XALQ ARTİSTİ:
"AKTRİSA KİMİ XOŞBƏXTƏM, AMMA QADIN
KİMİ YOX..."
Fatma Mahmudova:
"Mən təkcə
bu gün yox, ömrüm boyu Elməddin Cəfərova minnətdaram.
Məni depressiyadan çıxardı"
"Həyatda bir dəfə aktrisalıq etmişəm.
Daha doğrusu, buna məcbur qalmışam. Köməyimə
də gəlib"
«İncəsənət və sənətçidən
məhrum bir cəmiyyətin canlılığı
olmaz». Bu müdrik kəlam Mustafa Kamal Atatürkə
məxsusdu. Həqiqətən
bir millət məhz incəsənəti,
musiqisi, mədəniyyəti
ilə canlı görünə bilir. Teatr isə mədəniyyətin gözü
sayılır.
Teatr sahəsində
çalışmaq insandan
böyük cəsarət,
geniş təfəkkür,
fitri istedad, daxili güc tələb edir. «Şərq»in budəfəki
qonağı bu keyfiyyətləri daşımağı
bacarır. Müsahibimiz
Xalq artisti Fatma Mahmudovadı. Xalq artisti ilə
söhbətimiz bir az həyatdan, elə bir az
da onun teatr
dünyasından oldu.
- Xoş gördük,
Fatma xanım! Necəsiz?
- Hər vaxtınız
xeyir. Şükür
bu günümüzə.
Əla deyim ki, yaxşı olsun.
- Azərbaycan teatrı bu gün Fatma xanım üçün nə deməkdi?
- Teatr mənim
üçün həyatın
özüdü. Mənim
üçün teatr
həyatımdı, varlığımdı,
hər şeyimdi. Bəlkə şablon səslənə bilər,
mən teatrsız özümü təsəvvür
edə bilmirəm. Teatr mənim nəfəsimdi. Mənim bu gün Fatma
Mahmudova kimi olmağımın səbəbkarıdı.
- Teatra tələbat varmı? Teatra münasibət sosial
media, internet yaranandan dəyişibmi?
- Teatr həmişəyaşardı.
Neçə əsr də
keçsə, teatr olacaq. Teatr hər zaman
fəaliyyətdədi. Nə qədər dediyiniz kimi sosial media inkişaf etsə də, internet həyatımıza
zəli kimi dadansa da, teatra olan tələbat azala bilməz. Mən Musiqili Komediya Teatrında çalışıram.
Teatrın özünün tamaşaçıları var
və onlar mütəmadi teatra gəlirlər. Deməzdim ki,
tələbat azalıb.
«Bankir adaxlı»
tamaşasına tamaşaçı
var ki, 20 dəfə baxıb.
Mən tamaşaçı tanıyıram
ki, bir tamaşaya
dəfələrlə gəlib.
Teatr məktəbdi. İnternet,
sosial media teatra böyük mənada təsirini göstərə
bilməz.
- Seriallarda, tamaşalarda varsız. Sizcə, aktyor üçün
efirdə, səhnədə
olmaq nə dərəcədə təsir
gücünə malikdi?
- Aktyor, aktrisa səhnədə, efirdə
olmayanda özünü
rahat hiss edə bilmir. Mən səhnədən kənarda özümü
lazımsız hesab edərəm.
- Müsahibələrinizin birində
Elməddin Cəfərova
təşəkkür edərək
«O mənə yenidən
həyat verdi»
demisiz…
- Bəli, Elməddin mənim yaradıcılığıma
təsir edən şəxsdi. Hamının
çətin günü
ola bilər.
Mənim
də həyatımın
çətin dönəmi
olub. Mən təkcə bu
gün yox, ömrüm boyu Elməddin Cəfərova minnətdaram. Həyatımın ən çətin dönəmində o məni
seriala dəvət etdi. Tamaşaçılarla ünsiyyətimi sıxlaşdırdı. Məni depressiyadan
çıxardı. Mən onu
balam kimi çox istəyirəm.
