REJİSSOR TELEVİZİYANIN
ONURĞA SÜTUNU SAYILIR
“Vəziyyət çox acınacaqlıdır.
Əgər saysan, hər kanalda iki-üç nəfərin
adını ancaq söyləmək mümkündür”
Elçin Əlibəyli: “Televiziya rejissoru təkcə
düyməni basmaq deyil, kameradan-kameraya, görüntüdən-görüntüyə
keçmək deyil”
Qulu Məhərrəmli: "Bədii
verilişlərdə, şou proqramlarda bacarıqlı
rejissorlar mümkün
qədər özlərini göstərə
bilirlər”
Televiziyalar təşəkkül etdikcə, təkcə
bədii filmləri, teatr tamaşalarını yayımlamaqla
kifayətlənmədi. Eyni zamanda
özünün texniki bazasında teletamaşalar, bədii və
sənədli, elmi-kütləvi filmlər, seriallar, telekonsertlər
istehsal etməyə başladı. Teleşəbəkənin
genişlənməsi və rəqabətin
tamaşaçıda kanal seçimi etmək imkanı
yaratdıqca, informasiyanın quru, məntiqsiz təsvir ardıcıllığı
ilə verilməsi arxada qaldı.
Məhz bundan sonra efirə gedən
kadrların ifadəli montajı, quraşdırılması,
dinamikanın müəyyən olunması, məzmun və
janrından asılı olmayaraq hər bir verilişin
baxımlı, templi, zövqlü və dəyişkən
zamana uyğunlaşdırılması mühüm vəzifə
kimi meydana çıxdı. Hələ
televiziyanın ilk yaranış dönəmində peşəkar
kino rejissorlarının bu yeni sənətin işinə cəlb
olunması telerejissor sənətinin yaranmasını və
özünün poetikasının, estetik əsaslarının
meydana gəlməsini qaçılmaz zərurət kimi ortaya
qoydu. Televiziya texnikasnın sürətlə
mükəmməlləşməsi və yeni
texnologiyaların ortaya çıxması televiziya sənəti
qarşısında üfüqlər açdı. Ötən
əsrin 60-cı illərindən TV-lər arasında
yaradıcı yenilikçilik naminə rəqabət
artmağa başladı. Artıq televiziya kinematoqrafı təqlid
etmək və ya onun əsasında yeni
forma yaratmaq deyil, özünün yaradıcı
axtarışlarını ortaya çıxardı. Çəkiliş
prosesinin ifadəli, bədii elementlərlə zənginləşməsindən
başlamış, montaj masası arxasında effektlərin,
tapıntıların geniş işlənməsi hər bir
verilişin səviyyəsini müəyyən etməyə
başladı. Xarakter və məzmunca eyni olan verilişləri
məhz bu meyarlar fərqlənidirir, baxımlı edir, reytinq
yığır. Yayımlandığı kanala reklam gətirmək,
sponsor cəlb etmək yolu ilə kommersiya tələbini
ödəmiş olur.
Rejissor ideyanı reallaşdırmaq işinə,
onun estetik və bədii həllini ekran dilinin ifadə elementləri
vasitəsi ilə çatdırılmasına rəhbərlik
edir. Həmçinin, rejissor ideya-məzmundan irəli gələn
formanı taparaq operatorun, rəssamın,
montajçının və digər yaradıcı heyətin
işini istiqamətləndirir. Nəhayət, ümumi
kompozisiyaya malik audiovuzual məhsulu ortaya çıxarır.
Bu baxımdan rejissor televiziyada başlıca
yaradıcı sima hesab olunur. Rejissor çəkiliş və
sonrakı istehsalat prosesində yaradıcı atmosferin müəyyən
edilməsində, bütün heyətin bədii cəhətdən,
psixoloji baxımdan hazırlıqlı olmasında əsas rol
oynayır. Rejissor verilişin ekran qarşısında oturan
tamaşaçıya təsirini, yaratdığı
ab-havanı bilməlidir. Həmçinin, televiziya
yaradıcılığında olan axtarışları, dünya
ekranlarında gedən prosesləri düzgün dəyərləndirmək
və tətbiq etmək rejissorun qarşısında duran
başlıca tələbdir. Rejissor texniki vərdişlərə
məharətlə yiyələnərək ideyanın bədii
təqdimatında ondan səmərəli istifadə etməlidir.
