89-UN İŞIĞINA
TOPLAŞDILAR...
İsa Muğannanın doğum
günü məzarı
başında qeyd olundu
“O, Azərbaycan
ədəbiyyatında son
100 ildə ideya verən yazıçı
idi”
Azərbaycan Xalq yazıçısı
İsa Muğannanın
doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.
Sherg.az xəbər
verir ki, Birinci Fəxri Xiyabanda, yazarın məzarı başında
keçirilən tədbirdə
millət vəkili, Nizami Cəfərov, "Qazax Cəmiyyəti” İctimai Birliyinin sədri, yazarın qələm dostları, ailə üzvləri, ədəbiyyat və media nümayəndələri
iştirak edib.
İlk olaraq çıxış
edən "Qazax Cəmiyyəti” İctimai
Birliyinin sədri, texnika elmləri doktoru, professor İlham Pirməmmədov anım iştirakçılarını
salamlayıb və İsa Muğanna yaradıcılığından söz açıb: "İsa Muğanna hər birimizin sevə-sevə oxuduğu,
dərin düşündürücü
əsərlərin
müəllifi olan görkəmli yazar idi. Gənclik illərimizdən bəri onun əsərlərini oxuyub, kitablarından yaradıcılığının ucalığını duymuşuq.
Təhsil Nazirliyində
işlədiyim müddətdə
İsa müəllimin
özü ilə yaxından tanış olduq. O zaman bir daha anladım
ki, İsa Muğanna Azərbaycanın,
elimizin-obamızın fəxri
olan insanlardan biridir.
İsa müəllimin
əsərlərini hər
kəs anlaya bilmir. Onu başa
düşmək üçün
dərin intellektual biliyə sahib olmaq zəruridir. Ona görə biz belə tədbirləri daha çox təşkil etməklə
gəncləri, ədəbiyyatı
sevən hər bir insanı İsa Muğanna kimi görkəmli ziyalıların dəyərli
əsərləri və
yaradıcılığı ilə tanış etməliyik.İsa Muğannanın
simasında Azərbaycanın
görkəmli ziyalılarının,
elm və ədəbiyyat nümayəndələrinin
həyat və yaradıcılığı ilə
bağlı geniş tədbirlər həyata keçirilməsinin əhəmiyyəti
böyükdür”.89 yaşı tamam olan İsa
Muğannanın xatirəsinə
həsr olunmuş tədbirdə yazarın
90 illik yubileyi üçün hazırlanan
kitab da təqdim edildi. Yazıçı Şəmil Sadiqin
monoqrafiyası olan
"İsa Muğanna
yaradıcılığı "İdeal” İşığında”
kitabı tədbir iştirakçıları tərəfindən
maraqla qarşılandı.Tədbirin
gedişində çıxış
edən millət vəkili Nizami Cəfərov həmişə
Fəxri Xiyabana yolu düşdüyündə
İsa Muğannanın
məzarını ziyarət
etdiyini dedi. Görkəmli yazarın yaradıcılığına toxunan
deputat bildirdi ki, İsa Muğannanın
əsərlərini oxumayan
insan da onun böyüklüyünü
qəbul edir:"İsa Muğannanın hər yerdə imzası var. O, dərin mənəviyyatı
olduğu qədər
də təvazökar
insan idi. Onun böyüklüyünü,
xeyirxahlıqlarını, istedadını
kiçikdən böyüyə
hər kəs dərk edir. Bəzi insanlar onun yaradıcılığını
dərk edə bilmir, amma yenə
də bilir ki, böyük insandır, ona görə qəbul edir. İsa Muğanna ədəbiyyatımızın
və ictimai fikrimizin tarixində əvəzsizdir.Mənim yadıma
gəlir, yazarın vida mərasimində onun qızı Sevinc Hüseynova atasının gözəl xarakterindən
söz açdı. Doğrudan da, İsa Muğanna o qədər anlayışlı
insan idi ki, onunla müxtəlif
məsələləri müzakirə
edib, məsləhət
almaq olardı. O çox məzmunlu, dərin insan idi və hər
kəslə müqayisəyə gələ bilməz”.N.Cəfərov
İsa Muğanna yaradıcılığına həsr
olunmuş monoqrafiyanın
müəllifi, yazar Şəmil Sadiqə təşəkkür edib
və onun bu addımını yüksək dəyərləndirdiyini
bildirdi.Yazar Şəmil
Sadiq isə monoqrafiyasında İsa Hüseynovun "Muğanna”
olandan sonra (özünün dediyi kimi) yazdığı əsərlərinin
təhlilinə cəhd
etdiyini dedi. Ş.Sadiqin sözlərinə
görə, İsa Muğannanın yaradıcılığında
önəmli yeri olan "İdeal” romanından sonra yazdığı əsərlərin
bəziləri öz sağlığında işıq
üzü görməmişdi:"Monoqrafiyada bir çox əsərlərini
təhlil etməyə
çalışmışam. İsa müəllimlə
apardığımız müzakirələrin
birində mən ona dedim ki,
bəlkə sizinlə
olan söhbətlərimizi
yazım? Razılığını
aldıqdan sonra bunları qələmə
aldım. Bir müddət sonra maraqlı fikirlər olduğundan İsa müəllimin danışıqlarını
mətbuatda dərc etməyi düşündüm.
