“BİZDƏ TÜRKLƏRDƏN DAHA GÜCLÜ AKTYORLAR VAR”

Ülviyyə Könül: “Sadəcə onların imkanları bizimkilərdən daha genişdir

Mənim üçün rejissor olaraq aktyorda axtardığım xarakterdi

Ekranda olan aktyorun bir baxışı, mimikası tamaşaçının bir çox suallarına cavab verə bilir

İstər vaxtilə çəkdiyi kliplərində mini-filmi təqdim etməyi bacaran, istərsə bu gün böyük kinoda maraqlı filmləri ilə diqqət çəkən rejissor Ülviyyə Könül "Şərq”in həmsöhbətdir. Tanınmış rejissorla bu günün yerli filmlərindən danışdıq.

- Bu gün çəkilən ekran əsərləri rejissor kimi sizi qane edə bilirmi?

- 10 il əvvəllə müqayisədə bu gün filmlərin çəkilməsini müsbət qarşılamaq lazımdı. Sovet dönəmi dağıldıqdan sonra bir müddət kino sahəsində sanki durğunluq yaşandı. Bu sahə unuduldu. Heç kim kino çəkmirdi. Ona görə bu gün yerli filmlərimizin çəkilməsini alqışlayıram. Başqa bir məsələdir ki, bu gün çəkilən ekran əsərlərinin keyfiyyəti, səviyyəsi tamaşaçını qane edə bilir, ya yox.

- Bəs yerli seriallara necə, baxmaq imkanınız olub? Axı siz serial çəkmisiz vaxtilə...

- Düzünü deyim ki, qətiyyən yerli seriallara baxmıram. Yalan deyərəm ki, izləyirəm. vaxtım var, marağım. Elə bir serial eşitməmişəm ki, böyük səs-küyə səbəb olsun, mənim o seriala baxmaq ehtiyacım yaransın. Doğrudan da elə maraqlı ekran əsəri çəkilməyib ki, rejissor kimi marağıma səbəb olsun.

- Kinoteatrlarda təqdim olunan son filmlərdən danışmağa yəqin sözünüz var.

- Bu gün yaxşı mənada sevinmək olur ki, kinoteatrlarımıza yerli ekran əsərləri yol tapıb. Bu gün tamaşaçılar yerli ekran əsərlərini izləmək üçün kinoteatrlara gedib pul verib bilet alır. Bir az zamana ehtiyacımız var. Yəni zamanla yaxşı ekran əsərləri meydana çıxacaq. Əgər faiz etibarilə bu gün çəkilən ekran işlərinin 70 faizi zəifdisə, qısa müddətdən sonra yaxşıların sayı çoxalacaq. Əvvəllər xaricdə premyerası olan filmlərin qala gecəsi bizim üçün nağıla bənzəyirdisə, bu gün artıq bizdə qırmızı xalı həyəcanı yaşaya bilirik. Mənim filmimim qala gecəsi keçirilib. O həyəcanı mən rejissor kimi yaşamışam. Çox möhtəşəm hissdi. Mənə elə gəlir ki, çəkdiyim film çox maraqla qəbul olundu, izləndi. Tamaşaçı kinoteatra gəlir, bilet alır, sənin çəkdiyin ekran əsərini izləyir, sonda da alqışlayır. Bu, həqiqətən gözəl duyğudu. Mənim üçün əvəzsiz sevincdi. O ki qaldı səviyyəyə, bu da tədricən aradan qalxacaq. Sadəcə, ola bilər ki, bu günün tamaşaçısının böyük hissəsinin yumor səviyyəsi aşağıdı. Daha ucuz, beldən aşağı zarafatları olan ekran əsərlərinə maraq çoxdu. Mən özüm qətiyyən şit, ekran işində beldən aşağı, yüngül yumoru qəbul etmirəm.

- Dediyiniz kimi, bu günün tamaşaçısı aşağı səviyyəli yumora üstünlük verir. Tamaşaçını maarifləndirmək, zövqünü formalaşdırmaq isə yaradıcı insanların üzərinə düşən məsuliyyət deyilmi? Biz kütlənin deyil, kütlə yaradıcı mühitin arxasınca getməlidir.