Məsələn, ABŞ rejissoru Alen Rezental
rejissor qarşısında 6 başlıca texniki tələbi
qoyur. İlk əvvəl kameranın hərəkətini
önə çəkən müəllif sonrakı tələb
kimi kadrların və epizodların düzgün birləşdirilməsini
qoyur. Onun fikrincə, tamaşaçının motivləşdirilməsi,
yəni hadisənin bir nöqtədən deyil, bütün
rakurslardan verilməsi əsas qayda sayılmalıdır. Zamanın daha effektiv istifadə olunması və
mürəkkəb epizodun fokuslaşmasında böyük əhəmiyyəti
olan ara planların yetərincə çəkilməsi, rakurs
seçimi yolu ilə emosional effektin əldə olunması və
görüntünün düzgün optik həllə nail
olunması müəllifin qoyduğu əsas tələblərdir.
Azərbaycan teleməkanında rejissor işindən
danışarkən bir mühüm amili yada salmalıyıq.
Ölkəmizdə bu sahədə mütəxəssislərin
yetişdirilməsi işinin tarixi elə də böyük
deyil. Bir çox halda ciddi kadr
çatışmazlığı telekanallar
qarşısında problem kimi ortaya çıxır.
Ölkə teleməkanında
normal televiziya rejissurasından uzaq, heç bir bədii yük
daşımayan, düzgün seçilməyən
görüntü həlli, ifadəsiz montaj və digər ən
primitiv problemlərin mövcudluğu ölkəmizdə
telerejissor yaradıcılığının real mənzərəsini
ortaya qoyur. Təəssüflə deməliyik
ki, istər informasiya, publistik, istərsə də
maarifçi-əyləncəli, mədəni-maarif, uşaq,
idman, əyləncə verilişlərində rejissor
işinin olmaması onların görüntü və estetik həllini
məzmunsuz edir, bədiilikdən uzaq salır, verilişi
baxımsız edir. Studiya tərtibatının
yorucu olması, düzgün montaj həllinin olmaması,
çeşidli adlarla efirə çıxan və
qüsurları ilə bir-birinə bənzəyən
verilişlər kanalın ümumi yaradıcı səviyyəsinə
təsir edir, tamaşaçını televizor
qarşısından uzaqlaşdırır. Bir çox verilişlərdə rejissor işinin
ümumiyyətlə olmadığı dərhal nəzərə
çarpır. İnformasiya proqramlarında söz ardınca
düşərək təkrar kadrların, ümumi və məzmun
daşımayan planların təkrar verilməsi, keçidlərin
yorucu olması çağdaş teleməkanın gerçəkliyidir.
Teleməkanda əksər verilişlərdə ən primitiv
montaj elementlərindən istifadə olunması, kadr dəyişkənliyinin,
dinamikanın duyulmaması rejissor işinin qeyri-kamil
olmasından xəbər verir. Televiziyanın başlıca
ifadə dili görüntüdür, məhz
görüntü onu digər KİV-dən fərqləndirən
elementdir. Görüntünün məzmunsuz, biçimsiz
olması evdə yerləşdirilən mavi ekranlı qutunu
radioya çevirə bilər. Tamaşaçı
isə görmək, zövqünə uyğun dinamikanı
duymaq arzusundadır. Əks halda yerli tamaşaçılar əcnəbi
kanallara üz tutur, nəticədə əcnəbi mədəniyyətlərin,
təbliğatların asanlıqla yayılmasına rəvac
verən kifayət qədər təhlükəli vəziyyət
yaranır.
Teletənqidçi, rejissor-aparıcı, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Elçin Əlibəyli
"Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanda
rejissorluq məktəbi olub. Ekspertin sözlərinə görə,
vaxtı ilə dövlət televiziyasında önəmli
rejissorlar çalışıb:
"Ramiz Həsənoğlu, Tariyel Vəliyev və
başqaları ustad adı verə biləcəyimiz görkəmli
rejissorlar olublar. Həmin rejissorların bütün fəaliyyəti
göz önündədir. Təəssüf ki, onlardan sonra vəziyyət
dəyişib. Bu gün özəl telekanallarda
çalışan rejissorların böyük əksəriyyətinin
"televiziya rejissorlarının əsasları”ndan xəbəri
yoxdur. Mən bunu tam məsuliyyətimlə deyirəm.
Mövcud durum efirlərdən, verilişlərdən də
görünür. Dəfələrlə demişəm, bir
daha təkrar edirəm ki, televiziya rejissoru təkcə düyməni
basmaq deyil, kameradan-kameraya, görüntüdən-görüntüyə
keçmək deyil. Rejissor verilişə ümumi quruluş
verməyi bacarmalıdır, proqramı hərtərəfli
idarə etməlidir. Təəssüflər olsun ki, efirlərimizdə
verilişləri ancaq redaktorlar idarə edirlər. Məsələ
burasındadır ki, redaktorlar ancaq verilişin məzmununu idarə
edə bilər. Bəs, görüntü harada qaldı?
