“QORXURDUM Kİ, AİLƏM DAĞILAR...”

 

Mələkxanım Əyyubova: “Mənim üçün istənilən halda ailə dəyərləri bütün hallarda daha önəmli sayılır”

“Narahat olanda Xosrov mənim bu narahatlığımı aradan qaldırıb ki, sən səhnədə olmalısan”

Sənətə gəldiyi ilk gündən bu günə qədər xanım-xatınlığını qoruyan, ifaları ilə yüzlərlə könülləri xoş salan Xalq artisti Mələkxanım Əyyubova "Şərq”in oxucularının qonağı oldu. Onunla hər dəfə söhbətdən sonra sənətə, səhnəyə və muğama olan sevgi insanda bir az da çoxalmış olur. İfasında dinlədiyimiz hər muğam musiqinin bir sehrli qapısını açmağa imkan verir, səhnədəki duruşu sanki səhnədə olan digərləri üçün örnəyə çevrilə bilir. Görünür, elə bu səbəbdən də Xalq artisti səsi, ifası ilə yanaşı, kübarlığı, xanımlığı ilə də bir çoxlarından fərqlənməyi bacarıb.

- Azərbaycan muğamına ruhunuzu verən xanəndəsiz. Qadın üçün səhnədə olmaq o qədər asan deyil. Çətin olmayıb ki, bu yolu keçmək?

- Çətin, əziyyətli, keşməkeşli bir yolun yolçusu olmuşam. Əlbəttə, çətin olub. Hətta sənət yoldaşlarım, xanım xanəndələr məni görəndə deyirlər ki, siz bizə yol açmısız. Özümü tərif üçün demirəm. Yaradıcılığım qədər ailə həyatım da göz önündədir. Məndən sonra səhnəyə gələn xanım sənətçilərimiz var, onlar arasında artıq Xalq artisti adına layiq olanlar da var. Deyirlər ki, Mələk xanım bizə səhnəyə gəlmək üçün bir qapı açdı. Çünki səhnəyə gəlmək o zamanlar asan deyildi. Səhnədə olan xanımların demək olar əksəriyyətinin ailəsi olmurdu. Xanım sənətçinin ailəsini qoruması o qədər də asan deyil. Ona görə də ehtiyat edirdilər xanım sənətçilərlə ailə qurmağa. Atalar, analar da qızlarının səhnədə olmasına narahat olurdular. Mən o inamı yarada bildim. İnam yarandı ki, səhnədə olan xanım da ailə sahibi ola bilər. Deyirlər ki, siz səhnədə olmaqla yanaşı, gözəl ailə sahibi kimi də insanlarda bir inam yaratdınız ki, səhnədə olan xanımla ailə qurmaq olar. Sənətçi xanımlar da ailə sahibi ola bilir. Sənət adamından da ailə başçısı çıxar. Sənətdə olan qızlara bir etibar yarandı. Gülyanaq Məmmədovası olsun, başqa məndən sonra sənətə gələn xanım xanəndələrimiz olsun, onlar bunu məni görəndə qeyd edirlər. İndi maşallah, bu gün səhnəyə gələn xanəndə sabah ailə qurub. Bu inamı yaratdığım üçün əslində xoşbəxt xanəndəyəm. Bu mənada rahatam. Həm xanəndə kimi səhnədə olmaq, həm də ailə sahibi olmaq, xanım olaraq ailənə qayğı göstərmək həqiqətən çətindi. Bu, əziyyətdi.

 

- Qazanmaq bəlkə də asandı, amma qorumaq çətindi...

