“İnternet dünyası teatrı  kölgədə  qoya bilməz

 

Ramiz Novruz: “Çünki teatr digər incəsənət sahələrindən fərqlənir. Teatrda canlı təmas var

 

Martın 10-da Azərbaycanda Milli Teatr Günü qeyd olunur. Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin "Lənkəran xanının vəzirikomediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyuldu.

 

Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər, Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil edirdilər. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaratdı. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı oldu.

 

Hazırda respublikada 26 dövlət teatrı fəaliyyət göstərir. Şəbəkənin müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədilə bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından istifadə edilir. Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər. Bu gün Bakı şəhəri Beynəlxalq Teatr Konfransı, UNİMA-nın iştirakı ilə Beynəlxalq Kukla Teatrları Festivalı, Çexov Festivalı kimi nüfuzlu tədbirlərə ev sahibliyi edir.

 

Akademik Milli Dram Teatrında martın 10-da görkəmli aktyor, Xalq artisti Ramiz Novruzun iştirakı ilə "Boy çiçəyi və ya sən həmişə mənimləsənsəhnə əsərinin ilk tamaşası təqdim olunacaq.

Teatrda 10 mart - Milli Teatr Günü münasibəti ilə tədbir təşkil olunacaq, Azərbaycan peşəkar teatrının keçdiyi yola nəzər salınacaq.

 

Xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən və ya Boy çiçəyipyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemətdir.

Tamaşada əsas rolları Xalq artisti Ramiz Novruz, Əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.

Qeyd edək ki, səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.

 

Ramiz Novruz Milli Teatr günü ilə bağlı "Şərq”ə danışdı. Maraqlandıq ki, böyük tarixi olan Milli Teatr bu gün necə görünür? Ramiz Novruzun maraqlı açıqlamaları oldu:

 

"Milli Teatr günündə səhnədə olmaq əslində xoş hisslərdi. İnşallah, sabah tamaşaçı ilə görüşə gəlirik. Bilirsiz, bu gün teatrdan uzaq olanlar, ildə bir dəfə teatra gəlməyənlər daha çox teatrdan danışırlar. "Teatr yoxdu,, "Əvvəlki teatrdan heç nə qalmayıbfikirləri ilə qətiyyən razılaşa bilmirəm. Azərbaycan teatrı var və teatrda güclü aktyorlar da çalışır. Əvvəlki aktyorlar yoxdu, deyilir. Niyə yoxdu? Çox güclü aktyorlarımız var. Serialların bəzilərində də onları görə bilirsiz. Sadəcə, aktyorlardan düzgün istifadə etmək lazımdı. Bəzən istedadlılar kənarda qalırlar, bunu etiraf etmək lazımdı. Amma bütövlükdə teatr inkişaf edir. Qaldı niyə peşəkarları bir araya toplaya bilmirik, səbəb nədir? Səbəb çoxdu. Tək bir səbəb olsa nə var idi ki? Akademik Milli Teatrı ölkənin aparıcı teatr məkanıdır. Amma bizim teatrda bu gün bir çox aktyorlar var ki, təhsilsizdilər. Yəni aktyor təhsilləri, daha dəqiq desək, aktyor diplomları yoxdu. Tutaq ki, biri Mədəni Maarifi bitirib, biri digər yerdə oxuyub, amma akytor təhsilləri yoxdu. Onlar aktyor kimi təhsil, əllim görməyiblər. Bu da tamaşada, məşqlərdə özünü göstərir. Teatrda həm də rejissor qıtlığı hiss olunur. Biz Dövlət Teatrı olduğumuz üçün əl-qolumuzu açıb istədiyimiz islahatı da apara bilmərik. 2019-cu ilə qədər teatrda dövlət səviyyəsində islahatlar keçiriləcək. Bu islahatlardan da çox şey dəyişə bilər. Ən böyük səbəblərdən biri müasir fikirli, təhsilli, rejissorların az olmasıdı. Öz yolu, dəsti-xətti olan gənc rejissorlarımızı görmək çətinləşib. Vaxtilə Ədil İsgəndərov teatra yenilik gətirdi. Sonra Tofiq Kazımov gəldi yeni bir abu-hava gətirdi, Vaqif İbrahimoğlu yeni bir teatr cərəyanı gətirdi. Bu gün belə rejissorlara ehtiyac var. Belə düşüncəli gənc rejissorların olması vacibdi. Düzdü üç, dörd nəfər var. Amma bütünlükdə bu yükü qaldırmaq onların gücü daxilində deyil. Azərbaycanda dramaturgiyanın olmamısından da şikayətlənirlər. Demirəm çoxdu, amma dramaturgiyamız da var. Əslində yazanlar var, sadəcə təqdim etmək lazımdı. Qaldı teatr dramaturgiya qıtlığından da şikayət edə bilməz, adama deyərlər ki, Azərbaycanda dramaturgiya zəifdi, dünya dramaturgiyasına niyə müraciət etmir teatr? Sadəcə maraqlı, fərqli düşüncəyə malik, yeniliyə açıq olan, gənc rejissorların yaradıcılığına ehtiyac var”.

 

İnternet dünyası həyatımızı əhatə edəndən, sosial media yaranandan teatr da öldü, deyənlər olur. Bu məsələyə də Xalq artistinin özünəməxsus yanaşması oldu:

 

"Teatr ölə bilməz. İnternet dünyası birmənalı şəkildə teatrı kölgədə qoymağa qadir deyil. Vaxtilə Üzeyir bəyin operettaları yarananda da dedilər ki, teatr məhv olacaq. Sonra televiziya yarananda dedilər ki, teatrın dövrü bitdi. Amma teatr yaşadı. Çünki, teatr bütün bu yaradıcı mühitin beşiyidi, anasıdı. Teatrın digər yaradıcı sahələrdən ən böyük üstünlüyü də bir odur ki, teatr canlı ünsiyyətdi. Tamaşaçı birbaşa hadisələrin canlı iştirakçısına çevrilə bilir. Bu, digər incəsənət sahələrindən fərqlənir. Teatrda canlı təmas var. Bu onu ölməyə qoymayacaq. Tamaşaçı səhnədə olanları canlı görür. İnternetdə olanlar heç vaxt bunu əvəz edə bilməz. Bir də internet yaranandan teatra maraq əslində çoxalıb. Çünki, internetdən eyni tamaşanın müxtəlif versiyalarını izləyirlər, sonra canlı izləmək maraqlı olur. İnternet bu baxımdan müsbət təsirini göstərir. Tamaşaçı ilə canlı ünsiyyəti nə internet, nə sosial şəbəkə əvəzləyə bilməz. Teatrın ölməyinə heç nə səbəb ola bilməz. Nərimanov da yazırdı ki, teatrın ölməyinə operetta səbəb ola bilməz. Teatrı ancaq elmsizlik öldürə bilər”.

 

Tahirə Məmmədqızı

Şərq.- 2017.-10 mart.- S.13