Tarixdə
iz buraxanlar: Mişel Nostradamus
Adı tarixdə əbədi qalan, sönməz
ulduza çevrilən astroloqlar çox olub. Fəqət
bu möcüzəli aləmin ən parlaq ulduzu,
bütün dövrlərin ən qüdrətli
görücülərindən biri Mişel Nostradamus
olub. Dünyanın ən möcüzəli
şəxsiyyətlərindən biri olan Nostradamus
1503-cü ildə Fransada Katolik dinini qəbul edən bir
yəhudi ailəsində anadan olub.
Mişelin uşaqlıq illəri babasının
yanında keçib. Burada o, latın, yunan, italyan
dillərini, klassik ədəbiyyatı, xalq təbabətini
öyrənib. Babası Jan əlkimya və
rəqəmlərin mistikasına xüsusi diqqət
verirdi və nəvəsini də bu yöndə tərbiyələndirib.
Mişel Nostradamusun təbib babaları
xristianlığı qəbul etmiş olsalar da, gizlində
iudaizmə sadiq qalıblar. Babası
Jan vəfat etdikdən sonra Mişel ailə
ocağına qayıdır, burada onun təlim-tərbiyəsilə
ata babası Pyer Nostradamus məşğul olur. Mişel babasının məsləhətilə
Avinon Universitetinin tələbəsi olur, yeni fənləri
asanlıqla mənimsəyir. Universitetdə
göstərdiyi fəaliyyətə görə o,
"balaca astroloq" ləqəbi ilə məşhur
olur.
1534-cü
ildə zəmanəsinin görkəmli alimi - şair,
astronom və təbib Jül Sezar Skalker Tulon şəhərinə,
həkim Mişel Nostradamusa bir məktub yazıb onu Atan
şəhərinə, birlikdə
çalışmağa dəvət edir. Nostradamus
Skalkerin təklifini tərəddüdsüz qəbul
edir, Tulonla vidalaşaraq Atan şəhərinə
yollanır. Atanda iki böyük şəxsiyyət
asanlıqla dil tapır. Nostradamus Skalkeri
özünün yaratdığı astroloji metodlarla tanış edir. Bu metodlar
yalnız gələcəyi göstərməklə
qalmır, eyni zamanda ötənlərə baş
vurmaqla, keçmiş əyyamlarda baş verən hadisələrə
şahid olmaq imkanı yaradırdı.
Jül Sezar göy cisimlərinin xəritəsini
çəkən alim Nostradamusun kainat haqqında təsəvvürünü
daha da genişləndirirdi. Jül Sezarın nəzəriyyəsinə
görə, yalnız məlum planetlər deyil, alov
kürəsi şəklində Yer kürəsinə
düşən kometlər və gözə
görünməyən göy cisimləri də
insanlara təsir edib. Məhz Jül
Sezar Nostradamusun yer üzərindəki
missiyasının sirrini ona açır. Tezliklə Nostradamus "Qızılgül və
xaç" ordeninə layiq görülüb,
Rozenkreyser qardaşları onu hər cür dəstəkləyir.
Maraqlıdır ki, Nostradamus uzaq gələcəkdə
baş verəcək bir çox hadisələri
gördüyü kimi, gələcəkdə onu
"peyğəmbər" adlandıracaqlarını
da anlayıb və buna qarşı öz etiraz səsini
ucaldıb. Bu da maraqlıdır ki o, həm zəmanəsində,
həm də çox-çox sonralar labüd olaraq
dünyada baş verəcək əlamətdar hadisələri
qabaqcadan görüb və gördüyünü bəyan
edərək gələcək nəsillərə əmanət
buraxıb.
Mişel
Nostradamus, digər görücülərdən fərqli
olaraq, nəinki baş verəcək əlamətdar
hadisələri, onların vaxtını, hətta
özündən əsrlərlə sonra dünyaya gələcək
bəzi tarixi simaların adlarını və
onların hakimiyyət müddətlərini tam dəqiqliklə
bəyan edib.
