Milli mətbuatımız
milli mübarizə tariximizdir -
Milli mətbuatımızın 140 yaşı tamam olur. Söz
yaradıcılığının, fikir və
düşüncə sənətkarlığının
bayramıdır. Sözümüzün
tarixi isə özümüz və özülümüz qədər
dərindir. Hələ milli mətbuatımızın
yaranmasından əvvəl Azərbaycan ictimai fikir tarixi min ildən çox
dövrü əhatə edən böyük bir təkamül
yolu keçmiş və söz
yaradıcılığının misilsiz ənənələrini
yaratmışdır. Dədə Qorqud qopuzunun sədasından
doğub, Nizami, Nəsimi, Fizuli kimi söz
dühalarının cilasından keçən və Mirzə
Fətəli yaradıcılığında artıq milli ideyanın ifadəçisi səviyyəsinə
yüksələn Azərbaycan sözü məhz 140 il
öncə Həsən bəy Zərdabinin “Əkinçi”si
timsalında “materiallaşdı” və milli mətbuatımızın
ilk nümunəsini ərsəyə gətirdi. Əşyaların
adlandırılmasından başlayıb, milli ideyanı
yetişdirməyə qədər yüksələn milli
söz XIX əsr maarifçilərimizin fikir və
düşüncələrində yetkinləşən milli
ideologiyamızı ictimai şüurun aparıcı qüvvəsinə
çevirə bildi. Sözdən düşüncələrə
hoparaq, oradan də əməllərə keçən milli
ictimai şüur isə ilk milli dövlətin yaranmasına gətirib
çıxarması ilə dahi Fizulinin vəsf etdiyi “Əlahəzrət Söz” ün
qüdrətini və təntənəsini nümayiş
etdirdi. 140 yaşlı
Milli mətbuatımız, Sözün və
söz sənətkarlığımızın öz
funksiyasında ən yüksək əməli nəticələrə
gətirib çıxardığı bu uzun yolun yeni dövr mərhələsidir.
Milli mətbuatımızın
yarandığı dövr tarix üçün də yeni bir
dövr idi. Bu, Sözün sentimental və ruhani
hissiyyatların təsvirindən real həyat düşüncələrinin
ifadəçisinə çevrildiyi, mifik qəhrəmanlığı
göylərə yüksəldən mücərrəd saray
poetikasından insanların düşüncəsinə nüfuz
etməklə ictimai şüuru təkmilləşdirən,
milli dünyagörüşünü formalaşmağa
istiqamətləndirən və bununla da söz yaradıcılığına ictimai-siyasi çalarlar gətirən
realist yaradıcılıq mərhələsinə
keçdiyi bir dövr idi. Söz və fikir tariximizin bu mərhələsi
- 140 illik mətbuat dövrü mübarizə, təkamül
və qələbələr dövrüdür. İlk mətbu
orqanımız “Əkinçi”nin
işıq üzü görməsindən dərhal sonra
bir-birinin ardınca açılan qəzetlərimiz
ağır təzyiqlərlə üzləşərək
qısa müddətdən sonra bağlanmalı olurdular. Buna
baxmayaraq, “Əkinçi”,
“Ziya”, “Kəşkül”, “Kaspi” kimi mətbu orqanlarımız
ictimai-siyasi şüurun inkişafına əhəmiyyətli
təkan verdilər, insanların yeni həyat idealları
uğrunda mübarizəsinə yol aça bildilər. Həsən
bəy Zərdabi, Səid və Cəlal Ünsizadələr,
Seyid Əzim Şirvani, Sultan Məcid Qənizadə, Firudin bəy
Köçərli, Məmməd Kəngərli kimi milli ideya
daşıyıcılarımız milli mətbuatımızın
məktəb və ənənəsini yaratmağa nail ola bildilər. Heç təsadüfi
deyil ki, o zamankı naşirlər və qəzetçilər
peşə baxımından jurnalist deyildilər, lakin mətbuat
onlar üçün xalqın, millətin şüuruna
çatdırmaq istədikləri mütərəqqi
ideyaların yayılmasına və keyfiyyətcə yeni bir cəmiyyətin
yaranmasına nail olmaq üçün istifadə edə biləcəkləri
ən müasir vasitə idi. Ona görə də XIX əsr
ziyalılarımızın demək olar ki,
hamısının həyatı mətbuatla sıx
bağlı idi. XX əsrin əvvəllərində isə Cəlil
Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir
Hacıbəyli və digər ziyalılarımız bu ənənəni
davam etdirərək “Şərqi-Rus”, “Həyat”,
