HAQQ SƏSİMİZİ
XARİCİ MEDİAYA ÇIXARMALIYIQ
Qarabağ mövzusu KİV-lərin
diqqət mərkəzindədir, ancaq daha çox iş
görmək olar
Ermənistanın Azərbaycana qarşı təcavüzü
və işğalçılıq müharibəsinin tarixi
kökləri dərindir və bu təcavüzkarlıq siyasəti
erməni tarixinin mahiyyətindən qaynaqlanır, bu millətə
məxsus xüsusiyyətləri əks etdirir. Bunun nəticəsidir
ki, beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi
şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini
reallaşdırmaq üçün bütün vasitələrdən
istifadə ediblər. Bu gün də bunu davam etdirirlər.
Qlobal dünyada, informasiya müharibəsi şəraitində
erməni təcavüzünün və Azərbaycan reallıqlarının
dünyaya çatdırılması vacib amillərdən
sayılır. Bu proses çərçivəsində Azərbaycan
mediasının üzərinə böyük vəzifə
düşür.
Sovet dönəmində Azərbaycanda
müstəqil informasiya resurslarının mövcud
olmaması 20 Yanvar faciəsinin və sonrakı dövrdə
xalqımıza qarşı törədilən digər
ağır cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmasını xeyli çətinləşdirirdi.
Azərbaycanın informasiya blokadasına
alınması Dağlıq Qarabağ münaqişəsinin
ilk illərində ermənilərin törətdikləri
qanlı cinayətlərin ört-basdır edilməsilə nəticələnirdi.Məhz
bu kimi səbəblərdən 90-cı illərin əvvəllərində
beynəlxalq ictimaiyyət Qarabağda baş verənlər barədə demək olar ki, ancaq ermənilərin
maraqlarına uyğun və əksər hallarda saxta
informasiyalarla qidalanırdı. Bu səbəbdən də dünya
ictimaiyyətində Azərbaycanın təcavüzkar,
işğalçı, vandal obrazı yaranmışdı.
Amma daha sonra vəziyyət nisbətən dəyişdi.
Hazırda ölkəmizdə dünyanın
nüfuzlu xəbər istehsalçıları ilə əməkdaşlıq
edən xeyli sayda KİV orqanı fəaliyyət göstərir
və Azərbaycan KİV-lərinin, media qurumlarının
beynəlxalq əlaqələri elə də pis deyil, əksinə,
qənaətbəxşdir.
Hazırkı vəziyyətdə
erməni təcavüzünün, Azərbaycanın
işğal həqiqətlərinin və ümumilikdə
Dağlıq Qarabağ münaqişəsinə aid
bütün məsələlərin mediada əks
olunmasındakı real vəziyyəti qiymətləndirən
ekspertlər də "Şərq”ə
açıqlamasında mövcud sahədəki
inkişaf və boşluqlara toxunublar.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad
Məmmədli Qarabağ problemi və ermənilərin təcavüzkarlığı
ilə bağlı mövzuların Azərbaycan mediasının
daim xüsusi diqqət yetirdiyi məsələlər
olduğunu deyib. Onun sözlərinə görə, erməni
təcavüzü, torpaqlarımızın işğalı
faktı Azərbaycan mediasında maksimum
işıqlandırılır:
"Erməni
işğalçılığını dünyaya
çatdırmaq üçün xarici dillərdə də
saytlar yaradılıb. Ümumi götürəndə bu məsələdə
vəziyyət qənaətbəxşdir. Yəni hər kəs
bu məsələdə əlindən gələni edir. Bizim
problemimiz medianın erməni təcavüzünü mediada
işıqlandırmaqla bağlı deyil. Dərdimiz, faciəmiz
odur ki, dünyada Azərbaycanın haqq səsi hələ də
eşidilmir. Baxın, erməni vəhşiləri Füzuli
rayonunun Alxanlı kəndini atəşə tutaraq, 2
yaşlı körpəmiz Zəhranı və onun nənəsini
qətlə yetiriblər. Həmsədrlər isə bəyanat
verib ki, tərəflər hərbi əməliyyatları
dayandırsın. Azərbaycan mediası, habelə sosial şəbəkələrdəki
fəallar bütün dillərdə bu vəhşiliyi
dünyaya çatdırıblar və hər kəsdə məlumat
var dünyada. Ancaq bu vəhşiliyə dünyadan adekvat
reaksiya yoxdur. Biz erməni vəhşiliyinə don geyindirməyə
çalışanları anlatmalıyıq. Onların
anlaması üçün gərək biz bütün beynəlxalq
vasitəçilərdən imtina edib, torpaqlarımızı
azad etmək, erməni təcavüzünə son qoymaq
üçün hərbi əməliyyatlara başlayaq.
