“İSTEDADLI
GƏNCLƏRƏ YOL AÇILMIR”
Bəsti Cəfərova:
“Mən bu dövrdə sənətə
gəlsəydim, indiyə
kimi etdiklərimin heç üçdə birini edə bilməzdim”
“Ancaq qızım
serial çəksə,
onun filmlərinə çəkilərəm”
Azərbaycan teatrının bu günü barədə müxtəlif fikirlər səslənir. Kimisi teatr dövrünün tənəzzülə uğradığını
söyləyir, kimisi tamaşaçının teatra
artıq marağı
olmadığını söyləyir.
Bəzilərinin fikrincə
isə teatr hər zaman maraqlı məkandır.
"Şərq”in budəfəki
qonağı Akademik Milli Dram Teatrının
aktrisası, Xalq artisti Bəsti Cəfərova oldu.
- Azərbaycan teatrı bu gün sizi
qane edirmi?
- Deyirlər ki, Azərbaycan teatrı tənəzzülə uğrayıb,
teatr ölüb. Mən bu fikirlə heç razı deyiləm. Əgər mən bu sənətdə 1978-ci ildən,
19 yaşından, 3-cü kursdan
çalışıramsa, hər zaman tamaşaçı da görmüşəm,
uğurlu tamaşalarımız
da olub. Teatr indi də öz ömrünü yaşayır. Deyirlər teatrın
zamanı getdi. Qətiyyən bu fikirlə
razılaşa bilmərəm.
Ona görə yox ki, aktrisayam. Ona görə ki, buna inanmıram. Teatr hər zaman üçün maraqlı
qala biləcək bir dünyadı. İnsan bu dünya ilə
təmas qurduqda hissləri dəyişə
bilir, həyata baxışı formalaşmış
olur. Teatr düşündürür.
Teatr həyatı səhnədə
aktyorların dili ilə sənə çatdırmış olur.
- Mövsümün sonuna az qalıb.
Səhv etmirəmsə, teatr "Qarabağnamə” ilə bağlayır mövsümü.
Vaxtilə siz də bu tamaşada
oynamısız...
- Bəli, teatr "Qarabağnamə” tamaşası
ilə mövsümü
bağlayır. Vaxtilə mən
də başqa bir quruluşda bu tamaşada rol almışam. Mənə elə gəlir ki, hər quruluşda
fərqli bir baxış var. Əsas odur ki, bizim
teatr tamaşaçı
baxımından heç
zaman qıtlıq yaşamayıb. Zaman-zaman müəyyən
çətinliklər yaşanıb.
Amma yenə də teatr fəaliyyətini davam etdirib.
- Tələbələrinizlə yeni tamaşalar üzərində məşqlər
gedirmi?
- İncəsənət Universitetində
bu il
3 kursu təhvil verdim. İyul ayı mənim üçün gərgin
iş başladı. İyulun ilk günlərində Məmməd
Səid Ordubadinin
"Qılınc və
qələm” əsəri
əsasında yeni tamaşasının məşqlərinə
başlamışıq. Yeni quruluşda hazırlanır.
Eyni zamanda tələbələrimlə
başqa bir tamaşanın da məşqlərinə
başlamışıq. İnşallah, yeni mövsümdə
həmin tamaşanın
da premyerası baş
tutacaq. Tamaşanı teatrın ədəbi
hissə müdiri Çingiz Ələsgərov
səhnələşdirib. Tamaşanın rejissoru Mərahim
Fərzəlibəyovdu.
- Bəs, 30 ildən çox zamanını Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına həsr edən Bəsti Cəfərova bu gün qeyri-peşəkarların
bu teatrda çalışması ilə
necə barışır?
- Mən bu durumla
barışmamışam, bir
professional aktrisa olaraq,
bu duruma çox pis baxıram. Mənim çox güclü
məktəbim var və bununla hər zaman öyünmüşəm. Mənim qismətimə üç
böyük rejissorumuz
- Adil İsgəndərov,
Tofiq Kazımov və Mehdi Məmmədovla
işləmək düşüb.
- Aktyoru, aktrisanı tapşırıqla nə
qədər tamaşaçıya
sevdirmək mümkündür?
Axı bəziləri
istedadlıdır deyə
deyil, tapşıranları
var deyə gündəmdə ola bilir?
- Aktrisanın istedadı yoxdusa, onu tamaşaçı
sevməyəcək. Qətiyyən bu mümkün deyil. Zənglə, tapşırıqla, hansısa maddiyyatın hesabına böyük rolları onlara verən rejissorlar o qeyri-peşəkarlarla birgə
öz işlərini də, öz adlarını da itirirlər.
Hətta
bəzi rejissorlar barədə deyirlər ki, o, bitib-tükənib.