“Açıq söz”, “Molla Nəsrəddin” və digər məşhur mətbu
orqanlarımızı yaratmaqla artıq möhkəmlənməkdə
olan milli şüuru dövlətçilik şüuruna
yüksəldə bildilər. Məhz bu insanların fədakarlığı
və əzmkarlığı sayəsində Azərbaycan
milli şüuru elə yeni dövrün
başlanğıcında özünün intibah mərhələsinə
yüksəldi və tarixdə ilk türk cümhuriyyətini
– azad insan və demokratik cəmiyyət nümunəsini yarada
bildi. Mövcud olduğu qısa zaman kəsiyində
“İnsanlara hürriyyət, Millətlərə istiqlal” bəyan
etmiş ilk milli Cümhuriyyətimizdə milli mətbuatımız
azadlıq coşqusu ilə yüksəldi, böyüdü və
gənc dövlətdə sürətli quruculuq və
yaradıcılıq marafonuna əvəzsiz töhfələr
verdi. 1920-ci ildə müstəqilliyimizə
son qoyan imperiya milli mətbuatımızın da müstəqilliyinə
son qoydu. İmperiya nəzarəti altında yaranan yeni
sovet mətbuatı isə yalnız bolşevik
ideologiyasının imkan verdiyi
özünəməxsus formatda mövcud ola bilərdi. Buna baxmayaraq, milli mətbuatımız mübarizə
yolundan dönmədi. ictimai-siyasi
hadisələrə obyektiv münasibət bildirməyin
mümkün olmadığı ən çətin zamanlarda
belə milli mətbuatımız öz səylərini əhalinin
savadlanması, milli mədəni dəyərlərimizin
qorunması və ən başlıcası isə doğma ana
dilimizin ədəbi dil kimi təkmilləşməsi işinə
yönəltdi. Milli-mədəni sərvətlərimizin,
milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına
misilsiz xidmətlər göstərdi.
1991-ci ildə
dövlət müstəqilliyimizin bərpası Həsən
bəy Zərdabidən gələn keşməkeşli milli mətbuat yolunu yenidən
işıqlandırdı və artıq onlarla deyil, yüzlərlə
mətbu orqanı millətin azadlıq coşqusundan doğan əzmkarlıqla
yeni cəmiyyət quruculuğuna qoşuldular. 1998-ci
ilin avqustunda ümummilli liderimiz Heydər Əliyevin mətbuat
üzərində senzuranın ləğv olunması
haqqında tarixi Fərmanı isə milli mətbuatımızı
əbədi azadlığa qovuşdurdu, onun inkişaf yolunda
intəhasız üfüqlər açdı. Prezident Heydər Əliyevin mətbuata özəl
münasibəti, mətbuat nümayəndələrinə
qarşı sonsuz səmimiyyəti və
qayğıkeşliyi elan olunmuş müstəqilliyin hələ
kifayət qədər möhkəmlənmədiyi bir dövrdə
milli mətbuatımızı dövlət quruculuğu
işlərinə töhfələr verməyə sövq
edirdi. Lakin
bir tərəfdən, ölkədə hökm
sürən müharibə şəraiti və digər tərəfdən,
yaranmaqda olan yeni iqtisadi münasibətlər çərçivəsində
maddi vəsait çatışmazlığı milli mətbuatımızın
sərbəst inkişafını mümkünsüz edirdi. Cari istehsal fəaliyyəti üçün mətbu
orqanlarının dövlət qurumlarına yaranmış
külli miqdarda borcları çoxsaylı qəzet və
jurnalları bağlanmaq təhlükəsi
qarşısında qoymuşdu. Ən
çətin zamanlarda milli mətbuatımıza xüsusi təəssübkeşliklə
yanaşan Heydər Əliyev o zaman da milli mətbuata dövlət
qayğısının unikal nümunəsini yaratdı.
Dövlət başçısının bu
borcların silinməsi haqqında sərəncamı mətbu
orqanlarına öz fəaliyyətini davam etdirmək
üçün yeni və daha geniş fürsətlər
yaratdı. Yeni ictimai-siyasi şəraitdə meydana
çıxan fikir
plüralizminin, çoxsaylı partiya və qrup mənafelərinin,
mətbuata xarici və daxili təsir cəhdlərinin bir-birinə
qarışdığı mürəkkəb, lakin kifayət
qədər geniş bir rəqabət meydanında milli mətbuatımız “çəkişməklə
bərkişmək” mərhələsini də yaşadı.
