Ağamalı Sadiq 70 yaşında
Sabir Rüstəmxanlı: "Ağamalı şeirlərində də özü
kimi mərd idi”
Qulu Ağsəs: "Ağamalı Sadiq üsyankar, vətənpərvər, ruhunda türkçülük,
damarında türk qanı qaynayan bir şair
idi”
Həmid Ormanlı: "Ağamalı Sadiq
ədəbiyyatın vətən-millət qarşısında daşıdığı
missiyanı dəqiq duyurdu”
Bu gün müasir jurnalistikamızın dəyərli nümayəndəsi, milli-azadlıq hərəkatının öncüllərindən olan Ağamalı Sadiq Əfəndinin doğum günüdür. Bu dünyanı vaxtsız, 48 yaşında tərk edən Ağamalı bəy yaşasaydı, 70 yaşı tamam olacaqdı. Amma ömür vəfa etmədi. Görünür, yaşadığı müddətdə Azərbaycanın müstəqilliyi və xalqın azadlığı uğrunda mübarizə aparan A.S.Əfəndinin ürəyi bu yükün ağırlığına dözməyərək həyata erkən vida edib.
Fəhlə əlcəyimi, köhnə pencəyimi, qaytarın özümə, qaytarın!
Daha çox azadlıq aşiqi kimi tanınan və sevilən Ağamalı Sadiq Əfəndi 1947-ci il martın 8-də Qazax rayonunun Qaymaqlı kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi doğma kəndində bitirən şair əmək fəaliyyətinə Sumqayıt superfosfat zavodunda elektrik mantyoru kimi başlayıb. ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirib. "Yazıçı” nəşriyyatında korrektor, "Maarif” nəşriyyatında redaktor, "Ulduz” jurnalında ədəbi işçi, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini vəzifələrində çalışıb. 1979-cu ildən şeir, hekayə və publisist yazıları ilə dövri mətbuatda müntəzəm çıxış edib. Əsərləri türk, rus və özbək dillərinə tərcümə olunub. Çağdaş Azərbaycan jurnalistikasının aparıcı simalarından biri olan A.S.Əfəndi 1991-ci ildə "Müxalifət” qəzetini yaradıb və onun ilk baş redaktoru olub. Ağamalı bəy qısa ömrünün ən mənalı illərini yorulmadan Azərbaycanın Milli istiqlal mücadiləsinə və müasir Azərbaycan, demokratik mətbuatın intibahına həsr edib. O, 1987-ci ildə Azərbaycanda başlanmış milli azadlıq hərəkatının fəal öncülü, müasir, demokratik mətbuatın məşhur yaradıcılarından biri olub. 1990-cı il 20 Yanvar faciəsindən sonra üzvü olduğu SSRİ Yazıçılar İttifaqından istefa verib, ona kəsilmiş yüksək təqaüddən imtina edib, ozamankı rejimin təqib və təzyiqlərinə baxmayaraq informasiya blokadasını yarmaq üçün qeyri-leqal (samizdat) FV-ÇP "fövqəladə vəziyyət” qəzetlərini və bülletenləri məxfi şəkildə nəşr etdirərək xalqa yayıb. Vəzifə hərisi olmayan şair bir şeirində də "Fəhlə əlcəyimi, köhnə pencəyimi, qaytarın özümə, qaytarın” deyib.
Çünki bu cəmiyyətdə insan simasızlaşır...
