"Təhsil sisteminə baxış dəyişməlidir”
Keçmiş Tələbə Qəbulu
Üzrə Dövlət Komissiyasının sədri, Filologiya
elmləri namizədi, Xəzər Universitetinin dosenti Vurğun
Əyyub Sherg.az-a danışıb. Onunla ölkəmizin
təhsil həyatındakı nöqsanlar, ölkə
ziyalılarının televiziya efirlərinə dəvət
olunmamaları, cəmiyyətdəki mədəni
aşınmalar, gənclərin kriminala meyllənmə səbəbləri
və başqa mövzular ətrafında maraqlı söhbət
apardıq.
Sherg.az həmin müsahibəni təqdim edir:
-Vurğun bəy, bu günlərdə birinci qəbul
imtahanları başa çatdı. Xeyli sayda 700 bal toplayan abituriyent oldu.
Bu 700 balı Azərbaycan təhsilinin
uğuru kimi dəyərləndirmək olarmı?
- 700 bal toplayanların sayının ildən ilə
çoxalmasının səbəbi heç də təhsilimizin
səviyyəsinin yüksəlməsi ilə bağlı
deyil. Hesab edirəm ki, test sualları
düzgün tərtib olunmayıb. Sualların
testologiya elminin tələblərinə uyğun
hazırlanmadığının göstəricisidir. 700
bal toplamaq nəzəri cəhətdən
mümkündür. İmtahan verənlərin içərisində
tək-tük bu balı toplayan ola bilər.
Amma ümumən, bu sayın çoxalması
hansısa doğru olmayan məqamlardan xəbər verir. Həm də sırf təbliğati məqsədlərə
xidmət edir.
- Bu
yaxınlarda təhsil naziri Mikayıl Cabbarov açıqlama
vermişdi ki, xarici dil dərslikləri xarici ölkələrdən
gətiriləcək və belə olan halda sözsüz ki,
müəllif əcnəbi olacaq. Bu məsələ
ilə bağlı ekspertlərin fikirləri
haçalandı. Kimi xarici dilin öyrənilməsində
bunun müsbət rol oynayacağını söylədi, kimi
isə onun milli şüura, milli təfəkkürə zərbə
vuracağını iddia etdi. Siz necə
düşünürüsünüz?
- Mən
də mətbuat səhifələrində və sosial şəbəkələrdə
bu reaksiyaları oxudum. Cənab nazir ingilis dili dərslikləri
üçün xaricdən mütəxəsis dəvətini
nəzərdə tutmuşdu. Bizim bəzi
haray-həşir salanlar bunu, ümumən, dərsliklərimizə
aid etməyə çalışdı. Mən
dərsliklər məsələsini ayrıca
araşdırmışam. Daha sonra dərsliklərin
yazılması və qiymətləndirilməsi ilə
bağlı Xəzər Universitetində həyata keçirilən
layihədə iştirak etmişəm. Tam
məsuliyyətlə deyirəm ki, Azərbaycanda keyfiyyətli
dərslik yaza biləcək mütəxəssis azdır.
Üstəlik də o az saylı mütəxəssisləri
müxtəlif üsullarla dərslik yazmaqdan kənarda
saxlayırlar. Alternativ dərsliklər
hazırlanmasına və müəllimlərin, şagirdlərin
sərbəst seçiminə şərait yaratmaq
lazımdır. Bilmək lazımdır ki,
dərslik müəllim üçün yazılmır, dərslik
şagird üçün yazılır. Müəllimlərimizin
çoxu isə dərsliklərdə yazılanları
şagirdlərə əzbərlətməklə işlərini
bitmiş hesab edirlər. Səbəb?
Səbəblər isə çoxdur: müəllimlərin
maaşının azlığı, ümumi pedaqoji-nəzəri
səviyyələrinin aşağı olması, gündəlik
məişət ehtiyaclarını ödəmək
üçün əlavə işlərlə yükləndiklərindən
öz üzərlərində işləmək
üçün vaxt çatışmamazlığı və
sairə.
Xarici dil fənnlərindən dərsliklərin
yazılmasında xarici mütəxəsislərin cəlb
olunmasını alqışlayıram. Ümumiyyətlə,
dərsliklərin hazırlanmasında ən azından ekspert
rolunda xarici mütəxəsislərin cəlb
olunmasının tərəfdarıyam. Milli
dəyər, milli şüur ifadələrini bayraq edib, tərəqqinin,
yeni, vacib metodologiyaların qarşısını kəsməyə
gərək yoxdur.
