SƏNƏTÇİNİN SƏSİ VARSA, QAPISI GEC-TEZ AÇILIR”

Zakir Əliyev: “Adımı dövlət tədbirlərindən sildirib, ertəsi gün üzümə gülən, məni tərifləyənlər olub

Muğamı təbliğ etmək həm mətbuatın payına düşür. Biz hər dəfə xanəndələrimizlə olan söhbətlərimizi sizlərlə bölüşməyə çalışırıq. Bu dəfə "Şərq”in qonağı Əməkdar artist Zakir Əliyev oldu. Bir az baməzə, bir az şirin zarafatları ilə bir çoxlarından fərqlənən xanəndə ilə həmsöhbət olduqda bir pozitiv ruha köklənə bilirsən.

- Bir neçə il əvvəl sizinlə müsahib olanda maraqlı bir açıqlamanız bu gün yadımdadı. Deyirdiz səhnədə olan sənətçinin görünüşü önəmlidir. Mən qara oğlan olduğum üçün bu baxımdan bir az şansım gətirməyib. İndi o düşüncədə qalmısız?

- Doğrudan elə demişəm? Əgər elə demişəmsə, o zaman böyük səhv etmişəm (gülür). Yəqin cavan olmuşam onda, bilməmişəm. Qətiyyən belə düşünmürəm indi. Sənətçinin səsi varsa, onun qapısı gec-tez açılır.

- Görünüşünüzdən narazılıq edəndə, qara oğlanları sevən xanım da az olur.

- Doğrudan cavanlıq etmişəm. Məni həmişə sevənlər olub. Sevgi baxımından heç vaxt şikayət etməmişəm. Qara oğlanlar üçün ölənlər var. Elə məni o qədər sevən xanımlar olub ki...

- Bu açıqlamanız xanımınızı narahat etməz ki?

- Xanımım yanımda oturub. Niyə narahat etsin ki? O ki bilir, sənət hamı xalqa məxsusdu, sevənləri çox olur (gülür). İndi məni sevən çoxdusa, demək yaxşı oğlanam da (gülümsəyir). Həqiqətən sənət aləmində olan insanlara sevgi olur. Bunu qısqanmağa dəyməz.

- Neçə ildi sənətdəsiz artıq.

- 30 ildən artıqdı. 1983-cü ildən bu günə qədər sənət aləmindəyəm. Sevərək bu sənətə gəlmişəm.

- Sənət aləminə əvvəllər gəlmək qədər çətin idi? Deyirlər indi tanınmaq daha asan olub...

- Əlbəttə, bizim dövrümüzdə sənətə gəlmək o qədər çətin idi ki, buna illərin gedirdi. Hər sənətçi efirə çıxa bilməzdi. Hər sənətçi istədiyini oxuya bilməzdi. İndi o qədər kanallar, verilişlər var ki, hər gün birinə çıxmağa imkan var. O zamanlar efirdə görünmək üçün gərək razılıq alınaydı. Televiziya əlçatmaz idi. Senzura var idi. Mən o vaxt 6 mahnı lentə aldırdım. Onun 4-nü təsdiqlədilər, ikisini efirə qoymadılar. Bədii şura var idi, böyük sənətkarlar ordan efirə çıxanlara nəzarət edirdilər. O qədər çətinliklər yaşamışam ki.

- Sizə mane olmağa çalışanlar da olmamış deyil.

- Olub. Necə deyim ki olmayıb. Adımı dövlət tədbirlərindən sildirib, ertəsi gün üzümə gülən, məni tərifləyənlər olub. Bu günə gəlib çıxmışamsa, min şükür. Mən yerimdən razıyam.

- Sənət aləmində yerində olmayanlar da var?

 

- O qədər yerində olmayanlar var ki. Amma bununla da razılaşmaq lazımdır. Bu günün şərtləri fərqlidi.

 

- Toylara, məclislərə gedirsiz. Səsi sizdən zəif olanlar bəzən toya böyük əda ilə daxil olur. Hətta sizin kimi xanəndələri bəyənmir. Amma populyar olsalar da, bəzən texnika onları yarı yolda qoyanda çıxılmaz duruma düşə bilirlər. Mikrofon işləməyə, disk xarab ola bilir. Onda Zakir Əliyev səsi ilə belələrini utandıra bilibmi?

- Mən iddiasız insanam. Toyda, məclisdə o qədər hadisələr baş verib ki. Mikrofon da xarab olur, diskləri dayanıb. Mən belə məqamlarda toya gələn sənətçi kim olur olsun, onu gözdən salmağa çalışmamışam. Heç vaxt belə olanda o müğənnini xar etməmişəm. Əksinə, vəziyyətdən çıxarmaq üçün dəstəyimi göstərmişəm. Olub ki, ifa zamanı görmüşəm aşağı tondan oxuyur, mən çalışmışam ki, onun seçdiyi pərdədən oxuyum ki, səsim onun səsini itirməsin, kölgədə qoymasın. Səsimlə heç vaxt heç kimi utandırmağı özümə yaraşdırmamışam. Çünki bu səs Allah vergisidir. Bununla qürurlanmağa dəyməz. Sadəcə çalışmaq lazımdır ki, Allah verən səslə xalqa xidmət etsin. Mən ancaq buna çalışıram. Xanəndə ləyaqətlə xalqına, millətinə xidmət etməlidir.

 

Tahirə

Şərq.- 2017.- 22 iyul.- S.13.