Dünyanın susqunluğu bizə artıq başqa yol qoymur”.
"Azadinform” informasiya agentliyinin baş
redaktoru Niyaz Niftiyev isə mövcud durumda Azərbaycan
mediasının peşəkarlıq nümayiş etdirdiyini
hesab edir:
"Əlbəttə, istisnalar var və onlar da
zaman-zaman aradan qaldırılır. Ümumilikdə isə bu istiqamətdə
müsbət tendensiya var, iki il əvvələ
qədər isə bu mövzuda müsbət nə isə
söyləmək çətin idi. Konkret
dünən Füzuli rayonunda baş verən hadisəni
götürsək, Azərbaycan mediası faktın dünya
ictimaiyyətinə çatdırılması istiqamətində
çox böyük işlər görür. Bu gün bir çox internet resurslarımız rus,
ingilis və digər dillərdə də xəbər
istehsalı ilə məşğuldurlar. Onların
imkanları ermənilərin törətdikləri məlum qətliamın
beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzedilməz
rol oynayır. Bizə bu tip xəbərlərin daha
çox dildə yayılması lazımdır ki, baş verənlərdən
hamı xəbərdar olsun. Düşünürəm
ki, buna da nail oluruq”.
Milli.az
saytının baş redaktoru Anar İmanov da bu sahədəki
vəziyyəti qənaətbəxş hesab etdiyini deyib və
boşluqların da olduğunu istisna etməyib:
"Bunlar nədən ibarətdir? Fikrimcə,
bütün KİV-lərdə mütləq Azərbaycan dili
ilə yanaşı, xəbərlər həm də rus və
əsasən ingilis dilində paylaşılmalıdır.
Türk, çin, fars və fransız
dilində də belə xəbərlərin dünya ictimaiyyətinə
çatdırılması mütləqdir. Erməni
təcavüzü və Qarabağ münaqişəsi haqda
bütün dünya bilməlidir. Bu məsələdə
təkcə media yox, diasporamız və səfirliklərimiz də
fəaliyyətlərini artırmalıdırlar. Başqa bir vacib məqam sosial şəbəkələrlə
bağlıdır. Kifayət qədər ciddi iş
gedir orada bizim tərəfimizdən, sadəcə, mübarizəni
daha da yaxşı aparmaq lazımdır. Hazırda
insanların çoxu xəbərləri sosial şəbəkələrdə
görür, oxuyur”.
"Azadinform” informasiya agentliyinin baş redaktorunun
müavini Elçin Bayramlı isə mediamızda bu
mövzuya diqqətin az olduğunu deyib. Onun sözlərinə
görə, bu mövzu ancaq faciələr və ya
döyüşlər baş verəndə aktuallaşır:
"Bizim tariximizdə müharibə dövrü mətbuatının
təcrübə və ənənəsi olub. Böyük Vətən
Müharibəsi dövründə və ondan sonra mətbuat əsgərlərin
həyatından göstərdikləri qəhrəmanlıqdan
yazır, tərxis olunmuş əsgərlərin, veteran zabit və
generalların xatirələrini verir, müharibədən zərər
çəkmiş mülki əhalinin təəssüratlarını
dərc edir, müharibənin viran qoyduğu yerləri göstərir
və yazırdı. Təəssüf ki,
indi ancaq qısa xəbərlərlə kifayətlənirik.
