ƏYİLİB O TAYI ÖPÜRDÜ SÖYÜD...
Nəriman Həsənzadənin “Can Azərbaycan”ını vərəqləyəndə şairin dərdinə biganə qalmaq olmur
Həsrəti, niskili, ayrılıq dərdini canına-qanına hopdurmuş söz birləşməmiz var - Güney Azərbaycan!.. Bir yaradır içimizdə güney sözü; daim sızlayan, göynəyən, qəlbimizə hakim kəsilən. Bu sızıltıdan, qəmdən-kədərdən süzülüb gəlib şeirlərimiz, musiqimiz. Vətənin bağrında ayrılıq şırımı açmış bu dərdə şairlər mübtəla olub, müğənnilər ağı deyib.
Hələ məktəb illərindən Süleyman Rüstəmin "Cənub şeirləri”ni oxuyardıq. "Təbrizim, Təbrizim, gözəl Təbrizim...” deyən şairin şeirlərini əzbərləyərdik.
Xalq şairi Nəriman Həsənzadənin yeni çapdan çıxmış "Can Azərbaycan” kitabını əlimizə alanda cənub həsrətinin şair və yazıçılarımızın, ümumilikdə Azərbaycan ziyalılarının həyatında və yaradıcılıqlarında necə dərin iz buraxdığına bir daha əmin olduq.
Kitabın təqdimatında da belə yazılıb: " ...cənub mövzusu şairin poetik yaradıcılığında hər zaman geniş yer tutmuşdur”.
"Dostum, biz də yazmasaq,
Bunları kim yazacaq?!
Xəbərsiz gedənlərin, adları itənlərin
Adı harda qalacaq?” yazır Xalq şairi Nəriman Həsənzadə. Bölünmüş Vətənin, parçalanmış nəsillərin, Vətəndən xəbərsiz böyüyənlərin dərdini çəkir şair.
"Can Azərbaycan” "ön söz”lə başlayan kitablardan fərqli olaraq "Ürək sözü” ilə başlayır. Bunun özünün də, bizcə, rəmzi mənası var. Çünki bu "Ürək sözü”nü yazan Tehranda yaşayan Azərbaycan türkü, qanı qanımızdan, canı canımızdan doktor Aqşin Ağkəmərlidir. Aqşin Ağkəmərli yazır: "Hər birimiz düşündüyümüz qədər öz xalqımızın qarşısında, eləcə də tarix qarşısında məsuliyyət daşıyırıq. Bu gün harda yaşadığımızdan asılı olmayaraq öz milli borcumuzu xalqımıza ödəmək məcburiyyətindəyik. Nədən ki, sərhədlərə sığmayan, qorxuya baş əyməyən bu öhdəliyimiz yüksək vətənpərvərlik və üstün mədəniyyətimizdən, kimliyimizi qorumaqdan irəli gəlir. Amma təəssüflər olsun ki, hələ də bir çoxumuz bunun fərqində olmadan ruslaşmağa, farslaşmağa... can atırıq, bəzən böyük fəxarətlə özgə dildə danışmaqla o millətdə əriyib onların tərkib hissəsi olmaqdan "qürur” duyuruq. Daha acınacaqlı burasındadır ki, qısa müddət (70-80 il) ərzində güney Azərbaycan türklərinin 80 faizi bu gün öz ana dillərini unudub, doğma dilində danışa, yaza bilmir - farslaşıb farsa mənsubluq daşımaqdadırlar. Bu hamımızı, eləcə də, bütün qabaqcıl ziyalılarımızı düşündürən acınacaqlı bir faciədir. Bu ağrı, bu acı heç bir azərbaycanlıdan yan keçmir. Bununla əlaqədar xalqımız zaman-zaman öz istəklərini dilə gətirmiş və öz ədəbi şəxsiyyətlərini üzə çıxarmışdır. Şəhriyarları, Həbib Sahirləri, Mirzə Əli Möcüzləri, Səhəndləri, Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir, Oqtay, Səməd Behrəngiləri... yetişdirmişdir.
