“UŞAQLARIN ÜZÜNÜ
AZ GÖRÜRƏM”
Gülyanaq Məmmədova: “Həm
səhnədə olmaq, həm övlad böyütmək asan
deyil”
“Mən ailəni heç nəyə qurban verə
bilmərəm. Bəlkə şanslıyam ona görə ki,
mənim ailəm məni başa düşüb, səhnədə
mənə dəstək olub”
Sənət səhnədə olan hər kəsdən
məsuliyyət, səhnəyə sevgi, tamaşaçıya
sayğı tələb edir. Təbii ki, səhnənin
görünən və görünməyən tərəfləri
var. Tamaşaçı görə bildiyini səhnə
önündə seyr edir, görə bilmədiyini isə kulis
arxası dedi-qodu olaraq eşitmək imkanı əldə edir.
İstənilən halda bu gün səhnə arxasında
heç nə sirr qalmır. Az sənətçilər
tapılar ki, onların kulis qalmaqalları olmasın, adları
qalmaqallarda hallanmasın. Bu dəfə "Şərq”in
qonağı Xalq artisti, qalmaqallarda heç zaman adının
hallanmasına imkan yaratmayan Gülyanaq Məmmədovadı.
- Çoxdandı görüşmürdük.
O vaxtdan bu günədək "Şərq”in oxucuları
üçün yəqin siz də darıxmısız...
- Sizlərlə həmsöhbət olmaq mənə
həm xoşdu, həm də məsuliyyətlidi.
Çünki sənət aləmindən, şou-biznes aləmindən
bu gün yazanlar da, mətbuat orqanları da yetərincədi.
Amma peşəkar mətbuatla ünsiyyətdə olmaq sənətçiyə
xüsusi zövq verir. Təbii ki, sizin oxucular arasında məni
sevənlərin olduğuna əminəm deyə sevərək
danışmaq həvəsindəyəm. Sizdən suallar gəlsin,
mən də cavab verməyə çalışım.
- Yenidən ana oldunuz. 4-cü dəfə ana
olmaq hər sənətçinin qisməti deyil.
- Allah bütün ailələrə övlad
payı qismət etsin. Ailədə çox övladın
olmasının nəyi pisdir ki? Biz də çoxuşaqlı
ailədə böyümüşük. Mənə elə gəlir
ki, ruzini verən də Allahdı. Əgər imkanın, səhhətin
buna yol verirsə, ailə nə qədər böyük olsa,
o qədər güclü olar. Həm səhnədə olmaq,
həm övlad böyütmək asan deyil.
- Bəs siz bunu necə
çatdırırsız. Həm səhnədə fəaliyyət
göstərmək, həm 4 övlada, ailəyə sahib
çıxmaq çətin deyil?
- Demirəm ki, asandı. Amma əgər ailəyə
diqqət yetirmək istəsən, bunu çatdırmaq olar.
Bir də əgər səni başa düşən, səni
anlayan həyat yoldaşın varsa.
- Yəni həyat yoldaşınızın dəstəyi
olmasa, bunları tək başına idarə etmək olmur.
- Təbii ki, həyat yoldaşım mənə
dəstək olmasa, mən səhnədə bu gün əldə
etdiyim uğurları bəlkə də qazana bilməzdim. O həm
mənə dost həm məsləhət verənim, həm də
həyat yoldaşım olub. Bilirsiz, 4 uşağı təbii
ki, böyütmək çətindi. İstər maddi
baxımdan, istər mənəvi baxımdan buna insanın
gücü çatmalıdır. Deyim ki, mən uşaqlarıma
yetərincə vaxt ayırıb, onların qulluğunda dura
bilirəm, bu yalan olar. Təbii ki, mənə bu işdə
kömək edən insanlar var. Amma ən böyük dəstəyim
yoldaşımdı. O mənə mənən dəstəyini
göstərməsə, mən bu qədər sənətimə
özümü həsr edə bilməzdim. Uşaqların
üzünü az görürəm, ancaq müəyyən tətil
vaxtlarında bir neçə gün ailəmlə birgə
dincəlməyə, harasa istirahətə getməyə
imkanımız olur. Qalan vaxtlarda mən səhər evdən
çıxıram, sənətimlə,
yaradıcılığımla, pedaqoji fəaliyyətimlə
məşğul oluram. Tədbirlər, çəkilişlər,
toylar, bütün bunları çatdırmaq inanın asan
deyil. Mən evə gələndə çox vaxt uşaqlar
yatır. Amma yenə də evdə olanda
çalışıram onların nazını çəkim,
onlara özüm qulluq edim.