Mişel
350 il sonra Napoleonun 14 il hakimiyyətdə
olacağı, Pasterin edəcəyi böyük kəşf
haqqında məlumat verib, göstərib ki, əsrlərlə
insanlardan gizlənən üzə
çıxarılacaq. Hamı Pasterə təzim
edəcək. Pasterin kəşfi ilə bağlı
sonralar Britaniya Ensiklopediyasında belə
yazacaqlar: "Paster indi öz sahəsində
zamanın ən böyük alimi kimi qəbul olunub. Fransada De Qoll adlı birisi üç dəfə
rəhbər seçiləcək. Almaniyada Hisler
(Hitler) adlı birisi 11 il hakimiyyətdə
olacaq, çox qanlar tökəcək, axırda ordusu da,
özü də məhv olacaq. Onun başına nə gələcəyini
heç kim bilməyəcək".
Nostradamus Hitler barəsində fikrini Fransa kralı II
Henriyə göndərdiyi açıqlamada belə
davam etdirir: "Bu iradəcə güclü adamın
dili əlində cida olan dəlidən daha qorxulu olacaq.
Zəmanəsinin yetirməsi olan bu
antixristin hakimiyyəti çox sürməyəcək".
Görücü Nostradamus Neptun planetindən də
bəhs edib.
Halbuki, bu planet onun vəfatından 280 il
sonra fransız və alman astroloqları Jan Jozef Leverye
və İohann Qotfrad Alle tərəfindən kəşf
edilib. Mişel Böyük Britaniyadan da bəhs
edib. Hərçənd, Böyük Britaniya onun vəfatından
152 il sonra yaranıb. Nostradamus
özündən 210 il sonra yaranan ABŞ dövlətindən,
vəfatından 250 il sonra yaranan ABD Demokratlar
Partiyası (1828-ci il) və onun rəmzindən də bəhs
edib. Şübhəsiz, bu möcüzə
adamının Sovet İttifaqı ilə bağlı
dedikləri də çox maraqlıdır. O, 27 iyun
1557-ci ildə Fransa kralı ikinci Henriyə, əslində
gələcək nəsillərə
ünvanladığı açıqlamada belə
yazıb: "Oktyabr ayında böyük inqilab olacaq. Çoxları deyəcək ki, bu indiyə qədər
baş verən inqilabların ən dəhşətlisidir.
Sanki həyat məhvərindən
çıxacaq, yer üzünü zülmət
bürüyəcək, böyük dəyişikliklər
baş verəcək. Krallıqlar məhv
olacaq, bütün bunlar Yeni Babilistanın meydana gəlməsinə,
iyrənc əxlaqsızlığa, çox pis mənəvi
düşkünlüyə gətirib çıxaracaq.
Sanki bu Şərq səltənətində
insanların əxlaqının pozulması
ucbatından Ulu Yaradan şeytanı zülmətdən
azad edib və bunun nəticəsində qüdrətli
bir adam dünyaya gəlib. Kilsələrdə, məscidlərdə, ibadətgahlarda
elə oyunlar çıxacaq ki, gözdən və əldən
məhrum olan qırmızılar da, ağlar da bunun dəhşətli
nəticəsini görə bilməyəcək. Onlar ölkənin üçdə iki hissəsini
məhv edəcəklər. Üçdə biri
qalacaq, fəqət artıq heç kim
tarla və evlərin həqiqi sahiblərindən
neçə nəfərin sağ qalacağını
müəyyən edə bilməyəcək. Onlar törətdikləri cinayətlərə
görə cəzadan yaxa qurtara bilməyəcəklər.
73 il 7 ay davam edən hakimiyyət əllərindən
alınacaq".
Burada bizim üçün anlaşılmayan bir
şey yoxdur.
