ELMİ JURNALİSTİKA
İNKİŞAF ETDİRİLMƏLİDİR
Ekspertlər hesab edir ki, bu sahədə
vəziyyət heç də ürəkaçan deyil
Elmi jurnalistika yazılarında başlıq,
giriş, əsas məzmun və nəticənin
formalaşmasının dünya təcrübəsində qəbul
edilmiş qaydaları var. Bu qaydaların elmi jurnalistika
yazarı tərəfindən doğru mənimsənilməsi
onun sonrakı bütün yaradıcılığına
faydalı xidmət edir. Mediada yayımlanmış elmi məqalə
kütlə tərəfindən oxunub anlaşılmırsa,
demək faydasızdır.
Çünki elmi məqalə bir növ oxucuya
yeni informasiya siqnalı verir. Bu informasiya olduqca aydın və
mövzuya görə doğru məntiqi ardıcıllıqla
sıralanmış olmalı, obrazlılığa və bədiiliyə
çox yer verilməməlidir. Peşəkar elmi məhsulu ərsəyə
gətirmək üçün onu yaradan mexanizmləri mənimsəmək
lazımdır. Bu format təcrübəyə
görə həm jurnalistə elmi məqalənin strukturunu
hazırlamaq imkanı verir, həm də oxucuya məqaləni
doğru izləyib anlamaq üçün bələdçilik
edir. Əvvəlcədən müəyyən edilmiş format
bir növ elmi məqalənin uniformasıdır.
Çünki elmi məqalə müəyyən
formada əlaqələndirilmiş ayrı-ayrı faktlardan
formalaşır. Təcrübəyə əsaslanmış
formata görə, hansı elmi faktın incələndiyindən
məqalənin giriş hissəsində bəhs olunur. Sonra
elmi faktın necə xırdalandığı, izahlar, gəlinmiş
nəticələr və müzakirələr məqalədə
ardıcıllıqla sistemləşdirilir. Jurnalist
ustalığı ilə hazırlanmış bir giriş
oxucunun, məqaləni öz maraq dairəsində saxlaması,
onu bütünlüklə oxumağa qərar verməsinə
imkan yaradır. Bu gün elmi jurnalların çoxu elmi
jurnalistika yazılarını qısa başlıqlarla
yayımlamağa üstünlük verir.
Bir şeyi unutmaq
olmaz ki, başlıq məqalənin etiketidir. O, ən
yaxşı ifadə ediləcək tərzdə qısa, maraq
doğuran və texniki terminlərdən uzaq olmalıdır. Məqalənin
mətninə gəldikdə isə bu, oxucu üçün
sıxıcı olmamalıdır. Mətnin ilk
paraqrafındakı cümlə oxucuya tam fikri ifadə etməli,
açıq və məntiqi bir əsasa sahib olmalıdır.
Mətndə məqalənin ana xəttindən uzaqlaşacaq qədər
çox informasiya verilməməlidir. Məqalədə rəsm,
foto, yaxud qrafiklər mətnə uyğun olaraq doğru
seçilməli, izahlı alt yazı ilə birgə verilməlidir.
Mətnin elmi əsaslara söykənməsi onun obyektivliyi deməkdir.
Subyektiv ifadələrdən ibarət mətn məqalənin
elmiliyinə kölgə salır. Elmi məqalələrdə
elmi dəlillərə və obyektiv mülahizələrə
üstünlük vermək baxımından alim və jurnalist
arasında hər zaman təbii gərginlik olur. Onların
istifadə etdikləri yazı stili çox fərqlənir.
Alim elmi proseslərə daha çox
üstünlük verir, jurnalist isə üstünlüyü
daha çox elmi nəticələrə verir. Statistik analizi bəyənən
alimlər, məqalələrində bol jurnal istinadlarına,
jurnalistlər isə bununla yanaşı, yumor, sitatlar və
real həyatdan nümunələrə daha çox müraciət
edir. Alimlər çox vaxt tədqiqatlarının jurnalistlər
tərəfindən təhrif ediləcəyindən ehtiyat
edirlər. Bu məqsədlə elmi nəticələri sadələşdirərkən
jurnalist böyük məsuliyyət daşımalıdır.
Nəzərə almalıdır ki, alimlərin illərlə
vaxtını sərf etdiyi elmi nəticəni müqayisədə
çox qısa bir vaxtda məqalə şəklinə gətirir.
Dünyanın öndə gedən populyar elm jurnallarına
baxdıqda, ən uğurlu elmi məqalələrin, alimlər
tərəfindən deyil, məhz elmi jurnalistlər tərəfindən
yazıldığını görmək olur.