Onun imzası "Asəf” kimi tanınırdı, bu elə Ağamalı Sadiq Əfəndi demək idi. O, jurnalist fəaliyyəti barədə suala belə cavab verib: "Məni bəzən qəzəbli jurnalist adlandırırlar, ancaq yetmiş il sürmüş rejimə münasibətimlə müqayisədə həmin yazılar çox yumşaqdır. Mənə elə gəlir ki, bunların hamısı yaşadığım sovet cəmiyyətinə nifrətdən irəli gəlirdi. Çünki bu cəmiyyətdə insan simasızlaşır, biri-birini satmaq istedada çevrilirdi, şəxsiyyət alçalır, əyilir, bir tikə çörəyini qazanmaq, irəli getmək üçün insanda olan mənfi keyfiyyətlər fitri istedad sayılırdı”. A.S. Əfəndi 1995-ci il dekabrın 12-də səhərə yaxın ağır cərrahiyyə əməliyyatından bir neçə saat keçmiş, saat 14 radələrində Topçubaşov adına Eksperimental Tibb İnstitutunda "koronar ürək çatışmazlığı” diaqnozu ilə 48 yaşında vəfat edib. Hər kəsə səmimiyyətlə yanaşıb, ömrünün mənasını xalqının azadlıq mübarizəsində görən Ağamalı bəy dünyaya gözlərini yumduğu zaman həyat yoldaşı Nabat xanım və əzizlərinə "Azərbaycan! Azərbaycan!” deyərək son vida edib. 13 dekabr 1995-ci ildə ata yurdu Qazaxın Qaymaqlı kəndində böyük izdihamın müşayiəti ilə torpağa tapşırılıb.
Çox maraqlı şeirləri var...
"Ulduz” jurnalının baş redaktoru, şair, publisist Qulu Ağsəs Ağamalı Sadiq Əfəndinin 70 illik yubileyi münasibətilə "Şərq”ə onun ədəbi fəaliyyətindən və mübariz ruhundan bəhs edib: "Tənqidçilərin təbirincə desək, Ağamalı Sadiq Əfəndi 70-ci illər ədəbi nəslinin ən parlaq nümayəndələrindən biridir. O çox tez rəhmətə getdi və ədəbi yaradıcılığı da cavan qaldı. Ağamalı Sadiqin ədəbi fəaliyyətinə yaxından bələdəm. Çox maraqlı şeirləri vardı, amma bir az cod şair idi. Onun fikirlərində, ifadələrində yumşaqlıq, mərhəmət deyilən şey yox idi. Ənənəvi üslubda yazdığı şeirlərindən millətçilik və qürur hissi ilə yaşayan biri olduğu hiss olunurdu. Ağamalının fağırlıq, yazıqlıq hissi yansıyan bir şeirinə rast gəlməmişəm hələ. "Əyil səndən keçim, dünya” deyə biləcək bir ruha sahib idi.
Ağamalı Sadiq üsyankar, vətənpərvər, ruhunda türkçülük, damarında türk qanı qaynayan bir şair idi. O çox yaşamadı. Amma bu yaşıyla ölümsüzlüyü qazanan şairlərdən oldu.
Ağamalı Sadiq Əfəndinin o vaxtları "Ulduz” jurnalında çap olunan "Başsız” adlı povestini də oxuduğunu vurğulayan Q.Ağsəs şair kimi tanınan Ağamalı Sadiqin "Başsız” adlı cəsarətli bir əsər yazmasının onda böyük təəccüb doğurduğunu deyib: "Mən uzağı Ağamalı Sadiqdən irihəcmli bir poema gözləyərdim, amma belə bir povest yazacağı heç vaxt ağlıma gəlməzdi. O qədər istedadlı şairlər var ki, nəsrdə qələmini sınamaq istəyir, amma qeyri-peşəkarlıq o dəqiqə hiss olunur. O cümlədən də ən böyük yazıçılarda belə şairlik yaxşı alınmayıb. Amma Ağamalı Sadiq Əfəndi o şəxslərdəndir ki, həm nəsrdə, həm də nəzmdə yazdığı əsərlər uğurlu alınıb”.
...İstedadını qələmə almağa vaxtı yox idi
Ağamalı Sadiq Əfəndinin oğlu Nofəllə yaxın dost olduğunu vurğulayan Qulu Ağsəs Ağamalının şeirləri kimi xasiyyətinin də çox tünd olduğunu deyib.
