HAŞIM BƏY VƏZİROVUN
YARATDIĞI MƏTBUAT ORQANLARI...
O, Azərbaycan
jurnalistikası ilə yanaşı, mətbəəçiliyin
inkişafında da böyük xidmətlər göstərib
Azərbaycan ədəbiyyatı, mədəniyyəti
və mətbuat tarixində özünəməxsus yeri olan
Haşım bəy Vəzirov 1868-ci ildə Şuşada anadan
olub. O, ilk təhsilini atası Mirbabadan almış, sonra təhsilini
Şuşa şəhər məktəbində davam etdirib.
Bir müddət burada təhsil aldıqdan sonra İrəvan
Müəllimlər Seminariyasına qəbul olunub. Görkəmli pedaqoq, ədəbiyyatşünas-alim
Firudin bəy Köçərlinin burada dərs deməyi,
müasir elmləri tələbələrə
çatdırması Haşım bəyin həyatında
böyük rol oynayıb, onun kamilləşməsində əvəzsiz
xidmətlər göstərib. F.Köçərli
kimi tərəqqipərvər bir pedaqoqun, vətənpərvər
ziyalının burada dərs deməsi tələbələrin
islam tarixini, türk dili və ədəbiyyatını dərindən
öyrənmələrinə, həmçinin, onların ədəbi
yaradıcılıqla məşğul olmalarına
böyük fayda idi.
Seminariyada təhsil illərindən
başlayaraq, Haşım bəy mətbuatla maraqlanıb,
"Kəşkül” qəzeti üçün kiçik həcmli
məqalələr yazıb. H.Vəzirov seminariyanı bitirdikdən
sonra 19 il müəllimlik edib. İrəvan
quberniyasının bir çox qəza və kəndlərində
dərs deyib, məktəb direktoru kimi çalışıb.
Pedaqoji fəaliyyət Vəzirova doğma xalqının məişətinin
daha dərindən öyrənilməsinə imkan yaradıb.
Xalq həyatından, məişətdən öyrəndikləri
onun bir yazıçı-jurnalist kimi fəaliyyətinə səmərəli
təsir göstərib.
İrəvan quberniyasından Qarabağa
qayıdan Vəzirov Şuşada açılan yeni tipli məktəbdə
fəaliyyət göstərib. Öz bilik və
bacarığını maarifçiliyə yönəldib. Rus
klassiklərinin əsərindən tərcümələr
edib, 1904-cü ildə "Otello” faciəsini ilk dəfə
olaraq Şuşada tamaşaya qoyub. Mətbuat
tarixi üzrə araşdırmaçı, tarix elmləri
üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin
baş redaktoru Akif Aşırlının "Azərbaycan mətbuat
tarixi” (1875-1920-ci illər) adlı əsərində
Haşım bəy Vəzirovun fəaliyyətinə və təsis
etdiyi mətbu orqanlara geniş yer ayrılıb. Müəllif araşdırmasında qeyd edib ki,
Şuşada ictimai işlə məşğul olan
Haşım bəy Vəzirov şəhər bələdiyyə
idarəsinin apardığı milli ayrıseçkilik siyasətinə,
məxsusi olaraq azərbaycanlılar yaşayan məhəllələrin
baxımsız qalmasına etiraz etdiyi üçün təqiblərlə
üzləşib.
"Təzə həyat” qəzetinin fəaliyyətə
başlaması...
A.Aşırlı kitabında vurğulayıb
ki, H.Vəzirovu susdurmaq, zərərsizləşdirmək
üçün ən böyük canfəşanlığı
erməni millətçiləri edirdilər: "Bütün
təqib və təzyiqlərin sonunda Haşım bəy Vəzirov
ölkədən sürgün edildi. Onun
sürgün həyatı uzun sürmədi, 1906-cı ildə
vətənə qayıtdı və ömrünün sonunadək
Bakıda yaşadı. Sürgün həyatından sonra
yaxın qohumu Əhməd bəy Ağaoğlunun dəvəti
ilə "İrşad” qəzetində fəaliyyətə
başladı. Bir müddət qəzetin
müvəqqəti redaktoru kimi çalışdı.