"Krallıqlar dağılacaq" məfhumu
altında "ölkələr müstəqilliyini
itirəcək və SSRİ yaranacaq", "Yeni
Babilistan" - "Çoxmillətli materialist Sovet
dövləti," "Şərq səltənəti"
- "Sovetlər ölkəsi" mənasında
işlənib. Göründüyü kimi, Nostradamus
Sovet hakimiyyətinin 73 il 7 ay davam edəcəyini
də tam dəqiqliyi ilə göstərib. 26 oktyabr 1917-dən
1991-ci ilin avqustuna qədər olan vaxtı nəzərə
alsaq, düz 73 il 7 ay edir.
Mişel Nostradamusun "Senturi" adlı
kitabı dünyada ən çox çap olunan on kitabdan
biridir. Sovetlər dövründə astrologiya və
okkultizmə aid kitablar qadağan olunmuşdu. Nostradamusun ulduzların
düzülüşünü izlədiyi gecələrdə
ona vəhy gəlirdi. O, gələcəkdə
baş verəcək çox mühüm hadisələri
açıq-aydın görürdü və öz
görüntülərini dördlüklərdə
şifrələyirdi. Vəhy anında qələmə
aldığı hadisələr zaman keçdikcə
özünü doğrultmağa başladı. Nostradamus görüntülərinin, gələcəkdən
xəbər verən dördlüklərinin bir hissəsini
çap etdirmək fikrinə düşür. "Misir sirləri" adlı kitabı
yayımlanaraq əldən-ələ gəzir.
Nostradamus iki dəfə evlənib. İlk
evlilikdən bir oğlu və bir qızı dünyaya gəlib,
fəqət xoşbəxt ailə həyatının
ömrü çox qısa olub, üç ildən sonra
qadın ömrünü Nostradamusa
bağışlayıb. İki həftə
ərzində o, sevimli həyat yoldaşını və
iki övladını itirib. Bədlik gələndə
tək gəlmir, özü ilə başqa bəlalar da gətirir.
Bu dəfə ailəsini itirən bədbəxt
həkimi cadugərlikdə günahlandırıblar,
guya Mişel qəlbini şeytana satıb. Şayiələr Tulon şəhərini
aşıb, Vatikana qədər yayılıb. Bir zamanlar onu göylərə qaldıran nankor
şəhərdən baş götürüb
qaçıb. O, yeddi il Provans
şəhərində səfil həyat sürüb.
Bioqraflar dühanın bu zaman kəsiyində
yaşadığı dövrü Nostradamusun yeddi
illik Odisseyası adlandırırlar. Yeddi illik
Odisseyadan sonra doğma şəhərə qayıdan
Mişel burada vəba xəstəliyinə qarşı
dərman preparatı icad edir və bu məlhəmi xəstələr
üzərində sınaqdan keçirir. Elə bu ağrılı-acılı günlərdə
həkim Lun Sera onu axtarıb tapır. Bir
ildən sonra onu Eks şəhərinə dəvət
edirlər. 270 gün gecə-gündüz
demədən çalışan Nostradamus Eks şəhərini
vəbanın pəncəsindən xilas edir. Bu isə əsl qəhrəmanlıq idi. Şəhər parlamenti ona ömürlük təqaüd
kəsir. Beləliklə o, öz təmiz
adını qoruyub saxlayır.
Nostradamus
gözəl və zəngin bir qadınla, madam Pussarla tanış olanda artıq qırx beş
yaşında idi. Maddi sıxıntıların məngənəsindən,
ehtiyac və məhrumiyyətdən yaxa qurtaran
Mişel bu xanımla evlənir, xanımı və
uşaqları ilə on doqquz il sevgi və
qayğı əhatəsində xöşbəxt
ömür sürür. Madam Pussardan
altı övladı - üç oğlan, üç
qız dünyaya gəlir. Gündüzlər
xəstəxanasında xəstələrinin
müalicəsi ilə məşğul olan məşhur
loğman gecələr pəncərələrin pərdəsini
endirib teleskopla göy üzünü seyr edir. Astroloq Nostradamusun dördlükləri belə
yaranır.
