Müsahibə jurnalistikanın ən  çətin janrıdır.

 

Ekspertlər bildirir ki, jurnalist müsahibə götürərkən tərəfsizlik prinsipinə əməl etməlidir

 

Jurnalistikanın maraqla oxunan, hər zaman ehtiyac duyulan aktual janrlarından biri də müsahibə janrıdır. Müsahibə informativ janrların ən geniş yayılmış növlərindən biri hesab olunur və özündə xəbər, hesabat, şərh, icmal, oçerk və s. növlərin xüsusiyyətlərini birləşdirir. Müsahibənin monoloq, dialoq, sorğu, rəy və sair növləri var. İstər xəbər daxilində, istər reportajlarda, istərsə də analitik janrlarda müntəzəm olaraq geniş istifadə olunan müsahibə oxucuya hadisə barədə ətraflı məlumat əldə etməyə, informasiyanı birbaşa mənbədən almağa imkan yaradır.

 

İngilis dilində "interview” - görüş, söhbət mənasına gələn müsahibə yalnız informasiya vermir, həm də yeni münasibətlərə, tanınmış insanların hamı üçün böyük maraq doğuran ictimai, siyasi xadimlərin daxili dünyasına yol açır. Həmin insanları tamamilə fərqli rakursdan ictimaiyyətə təqdim edir. Müsahibə həm də söhbət, aktiv fəaliyyət və qarşılıqlı münasibətlər sferasıdır. Burada jurnalist ekspert, təşkilatçı və maraqlı həmsöhbət obrazına girir. Jurnalist qarşısındakı müsahibə konkret suallar verməklə bir növ söhbətin mövzusunuəyyən etməklə, qarşı tərəfin fikirlərinə istər söz, istərsə də jest və mimikalarla münasibət bildirməklə oxucu və müsahib arasında bir növ körpü rolunu oynayır. Bu baxımdan müxbirlər müsahibə ünvanladığı bütün suallar zamanı ictimai maraqdan çıxış etməli, yalnız oxucunu maraqlandıran sualları qarşı tərəfə ünvanlamalıdır. Lakin müsahibə zamanı önəm verilən prinsiplər yalnız bununla məhdudlaşmır. Jurnalist müsahibənin uğurla başa çatması, zəruri informasiyaların əldə edilməsi üçün texnologiyanı öyrənməli və önəmli prinsiplərə əməl etməlidir. Bir daha vurğulamaq lazımdır ki, jurnalistikanın ən çətin janrı müsahibədir. Sualları düşünərək verən və müsahibdən cavabları peşəkarcasına alan jurnalist bacarıqlı jurnalistdir. Dünyada 2 tip jurnalist var. Təcrübəli, peşəkar, tanınmış jurnalistlər demək olar ki, hər zaman müsahibəyə hazır olur. Yəni müxbir müsahibəyə deyil, qarşı tərəf onunla sual-cavaba hazırlaşır. Amma müsahibəyə sonradan hazırlaşan jurnalistlər daha çoxdur. Hazırlıqlı jurnalistlər müsahibənin maraqlı olmasının əsas qarantıdır. Sualların əhatə etdiyi mövzularla bağlı məlumatlı olmaq çox önəmlidir. Müsahib haqqında daha çox şey bilmək, məlumatlı olmaq müxbirin ən böyük üstünlüyüdür. Digər mühüm məqam isə dünyagörüşlü və erudisiyalı olmaqdır. Yalnız savadlı şəxs informasiyalardan yetərincə istifadə edə və xoş həmsöhbət ola bilər. Çünki jurnalistin dünyagörüşü müsahibin ona olan hörmət və etibarını artıracaq. Bu isə müsahibədə mühüm önəm kəsb edir. Üçüncü məqam isə suallarla bağlıdır. Sualları əvvəlcədən hazırlamaq vacib məsələdir. Şübhəsiz ki, müsahiblə görüşdə əlavə suallar da ortaya çıxa bilər. Müsahibdən daha maraqlı cavablar almaq üçün jurnalist müsahib üçün arzuolunmaz sayılan sualları ümumi söhbət fonunda gizlətməlidir. Ağıllı sual istənilən məsələ ilə bağlı tam cavabın alınmasına səbəb olur. Suallar lakonik və düşündürücü olmalıdır. Jurnalist "hə” və "yox” cavabları verilə biləcək suallardan qaçmalıdır. Ümumiyyətlə, sualı necə formalaşdırmaqdan çox şey asılıdır. Elə suallar verilməlidir ki, maksimal sayda cavablar alınsın. Bundan əlavə, hər insana aid olduğu və onu maraqlandıran suallarla müraciət etmək lazımdır. Yalnız bu halda müsahibin düşüncələrinə, fikirlərinə yol tapmaq olar. Sualları hazırlayarkən jurnalist digər həmkarlarına da müraciət edə, redaktorların məsləhət bildiyi sualları da verə bilər. Müsahibə sanki bir dueldir. Lakin bu, silahların deyil, intellektlərin sözlə döyüşüdür. Burada ya jurnalist qalib gəlir, ya da müsahib. Qələbə qazanmaq isə hansı tərəfin daha hazırlıqlı olmasından birbaşa asılıdır.