Özünə bunu dedikdə, cavab verdi ki, mən
gedəndən sonra yayımlayarsınız.
Xalq yazıçısının
bu istəyini nəzərə alıb, çox söhbətlərimizi
kitabda dərc etdim. Bu gün
bir yerə yığışmağımızın səbəbi də İsa Muğannanın doğum günü və yaradıcılığına
həsr edilmiş monoqrafiyanın elə onun məzarı başında təqdimatını
keçirmək arzumuzdur.
Düşünürəm ki, İmadəddin
Nəsimi, Hüseyn Cavid xəttindən sonra İsa Muğanna fəlsəfəsi
ədəbiyyatımızın şah əsərlərindədir”.İsa Muğanna haqqında xatirələrindən
danışan tənqidçi,
ədəbiyyatşünas, esseist, filologiya elmləri doktoru, professor Rüstəm Kamal Xalq yazıçısının Azərbaycan
ədəbiyyatında və
fəlsəfi düşüncəsində
qeyri-adi söz ustadı olduğunu dilə gətirdi. Rüstəm Kamal deyib ki, Azərbaycan
söz sənətində
demək olar, bütün yazarlar "Yer”dəkini təsvir edir:"Ancaq İsa Muğanna qeyb aləmində, ruhlar dünyasında gözəgörünməzləri ədəbiyyata gətirib.
O, yeganə nasirdir ki, vəhy ilə
olan hissləri nəsrin dilinə çevirib. Adətən kiməsə vəhy verilirsə, onlar özləri danışır,
amma qələmə ala bilmir. Peyğəmbərlərə
də bu aiddir. İsa Muğanna isə Azərbaycanın Xalq yazıçısı olduğu
halda göydən gələn replikaları nəsrin dilinə çevirə bildi.Bu gün Azərbaycan ədəbiyyatında bütün
yazıçılar oxucudan
nə isə istəyir. Oxucuya müəyyən ideyanı,
fikri çatdıran yazıçı yoxdur. İsa müəllim Azərbaycan ədəbiyyatında
son 100 ildə ideya verən yazıçı idi. Bu ideyalar "yer”lə bağlı fikirlər deyildi, millətin "göydə”
yazılan tarixidir. İsa Muğannanın əsərlərindəki dialoqları
oxuyanda insana elə gəlir ki, bu, ruhların
danışdığı dialoqlardır, insanlar bu cür dialoqda
danışmır. Ona
görə, Xalq yazıçısı Azərbaycan
ədəbiyyatında ilk
dəfə ruhların
tarixini yazdı.
Belə əsərləri
yazanlar cəmiyyətdə
peyğəmbər kimi
ad qazanır, lakin onlar ilk
gündən daş-qalaq
edilir, qəbul olunmur. Düşünürəm
ki, İsa Muğanna da sağlığında müqəddəsləşmişdi,
mifləşmişdi. Cəmiyyət
isə onu peyğəmbər kimi görmək istəmirdi, yazıçı kimi qəbul etmişdi. Biz adiliklərə öyrəşmişik, bilirik
ki, filan yazar sabah nə
yazacaq. İsa Muğanna isə Azərbaycan ədəbiyyatında
qeyri-adiliyi ilə seçilən bəlkə
də sonuncu yazıçı idi”.Beləliklə, mərasim
aşıq Avdının
Xalq yazıçısının
məzarı başında
onun ən çox sevdiyi "Ruhani” aşıq havasını ifa etməsi ilə yekunlaşdı.
Aysel Aslan
Şərq.-
2017.- 13 iyun.- S.6.