Anton şəhərində astroloq bir neçə
rahiblə görüşür. Rahiblərdən
biri ona Roma papasının libasında görünür.
Bu rahib Reliqe Peretti olub. Nostradamus
ona Ali həzrət Müqəddəs deyə müraciət
edir. Rahiblər çaşır və
həkimə gülürlər. Bu əhvalatdan on səkkiz
il keçəndən sonra Peretti
Vatikanın sahibi olub.
Kilsə inkviziyası Kral ailəsinin astroloqu
himayə etdiyini bilir və astroloqun şan-şöhrətinə,
nüfuzuna qısqanırdı. İnkvizitorlar
gizli planlar cızır artıq şöhrəti
bütün Fransanı bürüyən dahi ilə
haqq-hesab çəkməyə əlverişli fürsət
gözləyirdi. Ailəsinin təhlükəsizliyini
qorumaq məqsədilə Nostradamus dördlüklərini
rebus, tapmaca kimi yazırdı. Oğlu Sezara
ünvanladığı məktub elə şifrələnib
ki, beş yüz ildir onun
yaradıcılığını ələk-vələk
edən araşdırmaçılar hələ də
ondan baş aça bilmir. Beş yüz ildir
Nostradamusun peyğəmbərcəsinə söylədiyi
hadisələr zaman keçdikcə bir-birinin
ardınca özünü doğruldur. Nostradamus II Dünya müharibəsini, Hitlerin
və Stalinin taleyini, SSRİ-nin süqutunu, hətta
atom bombasını dördlüklərdə şifrələyib.
Nostradamus öz xəbərlərində
cəzalandırıcı bir İlahi plana əhəmiyyət
verir və İlahi planın müəyyən edilmiş
bir zamanda həyata keçiriləcəyini, Uca
Yaradanın insanlığı cəzalandıracağını
vurğulayır. O, yazdıqlarının
yanlış anlaşılacağından əmin idi, fəqət
verdiyi xəbərlərin vəfatından 500 il sonra dəyərləndiriləcəyini
deyirdi. Onun xəbərlərinə görə,
İlahi cəzalandırmanın səbəbləri
var. Bunlar: seksual günahlar,
homoseksuallıq, zina, abort, inanc və xeyirsevərliyin
azalması, ateizm, dinə və din kitablarına
hörmətsizlik, şiddət, zorbalıq, pula və
mala düşkünlük, bədxərclik
çılğınlığı və s. idi. O zaman
öz-özümüzə belə bir sual verə bilərik:
Nəyə görə Uca Yaradan yaratdığı
canlıların günah işləmələrinə
izn verir? Bizə görə, bunun cavabı Uca Yaradanın
doğru yolu göstərdiyi və seçimi
insanın hürr iradəsinə
buraxdığıdır...
Görəsən bizləri nə gözləyir?
Bəhs edilən cəzaya görə Uca Yaradan yer
üzündən bütün pislikləri siləcək
və insanlığı təmizləyəcək.
Dünya nüfusunun yarıdan çoxu yox olacaq, sadəcə
yaxşı və təmiz ruhlar yaşamına davam edəcək
və dünyada qalanlar inanclılar olacaq. Bir
çox ölkənin çox hissəsi qeyb olacaq, yəni
dünyanın bir çox yaşayış məskənləri
düzənliyə dönəcək, bir çox yerlər
su altında qalacaq! Bugün bütün dünyada
baş verən təbii fəlakətlər
insanlığa çox şey deməlidir...
Vəfatından bir gün əvvəl qoca
dahi şagirdi Jak Şaviniyə "sabah gün
doğanda artıq mən bu dünyadan köçmüş
olacağam" deyib. Və səhər gün doğarkən
ruhu bədənini tərk edən Nostradamus əbədiyyətə
qovuşub...
Ruhu
şad olsun!
Fazil
QARAOĞLU professor
Şərq.- 2017.- 19 iyul.- S.13