“MUĞAM MÜSABİQƏSİ HƏYATIMDA YENİ QAPI AÇDI”

 

İlkin Əhmədov: “Mən paxıl insanlara vaxt sərf etməyi düzgün hesab etmirəm

Əsas odur ki, qarşıma yaxşı insanlar çıxıb. Mən bu sənətdə yaxşı dostlar qazana bilmişəm

Muğam xalqımızın incisidir, xalqımızın genetik kodudur. Nəsillərdən-nəsillərə keçərək muğam Azərbaycan xalqının qan yaddaşında qalıb, xalqımızın ürəyində əbədi iz buraxıb. YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır... Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə biz muğama dönə-dönə qayıdırıq. O artıq bizim həyatımızın hissəsi deyil, o bizim özümüzdür”.

Dövlətimizin muğama olan böyük qayğısı nəticəsində bu sənət gündən-günə nəinki yeni zirvələri fəth edir, həmçinin yeni layihələrin yaranmasına təkan yaradır: muğam jurnalı, muğam antologiyası, muğam-ensiklopediyası...

Məhz dövlətin muğam sənətinə qayğısının nəticəsidir ki, beynəlxalq muğam müsabiqələrində onlarla istedadlı Azərbaycan gənci professional səhnəyə gəlmək imkanı qazandı. Hətta bu gün müsabiqənin iştirakçıları arasında fəxri ad alanlar da az deyil. "Şərq”in budəfəki qonağı Əməkdar artist, xanəndə İlkin Əhmədov oldu.- İlkin beynəlxalq muğam müsabiqəsinin qaliblərindən oldu. Amma bununla yetərli qalmadın. Çalışdın bu zəhmət səni Opera Balet Teatrının səhnəsinə gətirib çıxara bildi.

- Muğam müsabiqəsi mənim həyatımda yeni bir qapı açdı. Bu qapı məni peşəkar səhnənin ən məsuliyyətli səhnəsinə gətirə bildi. Həqiqətən Opera Balet Teatrının səhnəsində olmaq hər bir sənətkarın arzusu ola bilər. Bu baxımdan mən özümü həqiqətən şanslı sənətçi hesab edirəm.

- Bu qədər uğurlara qısa müddətdə imza atan İlkin Əhmədov niyə solo konsert layihəsi ilə tamaşaçı qarşısına çıxmır? Bu, maliyyə ilə bağlıdı, yoxsa məsuliyyət hissi güclüdür, hələ buna hazır deyil.

- Əslində solo konsert vermək planlarımın arasında öndə durur. Maliyyə məsələsi təbii ki, vacib amillərdən sayılır. Amma məsuliyyət hissi mənə elə gəlir ki, daha çox özünü göstərir. Solo konsert proqramı ilə tamaşaçı qarşısına çıxmaq həqiqətən böyük məsuliyyət tələb edir. Mən bu layihənin ərsəyə gəlməsi üçün konsertə hazırlıq aparmalıyam. Bu, zaman zəhmət tələb edən işdir. Repertuar düzgün yerində seçilməlidir. Konsert üçün məşqlər aparılmalıdır. Məlumdur ki, Opera Balet Teatrında çalışıram. Opera Balet Teatrında çalışmaq həqiqətən məsuliyyət tələb edir. Opera Teatrında 3 əsas operada baş rolun ifaçısıyam. "Leyli Məcnuntamaşasında demək olar ki, mütəmadi Məcnun, "Əsli Kərəm”də Kərəm, "Aşıq Qərib”də Qərib rolunu oynayıram. Teatrda oynadığım operaların hamısında baş rol oynayıram. Bu, böyük məsuliyyətdi. Məşqlər, qastrol səfərləri. Zaman məhdudiyyəti yaranır. Mən son illər bütün gücümü teatrın fəaliyyətinə sərf edirəm. Bu mənim üçün vacibdi. Yaradıcılığımda Opera Balet Teatrının xüsusi yeri var. Hələ yeni bir opera üzərində məşqlər gedir. Rəhmətlik Baba Mahmudoğlunun təxminən 30 il əvvəl oynadığı opera yenidən səhnəyə qoyulur. "Xanəndənin taleyioperası üzərində ciddi məşqlər gedir. İnşallah, qismət olsa, sentyabrda, yeni mövsümdə Milli musiqi bayramımızda təqdim edək. Bunun üçün məşqlər lazımdı. 30 ildən sonra yenidən bu tamaşa səhnədə təqdim olunacaq. Bundan əlavə mən retro musiqilərimizi yeni aranjimanda lentə aldırıram. Məmmədbağır Bağırzadənin repertuarından bir neçə unudulmuş mahnıları təqdim etməyi düşünürəm. Ona görə solo konsert planım hələki yubanır. Amma düşünürəm. Əminəm ki, mənim öz tamaşaçı kütləm var. Filormoniyanın, Muğam Mərkəzinin zalını doldura biləcək tamaşaçı auditoriyasına sahibəm.

 

- Tamaşaçı qıtlığı hiss etmirsən?

 

- Qətiyyən. Əksinə, ola bilsin ki, bu məkanlarda konsert verəndə tamaşaçıların sayı çox olsun, bir gün bəs etməsin.

- İlkin bu konsertlə həm özünə hesabat verəcək?

- Tam haqlısız. Mən solo konserti həm tamaşaçıma, həm özümə hesabat olsun deyə mütləq təqdim edəcəm. İnşallah, bu arzumu da reallaşdırmağa imkanım olacaq.

- Gənc yaşlarında Opera Balet Teatrının solisti olmaq da hər kəsə nəsib olmur. Bu yaşda Əməkdar artist adına da layiq görülən xanəndə kimi sənə paxıllıq edənlər yəqin ki olur?

- Bilirsiz, paxıllıq aciz insanlara məxsus xüsusiyyətdi. Mən belə insanlara vaxt sərf etməyi düzgün hesab etmirəm. Yəqin ki, hər sahədə olduğu kimi bizim sahəmizdə belələri var. Mənə paxıllıq edən ola bilər. Mən öz işimlə məşğul olmağa çalışıram. Onsuz da paxıllıq edənlər nəyəsə nail ola bilmir. Mənim üçün əsas odur ki, qarşıma yaxşı insanlar çıxıblar. Mən bu sənətdə yaxşı dostlar qazana bilmişəm. Təyyar Bayramov, Babək Niftəliyev kimi yaxşı sənət dostlarım var. Mənə elə gəlir ki, mənim qazandıqlarım daha çoxdu.

 

Tahirə

Şərq.- 2017.-23 iyun.- S.13.