Özünün müstəqil qəzet nəşr etmək
istəyini Hacı Zeynalabdin Tağıyevə bildirən H.Vəzirov
Bakı Bələdiyyə İdarəsinə rəsmi
müraciət edərək "Təzə həyat” adlı
mətbu orqanın nəşrinə icazə istədi. Olduqca çətin və mürəkkəb şəraitdə
H.Vəzirov "Təzə həyat”ın çapına
razılıq aldı. 1907-ci ilin aprel ayının 1-də qəzetin
ilk sayı işıq üzü gördü. Qəzet öz
məram və məqsədini "Məqsədimiz” adlı
baş məqalədə izah edərək yazırdı:
"Təzə həyat” öz məsləkində bir an
hürriyyət, müsavat, ədalət və bunların eyni
olan islamiyyət caddasından xaric olmayacaq. Bu halda nəinki
Rusiya müsəlmanlarının, bəlkə cəmi aləmi-islamın
həyatı, dolanacağı və məişətləri
tazə bir şəklə düşüb və
düşür. Ona görə də "Təzə həyat”
müsəlmanların bu tazə məişət şərtlərinə
düşməyə, bu yolda nə sayaqilə getmək
lazımdırsa, həmin yola çəkməyə xidmət
edəcəkdir”. Baş məqalədən
göründüyü kimi, H.Vəzirov müsəlman həmrəyliyini
önə çəkir. Dünya müsəlmanlarının
qayğılarını, çətinliklərini, onların
inkişafına mane olan amilləri bir arada
götürürdü. Müsəlmanların dövrün tələblərinə
uyğun yeni məişət şəraitinə
uyğunlaşdırılması, düşüncələrinin
müasirləşdirilməsi də "Təzə həyat”ın
qarşısına qoyduğu vəzifələrdən idi”.
Müəllif əsərində bəyan edib ki, Vəzirovun
yaradıcılığında və "Təzə həyat”ın
ideya-siyasi istiqamətlərindən doğan millətçilik
də var idi. Ona görə də bəzən bu mətbu
orqanı "panislamizm”də, "pantürkizm”də
suçlayırdılar: "Haşım bəyin milli
düşüncələri onun vətənpərvərliyindən,
millətini sevməkdən və islam dəyərlərindən
doğurdu. Onun üçün "millətin tək-tək
şəxslərinin hamısı qiymətli bir üz idi” və
Haşım bəy "əhli sərvətlə, rəncbəri,
rəiyyəti” fərqləndirmirdi. O, əlinin əməyi,
zəhməti hesabına dolananları, cəmiyyətin
bütün təbəqələrini əhatə edən
çalışqan insanı millətinin sərvəti hesab
edirdi. Siyasi baxımdan "Təzə həyat”ın "tərəqqipərəstlik
yolu tutacağına”, "Rusiyada rus millətinə verilən
hüquq və imtiyazların” müsəlmanlara da tətbiq
olunması üçün mübarizə aparacağına
işarələr verilirdi. Dil məsələsində qəzet
mümkün olan qədər istilahlardan
qaçacağını, sadə dildə
yazacağını qarşısına əsas məqsəd
qoymuşdu. Qəzet öz ətrafına dövrün
tanınmış qələm əhlini, publisistləri
topladı. Bu sırada M.Ə.Sabir, M.Hadi, M.S.Ordubadi, Məşədi
Azər, Hacı İbrahim Qasımov, Axund Yusif Ziya Talıbzadənin
adları var”.
"İttifaq” qəzetinin işıq
üzü görməsi...
Araşdırmaçı öz
kitabında vurğulayıb ki, "Təzə həyat”ın
1907-ci il aprelin 1-dən dekabrın 31-dək 209, 1908-ci ildə
isə 230 nömrəsi işıq üzü görüb.