-Azərbaycanlı
müəlliflərin yazdığı dərsliklərin
çətin, ağır olması da müzakirə
mövzusudur. Birinci sinif şagirdləri
üçün yazılan dərslikləri belə o qədər
çətin yazırlar ki, hətta bəzən müəllimlər
belə onun öhdəsindən gəlib şagirdə izah verə
bilmir. Bunu nə ilə əlaqələndirərdiniz?
-Dərsliklərin
bu vəziyyətdə olmasının bir səbəbi də dərs
proqramlarının ağırlığıdır. Bu ağırlığı da meydana gətirən ən
ciddi və əsas səbəb isə orta təhsilin
funksiyasına baxışın yanlış olmasıdır.
25 ildə dediyim fikri bir daha təkrarlamaq istəyirəm:
"Nə qədər ki, sovet təhsil sistemindən əl
çəkməmişik, təhsilə sovet ideologiyası
prinsipləri ilə yanaşacayıqsa, problemlər davam edəcək".
Yəni biz orta məktəb təhsilinə
baxışı dəyişdirməliyik. Birdəfəlik
bilmək lazımdır ki, orta təhsilin məqsədi
şagirdin başını nəzəri biliklərlə
doldurmaq (indi heç bunu da edə bilmirik), ali
məktəbə tələbə hazırlamaq
olmamalıdır. Məqsəd həyata hazırlıqlı, ən
sadə problemlərinin həllində gənclərə
yardım ola biləcək praktiki biliklərə
sahib, ləyaqətli vətəndaş yetişdirmək
olmalıdır. Daha çoxlu nəzəri
bilikləri əzbərləyən, amma həyata atılarkən,
problemlə qarşılaşarkən hətta 25
yaşında belə valideyn himayəsindən imdad diləyən
əfəl, aciz insanlar yox. Əgər ildə 130 min məzunumuz
varsa, Azərbaycan ali məktəbləri
vur-tut 30-35 min tələbə qəbul etmək
imkanındadır. Orta təhsili həmin 30-35
minə görə qurmaq olmaz. Orta təhsili
düz qura bilsək, həmin 30-35 min tələbə onsuz da
ortaya çıxacaq.
Bunlar
olmayacaqsa, biz hər il şikayətlənəcəyik
və hər dəfə də eyni dərsliklər
qarşımıza çıxacaq.
-Ali və
orta məktəblərə işə qəbulla bağlı
da müəyyən arzuolunmaz hallar yaşanır. Əksər hallarda universitet rektorları işə
götürdüyü kadrın istedadına, intellektual səviyyəsinə
deyil, maddi səviyyəsinə nəzər yetirir. Açıq desək, kimdənsə rüşvət
alıb, işə cəlb edib, auditoriyaya buraxırlar. Sonra isə deyirik ki, təhsil müəssələrimiz
təhsil vermir. Sizcə, bu halın
qarşısı niyə alınmır?
- Bu,
konkret araşdırılma tələb edən məsələdir.
Bu cür işlər varsa, konkret olaraq faktlarla
aidiyyatı orqanlara müraciətlər olunmalıdır.
Amerikada yaşamıram, mən də eşidirəm
ki, xüsusilə dövlət univeristetlərində bu kimi
hallar yaşanır. Amma konkret olaraq əlimdə
faktım yoxdur ki, bu barədə konkret danışım.
Bütövlükdə ölkəmizdəki
rüşvət almaq, tanışlıqla işə düzəlmək
ənənəsini göz önünə gətirmiş
olsaq, bu iddialarda böyük həqiqət payının
olduğu aydın görünür. Azərbaycan
təhsilinin bərbad vəziyyətdə olmasının səbəblərindən
biri də elə bu hesab oluna bilər.
-
Vurğun bəy, bir az ölkəmizdəki
mədəni aşınmalardan danışaq. Son illər
yüngül əxlaq sahibi olan müğənnilərin və
ya "sənət adamları"nın
efirlərdən Azərbaycan ictimaiyyətinə dərs
keçmə, mədəniyyət aşılama cəhdləri
cəmiyyətdə etirazla qarşılanır. Sizcə, onlara niyə meydan verilir? Kim qınanmalıdır?