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə
qatsan, bu əsil dil, əsil olmaz.
Elə bu dərd
də
Şəhriyara
"Heydər
baba”nı yazdırdı,
Əli Tudəyə "Təbriz”, Söhrab Tahirə "Vətən”, Balaş
Azəroğluna
"Azərbaycan”
şeirini yazdırır. Elə bu dərd, bu həsrət də
Xalq şairi Nəriman
Həsənzadəyə "Can Azərbaycan” kitabını yazdırır”.
Aqşin
Ağkəmərli yazır ki, Nəriman
müəllimi
öyrəndikcə, əsərlərini oxuduqca
onun düşüncəsində qərq
olub, onun geniş söz dünyasında vüsət alıb ucalırsan, öz kökün üstə
yenidən
doğulursan.
Qərbi Azərbaycan,
qərbinə qurban!
Şərqi Azərbaycan,
şərqinə qurban!
Məlalına
qurban, dərdinə
qurban!
Bu tərəf Cənubdu,
o tərəf Şimal -
Bir can neçə
yerə
bölünər,
Allah!...
Şimala,
cənuba
üz tutub getsən,
Yenə bir millətdi, yenə
bir Vətən...
Bu şeirdə
Nəriman
Həsənzadə vətəndaşlıq,
cavabdehlik duyğularını,
mənəvi məsuliyyəti nə
qədər dolğun şəkildə əks etdirmişdir.
"Ön söz”ün
müəllifi
filologiya üzrə fəlsəfə doktoru Güldanə
Pənahova
Nəriman
Həsənzadəni başını əyib Vətən
torpağını öpən söyüdə
bənzədir. Nəriman müəllim
özü belə yazıb axı;
Əyilib o tayı öpürdü söyüd,
Əyilib bu tayı öpürdü
söyüd.
Saçını o taya səpirdi söyüd,
Saçını bu taya səpirdi
söyüd...
"60-cı illərdə belə
bir mövzuya müraciət
etmək
cəsarət tələb edirdi. Cənub mövzusunda yaranan
ən
yaxşı nümunələrdən
biri də "Şair
Əli Tudə ilə
eyvanda söhbət” şeiridir:
...Taleyimiz ayrıdı,
Eyvanımız yan-yana.
Hayıf
Təbrizə, Əli,
Hayıf
Azərbaycana...
G.Pənahova Nəriman Həsənzadənin "Keçdim Arazı” şeirini ikiyə bölünmüş
xalqın qəlbinin harayı adlandırır:
Keçdim Culfadakı dəmir körpüdən,
Orda fars dayanıb,
burda rus durur.
Qarşıda - ikiyə
bölünmüş Vətən,
Ortada - bir Araz, bir namus
durur.
Bu şeirdə
deyilmiş cəsarətli sözlər
şimalda və cənubda
yaşayan xalqı az qala müxtəlif
millətlər kimi təqdim
etməyə çalışanlara tutarlı
cavabdır.
Amma Xalq şairi millətimizin bölünməyəcəyinə əmindir. Əsrlər ötsə də,
illər
biri-birini əvəz edib ürəyində ayrılıq dərdi daşıyanlar bu dünyadan köçsə də,
torpağa qovuşanlar
torpaqda da qovuşacaq:
Bir yerdə "bəy”
oldum, bir yerdə
"ağa”.
Gördüm İstanbulu, Təbrizi, qardaş.
Öllük məzarımız
çökər
torpağa, -
Ayrılıq ayırmaz ta bizi, qardaş...
Qeyd edək ki, "Can Azərbaycan” kitabında Xalq şairi Nəriman Həsənzadənin
Azərbaycanın
güneyinə həsr etdiyi
şeirləri ilə yanaşı, "Şahid ol, Günəş”, "Rəsul Həmzətova məktub”
və "Midiya sarayı” poemaları, eləcə də,
bir sıra məqalələri yer
almaqdadı.
Məlahət Rzayeva.-
Şərq.-2017.- 1 mart.- S.6