 

"Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy bildirib ki, müsahibə janrı jurnalistikanın köhnəlməyən, hər zaman tələb olunan oxunaqlı janrlarındandır:

 

"Ərəbcədən dilimizə keçmiş "müsahibəsözü "iki tərəfin söhbəti” anlamını verir. Deməli, jurnalist müsahibə almaq istədiyi şəxslə söhbət edəcəyini əvvəlcədən bilməli və öz "səlahiyyətlərini” aşıb "müstəntiq” funksiyasını icra etməməlidir. Təəssüf ki, biz mətbuatımızda özünü "müstəntiq kimi aparanları, qarşısındakını "müttəhim” gözündə görənləri də zaman-zaman görmüşük. Hər şeydən əvvəl düşünmək lazımdır ki, peşə əxlaqı kodeksindən kənara çıxmaq, jurnalist vəsiqəsindən sui-istifadə etmək olmaz. Əgər qarşındakı məmur, deputat, yaxud biznesmen müsahibəyə razılıq veribsə, onun bu jestinə də hörmətlə yanaşmaq lazımdır. Demirəm ki, cavabı bəlli olan, ütülü suallar ünvanlamalı, müsahibin xoşuna gəlməyə çalışılmalıdır. Qəti şəkildə yox. Əslində müsahib jurnalist haqqında o zaman yüksək fikirdə olur ki, müxbir ona ara-sıra "naqolaysuallar da ünvanlayır. Əks təqdirdə müsahib üçün qarşısındakı jurnalist ən uzağı "dərsə gedən bir uşaq” təsiri bağışlayacaq. Lakin jurnalist nə qədər haqlı olsa belə, qarşısındakına "nənəm mənə kor deyib, hər gələnə vur deyibprinsipi ilə qurşaqdan aşağı zərbələr vurmaqdan çəkinməlidir”.

 

Tanınmış jurnalist deyib ki, müsahibə boyu tərəfsizlik prinsipinə əməl olunmalıdır ki, müsahibin jurnalistdən kobud desək, zəhləsi getməsin:

 

"Əgər belə olarsa, müsahib jurnalisti mətbuat nümayəndəsi olaraq öz işinin peşəkarı kimi dəyərləndirər. Müxbirə jurnalistika qaydalarına incəliyinə qədər bələd olduğuna görə simpatiya bəsləyər. Müsahibədə xüsusi önəm verilməli məsələ müsahibin dediklərinin doğru-düzgün, kontekstdən çıxarılmadan, obyektiv şəkildə ictimailəşdirilməsidir. Hansısa cümlənin və ya sözün "işarə çoxluğu”, yaxud diqqətsizlik səbəbindən müsahibədən çıxarılması böyük bir qalmaqala, yaxud qanqaraçılığa səbəb ola bilər. Vaxtaşırı təhriflər səbəbindən belə qalmaqalların şahidi olmuşuq. Düzdür, bəzən kifayət qədər hazırlıqlı olmayan şəxslər də özünə arxayın şəkildə mətbuata çıxıb geniş müsahibələr verəndən sonra hansısa məqamda ciddi "xəta”ya yol verdiklərini, yaxud siyasi səhv etdiklərini anlayırlar. Bu halda da ictimaiyyəti məşğul edən müzakirələrə rəvac verilir. Hər halda buna jurnalist cavabdeh deyil. Biz daha çox jurnalist olaraq öz üzərimizə düşən işi layiqincə yerinə yetirməyə çalışmalıyıq. Jurnalist müsahibəyə gedərkən görüşəcəyi obyekt, danışacağı mövzu barədə minimum məlumatlara malik olmalıdır”.