 

- Bəli, qazanmaq qorumaqdan daha asandı. İllərlə zəhmət, əziyyət çəkərək səhnədə uğur qazanmaq, eyni zamanda ailəyə diqqət yetirmək isə böyük məsuliyyət tələb edir. Bilirsiz, burda təkcə istedadlı olmaq yetərli deyil. Ana kimi məsuliyyətini dərk etməlisən, həyat yoldaşı olaraq atdığın addımları nəzərə almalısan, tamaşaçının sənə olan dəyərini qiymətləndirməyi bacarmalısan. Ehtiyat edirsən ki, ay Allah, bu addımı atmayım, sənətimə xələl gələr, bu hərəkətimə nizam verim ki, övladımın adına layiq olum. Sən həm həyat yoldaşı kimi, həm ana olaraq, həm də səhnədə olan xanəndə kimi elə etməlisən ki, birinə görə digərinə xələl gətirməyəsən. Mənim üçün istənilən halda ailə dəyərləri bütün hallarda daha önəmli sayılır. Elə sənətə gələndə də qorxduğum bu olub ki, birdən səhnədə olmağım ailə həyatıma təsir edə bilər. Şükür ki, sənət yolumda da, həyat yolumda da mənə dəstək olan insanlar olub. Allah anaları övladlarına çox görməsin. Rəhmətlik anamdan sonra məni bibim böyüdüb, zəhmətimi o çəkib. O məni qorudu, dəstəklədi, mənə qayğı göstərdi. 80-ci illərdə evdə köməkçi saxlamaq dəb deyildi. O zamanlar mənim yaxınlarım mənə dəstək olublar.

 

- Həyat yoldaşınızın bu sahədə uğur qazanmağınızda nə qədər payı olub?

 

- Siz məndən çox yaşayacaqsız. Mən bu barədə danışmaq istəyirdim. Mənim bu gün qazandığım uğurlarımın ən böyük səbəbkarı həyat yoldaşım olub. O mənə dəstək olmasaydı, bəlkə bu gün bu səviyyədə ola bilməzdim. Mənim sənətdə qazandığım uğurların bəlkə də 90 faizi onun dəstəyi sahəsində olub. İndinin özündə də mənə bekar oturmağa imkan vermir. Evdə oturanda, deyir ki, niyə oturmusan? Filan muğamı lentə aldır. Deyirəm, mənim ailəm var, uşaqlara diqqət göstərməliyəm. Deyir ki, sənin ailən səni anlaya bilirsə, ailə qayğıları ilə özünü yorma. Sənət adamısan, sənin işin sənətinlə məşğul olmaqdı. Ailə qayğıları səni narahat etməsin. Mən varam. Ailənin yükü mənim çiynimdədi, onu da daşımağa gücüm yetir. Sən sənətkarsan, sən səhnədə olmalısan.

 

- Demək ki, həyat yoldaşınız Xosrov bəy həm sənətinizin vurğunudur, həm də Mələk xanımın.

 

- Yenə deyirəm, mənim həyat yoldaşımın sənətə, muğama böyük sevgisi var. Həyat yoldaşımın ailəsi də mənə hər zaman dəstək olub. Onlar məni hələ kiçik yaşlarımdan tanıyırdılar. Onun ailəsi də muğama, musiqiyə vurğun insanlardı. Bütün yaxınları dövlət adamları olub. Həmişə də mənə dəstəkləri olub. Qayınanam, qayınatam həmişə çalışıblar ki, mən səhnədə olum.

 

- Yəni ailə sizə sənətdə heç bir qadağa qoymayıb?

 

- Qətiyyən qadağa qoymayıblar. Qadağaları mən özüm-özümə qoymuşam. Bunu edə bilərəm, bunu yox. Məni sıxışdırmayıb. Xarici ölkələrə qastrol səfərlərim olub, bu gün də var. Mənə heç vaxt məhdudiyyət yaratmayıb. Əksinə, bu gün də hansısa qastrol səfərim olub, getməmişəm, ya hansısa tədbirə qatılmamışam, soruşur ki, niyə getmədin? Deyirəm mən özümü orda görmədim. O artıq bilir ki, getmədimsə, demək səbəbi var, ya mən bunu uyğun görmədim. Yenə deyirəm, o mənə güvənir. O güvən də mənə dəstək olub. Aramızda bir hörmət, anlayış var.