Onun xasiyyətindəki bu sərtlik də elə onu meydan hərəkatının öncüllərindən birinə çevirib. Ağamalı Sadiq doğrudan da barışmaz və üsyankar adam idi. O, hərəkat boyunca Azərbaycanın müstəqilliyi uğrunda əlindən gələni etdi. Hətta öz şairlik potensialını belə bu yolda qurban verdi: "O, bütün günü meydanda xalqı azadlıq, müstəqillik uğrunda mübarizəyə səsləyirdi, istedadını qələmə almağa vaxtı yox idi. Mən Ağamalı Sadiq Əfəndini şəhidlik mərtəbəsinə yüksələn bir şəxsiyyət olaraq dəyərləndirirəm”.
Ağamalı Sadiq Əfəndinin şairdən daha çox bir siyasətçi kimi tanınmasına gəldikdə isə Q.Ağsəs onun siyasətə zorla qatıldığını deyib. Eyni ilə Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Nüsrət Kəsəmənli kimi...
"Ağamalı Sadiq Əfəndi dövrün tələbindən irəli gələrək siyasətə qoşuldu. Hətta onu məmur qoydular, amma işləyə bilmədi. Mədəniyyət nazirinin müavini təyin edildikdən dərhal istefa verdi. Çünki o, ruhən azad adam idi və azadlığını vəzifəyə qurban vermək istəmədi. Ağamalı Sadiq istedadlı şair və peşəkar qəzetçi idi. Onun naşirliyi ilə çap olunan "Müxalifət” qəzetinin çox böyük auditoriyası vardı. Qəzetin bu qədər populyarlıq qazanmasının səbəbi də Ağamalı Sadiq Əfəndinin ortaya qoyduğu peşəkarlıq idi. O, qəzeti oxutmaq üçün əlindən gələni elədi. O daima qayğılı gəzirdi. Meydan Hərəkatı zamanı bircə dəfə belə olsun onun üzünün güldüyünü görmədim. Elə müstəqillik dövründə də həmişə qaşlarının arası çatılmış gəzərdi”.
Ağamalı Sadiq Əfəndinin bir şair, azadlıq mücahidi, naşir kimi ən yüksək səviyyədə anılmaq haqqı olduğunu vurğulayan Q.Ağsəsin sözlərinə görə, onun ən böyük haqqı isə yaşamaq idi. Amma o bu dünyadan çox tez köçdü. Ümid edirəm ki, 70 illik yubileyində onun adını anmaqla bu haqqının cüzi bir hissəsini qaytara bildik.
Ağamalı Sadiq Əfəndi Azərbaycan ədəbiyyatının unudulmaz imzalarından biridir
Xalq şairi Sabir Rüstəmxanlı Ağamalı Sadiq Əfəndinin yaxın dostu və uzun müddət iş yoldaşı olduğunu deyib:
"Meydan Hərəkatında da biz çiyin-çiyinə mübarizə apardıq. O, Azadlıq mübarizəsinin öncüllərindən biri idi. Amma hər şeydən əlavə, o, gözəl söz ustadı, şair idi. Onun qələmə aldığı şeirlər orijinal ruhlu idi və insanda xoş ovqat yaradırdı. Ağamalı həm də peşəkar bir naşir idi. Onun rəhbərliyi ilə çıxan "Müxalifət” qəzetinə təzyiqlər vardı. Amma o heç vaxt geri çəkilməyi sevmirdi. Mənim aləmimdə Ağamalı Sadiq Əfəndi Azərbaycan ədəbiyyatı üçün unudulmaz imzalardan biridir. O, bütün şeirlərini ürəyinin səsinə qulaq asaraq yazırdı. Həmişə böyük ideyalarla yaşayıb, bu ideyalar uğrunda da mübarizə aparırdı. Ağamalı şeirlərində də özü kimi mərd idi. Onun şəxsiyyəti ilə ədəbi yaradıcılığı biri-birini tamamlayırdı. O, millətini sevən, onun yolunda mücadilə aparan, bu yolda canından keçməyə hazır olan bir şəxsiyyət idi”.