Elmi məqalənin kütləvi
maraq doğuran olması və populyar elmi yazıya çevrilməsi
üçün, yazı xüsusi yaradıcı yanaşma tələb
edir ki, nəticədə insanlar zamanını sərf edəcəyi
digər əyləncə əvəzinə, o yazını
oxumağı seçir. ABŞ və İngiltərənin
qabaqcıl elmi jurnalistika təşkilatları internetdə hər
kəs üçün açıq olan təlimat xarakterli
proqramlar yerləşdirirlər. Materiallarda elmi jurnalistikaya
yeni başlayan müxbirlər üçün dəyərli
məsləhətlər yer alır. Həmin proqramlarda elmi
jurnalistikanın qaydaları barədə yazılanları bir
neçə abzasla ifadə etmək, mümkün deyil. Amma
qısaca onu demək olar ki, elmi jurnalistika materialları alimlərin
çap olunmuş elmi məqalələrindəki faktlar əsasında
hazırlanır. Hər hansı mövzu bir alimin yox, planetin fərqli
yerlərində eyni istiqamətdə tədqiqatlar aparan bir neçə
mütəxəssisin məlumatları üzərində
araşdırılır və yazılır. Elmi jurnalistikada alim
müsahibəsinə əsaslanan materiallar yayıma yararlı
hesab olunmur. Mövzunun bir mütəxəssis üzərində
özəlləşdirilməsinə yol verilmir.
Yazılı elmi mənbələrdən
götürülmüş faktların doğru
anlaşıldığına əmin olmaq üçün mətnin
nəşrdən qabaq alimə göstərilməsi tövsiyə
olunur. Məqalə
və sənədli filmlər informativ, yəni bol məlumatlı
olmalıdır ki, bu da həm oxucunun intellektini artırır,
həm də eyni istiqamətdə tədqiqatlar aparan alimləri
biri-birinin elmi nəticələri ilə tanış
edir və onlar arasında əlaqə yaradır. Bir çox
hallarda alimlər bu tip materialların sayəsində
dünyanın müxtəlif yerlərində həmkarları
ilə əməkdaşlıq əlaqələri qurur və
birgə tədqiqatlar aparır. Bununla jurnalist
elmin inkişafına öz töhfəsini vermiş olur.
Ümumiyyətlə, Amerika və Avropada
elmi-publisistik məqalələrin oxucuları təəssüratlarını
müəlliflə bölüşməyə meyillidirlər.
Alim, müəllim, həkim, tələbə və
digər ziyalılardan bu cür təəssüratlar məni
jurnalistikanın bu sahəsinə daha da həvəsləndirib.
Amerika və Avropa ölkələrində alimlər
arasında da elmi jurnalistlər formalaşır. Elmi nəticə barədə məqaləni məhz
alimin özü daha dəqiq və dolğun məlumatla yaza
bilir. Lakin əksər alimləri bu işdən
çəkindirən onların elmi-publisistik üslubda qələmlərinin
olmamasıdır.
Məsələ
ilə bağlı "Şərq"ə danışan Azərbaycan
Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun
böyük elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Cahid İsmayıloğlu deyib ki, bu sahədə vəziyyət
heç də ürəkaçan deyil. Amma bu o demək deyil
ki, elmimizdə nailiyyət yoxdur, yaxud tarixi-elmi, publisistik, təhlili
məqalələr yazılmır:
"Problemin əsas səbəbi bizim cəmiyyətimizdə
oxumaq vərdişinin olmamasıdır. Bu da təhsil
ilə bağlıdır. Məktəbdə,
universitetdə gənclərin mütaliəsi çox pisdir.
Son zamanlar internetin, informasiya bolluğunun
yaranması insanlarda daha tez, qısa yazılara vərdiş
yaradıb. Uzun yazılar insanlara yorucu gəlir.
Kütlə bu cür yazılardan
qaçır. Bu səbəbdən
içiboş, əhəmiyyətsiz, xırda informasiya
xarakterli yazıların oxunma sayına baxanda 100 minləri
keçir. Lakin ciddi, dərin
yazılmış bir elmi, publisistik, tarixi məqalənin
oxunma sayı heç yüzə yaxınlaşmır. Biz gənclərə məktəbdən oxuma vərdişini
aşılamalıyıq".
Jurnalist
Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə
də bildirib ki, təəssüf ki, Azərbaycanda elm
adamları mətbuatla əməkdaşlığa bir o qədər
də maraq göstərmirlər:
"Bunun müxtəlif səbəbləri var. Əsas səbəb
odur ki, dövri mətbuatda yazılarının çap
olunması elm adamlarına heç bir dividend gətirmir. Alimlərimizdən
öz əsərlərini elmi jurnallarda çap etdirmək tələb
olunur. Buna görə də onlar elmi jurnallarda çap
olunmağa can atırlar. Həmin jurnallar isə
konkret elm sahəsindən bəhs edir, auditoriyası məhduddur.
Nəticədə elm adamları ilə geniş
oxucu kütləsi arasında rabitə itir. Bizim ölkəmizdə elm adamlarının bir o qədər
də yaxşı tanınmamasının bir səbəbi də
onların kütləvi fəaliyyətdən uzaq
qalmalarıdır. Bu üzdən biz alimlərimizin
yazdıqları dəyərli əsərlərdən bəzən
çox gec xəbər tuturuq. Hesab edirəm
ki, alimlərimiz, xüsusilə humanitar sahədə
çalışan elm adamlarımız mətbuatla əməkdaşlığa
daha həssas yanaşmalıdırlar".