Yazılar isə çox vaxt layihə çərçivəsində
hazırlanır”. Verilən yazı və xəbərlərin isə bir
çox hallarda milli və dövlət maraqlarına zərərli
olduğunu vurğulayan E.Bayramlının fikrincə,
unutmamalıyıq ki, bu yazıları beynəlxalq təşkilatların
nümayəndəlikləri, səfirliklər, həmçinin
düşmənlərimiz də izləyir:
"Hansısa dövləti söymək, erməniləri
qıracağıq, qırmalıyıq kimi ifadələr
işlətmək bəzi hərbi məsələləri və
mövqeləri, əməliyyat zamanı qoşunların
dislokasiyası kimi məsələləri vermək olmaz. Qəhrəmancasına
həlak olmuş hərbçinin pis vəziyyətə
düşmüş cəsədinin, onun ailəsinin faciəli
fəryadını vermək, göstərmək olmaz. Bu, insanlara, xüsusilə əsgər analarına,
çağırışçı yaşa çatmaqda olan
gənclərə ciddi psixoloji təsir göstərir, qorxu
aşılayır. Ümumiyyətlə, bu sahədə
medianın fəaliyyətinə hansısa bir orqan nəzarət
etməlidir, dövlət və ictimai təşkilatların
birgə koordinasiyası ilə işləyən
komissiya. Redaksiyalar bu məsuliyyətli işi təcrübəsiz
gənclərə yox, peşəkar və təcrübəli
əməkdaşlara həvalə etməlidir. Çox sayda
xırda saytlara və sosial şəbəkə səhifələrinə
nəzarət edilməlidir”.
Əsas müharibənin informasiya və təbliğat
müharibəsi olduğunu deyən redaktor müavini bizim bu
müharibədə uduzduğumuzu böyük təəssüf
hissi ilə əlavə edib:
"Bu müharibə ölkə mediasında
yox, xarici KİV-də aparılmalıdır. Bizdə bu sahədə
dövlət təkbaşına mübarizə aparır,
xaricdəki on milyonlarla soydaşımızın və diaspor
təşkilatlarımızın fəaliyyəti çox zəifdir.
Ermənilərdə isə dünyanın müxtəlif yerlərində
yaşayan milyonlarla erməni Ermənistan dövləti ilə
birgə mübarizə aparır.
Təəssüf ki, reallıq belədir. Lakin
vəziyyəti dəyişmək üçün imkan var,
sadəcə, bütün dünyadakı azərbaycanlılar
vahid ideologiya - azərbaycançılıq ətrafında
birləşməli, bu müharibədə Azərbaycan
dövlətinə hər cür dəstək verməlidir.
Xüsusilə böyük dövlətlərdəki
diasporamız, nəhayət, ciddi fəaliyyətə
keçməlidir. Bunları etməsək, ideoloji və
informasiya müharibəsində uduzacağıq və bu halda
antiterror əməliyyatına başlamaq üçün
lazım olan zəmini və beynəlxalq rəyi hazırlaya
bilməyəcəyik”.
"Azxəbər.com” saytının həmtəsisçisi
Əfsələddin Ağalarov da deyib ki, hazırda gündəmin
əsas xəbər başlığı 2 yaşlı Zəhranın
erməni gülləsinin qurbanı olmasıdır: "Bu xəbərlə
bağlı biz çox işlər görə bilərik.
Ölkə mətbuatında məlumatlar vermək önəmlidir.
Təəssüflər olsun ki, biz işin böyük hissəsini
yerli mətbuatda yaymaqla kifayətlənirik. Amma cənab
Prezident İlham Əliyev də jurnalistləri bu cür vəziyyətlərdə
xarici media ilə əlaqə qurmağa, onları təşviq
etməyə səsləyir. Ölkə xaricində işlər
görmək üçün çalışmaq
lazımdır. Biz haqq səsimizi xarici mediaya
çıxartmalıyıq”.
Şəymən
Şərq.-
2017.- 7 iyul.- S.11.