Bu gün hamının
onun qədər böyük ürəyi yoxdu. Sanki mənə
ikinci həyatı bəxş etdi. Biz artıq ailə
kimi doğma olmuşuq. Seriala dəvətə qədər biz bir filmdə çəkilmişik,
tərəf-müqabili olmuşuq.
İstedadlı gəncdi, çox
xeyirxah insandı.
Həmişə də deyirəm
ki, bir çox
aktyorlar paxıl olmamağı gəlib Elməddindən öyrənsinlər.
Ətrafına bizim kimi sənətkarları yığıb
çalışır. Mənim də bir balaca
istedadım var ki, məni dəvət
edib.
- Aktrisa üçün tərəf-müqabilinin rolu
nə qədər böyükdü?
- Mən tərəf-müqabili
olan aktrisayam. Yəni tərəf-müqabilinin peşəkar
olmasının böyük
rolu var. Rəhmətlik
Tofiq Qarayev deyirdi ki, tərəf-müqabilim
yerində deyil, oynaya bilmirəm. Tofiq müəllim deyirdi ki, elə bil
tərəf müqabilim
ölüdü, ya da
canlı meyiddi, onu qaldıra bilmirəm. Əvvəllər bu sözün
dərinliyini anlaya bilmirdim. İndi artıq başa düşürəm ki, bu sözün hikməti var.
- Yəni tərəf-müqabilinin
kimliyi sizin ifa tərzinizə təsir göstərə
bilir?
- Bəli. Tərəf-müqabilim güclü olmayanda
mən də oynaya bilmirəm. Nə qədər böyük istedada malik olsan belə əgər tərəf-müqabilin
zəifdisə, sənin
oyunun görünə
bilməz. Tərəf-müqabilin
səhnədə sənə
can vermirsə, sən
oynaya bilməzsən.
Səhnədə sənin suyundu
tərəf-müqabili. Başqalarını deyə bilmərəm,
mən tərəf-müqabilim
zəif olanda oynaya bilmirəm.
- Tofiq Qarayev həyat yoldaşınız
olub. Niyə həyatınız alınmayıb? Axı
ikiniz də sənət adamı idiniz…
- Bəli, Tofiq müəllim həyat yoldaşım olub. Gözəl sənətkar olub. Mən ona həmişə hörmətlə yanaşmışam.
Bu barədə danışmaq istəmirəm.
Həyatdı da, belə alındı.
Bu da bizim bir
qismətimiz idi.
- Deyirlər əsl aktyor üçün rolun böyük-kiçiyi
yoxdu. Doğrudanmı böyük mənada
aktyor üçün
əsas rolunun olub-olmaması önəmli
deyil? Fatma xanım necə
düşünür?
- Əlbəttə, əsl
aktyor üçün
rolun böyük-kiçiyi
yoxdu. Sən aktrisasansa, sənin
üçün nə
fərqi? Yaxşı aktyor
kiçik rolu elə güclü oynayar ki, baş
rolu kölgədə
qoya bilər. «Bankir adaxlı»
tamaşasında mən
kiçik bir rol oynayıram. Amma deyilənə görə
oynayıram.
- Aktyor oynamağı bacarmalıdı, ya bu təkcə istedadla bağlı məsələ deyil, texniki oyun imkanlarından
xəbərin varsa, bu bəs edir?
- Aktyorun istedadı olmalıdı. Nə qədər təhsilin
olsa da, əgər istedad yoxdusa, səhnədə heç
nə əldə edə bilməzsən.
- Həyatda da aktrisa olmağı bacarırsız?
- Həyatda mən tamam başqa bir insanam. Amma həyatda
bir dəfə aktrisalıq etmişəm.
Daha doğrusu, buna məcbur qalmışam.
Köməyimə də gəlib.