- Səhnədə olan xanım
üçün gəlin olmaq necə, çətindi?
- Mənə o qədər çətin
olmadı. Çünki qayınanam mənə hörmət
edir, sənətimə dəyər verir. Əslində mən
gec ailə qurmuşam, bəlkə mənim yaşımda olan
xanımlar bu gün özləri artıq qayınana olublar.
Amma mən bu yaşda gəlinəm. Yoldaşımın ailəsindən
həmişə sənətimə də, özümə də
hörmət görmüşəm. Bu baxımdan həqiqətən
şanslı sənətçiyəm. Mən xaraktercə ailəyə
bağlı insanam.
- Sənət qurban tələb edir fikri ilə
razılaşa bilirsiz? Doğrudanmı sənət ailəni
qurban verməyə əsaslı səbəb ola bilər?
- Mən ailəni heç nəyə qurban verə
bilmərəm. Bəlkə yenə deyirəm,
şanslıyam ona görə ki, mənim ailəm məni
başa düşüb, səhnədə mənə dəstək
olub. İnsan ailəsinə dəyər verməyi
bacarmalıdı. Hər xırda söz-söhbətə
görə ailə dağıtmaq düzgün deyil. Mən
evimdə valideynlərimdən də ailəyə dəyər
görmüşəm. Mən bu gün də valideyn adı gələndə
uşaq kimi doluxsunuram. Ailə olmasa, sənin səhnədə
əldə etdiyin uğurların bir anlamı varmı? Sadəcə
səhnə bu sahədə olan hər kəsdən
işgüzarlıq, məsuliyyət tələb edir. Məsuliyyət
qurban demək deyil. Sənət aləmində olan insanın hər
saatı planlanmış şəkildə olmalıdır ki,
o, ailəsinə də, sənətinə də zaman ayıra
bilsin.
- Gülyanaq xanım Opera və Balet
Teatrının səhnəsində Leyli kimi də
çıxış edib. Opera səhnəsinə
çıxmaq digər səhnələrə
çıxmaqdan doğrudanmı fərqli hissdi?
- Çox fərqli hissdi. Hər səhnənin
öz ab-havası olur. Opera fərqli bir aləmdi.
- Nə qədər sənətçidən məsuliyyət
tələb edir?
- Opera səhnəsində olmaq sənətçidən
ikiqat məsuliyyət tələb edir. Hər sənətçi
opera səhnəsində çıxış edə bilməz.
Operada təkcə sənətçidən səs tələb
olunmur. Burda sənətçinin eyni zamanda aktyorluq
potensialı vacib amillərdən sayılır. Operanın səhnəsində
solo konsert vermək, xanəndə kimi muğam konserti təşkil
etmək başqadır. Amma bu səhnədə obraz oynamaq
daha çətin, daha çox zəhmət və məsuliyyət
tələb edən səhnədi. Operada bir partiyanı oynamaq
bilirsiz nə qədər çətindi? Opera səhnəsində
tamaşada oynamaq üçün rejissor, aktyor və tərəf-müqabilinin
oyunu biri-birini tamamlamalıdır. Burda xanəndə həm də
aktyor olaraq peşəkar olmağı bacarmalıdı. Bu səhnədə
nə oxumaq tərzində, nə də aktyorluq
imkanlarını təqdim edərkən quruluşdan kənara
çıxmaq olmaz. Ona görə də çox çətindi.
Həm gözəl hissdi, həm də
ağırdı. Mən iki dəfə Leylini Opera və Balet
Teatrının səhnəsində oynamışam, hələ
də o təəssürat məni izləyir. 2 dəfə
Leyli kimi opera səhnəsində çıxış
etmişəm. Nə tamaşaçı məndən
doyub, nə mən tamaşadan, tamaşaçımdan doymuşam.
