“İNDİ HƏR VERİLİŞƏ ÇIXMAQ İSTƏMİRƏM”

 

Xanım İsmayılqızı: “Bu özündən razılıq anlamına gəlməsin

Yaşın üstə yaş gəldikcə, insan müəyyən həqiqətləri daha aydın gördükcə, dərinliyə baş vurduqca dayazda üzmək istəmir

 

Musiqi elə bir ecazkar dünyadır ki, onun ahəngində itə bilirsən. Musiqidən, sənətdən, poeziyadan xəbərdar olanlar bilirlər ki, hər nəğmənin uzun ömürlü olması həm sözlərdən asılıdır. Həqiqətən musiqi qədər gözəl, qəlbə yatan, məlahətli olsa da, əgər sözlər zəif bəsitdirsə, mahnı nəinki xiridarlar, sadə dinləyicilər tərəfindən qəbul edilmir. Bu halda musiqinin köməyi olmur.

 

Adətən, belə nəğmələr heç vaxt yadda qalmır, tez unudulur. Ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycan bəstəkarları biri-birindən maraqlı, məlahətli mahnılar yazmağa başladılar. Musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutan görkəmli bəstəkarlar seçdikləri sözün mənasına, bədii dəyərinə, mənəvi yükünə, ən başlıcası da müəllifinə xüsusi fikir verirdilər.

 

Doğrudur, sovet dövründə yaranan mahnıların ayrıca tematikası var idi. Amma eyni zamanda ötən əsrin bu gün üçün marağını itirməyən mahnılarının adını çəkmək mümkündü. Bəs bu gün niyə musiqimiz bu qədər primitiv, bayağı olub. Son 5 il ərzində demək olar ki, keyfiyyətli musiqilər az hallarda meydana gətirilib.

 

Bu günün musiqisindən bəstəkar Xanım İsmayılqızı "Şərq”ə danışdı.

 

- Niyə son illər keyfiyyətli musiqi eşitmək bu qədər çətinləşib?

 

- Əslində səhnədə olanların bu gün böyük hissəsi peşəkarlıqdan uzaq olanlardı. Elə ona görə keyfiyyətli musiqi eşitmək çətin olub. Əvvəllər müğənnilər səhnə mədəniyyətini qorumağa, peşəkar bəstəkar musiqilərinə üstünlük verməyə çalışırdılar. Bu gün böyük mənada sənət naminə səhnəyə çıxan sənətçilərin sayı da azdı. Bir vaxtlar müğənnilər konsert proqramları, klipləri ilə rəqabətə üstünlük verirdilərsə, bu gün toy bazarına önəm verilir. Diqqət etsəz razılaşarsız ki, toy mahnıları, "palatkamusiqiləri efirləri alaq otu kimi bürüyüb. Efir bəzən həqiqətən estetikasını itirərək "palatka”nı xatırladır. Bu halda hansı musiqi dəyərlərindən danışmaq olar?

 

- Əvvəllər sizin musiqiləri repertuarlarında səsləndirmək istəyən müğənnilər çox idi. Bu gün necə, müraciət edənlər olurmu?

 

- Bilirsiz, təbii ki, zaman nələrisə dəyişir. Dəyərlər, zövqlər, istəklər dəyişir. Etiraf edirəm ki, əvvəllər daha çox müraciət edənlər olurdu. Bu gün bayağı musiqiləri ucuz qiymətə almamaq dəbə düşüb. Bu gün alırsan, 5 gün oxuyur, toy bazarını doldurursan. Bəs sabah bu musiqilər qala biləcək? Bunu yalnız zaman göstərəcək. Dəyərlər, stereotiplər dəyişib. Mən bir ona sevinirəm ki, Xanım İsmayılqızının musiqiləri peşəkar, səhnə mədəniyyəti yüksək olan müğənnilərin repertuarında yer alıb.

 

- Mahnının uğurlu olması şansdı, ya düzgün piarın önəmi var?

 

- Bütün mahnılar uğurlu tale yaşamır. Bəzilərini hamı sevir, bəzilərini xüsusi auditoriya sevir, bəziləri isə üzə çıxa bilmir. Düzünü desəm, burda şans da rol oynaya bilir. Düzgün piarın da təsiri var. Ən böyük piar musiqinin keyfiyyətində özünü göstərir. Mənə elə gəlir, duyumlu musiqi hər zaman sevgi qazana bilir.

 

- Uğursuz olan musiqiləriniz olub? Yəni üzülmüsüz sonradan?

 

- Üzüldüyüm vaxtlar da olur. İstər şeirlərim, istərsə musiqilərim ruhumun övladlarıdır. Görünməsini, sevilməsini yaşamasını istəyirəm. Təəssüf ki, uğur həmişə yol yoldaşımız olmur.

 

- Sizi efirlərdə demək olar ki, görmək mümkün deyil. Dəvət almırsız, yoxsa?

 

- Yaradıcılığa ilk addımlarımı atanda efirdə görünmək istəyirdim, amma dəvət almırdım. Sonralar dəvət olunduğum bütün verilişlərdə iştirak edirdim. İndi isə hər verilişə çıxmaq istəmirəm. Bu, özündən razılıq anlamına gəlməsin. Yaşın üstə yaş gəldikcə, insan müəyyən həqiqətləri daha aydın gördükcə, dərinliyə baş vurduqca dayazda üzmək istəmir. Tox adama gəldi yedizdirmək olmaz. Bu baxımdan efirlərdə görünmürəm. Dəvətlər çox olur.

 

Tahirə

Şərq.- 2017.- 20 iyul.- S.13.