1906-cı ilin sentyabr ayında Bakı General-qubernatorun əmri
ilə "zərərli istiqamətinə görə” qəzetin
nəşrinə xitam verilib: "Haşım
bəy Vəzirov bundan sonra yenidən qəzet nəşr etmək
üçün Bakı Şəhər Bələdiyyə
İdarəsi rəisinə müraciət edib və
"İttifaq” adlı qəzetin çapına icazə
alıb. 1908-ci ilin dekabr ayının 1-də
"İttifaq”ın ilk sayı oxuculara
çatdırılıb. Siyasi, ictimai və ədəbi
qəzet olan "İttifaq” gündəlik nəşr olunurdu.
Bu mətbu orqanın ən fəal əməkdaşları Məhəmməd
Hadi və Ələbbas Müznibi idi. Azərbaycan romantik ədəbiyyatının
nümayəndəsi olan Hadi yazdığı şeirləri
bu qəzetdə çap etdirirdi. Rus ədəbiyyatının
klassiklərindən L.N.Tolstoy, İ.V.Qoqol, Qriboyedov, Nekrasov barədə
qəzetdə ardıcıl yazılar nəşr olunub. Cənubi
Azərbaycanda gedən azadlıq hərəkatına,
onların fəallarına geniş yer verilirdi. H.Vəzirovun
özü "İttifaq”da həm açıq, həm də
gizli imzalarla çıxış edir, dövrün
oxucularına tanış gələn "Keyfim gələndə”
başlığı ilə dərc etdiyi yazıları
"Birisi” imzası ilə çapa verirdi. Nəşr
olunduğu dövrün ilk ayında, yəni 1908-ci ilin
dekabrın 1-dən 31-dək qəzetin 25 nömrəsi, 1909-cu
ildə isə 226 nömrəsini çıxarmaq H.Vəzirova
nəsib oldu. "İttifaq”ın 221-ci nömrəsində
islam dinindən sui-istifadə edib, fanatizmi, cəhalət
yayanların ciddi tənqidi "İttifaq”ın
bağlanamsına səbəb oldu. Senzorun verdiyi məlumatlar əsasında
H.Vəzirov cəzalandırıldı və Bakı Şəhər
İdarəsi rəisinin əmri ilə "İttifaq” 1909-cu
ilin oktyabr ayının 3-də bağlanıldı”.
"Səda” qəzetinin nəşr edilməsi
və "Nida”, "Kafkazets”, "Sədayi-vətən”
adlı qəzetlərin aqibəti...
A.Aşırlı əsərində
bildirib ki, Haşım bəy Vəzirov baş verən bu hadisələrdən
sonra ruhdan düşmədi və "Səda” adlı qəzetin
nəşri üçün çalışdı. "Nəhayət,
1909-cu ilin mart ayının 9-da "Səda”nın nəşri
qanuniləşdi: "H.Vəzirov qəzetin
çapına icazə alsa da, vaxtında onun nəşrini həyata
keçirə bilmədi. "Səda”nın ilk sayı icazə
alındığı vaxtdan yeddi ay sonra, oktyabr ayının
12-də çıxarıldı. "Səda”nın məsləyinə
gəlincə, redaktor-naşir Vəzirov bu barədə
yazırdı: "Qəzetin məsləki millətimizin tərəqqi
və təalasına çalışıb müsəlmanları
ittifaq və ittihada dəvət etməkdən ibarət olacaq,
dili isə türk, sadə Azərbaycan dili olacaq”. Bu qəzetin