- Bir də Leyli olaraq səhnədə olmaq
arzunuz varmı?
- Çox istərəm. Mən müqavilə əsasında
Opera Teatrında çıxış etmişəm. Əgər
teatr təşkilati işləri öz üzərinə
götürsə, bir də o həyəcanı yaşamaq,
opera səhnəsində oynamaq istərdim.
- Leyli olmaq üçün nə qədər
zaman tələb etdi? Axı Leylini yaratmaq asan deyil?
- Adətən Leylini yaratmaq üçün ən
azı 6 ay vaxt lazım olur. Mən bir aya Leyli
olmağa məcbur qaldım. Tərəf-müqabilim
Mənsum İbrahimov və Təyyar Bayramov olub. Mənə Leyli obrazını yaratmağa Gülyaz
xanımın böyük köməyi olub. Gülyaz xanım özü ən gənc Leylilərdən
olub. Karifeylərdən sonra, Səkinə
İsmayılovadan sonra ilk ən gənc Leyli Gülyaz Məmmədova
olub. Mənsum İbrahimov ilk Məcnununu,
Gülyaz xanım da ilk Leylisini bir yerdə oynayıblar. Mən də o tamaşanı görüb Leyli və
Məcnuna bir də vuruldum. 1993-cü ildə
ilk dəfə Mənsum müəllimlə Gülyaz Məmmədova
səhnəyə çıxıb bu möhtəşəm
tamaşanı oynayıblar. Mən də
onların Leyli və Məcunlarını sevmişəm.
Sonralar Nəzakət Teymurova Mənsum müəllimlə
duet ortağı oldular. Mənim Leylimə
gəlincə, mən bir aya Leylini hazırlamalı oldum.
Amma sevərək Leyli olmuşam. Leylini yaşamadan, o obrazı ruhunla dərk etmədən
oynamaq olmaz. Opera səhnəsi çox məsuliyyətli
səhnədi. Kənardan çox asan
görünə bilər. Kimsə sinəsinə
vura bilər ki, Leylini oynamağa nə var ki, amma inanın,
opera səhnəsində ən xırda obrazı oynamaq belə
həm ağırdı, həm də məsuliyyətlidi.
O həyəcanı yaşamadan başa düşmək olmaz.
Mikrofonsuz 1000 tamaşaçının
qarşısında oynamaq o qədər asan deyil. Xanəndə elə ifa etməlidir ki, zalın son
oturacağında oturan tamaşaçı da səni eşidə
bilsin.
- Opera
Teatrına gələn tamaşaçı da əslində
digərlərindən fərqlənir. Akademik zövqü və
musiqi duyumu olan tamaşaçı qarşısında
çıxış etmək məsuliyyəti də
ayrıca yükdü...
- Təbii,
Opera və Balet Teatrına gələn
tamaşaçının həqiqətən zövqü də
akademik zövqdür. O, digər tamaşaçıdan bu
baxımdan fərqlənir. Opera Teatrına təsadüfi
tamaşaçı gəlmir. Ora gələn
tamaşaçı səhnədə olan ifaçıdan,
aktyordan əsl peşəkar ifa və mükəmməl obraz
tələb edir. Sənin opera səhnəsində
qüsura yol verməyə ixtiyarın yoxdu. Gülyaz xanım mənə məsləhət
verirdi ki, "Leyli və Məcnun” tamaşasında Leylinin
şam tutan partiyasını ifa edərkən ağlama,
çünki ondan sonra sənə daha güclü səs
lazım olacaq. Çünki o partiyadan
sonra Qatar şöbəsini ifa etməlisən. Bacıma
dedim ki, o hissədə ağlamağı bacarmıram. Çünki içimdən yaşayaraq Leylini
oynayıram. Mənə elə gəlir ki,
hər bir xanəndə Leyli olmaq arzusu ilə yaşayır.
Mən elə gəlir mən öz Leylimlə fərqli
olmağı bacarmışam.
Tahirə
Şərq.-
2017.- 30 uyun.- S.13.