- Bu əxlaq
məsələsi xeyli dərəcədə mürəkkəb
və mübahisəli məsələdir. Hər hansı TV rəhbərliyinə
irad tutsaq deyəcək ki, mən filankəsi efirə
buraxıramsa, siz də onun hansı əxlaq sahibi olduğunu
bilə-bilə hələ bir 10-15 min də pul verib
toylarınıza, şənliklərinizə dəvət
edirsiniz, qoşa şəkil çəkdirməyinizlə fəxr
edirsiniz. Günah, yanlışlıq kütləvi
olanda konkret şəxsləri qınamaq olmur. Məncə, bu məsələlərdə sərt
yanaşmalarla bir şey əldə edə bilməyəcəyik.
Təbii ki, cəmiyyət müxtəlif,
marağa, zövqə sahib olan insanlardan ibarətdir. Hərənin də özünə görə
arqumenti var. Biri deyəcək ki, məni müğənninin əxlaqı
yox, ifası maraqlandırır. Biri deyəcək
ki, əxlaqsızlıq başqa anlayışdır. Burda əxlaq polisi rolunda çıxış etmək
gərəkli nəticə vermir. Cəmiyyətin
ümumi səviyyəsinin artması qayğısına qalmaq
lazımdır. Ona görə də elmi yazının az oxunması, intellektual verilişlərə az
tamaşaçının maraq göstərməsi, heç
bir halda əsas vermir ki, intellektual verilişləri və
yazıları dövriyyədən çıxaraq. Bir də ki, siz demişkən cəmiyyətə nəyi
təqdim edirsənsə, cəmiyyət onlardan örnək
götürür. Biz ancaq şou verilişləri təqdim
etsək , təbii ki, cəmiyyət bu
axınla da davam edəcək. Çünki
kütlə düşünməyi sevmir, düşünmək,
öyrənmək əzabına qatlaşmaq istəmir. Yüngül və zövqsüz zövqünü
oxşayacaq şeylərə baxmaq istəyir. Onları nə güllələmək
mümkündür, nə də sürgün etmək. Onların da maraqları ödənilməlidir.
Amma bu, heç də intellektual kəsimin
maraqlarının kənara atılması hesabına
olmamalıdır. Bu barədə televiziya
kanallarının rəhbərləri ciddi düşünməlidir.
-Niyə
ziyalılar efirdə az görünür?
-
Ziyalını efirə buraxmırlarsa, necə
görünsünlər? Bu məsələdə
ziyalıları efirə çağırmaq bir şərtdir,
kimləri çağırmaq isə bir ayrı şərtdir.
Biz hələ də cəmiyyət olaraq
aydınlaşdıra bilməmişik ki, ziyalı kimdir, kimə
deyilir? Belə baxanda telekanallarda professor,
müəllim, mühəndis, bir sözlə, diplomlu,
ziyalı adlanan xeyli şəxs çıxış edir.
Amma görək onları ziyalı
kateqoqriyasına daxil etmək olarmı? Ümumiyyətlə,
televiziyalar müstəqil fikri, düşüncəsi olan, tənqidi
münasibət sərgiləyən insanları dəvət
etməkdən qaçırlar. Mən tənqidi
münasibət deyəndə hər bağa bir daş atan
adamları nəzərdə tutmuram. Söhbət
sağlam tənqiddən gedir. Telekanallar cəmiyyətin
problemləri və onun səbəbləri haqqında əsaslı
tənqidi fikirləri efirdən səsləndirməyə cəsarət
etmirlər. Burada təhlükə
görürlər. Gözü
çıxan qardaşlarını gözlərinin
önünə gətirirlər. Ara-sıra
mətbuatda da oxuyuruq ki, hansısa jurnalistin bir millət vəkilinin
fikirinin əleyhinə müstəqil bir mövqe ortaya
qoyması sonda onun işini itirilməsi ilə nəticələnir.
Belə şeylər cəmiyyətin
gözünü qorxudur. Ölkəmizdə
telekanalların açılmasında, fəaliyyətində
azad rəqabət, şəffaflıq, bitərəflik yoxdur
- Bu da
iddia olunur ki, ziyalılarla gənclərin arasında
uçurum yardılır. Sanki gənclər
müstəqil fikirli ziyalıların yanına buraxılmır.
Bu, doğru yanaşmadırmı?