Baxın, verilişlərə, xüsusən də canlı
yayımlanan proqramlara nəzər yetirin. Efirdə insanlar biri-birinin
qarşısından necə gəldi keçirlər,
çünki onlara nizam verilmir. Bütün proqram konkret
qaydalar çərçivəsində qurulmalıdır. Bizdə
vizual kadr anlayışı necədirsə, o cür də
vizual səhnə var. Təəssüf ki, indiki dövrdə
rejissorluq məktəbi demək olar ki, yoxdur. Vəziyyət
çox acınacaqlıdır. Əgər saysan, hər
kanalda iki-üç nəfərin adını ancaq söyləmək
mümkündür. Məsələn, "Space”
telekanalında İman Məcidovun adını çəkmək
olar. Niyə İman Məcidovun adını çəkirəm?
Çünki o, məktəb görüb. Özü də elə-belə
məktəb yox. Rejissor Əmirhüseyn Məcidovun məktəbini
keçib. İ.Məcidovun atası Azərbaycan Dövlət
Televiziyasında uzun müddət rejissor kimi fəaliyyət
göstərib. Bu səbəbdən İ.Məcidovun fəaliyyəti
qənaətbəxşdir. Görürsüz, sadəcə
bir nəfərin adını çəkə bildim. Digər kanallarda da ancaq bir-iki nəfərin
adını çəkmək mümkündür. Ən
böyük problem ondan ibarətdir ki, Mədəniyyət və
İncəsənət Universitetində televiziya rejissorluğu
kafedrası olsa da, orada bugünə qədər lazımi
texniki avadanlıq yox idi. Ancaq bildiyiniz kimi, bu günlərdə
universitetin təmirdən sonra açılışı oldu.
Ümid edirik ki, bundan sonra iş uğurlu olacaq”. E.Əlibəyli
"ictimaiyyət hansı tip verilişləri tələb
edirsə, rejissorlar onu ortaya çıxarırlar və nəticədə
potensialları açılmır” fikri ilə razı
olmadığını bildirib. Teletənqidçi bu məsələlərin
biri-birinə aidiyyətinin olmadığını bildirib:
"Rejissor istənilən səpkili verilişi hazırlaya,
film çəkə bilər. Məsələn, Eldar Ryazanov və
Leonid Qayday kimi tanınmış rejissorlar ancaq komediya
janrında filmlər çəkiblər. Amma bu o demək
deyil ki, həmin şəxslər başqa janra yönəlmədikləri
üçün zəif rejissor olublar. Qətiyyən elə
deyil, rejissor işi tamam başqadır. Burada rejissorun nə
çəkdiyi deyil, necə çəkdiyi önəmlidir. Mən
verilişlərin məzmunundan danışmıram,
proqramların təqdimatından, görüntü həllindən
danışıram”.
Telejurnalist, professor Qulu Məhərəmli də
"Şərq”ə açıqlamasında bildirib ki, normal
telekanallarda rejissorlar televiziyanın onurğa sütunu
sayılırlar:
"Televiziya görüntülü olduğuna
görə, reallığı görüntü vasitəsi ilə
müəyyən bir formada çatdırmaq rejissorun
işidir. Bizdə isə vəziyyət fərqlidir. Azərbaycan
televiziyaları ideoloji kanallar sayıldığına görə,
burada rejissor işi çox vaxt arxa planda qalır. Bədii
verilişlərdə, şou proqramlarda bacarıqlı rejissorlar
mümkün qədər özlərini göstərə
bilirlər. Amma ictimai-siyasi verilişlərdə rejissorlar
"görünmür”. Ümumi götürəndə
televiziya məkanında babat, maraqlı rejissorlar var. Yeni
rejissorlar yetişir, yaxşı təhsil almış
rejissorlar üzə çıxır. Ancaq təəssüflə
qeyd edirəm ki, onlar layiq olduqları yeri tuta bilmirlər.
Çünki əksəriyyəti açıq fikirli olur, fərqli
düşünürlər. Peşəkarlıq
baxımından yeni kriteriyalara yiyələnirlər və
bacarıqları fərqli olur. Təəssüf ki, onlar gəlib
köhnə düşüncəli strukturlara
düşürlər və maaş xatirinə kimlərəsə
tabe olurlar, onların iş sistemini qəbul edirlər”.
Professorun fikrincə, ümumi anlamda Azərbaycan
televiziyasında yaxşı rejissor ənənəsi var:
"Yeni yaranan televiziyalarda bu nüans müəyyən dərəcədə
özünü göstərir. Amma bütövlükdə
götürəndə rejissor təfəkkürü
hazırda texnoloji sistemlə birləşməkdədir. Yəni
montaj daha çox önə çıxır və rejissor
fikri onunla birləşir. Bu baxımdan təəssüf ki,
bizim böyük uğurlarımız yoxdur”.
İsmayıl
Şərq.-
2017.-6 may.- S.11