Yaradılan hər bir şey, əgər orda yaradıcılıq varsa, bişməlidir, istər aktyor olsun, istər rejissor, əsər illərlə onun çinədanında gəzməlidir,
onu narahat etməlidir və yaxşı aktyorlara köçürülməlidir. Əgər
o, beynindəkini pis aktyorlara köçürürsə,
həmin pis aktyor o rolun öhdəsindən gələ
bilməyəcək. Mən professional aktyoram və böyük rollar iddiasındayam, böyük
məktəbim var. Çox
vaxt səhnə obrazlarımı görüb,
mübariz olduğumu düşünürlər. Yox, elə deyil, mən, sadəcə, istedadlı aktyor və insanam. Heç kimlə mübarizə aparmıram, bu mənə lazım da deyil. Rejissorlarımız
nəfislərini bir az udub sənətə qulluq etsinlər, yeganə təmənnam budur. Mən bu dövrdə sənətə gəlsəydim,
indiyə kimi etdiklərimin heç üçdə birini edə bilməzdim. Çünki bu dövrdə
istedadlı gənclərə
yol açılmır.
İndi mənim yükümdə olan rollar ona-buna axıb-gedir. Hətta mənə
elə gəlir ki, bizim rejissorların
heç aktyor yetişdirmə haqqında
düşüncələri belə yoxdur, heç bu onlara
gərək də deyil. Mən bir şeyə
məəttəl qalmışam
ki, bizdə hansı mərhələyə
qədərsə teatrda
səni yetişdirirlər,
yaxşı rollar oynayırsan, ancaq böyük şəxsiyyət,
yaxşı və mükəmməl aktrisa olandan sonra hamı
səninlə düşmən
olur. Çox qəribədir...
- Amaliya Pənahova
və bir neçə həmkarınızla
münasibətinizdə soyuqluq
var bu gün
də. Onlar teatrda olsa narahat olarsız?
- Məgər Amaliya
xanım bu teatrda olanda mən rollar oynamırdım? Onun öz yeri, mənim öz yerim var idi.
Gəlsinlər, onlar da oynasınlar,
ancaq bizi inkar etməsinlər.
Kim deyə bilər
ki, Amaliya xanım, Şəfiqə
xanım pis aktrisadır. Onlar bizim
sələflərimizdir, biz onların hörmətini saxlayırıq, amma bizi çıxdaş eləməsinlər. Çünki
onlar 30 ildir, teatrdan çıxıb gediblər və bu 30 il teatrın
ağır yükünü
Nurəddin Mehdixanlı,
Bəsti Cəfərova
çiyinlərində daşıyıb.
- Bəsti Cəfərova
səhnə üçün
özünə yaş
həddi qoyubmu?
- Bilirsiz, Hökumə Qurbanova ölənə qədər oynadı, amma artıq o deyildi. Yaş keçdikcə artıq
biz, elə mən də yaşa dolduqca özümə pis təsir edir. Məsələ burasındadır ki, aktrisanın yaşı ötdükcə,
arzu elədiyi rollardan get-gedə uzaqlaşır. Təəssüf hissi ilə baxırsan ki, mənim bəxtimə filan rol düşmədi,
mən onu oynaya bilərdim, amma məqam gətirmədi, rejissor götürmədi.
- Bəsti Cəfərova
bu gün çəkilən seriallara
niyə çəkilmir? Serialların dramaturgiyası sizi qane etmir, ya
ümumiyyətlə, seriallarımız
zəifdi deyə orda oynamağı özünüzə rəva
görmürsüz?
- Mən heç kimin işini gözdən salmaq niyyətində deyiləm.
Qiymətləndirmək, buna münasibət
bildirməyi də istəməzdim. Hər halda
daha güclü seriallar da çəkmək
mümkündü. Bir də
mən işimə kifayət qədər məsuliyyətlə yanaşıram.
Həm teatrda, həm də universitetdə o qədər işlərim
olur ki, buna heç zamanım da yetməz.
Mən iş görəcəmsə, bunu
mükəmməl şəkildə
həyata keçirmək
istəyirəm. Sıradan, qaçhaqaç
işlər mənə
uyğun deyil. Mən serialda çəkilməyə
vaxt çatdıra bilmərəm. Qızım serial çəksə, onun filmlərinə çəkilərəm.
- Yəni Bəsti
Cəfərovanı ancaq
qızının ekran
işlərində görə
bilərik?
- Demək olar ki, bəli. Hələ ki ancaq qızımın
çəkdiyi filmlərdə
çəkilirəm. Bundan da zövq alıram. Mən elə düşünürəm
ki, sənətdə,
səhnədə edə
biləcəyimi elədim.
Qaldı
film aktyoru olmaq, istərdim, amma olmadı. Görünür, bu da bir qismətdi. Mən teatr səhnəsində
sözümü deyən
aktrisayam. Düşünürəm ki, ömür vəfa etsə, bundan sonra da oynamaq istədiyim obrazlar var. Buna həm fiziki imkanım var, həm də
mənən buna gücüm yetir. Belə bir maraqlı deyim var - Allahı
güldürmək istəyirsənsə,
planlarını söylə,
hələ fələk
sənə nə göstərər, taleh yolunda nələr var, onu gələcək
göstərər. Ona görə
də əslində planlarım, arzularım, səhnədə həyata
keçirmək istədiyim
işlər çoxdu.
Əgər həyat imkan
versə, yaradıcılıq
arzularım hələki
çoxdu.
Tahirə
Şərq.-
2017.- 6 iyul.- S.13.