JAM sədri bildirib ki, elm
adamlarının mətbuatda az
görünməsinin digər səbəbi isə müasir qəzetlərin
və xəbər portallarının irihəcmli məqalələrə
maraq göstərməməsi ilə bağlıdır:
"Biz informasiya əsrində yaşayırıq. Adından da
göründüyü kimi, xəbər portalının vəzifəsi
oxucunu operativ informasiya ilə təmin etməkdir. Oxucu saytda 500 səhifəlik monoqrafiya oxumaz. Elmi əsərləri oxumaq istəyənlər
kitabxanalara üz tuturlar. Üstəlik, qəzetlərin
həmin əsərləri çap eləmək imkanı da
yoxdur. Başqa bir səbəb isə
KİV-lərin maddi-texniki bazasının zəif
olmasıdır. Hazırda redaksiyaların
elm adamlarına qonorar ödəməyə maddi imkanı
yoxdur. Qəzet, sayt kommersiya qurumudur. KİV rəhbəri çalışır ki, ona
oxucu gətirən materialları yaysın. Elmi məqalələr isə bu kateqoriyaya aid deyil.
Yuxarıda da qeyd etdiyim kimi, nəticədə
alimlə oxucu arasında rabitə itir. Amma
bu, o demək deyil ki, mətbuat, ümumiyyətlə, elm
adamlarımızdan yazmır. Biz alimlərimizin
elmi nailiyyətlərinin mətbuatda
işıqlandırılmasının tez-tez şahidi
oluruq".
"Axar.az"
saytının baş redaktoru Anar Niftəliyev deyib ki, problemin
həlli istiqamətində ciddi addımı AMEA atıb:
"Bir neçə ay öncə AMEA əməkdaşlarının
internet mediada dərc olunan məqalələrinin də elmi
işlərində nəzərə alınması barədə
qərar verildi. Bu, alimlərin ictimaiyyətə
açılmasına yönəlik əhəmiyyətli
addımdır və son aylar redaksiyalara alimlərin göndərdiyi
məqalələrin sayı həddən artıq
çoxalıb. Bəs, bu məqalələr
niyə yerləşdirilmir və son aylar alimlərin elmi məqalələrinin
tirajlanmasında müsbət tendensiya müşahidə
olunmur? Səbəb çox sadədir: təəssüf
ki, alimlərimizin böyük əksəriyyəti sovet
sistemindən qalma "akademik üslub" deyilən formadan
istifadə edirlər və belə məqalələr dil
ağırlığı ilə seçilir. Ona
görə də belə məqalələri redaksiyalar dərc
etməkdə maraqlı olmurlar. Çünki
çoxsaylı terminlərlə, ibarəli-dəbdəbəli
cümlələrlə həcmcə şişirdilən və
ağırlaşdırılan məqalələri oxucu qəbul
etmir. Arzulayardıq ki, alimlərimizin çox az qisminə xas üslub bütövlükdə
elm adamlarına da sirayət etsin. Xarici ölkə
alimlərində olduğu kimi. Başqa səbəblər
də var, qısaca qeyd etdik".
Araşdırmaçı-jurnalist
Dilqəm Əhməd bildirib ki, bir neçə agentlikdə və
portalda elmi m
əqalələr ildə bir-iki dəfə yayımlanır. Həmin məqalələr
isə insanları maraqlandıran gündəlik xəbərlərin
içində itib-batır:
"Üstəlik, elmi məqalələrin həcmi
çox olduğu üçün və mövzunun söykəndiyi
nəzəriyyə əsasında yazıldığı
üçün gündəlik saytlarda oxunmaması
normaldır. Nəzərə alaq ki, indi xəbər saytları
daha çox telefon və tabletlər vasitəsilə oxunulur.
Bu baxımdan telefonla kiminsə elmi məqalə
oxuması çox nadirən mümkündür. Mən də elmi məqalə oxuyarkən çap
mediada oxuyuram. Digər tərəfdən
elmi məqalələr daha çox beynəlxalq indeksli
tanınmış dərgilərdə çap
olunmalıdır. Yəni elmi məqalənin
çap olunduğu mətbuat orqanı çox
mühümdür.
Çünki ciddi elmi jurnallarda məqalə bir neçə
mütəxəssisin kontrolundan keçir, ondan sonra qərar
verilir ki, yayımlansın, ya yox. Mən özüm
işlədiyim portalda bir neçə dəfə
tarixçilərin elmi məqalələrini verdim, amma
gördüm ki, həm oxunmur, həm də elmi yazıları
sayta yerləşdirmək texniki baxımdan da problemlidir.
Məsələn, hər sətirin sonunda dipnotların
qoyulması, cədvəllərin və s. yerləşdirilməsi
saytın texniki imkanlarından da kənarda qala bilir. Hər sayt üçün keçərli deyil bu,
amma bu da bir problemdir".
İsmayıl
Şərq.-
2017.- 10 iyun.- S.15