nəşrindən sonra da yerli hakimiyyət orqanları, Senzura
Komitəsi əməkdaşları H.Vəzirovun sakit tərzdə
qəzetçilik işi ilə məşğul olmasına
imkan vermədilər. Bütün təqib, təzyiq
kampaniyasına, həbsinə və cərimələnməsinə
baxmayaraq, Vəzirov öz məfkurə istiqamətini qətiyyətlə
müdafiə edə bildi. Bəzi hallarda
Haşım bəy "zərərli məqalələr”
yazdığını Bakı Şəhər İdarəsi
rəisinə, polis idarəsinə, jandarma rəisinə
bildirmişdisə də, bu, yalnız manevr idi, fikri
yayındırmaqla bağlanmış qəzetlərin
çapına yenidən icazə verilməsi üçün
atılırdı. 1909-cu ilin oktyabrından 1911-ci ilin
avqustunadək "Səda”nın 479 nömrəsi
çıxmışdır. 1911-ci ilin avqust ayının 14-də
qəzet bağlandı”. Araşdırmaçı əsərində
qey edib ki, "Səda” qəzeti bağlandıqdan sonra
Haşım bəy Vəzirov "Nida” adlı qəzet nəşr
etmək istəyindən olur, lakin bu istəyi baş tutmur. Məcburən
rus dilində "Kafkazets” qəzetinin çapına icazə
alan Vəzirovun bu istəyi də uzun müddətə
reallaşmır. "Səda”nın bağlanmasından 40
gün sonra "Kafkazets” işıq üzü görür və
cəmi 11 nömrəsindən sonra "zərərli fəaliyyətinə”
görə nəşri dayandırılır. Bu mətbuat fədaisi
yenidən qəzet nəşri üçün
çalışır və nəhayət, "Sədayi-vətən”
adlı mətbu orqanı nəşr edir. 1912-ci ilin mart
ayında "Sədayi-vətən” bağlanılır.
Ən uzunömürlü "Sədayi-həqq”
qəzeti oldu...
Müəllif kitabında bildirib ki, "Sədayi-həqq”in
ilk nömrəsi, 1912-ci ilin mart ayının 21-də oxuculara
çatdırılıb: "Maraqlıdır ki, "Sədayi-həqq”in
nəşri üçün icazə Gəncə
quberniyasının Cavanşir qəzasının Qapanlı kənd
sakini Salman Kərbəlayi Qəhrəman oğlu Tahirovun
adına verilib. Ancaq əsl həqiqətdə bu qəzetin
redaktoru Haşım bəy Vəzirov idi. Gündəlik nəşr
olunan, Vəzirovun çap etdirdiyi qəzetlərin ən
uzunömürlüsü "Sədayi-həqq” ədəbi-siyasi,
fənni, iqtisadi-ictimai qəzet idi. Belə ki, bu
mətbu nəşr 1912-ci ilin martından 1915-ci ilin mayınadək
fasiləsiz çap olunmuş, oxuculara
çatdırıldı. "Sədayi-həqq”in fəaliyyətinin
ən fəal dövründə Birinci Dünya müharibəsi
başlandı və bu səbəbdən o dövrdə nəşr
olunan bir çox mətbu orqan kimi ona da nəzarət
qat-qat artırıldı. 1914-cü ildən "Sədayi-həqq”də
mülki və hərbi çinovniklərin ciddi nəzarəti
altında çap olunurdu. Yalnız hərbi senzorun icazə
verdiyi xəbər və məlumatlar qəzetlərdə dərc
oluna bilərdi.