 

- Xosrov müəllim sizin ifanızı dinləyəndə təəssüratları maraqlıdı. Reaksiyası necə olur?

 

- O mənim ifamla rahatlıq tapır. Evə yorğun gələndə, deyir ki, bir az səsini eşitsəm, yorğunluğum keçər. Olub ki, bir yerdə məclisdə olurduq, səhnədə oxuyanda kənardan mənə elə baxırdı, sanki ilk dəfədi məni dinləyir, görür. Hərdən sənət dostlarım da zarafatla deyirlər ki, sən oxuyanda Xosrov sənə elə baxır ki, elə bil ilk dəfədi görür. Hətta özünə də zarafatla sataşırdılar ki, sən onu evdə görmürsən, baxışınla qızı bitirdin ki. Hərdən mən də zarafat edirəm ki, sən məndən çox sənətimi sevirsən deyəsən. Təbii ki, bu bir zarafatdı. Demək istədiyim odur ki, həyat yoldaşım mənə dəstək verən insan olub. Hətta ailə dostlarım deyirlər ki, Xosrov sağ olsun ki, Mələk xanım bu gün səhnədə var. Həqiqətən də o olmasaydı, bəlkə mən bu gün səhnədə də olmazdım. Çünki həmişə ailəyə bağlı qadın olmuşam. Biz ailə qurmamışdan, ona dedim ki, mən çox narahatam. Birdən ailə qurandan sonra səhnədə olmağım ailəyə təsir edər. Mənim üçün ailə dəyərlidi. Baxmayaraq ki, mənim qanım incəsənətlə yoğrulub, nəslim, köküm musiqiyə bağlı insanlar olub, amma yenə ailə mənim üçün daha vacib idi. Mən narahat olanda Xosrov mənim bu narahatlığımı aradan qaldırıb ki, sən səhnədə olmalısan.

 

- Səhnədə olan xanəndələrin, sənətçilərin əksəriyyətinin ailəsinin olmaması sizi də qorxudub...

 

- Nə yalan deyim, qorxudurdu. Baxırdım ki, böyük sənətkarlardı, heç birisinin ailə həyatı gətirməyib. Bu məni narahat edirdi. Qorxurdum ki, ailəm dağılar. Məni bibim saxlayıb deyə, bilmirdim bacım-qardaşım var. Tək böyümüşəm. Elə bilirdim tək qalaram. Təklikdən qorxurdum.

 

- Muğam sənətində möhürünü vuran xanəndəsiz. Hər xanəndənin də elə bir muğam parçası var ki, möhürlənir. Mələk xanımın ifasında möhürlənən muğamlarımız var.

 

- Həqiqətən gözəl bir sual ünvanladız. Böyük xanəndələrimiz var ki, çox muğamlar ifa ediblər. Amma onların ifasında bir "Dəstgah” daha çox yadda qalıb. Misal üçün, mənim müəllimim Qulu Əsgərovun ifasında "Bayatı Kürd”, "Bayatı Qacar” muğamları onun səsində möhürlənib. Bu gün artıq məsuliyyətlə deyə bilərəm ki, mənim də ifamda möhürlənən muğamlarımız var.

 

- Hətta kişi xanəndələrin belə ehtiyat edib ifa etmədiyi bəzi muğamlar, dəstgahları Mələk xanım lentə aldırıb.

 

- Bəli, elə muğamlarımız, dəstgahlarımız da var ki, kişi xanəndələr belə onları ifa etməyə ürək etməyiblər. Mən isə hələ 1997-ci ildə belə muğamlarımızı lentə aldırdım. Bu da böyük səsə səbəb oldu. İllərdi "Rahab” muğamı oxunmurdu. Heç bu muğamı kişilər belə oxumurdular, ehtiyat edirdilər. Mən "Rahab” muğamını lentə aldırdım. "Arazvari” muğamına Alim Qasımovla duet yazdırdıq. 1987-ci ildə bu muğam da sensasiyaya səbəb oldu. "Bayatı Şiraz”ı mən ifa edəndə o zamanlar xanım xanəndələr bu muğama az müraciət edirdilər. "Rast” muğamının özü çətin muğamlardan sayılır. Bir neçə il əvvəl lentə aldırmışam. Bu muğamı da az xanım xanəndəmiz lentə aldıra bilib. İndi müraciət edənlər olur, əvvəllər mənim sənətə gəldiyim dönəmlərdə bunlara müraciət edən az olub.