Mənə pul borclu idilər. Mənə saxta dollar vermişdilər,
həm də xaricdə olanda. Gördüm
vəziyyətim çətindi,
mən bu pulumu heç cür ala bilmərəm,
vurdum özümü
artistliyə, ürəyim
getdi. Borclu olan da mənim o halıma acıyıb
borcumu qaytardı. Əgər o
məqamda artistlik etməsəydim, pulumu ala bilməzdim. Həyatda bir dəfə artistlik etmişəm.
- Tərəf-müqabillərinizlə münasibətləriniz necədir?
- Mən heç kimə qarşı pis deyiləm. Hamıyla yaxşıyam. Əgər kimsə
mənə qarşı
pis niyyətlidisə,
onu deyə bilmərəm. Mən işimlə,
yaradıcılığımla məşğul oluram.
Allah mənə paxıllıq edənlərə
də kömək etsin. Teatrda da rollarım var. Rəhbərliyin mənə
münasibətindən razıyam.
Serialdayam, işləyirəm. Aktyora nə lazımdı başqa? Mən Elməddinin canına
həmişə dua oxuyacam. O məni seriala dəvət etməklə stimul verdi. Mən paxıl
deyiləm. Qaldı mənə
paxıllıq edənlərə,
mən kiməm ki, mənə paxıllıq etsinlər?
- Siz Azərbaycanın Xalq artisti…
- Bəli, mən Xalq artistiyəm. Amma günün bu günü də özümə sənətkar
deməyə cəsarətim
çatmaz. Mən Alla
Puqaçova da deyiləm,
Nəsibə Zeynalova
da. Mən çalışıram ki, işimlə məşğul olum.
Sadə insanam. Mən həyatda dost sahibi olduğum üçün
xoşbəxtəm. Bu gün yerindən duran özünə böyük sənətkar
deyir. Bu sözü ucuzlaşdırıblar.
- Siz də həyatınızı
sənətə qurban
verənlərdənsiz?
- Bəli, mən hər şeyi səhnəyə qurban vermişəm. Bundan peşman da deyiləm.
Mən sənətə canımı,
gəncliyimi qurban vermişəm. Şükür bu günümə. Qurban verdik getdi. Niyə peşmanam ki? Həyatda biri-birini sevir, kasıb olur, amma sevir. Mən də kasıb oğlanı sevmişəm.
Kasıb
da olsa möhtəşəm
aktyor olub. İnsan birinə aşiq olanda kasıblığı
gözünə görünmədiyi
kimi, sənət də sevgili kimidi. Mən sənətimə aşiq olan insanam. Onun kasıblığını da qəbul etmişəm.
Mən həyatımı səhnəyə
qurban vermişəm.
Bu gün xoşbəxtəm.
- Bəs bir qadın
kimi sizi xoşbəxt adlandırmaq
olar?
- Qadın olaraq xoşbəxt deyiləm, nə yalan deyim?
Qadın kimi xoşbəxt ola
bilmədim. Aktrisa kimi xoşbəxtəm.
Xalqın sevgisini qazanmışam.
- Fatma xanımın yaşanmamış qadınlığı
qaldımı?
- Bu suala cavab vermək
istəmirəm. Mən qadınlığımı
unutmaq məcburiyyətində
qalmışam. Mən sənətimə
vurğun biriyəm.
- Çətin sual oldu deyə cavab vermədiniz?
- Sadəcə, qadınlığımdan
nə danışım
ki? Mən həyatda övladlarım
üçün yaşamışam.
Mənim
qadınlığım onları
zəhmətimlə böyütmək
olub. Mən uşaqlarımı səhnəyə, məşqlərə
daşımışam. Mən bazarlığımı da özüm
etmişəm, uşaqlarımın
qulluğunda da özüm
durmuşam. Səhnəyə də çatmışam.
- Bütün bunları bir arada daşımaq
qadın üçün
çətin deyildi?
- Təbii ki, çətin idi. Sürünə-sürünə yaşamışam. Amma yaşamışam.
Tahirə Məmmədqızı
Şərq.-
2017.- 13 iyun.- S.13.