- Bəli, tamaşaçını maarifləndirmək mənə elə gəlir bizlərin üzərinə düşür. Təbii ki, tamaşaçı zövqünü formalaşdırmaq üçün keyfiyyətli ekran əsərləri təqdim etmək lazımdı. Tamaşaçı hər ikisini izlədikdə keyfiyyətin fərqini görəcək. Əminliklə deyə bilərəm ki, o zaman bilet alıb kinoteatra gələn tamaşaçı keyfiyyətə üstünlük verəcək.

 

- Sanki bu gün film çəkənlər bu günün nəbzini tutublar deyə, ucuz yumora üstünlük verməklə daha asan yol seçiblər.

 

- Bəlkə ən həssas məqam odur ki, bəli, bu günün nəbzini tutanlar ucuz satira yumora üstünlük verirlər. Burda istehsalçının kommersiya maraqları da özünü göstərir, filmə pul qoyan insan, onun satışından gəlir qazanmağı düşünür. Təbii normal bir haldı. Onda da istehsalçı düşünür ki, mən necə edim ki, zala tamaşaçı axını olsun. Ən azı çəkilən ekran əsəri 3 ay kinoteatrlarda təqdim olunacaqsa, gəlir əldə olunacaq. Bu, məsələnin kommersiya tərəfləri. Əgər kütləni öz arxanca aparmaq məqsədin varsa, o zaman mütləq keyfiyyətli ekran əsəri çəkərkən ilk dönəmdə maddi gəliri nəzərə almamaq da olar. Kütləni maarifləndirmək marağı səndə bir rejissor kimi varsa, orda kommersiya marağını bir az sıxa bilərsən. Qısa müddət sonra sənin işin onsuz da sənə gəlir gətirəcək. Çünki keyfiyyətli işin qiymətini tamaşaçı verə bilir. Bunun üçün vaxt, səbr, təbii ki, zövq lazımdı.

- Ülviyyə Könül yaradıcılığında yeni ekran işini gözləməyə dəyərmi? Zövqlü tamaşaçı sizin filmlərinizə maraq göstərir.

- Qısa müddətdə yeni bir film çəkəcəyimi deyə bilmərəm. Son filmim uğurlu alınıb. Növbəti çəkəcəyim film bundan güclü olmalıdır ki, mən tamaşaçının marağında qala bilim. Mənim müraciət etdiyim janra az hallarda müraciət olunur. Romantik komediya filmi çəkməyə daha çox üstünlük verirəm. Çünki burda həm hissləri, həm jestikaları daha dəqiq tamaşaçıya çatdırmaq imkanı olur. Romantik komediyada məhəbbətini daha romantik, nostalji hisslərlə çatdıra bilirsən. Eyni zamanda həm tamaşaçını güldürməyi bacarırsan. Bu janrda kövrəlmək üçün imkan var. Tamaşaçı belə filmləri izləyəndə həm istirahət etmiş olur, həm yorulmur. Belə filmlər həyati filmlər sayılır.

- Bu gün bizim aktyorların səviyyəsini, oyun tərzini zəif qiymətləndirənlər var. Türk aktyorları ilə müqayisə edəndə, deyirlər ki, bizim aktyorlar süni oynayır.

 

- Mən hesab etmirəm ki, bizim aktyorlar türk aktyorlarından zəifdi. Əksinə, bizdə türklərdən daha güclü aktyorlar var. Sadəcə onların imkanları bizimkilərdən daha genişdi. Demirəm bütün aktyorlarımız yaxşıdı. Zəiflər var. Amma güclü aktyorlarımız yetərincədi. Bizim kinonun durğunluq dövrü olub 10 əvvələ qədər. Bu gün şükür, ekran əsərləri çəkilir. Öz filmimə dəvət etdiyim aktyorların səviyyəsindən, aktyor ifasından çox razıyam. Mənim filmimdə oynayan, çox sevdiyim aktyor Kamran Ağababayev hazırda Türkiyədə tanınmış sənətçilərlə bir filmdə çəkilir. Mənim üçün rejissor olaraq aktyorda axtardığım xarakterdi. Aktyor təbii dərin olmalıdı. Kino teatr deyil. Ekranda olan aktyorun bir baxışı, mimikası tamaşaçının bir çox suallarına cavab verə bilir. Ona görə aktyorda bu amillərin olması önəm daşıyır.

 

Tahirə Məmmədqızı

Şərq.- 2017.- 15 iyul.- S.13.