Ən müasir dövrümüzdə isə Prezident
İlham Əliyevin mətbuata münasibətdə sərgilədiyi
səmimi dostluq münasibətləri milli mətbuatı və
mətbuat nümayəndələrini dövlətçilik mənafeyi
naminə ümummilli maraqlar ətrafında birləşməyə,
xalqın mənafeyinə xidmət etməyə səfərbər
etməkdədir. Bu gün Azərbaycan söz və fikir
azadlığının tam bərqərar olduğu, hər
bir vətəndaşın istənilən mətbuat
orqanına maneəsiz çıxışının təmin
olunduğu bir məkandır. Əhalinin
75%-nin internet istifadəçisi olduğu bir cəmiyyətdə
yeni texnologiyalara əsaslanan elektron kütləvi informasiya
vasitələrinin inkişafı mətbuatın daha
çevik, daha operativ fəaliyyət göstərməsi
üçün ideal şəraiti təmin edir. Lakin mübarizə davam edir. Çağdaş
dövrümüzdə yaranmış sərbəstlikdən
sui-istifadə etməyə çalışaraq, dövlətçiliyimiz
əleyhinə gizli-aşkar fəaliyyət göstərən
bir sıra xarici təşkilatların və 5-ci kolon nümayəndələrinin
bəzi mətbuat orqanlarını öz təsiri dairəsinə
salmaq cəhdləri bu günümüzün danılmaz
reallığıdır. Beynəlxalq arenada öz milli
maraqlarını qorumaqla müstəqil siyasət yeritməyə
cəhd edən yeni nəsil dövlətləri
üçün xarakterik olan bu hal ölkəmizdə də
müşahidə olunur. Bunun səbəbləri
də bəllidir. Əslində, dünya siyasətinin
cilovunu öz əllərində saxlamağa
çalışan güc sahibləri yeni inkişaf mərhələsinə
qədəm qoymuş ölkələr haqqında beynəlxalq mətbuatda
dezinformasiyalar yaymaqla həmin dövlətləri müstəqil
siyasət yürütməkdən çəkindirməyə
və beləliklə də, özlərinin siyasi təsir dairələrində saxlamağa
çalışırlar. Yerli-yersiz ölkəmizdə
mətbuat azadlığının mövcudluğuna kölgə
salmaq istəyən bəzi beynəlxalq təşkilatların
vaxtaşırı hücumları da məhz bu məqsədə
xidmət edir. Lakin belə cəhdlərin əvvəl-axır
uğursuzluğa məhkum olacağı artıq heç kimdə
şübhə doğurmur. Çünki
ötən illər ərzində Azərbaycanda dövlət-mətbuat-cəmiyyət
üçbucağının elə bir konstruktiv
konfiqurasiyası formalaşmışdır ki, bu
qarşılıqlı münasibətlər sistemində Azərbaycanın
müstəqilliyinin qorunması, Azərbaycan xalqının mənafeyinin
və milli maraqlarının müdafiə edilməsi
bütün tərəflər üçün prioritet hesab
olunur. Mövcud münasibətlər
sistemi hər bir vətəndaşın fərdi
maraqlarından, hüquq və vəzifələrindən
başlayaraq dövlətin milli maraqlarına və vətəndaş
qarşısında öhdəliklərinə qədər
ictimai-siyasi həyatın bütün səviyyələrində
qarşılıqlı etimadı özündə ehtiva edir. Məhz belə bir münasibətlər sistemi
dövlət-cəmiyyət vəhdətinin təməlini təşkil
edir. Dövlətlə xalq arasında
hökm sürən vəhdət isə öz növbəsində
Azərbaycan müstəqilliyini əbədi, dönməz və
sarsılmaz edən başlıca amildir. Azad cəmiyyət
və güclü dövlət tandeminin doğurduğu bu vəhdətin daha
da möhkəmlənməsində milli mətbuatımızın
rolu həlledicidir.
Cavanşir
Feyziyev
Fəlsəfə
doktoru, millət vəkili
Azərbaycan Mətbuat
Şurasının İdarə Heyətinin üzvün
Şərq.-
2017.- 22 iyul.- S.10.