləri qanlı cinayətlərin
ört-basdır edilməsilə nəticələnirdi.
Məhz bu kimi səbəblərdən
90-cı illərin əvvəllərində beynəlxalq
ictimaiyyət Qarabağda baş verənlər barədə
demək olar ki, ancaq ermənilərin maraqlarına uyğun və
əksər hallarda saxta informasiyalarla qidalanırdı. Bu səbəbdən
də dünya ictimaiyyətində Azərbaycanın təcavüzkar,
işğalçı, vandal obrazı yaranmışdı.
Amma daha sonra vəziyyət nisbətən dəyişdi. Hazırda ölkəmizdə dünyanın
nüfuzlu xəbər istehsalçıları ilə əməkdaşlıq
edən xeyli sayda KİV orqanı fəaliyyət göstərir
və Azərbaycan KİV-lərinin, media qurumlarının
beynəlxalq əlaqələri elə də pis deyil, əksinə,
qənaətbəxşdir.
Hazırkı vəziyyətdə
erməni təcavüzünün, Azərbaycanın
işğal həqiqətlərinin və ümumilikdə
Dağlıq Qarabağ münaqişəsinə aid
bütün məsələlərin mediada əks
olunmasındakı real vəziyyəti qiymətləndirən
ekspertlər də "Şərq”ə
açıqlamasında mövcud sahədəki
inkişaf və boşluqlara toxunublar.
Məsələ ilə bağlı "Şərq”ə
danışan Jurnalist Araşdırmaları Mərkəzinin sədri
Seymur Verdizadə Ermənistan-Azərbaycan arasındakı
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan mətbuatı
üçün prioritet mövzularından biri olduğunu
deyib. Onun sözlərinə görə, münaqişə
acı bağırsaq kimi uzandığından ölkəmizdə
bu sahədə püxtələşmiş xeyli jurnalist var, yəni
biz artıq bu münaqişənin içində
"bişmişik”
: "Azərbaycanın aparıcı mətbuat
orqanları Dağlıq Qarabağ mövzusunu heç vaxt
arxa plana keçirməyib. Mövzuya maraq münaqişə
bölgəsində vəziyyətə görə tənzimlənir.
Cəbhə bölgəsində hərarət artdıqca, mətbuatın
münaqişəyə marağı da artır. Azərbaycanın
heç bir ciddi mətbuat orqanı Dağlıq Qarabağ münaqişəsinə
münasibətdə qeyri-peşəkar mövqe sərgiləməyib.
Amma münaqişənin həllini mətbuatdan, jurnalistlərdən
gözləmək sadəlövhlükdür. Mətbuat bu sahədə
üzərinə düşən vəzifəni layiqincə
yerinə yetirir”.
Azərbaycan KİV-lərinin
Milli Qəhrəmanlara, şəhidlərə, şəhid
ailələrinə, Qarabağ müharibəsi veteranlarına
olduqca həssas münasibət göstərdiyini vurğulayan
həmkarımız hesab edir ki, milli-vətənpərvərlik
mövzusunda olan yazılara KİV-lər bundan sonra da geniş
yer ayırmalıdırlar: "Gənc nəslin vətənpərvər
ruhda tərbiyəsi həm də mətbuatın vəzifəsidir.
Oxucu "ov”una çıxan mətbuatın bu vəzifəni
arxa plana keçirməsi yolverilməzdir. KİV-lər
özlərinin maarifçilik missiyasına bundan sonra da sadiq
qalmalıdırlar”.
Millət vəkili Zahid Oruc da
münaqişənin başladığı gündən indiyə
kimi erməni təcavüzünün və Qarabağ həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan
mediasının xidmətlərini yüksək qiymətləndirir:
"Bu iki xalq arasında alovlanan müharibə
Azərbaycanın tarix institutu, siyasi sahədə yer alan təsisatlar,
həmçinin media institutlarının qarşısında
da mühüm vəzifələr qoydu. Məlum oldu ki,
doğrudan da çox hazırlıqsız
yaxalanmışıq. Tək ordu quruculuğu,
silahlı qüvvələrin formalaşması bir problem kimi
ortaya çıxmadı. Eləcə də, tariximizə
uzanan əllərin kəsilməsi, böhtanların
cavablandırılması, gündəlik informasiya məkanına
atılan "tullantı”ların zərərsizləşdirilməsi
də böyük vəzifələrimiz sırasındadır.
Çünki davamlı olaraq erməni tərəfi
həm regional, həm də beynəlxalq media məkanını
yönləndirməyə çalışır. Bu, tək cəmiyyətin
fikrinə təsir göstərmək üçün deyil.
Siyasi elitaları, ayrı-ayrı hakimiyyətləri dövlət
başçılarını belə informasiyaların
qarşısında qoyurlar. Məsələn,
uzun illərdir, Amerika Birləşmiş Ştatlarında
seçkilər zamanı qeyd edilən hadisələrin
şahidi olduq. Əsas aparıcı informasiya vasitələrində
birbaşa erməni beyin mərkəzləri, siyasi
insitutları, onlardan qaynaqlanan qüvvələr maliyyə vəsaitlərini
yanlış təbliğat, təxribatlar həyata
keçirməyə yönəldirlər. İnformasiya təxribatlarının
əksəriyyəti isə Azərbaycanın və ya
türklərin əleyhinə olur. Bu da istənilən
iqtidarın qarşısına vəzifə qoyur.