E.Paşasoya görə, müsahibənin maraqla oxunması, geniş səs-küy doğurmasında sözsüz ki, müsahib önəmli rol oynayır: "Heç bir ictimai-siyasi çəkisi, sanbalı olmayan həmsöhbətlə müsahibə maraqla qarşılanmayacaq. Ancaq burada təsir əks-təsirə bərabər olmalıdır. Yəni jurnalistin də hazırlığı, diskussiya mədəniyyəti, mövzuya bələd olması, qarşısındakı ilə davranışları mühüm məsələdir. Jurnalist sualı elə qoya bilər ki, bu, müsahibənin yarımçıq qalması, dava-dalaşa da səbəb ola bilər. Lakin eyni mövzu ilə bağlı elə sual ünvanlamaq olar ki, müsahib onu səbrlə və qarşısındakına sayğı ilə cavablandırar və ortadakı çoxsaylı suallara da nöqtə qoyar. Yetər ki, jurnalist və müsahib anlayışlı olsun, hər kəs öz çərçivəsini düzgünəyyənləşdirsin, yerini bilsin. Bütün hallarda jurnalist müsahibəyə "son döyüşəgedirmiş kimi getməməlidir. Qarşısındakından istədiyi cavabı almağa çalışmamalı, ona özünü ifadə imkanı yaratmalıdır. Belə olarsa, növbəti müsahibəyə də "yaşıl işıq” yandırılar”.

 

"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova da deyib ki, müsahibə jurnalistikanın ən çətin janrıdır. Çünki burada müsahibi razı salmaqla, danışdırmaqla, onu yazıya çevirməklə bitmir:

 

"Əsas məsələ ilk reaksiyadan opponentini duymağın, onu necə danışdırmağından asılıdır. Hansı ki, burada jurnalist həm ekspert, həm təşkilatçı, həm də maraqlı həmsöhbət obrazına girir. Bundan əlavə, müsahibədə jurnalistdən qarşı tərəfin xarakterini bilmək üçün psixoloqluq tələb olunur. Bu müsahibin müxtəlif suallara reaksiyasını təxmin etmək üçün çox vacibdir. Bununla jurnalist müsahiblə oxucu, tamaşaçı arasında bir növ körpü rolunu oynayır”. N.Qurbanova bildirib ki, müsahibənin texnologiyasını bilən jurnalistə "zavalyoxdur: "Sualları düşünərək verən və müsahibdən istədiyi cavabı alan jurnalist bacarıqlı jurnalistdir. Nahaq yerə deyil ki, dünyada müsahibə janrında püxtələşmiş jurnalistləri iki qrupa bölürlər: - müsahibəyə hazırlaşan və müsahibəsinə hazırlaşan. Uğurlu jurnalist odur ki, onunla müsahibəyə hazırlaşırlar. Müsahibə vermək müsahibə götürmək qədər məharət tələb edir. Müsahibin dediklərini saf-çürük edib, lazımlı yerlərini saxlamaq və yaxud ora əlavələr etmək jurnalistdən məharət istəyir. Subyektiv fikrim odur ki, tanıdığım müsahiblə söhbət məndə daha isti və rahat alınır. Amma bütün hallarda müsahibə qarşı hörmət və rəğbət hissim varsa, onu müsahibədə xüsusi vurğulamıram. Hesab edirəm ki, oxucu mənim müsahiblə şəxsi münasibətimdən xəbərsiz qalmalıdır”.

 

İsmayıl

Şərq..-2017.-17 mart.- S.11