 

- Paxıllıqlar necə, olubmu?

 

- Mən həmişə sənətimlə məşğul olmuşam, bir də məni ailəm düşündürüb. Mənim paxıllığa səbəbim, vaxtım olmayıb. Rəqabət sənətdə olmalıdı. Buna normal baxıram. Rəqabət sənətçini işləməyə sövq edir. Amma paxıllıq zəiflərə məxsus xüsusiyyətdi.

 

- Dostluğu da bacaran xanəndələrdən sayılırsız...

 

- Sənət aləmində dəyər verdiyim, dostluq etdiyim sənətkarlar var. Xalq artisti Möhlət Müslümovla illərdi həm sənət dostlarıyıq, həm də ailə dostlarıyıq. Mənim uğurlarımda onun da payı var. Mən uzun illərdi ancaq onunla çalışmışam. Trio olaraq illərdi bir yerdə çalışırıq. Dəyər verdiyim böyük sənətkarlardan biridi.

 

- Bəs niyə Opera və Balet Teatrında çalışmaq, Leyli kimi səhnəyə çıxmaq istəyiniz olmayıb?

 

- Mən Opera və Balet Teatrında fəaliyyətə razılıq versəydim, ancaq oranın solisti kimi qalmalıydım. Opera Teatrında bir tamaşaçı üzərində bir il çalışan xanəndələrimiz olub. Bu müddətdə daha çox layihələr, konsert proqramları ilə çıxış etmək imkanım olub. Yaradıcılıqda məhdudiyyətləri sevmirəm. Teatrın solisti olsaydım, məcburən ancaq onların proqramına uyğun işlərimi görə bilərdim. Hər xanəndə ən çox 3-4 tamaşada rol ala bilir. Ancaq vaxtım məşqlərə gedərdi. Mən isə müstəqil fəaliyyətimdə yaradıcılığımı daha çox zənginləşdirə bilmişəm. Dövlət Simfonik Orkestri ilə konsert proqramlarım olub, bunları lentə aldıra bilmişəm. Onlarla birgə qastrol səfərlərim olub. Xalq Çalğı Alətləri Ansamblı ilə yarı layihələrim olub.

 

"İrs”lə folklor mahnılarımızı lentə aldırmışam, qastrollarda olmuşam. Yəni dediyim odur ki, teatrın solisti olsaydım, bu qədər iş görə bilməzdim. Teatrda Leyli olacaqdım. Bir rol üzərində illərlə məşq edəcəkdim. Bəs sonra? İnkişaf edə bilmirsən, başqa işlərə zamanın qalmır teatrın solisti olanda. İllər keçdikcə, musiqiyə münasibət də dəyişir, yanaşman da fərqli olur. Ona görə də mən Teatra getmək istəmədim. Mənim müstəqil olaraq fəaliyyətim daha geniş şaxəli olub. Pedaqoq kimi Universitetdə tələbələr hazırlamışam. Metodik vəsaitlər yazmışam. Bunların hamısını etmək üçün gərək azad olaydım. Mən sənətdə çərçivəyə sığmaq istəmədim. İşlərim də göz qabağındadı. Rahatam ki, bu günə qədər onlarla muğamlarımızı lentə aldırmışam, yüzlərlə xalq mahnıları qızıl fonda təqdim olunub. Bu günə qədər sayı-hesabı olmayan konsert proqramlarım olub. Bir də mən hələ yeniliklərin axtarışında olan xanəndəyəm.

 

Tahirə Məmmədqızı

Şərq.- 2017.- 26 iyul.- S.13.