Aparıcı mütləq peşəkar olmalıdır

 

Radio və televiziyanın dilini yüksəltmək üçün təfəkkür mədəniyyəti olanlar efirə çıxarılmalıdır

 

 

(... əvvəli ötən sayımızda)

 

Televiziya və radioda dil qüsurları problemi hələ də öz aktuallığını qoruyur. Qeyd edilən sahələrdəki qüsurlar qramatik və leksik pozuntularla müəyyənləşir. Terminlər, dialekt, şivə, neologizmlər düzgün qiymətləndirilmir. Mövcud qüsurların ən başlıcası morfoloji və sintaktik pozuntulardır. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Telekanalların dil mənzərəsi” mövzusunda "dəyirmi masa” keçirilib.

 

Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı həyata keçirilən tədbirlər, yerli telekanalların dili ilə bağlı aparılmış monitorinqlərin nəticələri müzakirə olunub.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Nəzakət Qazıyeva isə qeyd edib ki, telekanallarda aparılan monitorinqlər zamanı həm fonetik, həm leksik, həm morfoloji, həm də üslubi səviyyədə normadan kənara çıxma halları aşkarlanıb.

 

Dövlət televiziyası da daxil olmaqla 6 telekanalın monitorinqə cəlb edildiyini xatırladan N.Qazıyeva deyib ki, fonetik səviyyədə ən çox pozuntu interferensiya halları ilə bağlıdır: "Məsələn, sentyabr, tibbi, texnika kimi sözlərdə "te” səsi "ç” kimi səsləndirilir. Fonetik səviyyədə ən çox diqqət çəkən qüsur samitlərin tələffüzü ilə bağlıdır. Məsələn, sözün əvvəlində "g” səsi, sözün sonunda "y” səsi ilə bağlı pozuntuları müşahidə edirik. Həmçinin, sözlərdə vurğunun doğru seçilmədiyi kimi hallar da müşahidə edilir. Məsələn, İstanbul, Ankara, Dehli, transfer, relyef sözlərində bu problemlər qeydə alınır. Yazının dilə təsiri, dialektdən irəli gələn tələffüz normalarının pozuntuları da qeydə alınıb”.

 

İnstitutun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva isə dil pozuntularının qarşısını almaq üçün yaxın vaxtlarda cəza mexanizminin hazırlanmasına başlanacağını deyib.

 

Ancaq ədəbi dilin normalarının qorunması ilə bağlı institut direktorunun səsləndirdiyi fikirlərə qarşılıq olaraq daha çox "cərimə çıxış yolu deyil” fikirləri səslənir. Belə ki, dil normalarını qorumağa hamı məsuliyyət daşısa da, elə cəmiyyətin əksər nümayəndələri tərəfindən həmin normalar pozulur. Bu baxımdan ayrı-ayrı fərdlərin dil normalarını pozmasını hansı vasitələrlə üzə çıxarmaq olacaq? Ümumiyyətlə, bütövlükdə ədəbi dili inzibati qaydalarla qorumaq olacaqmı?

 

Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyevanın telekanalları tənqid etməsinə münasibət bildirən tanınmış türkoloq-alim, filologiya elmləri doktoru, Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilov "sherg.az”a deyib ki, 20-30 il əvvəl 5-10 nəfər tanınan jurnalist var idisə, indi bu rəqəm 5-10 minə yüksəlib.

 

Onun sözlərinə görə, hazırda yalnız telekanallar deyil, xəbər saytları da ciddi dil qüsurlarına yol verir: "20 il əvvəl jurnalistika fakültəsində "Nitq mədəniyyəti” fənnindən dərs deyəndə jurnalistlərə deyirdim ki, Azərbaycanca təmiz danışmaq, sözlərin vurğusunu, danışığın intonasiyasını öyrənmək, sözlərin düzgün tələffüz formalarına qulaqlarınızı alışdırmaq istəyirsinizsə, "Azərbaycan” radiosunun diktorlarına qulaq asın. 20-30 il əvvəl olan durum bu idi. Yəni ən təmiz danışan, sözləri düzgün tələffüz edən həmin radionun diktorları, televiziyadakı aparıcılar idi. İndi fikir verin, həmin vəzifədə olanlara qüsur tuturuq ki, dili korlayırlar. Düz deyirsiniz. Bunun qarşısını almaq üçün sistemi düzgün qurmaq lazımdır. Jurnalistlər böyük müsabiqələrdən keçməklə televiziyalara buraxılmalı, onların savadı yoxlanmalı, şəffaf iş aparılmalıdır ki, belə biabırçılıqlar ortaya çıxmasın”.

 

Bu məsələdə Dilçilik İnstitutunun da üzərinə müəyyən vəzifələrin düşdüyünü qeyd edən F.Cəlilovun sözlərinə görə, onlar monitorinqlər aparmalı, vaxtaşırı arayış yazıb, verməlidirlər: "İnstitutla mediada işləyənlər arasında bağ qurmaq lazımdır. Bu, təkcə televiziya kanallarına deyil, saytlara da aiddir. Bəzən onların səhvləri biabırçı hal alır. Düzdür, istedadlı jurnalistlərimiz də çoxdur. Hazırda tanınan az qala 5-10 min jurnalist var. Təbii ki, onların içərisində yarıtmazı da olacaq, yaxşısı da. Ona görə, jurnalistlər arasında monitorinq aparıb, bu işi düzgün qurmaq lazımdır”.