- Müstəqil
fikir söyləyən, cəmiyyəti doğru yola istiqamətləndirən,
dərin düşüncə sahibi olan insanları kənarda
saxlayırılar. Bu cür insanların gənclərlə,
eləcə də cəmiyyətin müxtəlif təbəqələri
ilə görüşünə imkanlar yaradılmır.
Hətta bu cür görüşə gedən
gənclər hədələnir, müxtəlif təzyiqlərə
məruz qalırlar. Bu, idarəetmə
prinsipləri və fəlsəfədən doğan
qüsurlardır. Ümumən, "belə
görüşlər olmur" demək də doğru olmaz.
Olur, ancaq çox məhdud sayda və balaca
auditoriyalarda. Mən özüm də belə
görüşlərdə iştirak edirəm. Sözsüz ki, toplaşmaq üçün məkanın,
şəraitin olmaması, ora gələn gənclərə
soyuq münasibət, bu cür görüşlərin
ardıcıl və geniş miqyaslı olmasına əngəllər
törədir.
-Cəmiyyətdə
eynəksiz görünən problemlərdən biri də gənclərimizdə
kriminal aləmə və eyni zamanda kriminal hadisələrə
meylin artmasıdır. Bunlar nədən irəli
gəlir?
- Burada
bir neçə məsələ var. Təbii ki, çəmiyyət
təhsildən , tərbiyədən uzaq
düşəndə bu cür hallara meyllər artır. Bu bir. İkincisi, bu məsələdə qələm
sahiblərinin günahı heç də az
deyil. Biri var cəmiyyətə hər hansı
bir kriminal hadisə haqqında məlumat verəsən. Bir də var ki, açıq, ya
üstüörtülü şəkildə onun təbliğatçısına
çevriləsən. İndi qəzetlər,
saytlar görəndə ki, hər hansı bir kriminal avtoritetdən
yazanda oxucusunun sayı çoxalır, bu xətti daha da
gücləndirir. Belə olan halda həmin
Əgər bir qələm sahibi, baş redaktor oxucu sayı
naminə kriminalın təbliğatı ilə məşğuldursa,
günahı kimdə axtarırlar? Oxucunun, xüsusən
gəncliyin krimanaldan bəhs edən yazılara maraq göstərməsi
həmin qələm sahiblərinə əsas verməməlidir,
desin ki, cəmiyyət belə məsələlərə
maraq göstərir və mən də ona görə çap
edirəm. Bəs o qəzet redaktorunun məsuliyyəti
haradadır? Cəmiyyət
qarşısında borcu haradadır? Bir
daha deyirəm ki, söhbət kriminal hadisələr barədə
cəmiyyəti məlumatlandırmaqdan yox, onu təbliğ
xarakterli yazılar çap etməkdən gedir. Mən ürək ağrısı ilə izləyirəm
ki, gənclər arasında kriminal avtoritetlərə çox
böyük meyl var. Hətta hər hansı bir kriminal
avtoritetin ünvanına sadəcə bir tənqid söyləmək
üstündə bıçağa əl atan gənclər
görmüşəm. Kriminal şəxslər
haqqında yazılan kitabların satışında olan
"uğurlar” da vəziyyətin acınacaqlı olduğunu
göstərir. Bu, çox təhükəli
meyldir. Kökləri isə çox əvvəllərə
gedib çıxır. Sovet dövründə
hüquq-mühafizə orqanlarında olan ədalətsizliklər
həbsxanalarda "oğru dünyası”nın meydana
çıxmasına və avtoritetlərin yaranmasına gətirib
çıxardı. Bu avtoritetlərin haqq-ədalət
mücəssəməsi olması barədə
düşüncələr günümüə qədər
gəlib çıxdı və bu cür fikirlərin möhkəmlənməsində
qələm və digər sənət adamlarının da
rolu az olmadı. Gəncliyin
nəzərində kriminal aləmin, avtoritetlərin elə bir
obrazı yaradıldı ki, gənclik daha çox onların həyat
tərzinə meyl etməyə başladı. Üstəlik də indi ölkəmizdə hüquq-mühafizə
orqanlarında baş vermiş və baş verməkdə
davam edən haqsızlıqlar kriminal aləmə olan
marağın artmasına münbit şərait yaradır.
Bu, çox təhlükəli tendensiyadır.
Ayyət ƏHMƏD
Şərq.-
2017.- 16 may.- S.6.