Tanınmış şair, publisist Həmid Ormanlı da Ağamalı Sadiq Əfəndinin yaradıcılığı ilə bağlı fikirlərini bizimlə bölüşüb:
"Torpaqları yağı tapdağında inildəyən bir məmləkətin 35 yaşında bir vətəndaşı üçün Ağamalı Sadiq Əfəndi, onun işıqlı şəxsiyyəti və yaradıcılığı haqqında söz demək açıq etiraf edim ki, çox çətindir. Ağamalını bilən adam gərək danışmaya ya şəhid ola, ya qazi olmalıdır. Oğlu Nofərlə yazdığı şeirində özü bu haqda deyir:
Qolumun sağı
Arxamın dağı,
Gözümün qarası-ağı oğul, ayıl, vaxtdır
Əslini nəslini tanı.
Dostunu-düşmənini seç!
Torpaxçın başdan keçmək şərəfdi,
Mənə nəsib olmadı
Nəsibin olsa, əsirgəmə keç!
Məzlumları fələk də bağışlamır,
Taleyinlə barışma,
Barışsan məndən deyilsən,
Mən yatan torpağa qarışma”.
H.Ormanlının sözlərinə görə, Ağamalı bəyin ədəbi yaradıcılığının gücü təkcə onun şair istedadı ilə bağlı deyil, həm də şəxsiyyət kimi bütövləşmiş ömründən, qopub gəldiyi İncə dərəsindən, oranın milli-mənəvi, ruhani iqlimindən irəli gəlirdi: "Ağamalı Sadiq şeirə ciddi tələblərlə yanaşırdı. Ədəbiyyatın vətən-millət qarşısında daşıdığı missiyanı dəqiq duyurdu. Onun AYB-nin ovaxtkı sədri, mərhum Xalq yazıçımız İsmayıl Şıxlıya ünvanladığı məşhur müraciəti dediklərimə ən gözəl sübutdur. Ağamalı bəy xalqın ən böyük sərvətini - onun ürəyini, cəsarətini, ağlını, ruhunu, düşüncəsini özünə qaytardı. Xalq bəzən nələri itirdiyinin fərqində olmasa da, ancaq Ağamalı bəyin yaradıcılığında nələri tapdığını yaxşı bilir. Ona görə də Ağamalı bəyin şeirlərinin əksəriyyəti xalq arasında dillər əzbəri oldu, sevildi, saza qalxdı. "Saza qalxan şeirlər ölmürlər. Həm özləri yaşayırlar, həm də öz müəlliflərini yaşadırlar” deyirdi, sözü möhür mürşüdüm Akif Səməd.
Ağamalı bəy fitri xalq adamıydı, millət fədaisiydi, Vətən aşiqiydi. O, bu idealları uğrunda sözün əsl mənasında yanırdı deyə bu gün onun işığı da görünür. Yanasan ki, işığın ola. Bu mənada Ağamalı bəy ictimai-siyasi fəaliyyətində və ədəbi yaradıcılığında işıq kimi xatırlanan xoşbəxtlərdən oldu. Ağamalı Sadiq yaradıcılığındakı həmin o işıqdır ki, içimizə düşür, içimizin halını təyin edir ona yön verir, ruhumuza hopur.
O, təkcə xalqın ürəyindən keçənləri demirdi. O, həm də xalqın ürəyinin istəyinə yön və məzmun verirdi. Ömrünü döyüşə davam, etirafa davam, sevgiyə davam, dözümə davam, fədakarlığa davam, ağrıya davam,... deyərək 48 yaşa çatdıra bildi. Bu il onun 70 illiyidir. Millət olaraq biz Ağamalı Sadiq kimi dəyərlərimizə sahib durmasaq, sabahımız yoxdur. Bu günə kimi Ağamalı bəyin latın qrafikasında bir şeirlər kitabı belə çap olunmayıb. İnşallah, yaxın günlərdə Ağamalı bəyin latın qrafikasında çap olunan kitabı oxucuların ixtiyarına veriləcək. Ruhu şad olsun!”
Şəymən
Şərq.-
2017.- 8 mart.- S.10