 

Professor Nadir Abdullayev isə hesab edir ki, dil normalarının pozulması ilə bağlı inzibati cəza tətbiq olunması o qədər də asan məsələ deyil. O mənada ki, ədəbi dil normaları həmişə pozulur: "Azərbaycan dilinin qaydalarına riayət etməyi təmin etmək istəyirlərsə, ayrı yol tapmaq olar. İlk növbədə təbliğat olmalı, hər kəs Azərbaycan dilində danışmalıdır. Monitorinqlər dil qaydalarının pozulması ilə bağlı meydana çıxan qüsurları cəmiyyətə təqdim etməlidir”. Dilçi-alimin fikrincə, dilin qorunmasında telekanalların üzərinə böyük vəzifə düşür: "Televiziya aparıcıları öz danışıqları ilə başqalarına dil, ədəbi tələffüz, üslub normalarına necə riayət etmək lazım olduğunu nümayiş etdirməlidirlər. Cümlələr səhv deyilir, vurğu, şivə ilə bağlı çoxlu qüsurlar var. Ehtiyac olmadan türk sözlərindən istifadə olunur”. Alimin fikrincə, dilin pozulması ilə bağlı nöqsanları aradan qaldırmaq üçün cərimələrin tətbiqi mümkün deyil. Belə ki, bu, narazılığa gətirib çıxara bilər: "Bunun üçün öncədən mexanizm hazırlanmalı və təbliğati işlər aparılmalıdır. Bunu dərk edəndən sonra problem tədricən düzələ bilər”. N.Abdullayev Azərbaycan dilində düzgün danışmaq üçün orfoepiya lüğətinin olmamasını da dil normalarının pozulmasında əsas amillərdən sayır: "İnsanlar alınma sözlərin deyilişində çətinlik çəkirlər. Yaxşı olar ki, Dilçilik İnstitutu görkəmli dil mütəxəssislərinin iştirakı ilə tez-tez telekanallarda "dəyirmi masa”lar təşkil etsin. İnsanlar da efir vasitəsilə ədəbi dilin normalarını pozmamağın zəruriliyini görsünlər”.

 

Məsələni dəyərləndirən akademik, millət vəkili Nizami Cəfərov isə söyləyib ki, televiziyalarda dilin səviyyəsi verilişlərin xarakteri ilə bağlıdır. Yəni verilişlərdə bayağılıq, yüngüllük olacaqsa, istər-istəməz dil də korlanacaq. Dilin təfəkkür və ictimai şüurla bağlı olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, ilk növbədə bu məsələdə əsas yük televiziyaların üzərinə düşür.

 

Heç zaman düşünməsinlər ki, Azərbaycan cəmiyyətinin maraqları ancaq şit, yüngül və bayağı, dedi-qodu səviyyəsindədir. Bu cür düşünən televiziyaların aqibəti məlumdur və onlar mənəvi baxımdan iflas olacaqlar: "Müəyyən mənada məişət dilinin televiziya və radioya gəlməsi müsbət cəhətdir. Çünki bu, demokratizmdir. Hətta yadımdadır ki, sovet dövründə radioda çıxış edəndə tələb olunurdu ki, yazılı mətnlər oxunsun. Bu bir tələb idi. Düzdü, telekanallarda yazılı mətndən oxuyanda görünür. Bununla belə mümkün qədər çalışırdılar ki, yazılı mətn olsun və o mətn əzbərlənsin. Bu da istər-istəməz televiziya və radionun dilinə yazı dili gətirirdi. Amma hazırda televiziya və radiolarda danışıq dili aparıcıdır. Söhbət ondan getmir ki, radio və televiziyada danışıq dilini məhdudlaşdırmaq istəyirik. Bu mümkün deyil və ola da bilməz. Məsələ odur ki, qüsurlar olmasın”.

 

Akademik hesab edir ki, aparıcıların yol verdikləri qüsurlar onların təfəkkür səviyyəsi ilə bağlıdır: "Bəzən deyirlər ki, danışan adamın nitq mədəniyyəti olmalıdır. Amma heç vaxt demirik ki, bu insana daha çox təfəkkür mədəniyyəti lazımdır. Təfəkkür mədəniyyəti nitq mədəniyyətini törədir. Təfəkkür mədəniyyəti olmasa, bəlağət öyrətməklə kiməsə nitq mədəniyyəti aşılamaq olmaz”.

 

N.Cəfərovun fikrincə, radio və televiziyanın dilini yüksəltmək üçün efirlər yaxşı təfəkkürü olan adamlara həvalə olunmalıdır: "Təfəkkür mədəniyyəti olanlar seçilib, efirə çıxarılmalıdır. Təfəkkür mədəniyyəti olmayan adamı ortaya çıxardıb, nitq mədəniyyəti tələb etmək absurddur. Nitq mədəniyyəti deyilən anlayış yoxdur. Təfəkkür mədəniyyəti var. O da nitq mədəniyyətini törədir. Bu baxımdan düşünürəm ki, ümumi intellektual səviyyə yüksəlməlidir”.

 

Millət vəkili onu da diqqətə çatdırıb ki, aparıcı peşəkar olmalıdır: "Bəzən deyirlər ki, çoxlu kitab oxumaq lazımdır. Düzdü, bu da şərtdir. Amma təfəkkür və məntiq normaldırsa. Söhbət bundan gedir. Məntiqi yerində olan aparıcı artıq söz işlətməyəcək. Hətta normadan yayınmalar olsa belə, o da üslub faktı kimi maraqlı olacaq. Çünki onun arxasında təfəkkür dayanır”.

Şəymən

Şərq.- 2017.- 1 iyun.- S.11.