Bütün bunları nəzərə
aldıqda düşünməliyik ki, erməni təcavüzünü
90-cı illərdən bu yana mediamız necə əks etdirməyə
çalışdı. Açıq demək lazımdır,
bütün müharibə eyni zamanda jurnalistlərimizin
çiynində gedib. Onlar gerçək
döyüşçü olub, əllərinə silah
götürüb, düşmənə qarşı
vuruşublar. Digər tərəfdən bəzən
kameralarını, qələmlərini, yaxud kompüterin
klavyaturasını da informasiya savaşının bir növ
silahına çeviriblər. Bu dövrü araşdıran hər
kəs Azərbaycan mediası üzərindən
xalqımızın başına gətirilən müsibətləri
görə bilər”.
Münaqişələrin və
faciələrin mediada əks olunmasında bəzən fərqli
fikirlərin də yarandığını diqqətə
çatdıran Z.Orucun sözlərinə görə, cəmiyyəti
qorxutmamaq, faciələrin miqyasını daha böyük
göstərməmək üçün iri dövlətlərdə
yönləndirmə tədbirləri müxtəlif
şəkildə aparıla bilər:
"Məsələn, "11 sentyabr” hadisələrində
Amerikanın qlobal gücünün qarşıdurması
ideyasında dövlət tərəfindən bir sıra qərarlar
verildi. O cümlədən "Vətənpərvərlik
aktı” adlı qanun qəbul edildi ki, bunun nəticəsində
terrorizm və onun qurbanları məfhumu cəmiyyətdə
çox vurğulanmamalı idi. Çünki bu, insanlarda qorxu
və vahimə yaradacaqdı.
Eynilə, cəmiyyətimizdə də
90-cı illərdə bir tərəfdən ordu quruculuğu,
digər yandan medianın inkişafını təşkil etməyimiz
mümkün deyildi. Bu sahənin ölkəmizdə yeni
formalaşmağa başlaması bunu real etmirdi. Ona görə,
düşünürəm ki, Azərbaycan mediası bu
dövr ərzində milli təhlükəsizliyimizin
ayrılmaz hissəsi olaraq, hər zaman dövlətin,
xalqın yanında olub.
Jurnalistlərimiz bu gün də öz
missiyasını uğurla daşımaqdadır. 50-100 il
keçsə də, bu cəmiyyətin
yaşantılarını, müharibə gerçəklərini
dünyaya çatdırmaq mümkün olacaq. Bu
istiqamətdə fəaliyyətinə görə Azərbaycan
media məkanını qorxmaz, rəşadətli mərd kimi
saymaq lazımdır. Şübhəsiz ki, bu sahədə də
onların iqtisadi dayaqlarının zəif olması jurnalist
ordusunun daha da güclü olmasına təsir göstərir.
Bu danılmazdır. Həqiqətən də bu
gün dünyamızda geopolitika, strateji araşdırmalar sahəsində,
regional bölgülərdə, ərəb dünyasından,
İsrail aləmindən tutmuş ABŞ və digər
coğrafi-regional bölgüdə ixtisaslaşmış media
qurumlarımız institusional da ola bilər.
Arzulayıram ki, media kapitanı, media
generalları ifadəsi gələcəkdə həm də bu
baxımdan nəzərdən keçirilsin. Çünki biz
yalnız ermənilərlə savaş vəziyyətində
deyilik. Dünyanı, regionda gedən prosesləri başa
düşməliyik. Son dövrlər xüsusilə, Qatar
dövləti ətrafında gedən proseslər göz
qabağındadır. İŞİD-in ayaq səsləri İrandan
gəlir. Belə olan təqdirdə tək erməni təcavüzü
deyil, onun müxtəlif dünya ölkələrində həyata
keçilmə formalarına qarşı dirəniş
göstərmək, bunları ifşa etməklə ortaya
qoymalıyıq. Bizim bunu bacaracaq media nümayəndələrimiz
də yetərincə var. Bunlar sistemli xarakterizə edilməlidir”.
Deputat onu da əlavə edib ki, Azərbaycan
mediasına dövlət tərəfindən qoyulan hər bir
manat vəsait cəmiyyətə qat-qat artıq mənəvi
və maddi gəlir gətirir:
"Çünki bu, xalqın milli
gücünü formalaşdıran sahədir. Media məkanı
nə qədər kasıb, informasiya vakuumu şəraitində
olacaqsa, millət itirəcək. Dünyada aparıcı
ölkələr media resurslarına görə də
güclüdürlər. Ona görə də erməni təcavüzü
Azərbaycan informasiya vasitələri tərəfindən bu
illər ərzində dəf olunub. Onlar bu savaşda öndə
gedib, cəmiyyəti məlumatlandırıb, ayıq
saxlayıblar.
1990-cı illərin məlum izolyasiyasından
çıxmağa kömək ediblər. Beynəlxalq diplomatiyanı məlumatlandırıblar
və s.
Ancaq bu
sahədə daha güclü tədbirlərə ehtiyac var. Məsələn,
2008-ci ildə Rusiyanın Gürcüstanla məlum
toqquşmasında gürcülər itirdilər, ərazilərində
daha ağır hadisələr baş verdi
və indi iki müstəqil dövlətin meydana
çıxmasından danışırlar. Ancaq
gənc gürcü demokratları informasiya aləmində
böyük dönüş etməyi bacardılar. Bu bizim media məkanında da olmalıdır. Media siyasəti ilə bağlı aidiyyəti təsisatlar
bunu nəzərə almalıdır”.
(Davamı olacaq...)
Şəymən
Şərq.-
2017.- 6 iyun.- S.11.