Qəzetin 1914-cü ilin dekabr
ayının 18-də çap olunmuş sayında H.Vəzirovun
"Birisi” imzası ilə çıxan "Sarı
qamış” felyetonu ilə "Sədayi-həqq”in çətin
günləri başladı. Bu dövrdə Birinci Dünya
savaşında Qafqaz cəbhəsində ağır
döyüşlər gedir, türk qoşunları Qara dəniz
limanlarını ələ keçirirdilər. Hərbi
senzura Sarıqamış ətrafında gedən əməliyyatları
və rus ordusunun məğlubiyyətini nəzərə
alıb "Sədayi-həqq”də gedən "Sarı
qamış” felyetonunu cəmiyyət üçün zərərli
sayaraq qəzetin bağlanmasına qərar verdi. Hakim qüvvələr
"sarı qamış” ifadəsinə görə təkcə
qəzeti bağlamaqla öz işlərinə yekun
vurmadılar, qəzetin redaktor-naşirini də cinayət məsuliyyətinə
cəlb etdilər. Keçirilən məhkəmə prosesində
H.Vəzirov üç ay müddətinə azadlıqdan məhrum
edildi. Bu məhkəmə prosesi Vəzirovun səhhətinə
ciddi təsir etdi və o, 1916-cı ilin fevral ayının 4-də
dünyasını dəyişdi”. Haşım
bəyin vəfatı xəbəri ziyalıları, mətbuat
işçilərini, tələbələri onun
yaşadığı Yuxarı Piryut küçəsindəki
18 nömrəli binanın qarşısına topladı. Cənazə
namazından sonra şəhərin bir neçə yerində
matəm mitinqləri keçirildi. Təzəpir məscidi
qarşısında keçirilən matəm
yığıncağında müəllimlər adından
Sultan Məcid Qənizadə nitq söylədi. Natiq Vəzirovun
pedaqoji fəaliyyətindən, onun Azərbaycan təhsilinə
verdiyi töhfələrdən danışdı. Sonra cənazəni
"Səda” mətbəəsi qarşısına gətirdilər.
Matəm mərasimində mətbuat nümayəndələri
adından "Açıq söz” qəzetinin baş mühərriri
M.Ə.Rəsulzadə nitq söylədi. M.Ə.Rəsulzadə
Haşım bəyin vəfatını yalnız Azərbaycan
mətbuatı üçün deyil, bütün Qafqaz mətbuatı
üçün ağır itki olduğunu bildirdi. Növbəti
matəm mərasimi "Nicat” Maarif Cəmiyyəti
qarşısında da keçirildi. Sonra mərhumun cənazəsi
şəhər qəbiristanlığına gətirilərək
dəfn olundu”.
"Səda” mətbəəsi...
Akıf Aşırlı
araşdırmasında qeyd edib ki, Azərbaycan mətbuatının
inkişafı naminə böyük çətinliklərə
sinə gərən Haşım bəy Vəzirovun ən
böyük xidmətlərindən biri "Səda” mətbəəsini
yaratmasıdır: "H.Vəzirov
"Nicat” Maarif Cəmiyyətindən güzəştli qiymətlə
borc aldığı mətbəəni "Səda”
adlandırdı. Mətbəəni nizamladıqdan sonra H.Vəzirov
qəzet nəşr etməklə yanaşı, kitab
çapını həyata keçirməklə də məşğul
oldu.
Onun mətbəəsində Azərbaycan
ədiblərinin əsərləri, dini kitablar, dərsliklər
çap olundu. 1910-cu ildə nəşrə başlayan "Səda”
mətbəəsi elə həmin il "Səda” məktəbinin
müəllimi Cəfər Bünyadzadənin sadə dillə
qələmə aldığı, uşaqlar üçün
nəzərdə tutulan "Mən məktəb
istəyirəm” kitabını çapdan buraxdı. Mətbəə
əsasən 1911-1913-cü illər arasında daha məhsuldar
fəaliyət göstərdi. 1911-ci ildə mətbəədə
Nəcəf bəy Vəzirovun "Ağa Kərim xan Ərdəbilli”
və "Vay şələkküm, mələkküm”
kitabları işıq üzü gördü. Bu ildə
Yusif Vəzir Çəmənzəminlinin "İki hekayə”,
1912-ci ildə isə "Üç hekayə” kitabı
çap olundu. Mətbəədə çap
olunan bir çox kitabın redaktəsini, hətta
korrektorluğunu da H.Vəzirov öz üzərinə
götürdü. Bütün bu işlər H.Vəzirovun Azərbaycan
jurnalistikası ilə yanaşı, mətbəəçiliyin
inkişafında da göstərdiyi böyük xidmətlərdir”.
İsmayıl.
Şərq.-
2017.- 18 iyul.- S.11.